Məhkəmə qərarları › İş №2(104)-1091/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1091/2025

17.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1091/2025 17.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X4 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər katibliyi, İddiaçı prosessual hüquqi varisi X1, Cavabdeh nümayəndəsi Nümayəndə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin e-2(045)-1686/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 28 fevral 2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Land-Cruiser Prado” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X7r.

2. 10 mart 2023-cü il tarixli, 7E-1268 nömrəli Bakı şəhəri 38 saylı notariat ofisi tərəfindən verilmiş etibarnamədən görünür ki, X5 mülkiyyətində olan “Toyota Land-Cruiser Prado” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən İddiaçı 05 fevral 2024-cü il tarixədək etibar edilmişdir.

3. 07 iyul 2023-cü il tarixli, BPM**********68 nömrəli mədaxil qəbzindən görünür ki, vəkil xidməti üçün 500 manat məbləğində pul Bakı Şəhər 9 saylı Vəkil Bürosunun hesabına köçürülmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə (iddiaçının nümayəndəsi və vəkili Vəkil vasitəsilə) məhkəməyə müraciət edərək, cavabdehdən 28000 manat məbləğində pul və 500 manat hüquqi xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehdən 10 mart 2023-cü il tarixdə “Toyota Land-Cruiser Prado” markalı, **-GF-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında 28000 manata satın almışdır. Avtomobilin mülkiyyətçisi X7r. Cavabdeh avtomobili X3 etibarnamə əsasında almış və ona da, etibarnamə əsasında satmışdır. Avtomobilin mülkiyyətçisi X11 ilə cavabdeh arasında sonradan yaranan narazılığa görə X11 avtomobilin etibarnaməsini ləğv etdirmişdir. Beləliklə, ona ziyan dəymişdir.

6. Goranboy Rayon Məhkəməsinin e-2(045)-1686/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddianın təmin edilməsi, Cavabdeh 28000 (iyirmi səkkiz min) manat məbləğində pulun və hüquqi xidmət haqqının əvəzi 500 (beş yüz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, ödənilmiş 182 (yüz səksən iki) manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında avtomobilə dair alğı-satqı əqdi bağlanmış, lakin əqdin forma və məzmununa riayət olunmamışdır. Bu isə həmin əqdin əhəmiyyətsiz olması anlamına gəlir. Əhəmiyyətsiz əqd isə heç bir hüquqi nəticə yaratmır, belə əqd bağlandığı andan etibarsızdır və onun etibarlı hala gətirilməsi də, mümkün deyildir. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya verilmiş etibarnamənin cavabdeh tərəfindən ləğv edilməməsi halı hazırkı iddianın əsassızlığına dəlalət etmir. Belə ki, avtomobilin mülkiyyətçisi tərəfindən cavabdehə verilmiş etibarnamə ləğv edilmiş, nəticədə cavabdeh tərəfindən iddiaçıya verilmiş etibarnamə də, qüvvədən düşmüşdür. Yəni, avtomobilin mülkiyyətçisi tərəfindən cavabdehə verilmiş etibarnamənin ləğv edilməsi nəticəsində həmin etibarnamənin qüvvəsinə xitam verilmişdir. Mülki qanunvericiliyə əsasən iddiaçıya cavabdeh tərəfindən verilmiş etibarnamə isə etibar edilmişi etibaretmədir və cavabdehə verilmiş etibarnaməyə xitam verildiyindən iddiaçıya verilmiş etibarnamə də, qüvvədən düşmüşdür. Nəzərə alınmalıdır ki, avtomobilə görə ödənilmiş pul cavabdehə verilmiş və faktiki alğı-satqı münasibətləri onların arasında mövcud olmuşdur. Avtomobil hazırda iddiaçının sahibliyində olsa da, iddiaçı faktiki olaraq avtomobildən istifadə edə bilmir. Nəticə etibarilə iddiaçı həm avtomobildən, həm də avtomobilə görə ödədiyi puldan məhrum olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı pulunu istəmiş və avtomobilin qaytarılmasını cavabdehə təklif etmiş, lakin cavabdeh razılaşmamışdır. Cavabdeh avtomobilin ona qaytarılması və pulunun alınması barədə iddiaçının təklifini təsdiq etmişdir. Məhkəmə iclasında da, iddiaçı ödədiyi pul qaytarıldığı halda avtomobilin cavabdehə verilməsinə etiraz etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehlə avtomobilin mülkiyyətçisi arasında olan münasibətlə bağlı cavabdehin avtomobilin mülkiyyətçisinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Məhkəmə iddia tələbinin 500 manat hüquqi xidmət haqqının alınması hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən vəkil xidməti üçün ödənilmiş 500 manat məbləğində pulun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

8. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3, 337.4, 337.5, 354.1, 362.1, 364.1, 365.1.3 və 366.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Goranboy Rayon Məhkəməsinin e-2(045)-1686/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(045)-1686/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ondan 10 mart 2023-cü il tarixdə “X20 Prado” markalı maşını etibarnamə əsasında almışdır. Cavabdeh isə mülkiyyətçidən maşını etibarnamə əsasında almışdır. Maşının mülkiyyətçisi isə X7r. Cavabdeh ilə mülkiyyətçi arasında yaranmış narazılığa əsasən mülkiyyətçi etibarnaməni ləğv etdirmiş və iddiaçıya ziyan dəymişdir. İddiaçı xəstə olduğu üçün maşını öz adına keçirə bilməmişdir. Sağaldıqdan sonra adına rəsmiləşdirərkən etibarnamənin ləğv olunduğunu bilmişdir. Məhkəmə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda bunu etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən prosessual hüquq normalarının çoxsaylı pozuntularına yol verilmişdir və bu pozuntular nəticəsində düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etsə də ki, xəstə olduğu üçün nəqliyyat vasitəsini öz adına keçirtməmişdir bu barədə, yəni neçə vaxt xəstə olması barədə iş materiallarına sənəd əlavə etməmişdir. Məhkəmə də, bu halı araşdırmamışdır. Çünki, mübahisə predmeti olan nəqliyyat vasitəsi etibarnamə ilə iddiaçıya satılan zaman onun kifayət qədər vaxtı olmuşdur ki, maşını öz adına keçirtsin. Sadəcə olaraq hamı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi zamanı ödənilməli olan rüsumdan yayınmaq üçün ancaq etibarnamə ilə kifayətlənir. Hesab edirəm ki, iddiaçı özü xəstəlik bəhanəsini bilə-bilə əsas gətirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin qanuni həlli üçün mühüm əhəmiyyəti olan bir sıra hallar aydınlaşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının nəyə görə alıq-satqı olmasına baxmayaraq maşını öz adına keçirməməsini araşdırmamışdır. Bundan başqa etibarnamə cavabdeh tərəfindən deyil mülkiyyətçi tərəfindən ləğv edilmişdir. Lakin, iş materiallarında nə etibarnamənin hansı tarixdə ləğv olması, nə də bu barədə sübut var.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, “X18 Prado”markalı ** GF *** dövlət nömrə nişanlı maşının mülkiyyətçisi X7r. Həmin maşının satılması mülkiyyətçisi tərəfindən X6 həvalə olunmuşdu. Həmin vaxtı onun səhhətində problem yarandığından oğlu Nihadın şəxsiyyət vəsiqəsini avtomobil satan şəxslərə göndərmiş, avtomobilin pulunu isə Kamil adlı şəxsə vermişdir. Onlar isə elektron etibarnamə tərtib etmişlər. Avtomobili təhvil alandan sonra təxmin on günə yaxın avtomobil onun istifadəsində olmuş və bəzi təmir işləri görülmüşdür. Daha sonra o, Ramiz və Raufa avtomobil barədə məlumat vermiş, onlar da avtomobili maşın sexinə aparmağını bildirmişlər. Avtomobil onun oğlu Nihadın adına rəsmiləşdirildiyindən maşın sexinə Nihadla birlikdə getmiş və 27000 manat avtomobili satmaq barədə razılıq əldə etmişlər. Bu zaman Ramiz avtomobilin pulundan daha 500 manat güzəştə getməsini xahiş etmiş, o isə razılaşmışdır. Beləliklə maşın sexində “X18 Prado”markalı ** GF *** dövlət nömrə nişanlı maşını 26500 manata satmış və pul da, həmin vaxt maşın sexində ona təhvil verilmişdir. Təxmini bir ay sonra o, Ramizə zəng edərək avtomobili adına rəsmiləşdirməsi barədə soruşanda Ramiz ona avtomobili başqa şəxsə satdığını bildirmişdir. Sonradan məlum olmuşdur ki, onun avtomobili aldığı şəxslər barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi vardır. Həmin şəxsələrə görə ümumilikdə ona 197500 manat zərər dəymişdir. Daha sonra yenidən Ramizdən avtomobili rəsmiləşdirməsi barədə soruşanda Ramiz ona bildirmişdir ki, Rauf deyir ki, narahat olmasın. Bir müddət sonra Ramiz və Rauf ona zəng edərək Kamil adlı şəxsin etibarnaməni ləğv etdirdiyini bildirmişlər. Daha sonra isə oğlu Nihada məhkəmədən bildiriş gələndə artıq işin məhkəmədə olduğunu bilmişlər. Kamil adlı şəxs Bakı Ağır Cinayətlər Məhkəməsində etibarnamənin onun tərəfindən ləğv etdirildiyini bildirmişdir. Məhkəmənin suallarına cavab olaraq isə bildirdi ki, o, İddiaçı adlı şəxsə avtomobil satmamışdır. O, ümumiyyətlə İddiaçı adlı şəxslə ünsiyyətdə olmamışdır. O, Ramiz adlı şəxsdən aldığı pulu avtomobilin sahibinə vermişdir. O, maşını 20000 manata almışdır. Ramizlə o, ümumiyyətlə İddiaçı barədə danışmamışdır. Etibarnamə Nihad tərəfindən Ramizə verilib, Ramiz isə maşını İddiaçı satmışdır. Sonradan Ramizin xahişi ilə oğlu birbaşa İddiaçı adına vermişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı prosessual hüquqi varisi X8 izahat verib bildirmişdir ki, Ramiz Həsənov atası Rafiqə zəng edərək, “X18 Prado” markalı avtomobil satıldığını bildirmiş, sonra birlikdə gedib avtomobilə baxmışlar. O, pulu Ramiz Həsənova, Ramiz isə Cavabdeh vermişdir. Ramiz isə orada etibarnamə almışdır. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirdi ki, avtomobili 26500 manata almışlar. Cavabdeh ona baş etibarnamə vermişdir. Atasının səhhətində problem yarandığından vaxtında avtomobili adlarına rəsmiləşdirməmişlər. Təxmini bir ay sonra avtomobili rəsmiləşdirmək istəyəndə etibarnamənin artıq ləğv edildiyini bilmişlər. Etibarnamə 24 gün sonra ləğv edilmişdir. X13 avtomobilin mülkiyyətiçisi Elvin Kərimovun yanına getmiş, o isə pulun ona çatmadığını bildirmişdir. Həmin vaxt X19 Cəfərovla aralarında borc məsələsi olduğunu ona bildirmişdir. O, Ramiz Həsənova 28000 manat pul vermişdir. Həmin 28000 manatın isə 1500 manatı Ramizə avtomobilin təmiri üçün verilmişdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahat verib bildirmişdir ki, o, maşın sexində işləyir. Mərhum İddiaçıla tanışlığı olmuşdur. O, “X18 Prado” markalı avtomobil satıldığını bilən zaman İddiaçı zəng edərək belə bir avtomobil satıldığını bildirmişdir. İddiaçı 26500 manat gətirib ona vermiş o, isə avtomobili götürmüşdür. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, avtomobili ona etibarnamə əsasında vermişlər. İddiaçı isə xəstəxanadan çıxandan sonra avtomobili öz adına rəsmiləşdirməli idi. Fəxri ilə Nihad avtomobilin kimə satıldığndan məlumatları olmuşdur. Nihad isə etibarnaməni birbaşa İddiaçı vermişdir. O, pulu Rafiqgildən alaraq Nihadgilə vermişdir. Pulu isə 07 mart tarixdə əlbə-əl almışdır. Fəxri İddiaçı ümumiyyətlə görməmiş, o aralarında vasitəçilik etmişdir. O, maşın təmiri ilə məşğul olduğu üçün 28000 manat pulun 1500 manatını avtomobilin təmirinə xərcləmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

16. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

17. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

18. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

19. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

20. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

21. Maddə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.

22. Maddə 365.1.3. Etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir.

23. Maddə 366.4. Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür.

Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:

24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinun qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarınun əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 385.1.1. maddi hüquq normalarınun və ya prosessual hüquq normalarınun pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktınun apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

30. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışınun hədləri

31. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Hazırkı apellyasiya şikayətində cavabdeh qətnamənin tam şəkildə ləğv edilməsini xahiş etdiyindən birinci instasniya məhkəməsinin aktı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin e-2(045)-1686/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilməli, 26500 manat məbləğində pul və vəkilə hüquqi yardıma görə ödənilmiş hüquqi xidmət haqqının əvəzi 500 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

36. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh X2 vasitəçiliyi ilə etibarnamə əsasında “Toyota Land-Cruiser Prado” markalı, **-GF-*** dövlət nömrə nişanlı avtomobili İddiaçı satmış, lakin həmin alğı-satqı rəsmi reystrdə qeydə alınmamış və iddiaçı bunun müqabilində 26500 manat cavabdehə, 1500 manat isə avtomobilin təmiri üçün vasitəçi Ramiz Həsənova pul vermişdir. İddiaçı avtomobili rəsmiləşdirmək istəyən zaman avtomobilin X11 adlı şəxsin mülkiyyətində olması və Cavabdeh adına verilmiş eibarnamənin ləğv edilməsi müəyyən edilmişdir. Beləliklə avtomobilin mülkiyyətçisi tərəfindən Cavabdeh verilmiş etibarnamə ləğv edildiyindən iddiaçının adına verilmiş etibarnamə də, qüvvədən düşmüşdür. Həmçinin tərəflər özləri də, məhkəmə kollegiyanın iclasında verdiyi izahatları ilə həmin halları təsdiq etmişlər. Beləliklə müəyyən olunur ki, 26500 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə verilsə də, həmin pulun müqabilində onun mülkiyyətinə avtomobil verilməmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilik rəsmi reyestrdə qeydə alınmış daşınar əmlak üzərində sərəncam verilməsinə dair əqdlərin bağlanması üçün ilk növbədə belə müqavilələrin notariat qaydasında (həmçinin xüsusi qanunvericilikdə nəzərdə tutulmuş formaya riayət etməklə) təsdiqlənməsi kimi birmənalı qaydalar müəyyən etmişdir. Həmin qaydalara riayət edilmədən bağlanmış əqdlər isə Mülki Məcəllənin yuxarıda qeyd edilən 329.1 və 337.1-ci maddələrinin tələbinə, o cümlədən bağlanmış yalan əqdlər isə Mülki Məcəllənin 340-cı maddəsinin tələbinə görə etibarsız hesab olunur. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Hazırkı iş üzrə tərəflər alqı -satqı müqaviləsi bağlamamış, bu barədə şifahi razılaşmaqla cavabdeh tərəfindən iddiaçıya etibarnamə verməklə kifayətlənmişlər. Bununla da, avtomobilin alqısatqısına dair əqdin bağlanması ilə bağlı Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtlərə riayət etməmişlər ki, bu da, öz növbəsində əqdin etibarsızlığı əsasıdır.

38. İşin mübahisəsiz halıdır ki, avtomobilin mülkiyyətçi Elvin Kərimov cavabdehə verdiyi etibarnaməni ləğv etdirdiyi üçün “Toyota Land-Cruiser Prado” markalı, **-GF-*** dövlət nömrə nişanlı avtomobili iddiaçı adına rəsmiləşdirə bilməmiş, lakin avtomobil üçün ödənilmiş 26500 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmamışdır.

39. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə avtomobilə görə 28000 manat məbləğində pul verdiyini iddia etsə də, tərəflərin izahatı ilə müəyyən olunur ki, iddiaçı avtomobilin müqabilində cavabdehə yalnız 26500 manat pul vermişdir. İddiaçının tələb etdiyi 1500 manat pula münasibətdə isə kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının iclasında tərəflərin verdiyi izatdan müəyyən olunur ki, 1500 manat pulu iddiaçı avtomobilin təmiri üçün Ramiz Həsənova vermişdir.

40. Məhkəmə kollegiyası cavabdehin İddiaçı avtmobili vaxtında mülkiyyətinə keçirməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının avtomobili öz adına sənədləşdirməməsi tərəflərin arasında şifahi bağlanmış alqı-satqı müqaviləsinin mahiyyətini və həmin əqdin bağlanması zamanı Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtlərə riayət edilməməsi halını dəyişmir. İddiaçı hətta istəsə belə öz xeyri üçün alqı-satqı müqaviləsi bağlaya bilməzdi. Çünki MM-nin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini də, əsassız hesab edir.

41. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin e-2(045)-1686/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilməli, 26500 manat məbləğində pul və vəkilə hüquqi yardıma görə ödənilmiş hüquqi xidmət haqqının əvəzi 500 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Goranboy Rayon Məhkəməsinin e-2(045)-1686/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin e-2(045)-1686/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh 28000 (iyirmi səkkiz min) manat məbləğində pulun və hüquqi xidmət haqqının əvəzi 500 (beş yüz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilsin. Cavabdeh 26500 manat məbləğində pul və vəkilə hüquqi yardıma görə ödənilmiş hüquqi xidmət haqqının əvəzi 500 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar