Məhkəmə qərarları › İş №2(104)-1098/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1098/2024

15.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1098/2024 15.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: paylı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (arvadı) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların payına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 904/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 23.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********78-05101-093030 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə 112/896 hissədə Cavabdeh, 784/896 hissədə isə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1048/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X2 qarşı payların naturada ayrılması və kompensasiyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)- 2609/2022 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1048/2022 nömrəli qətnaməsindən İddiaçı Natiq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1048/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, İddiaçı Natiq oğlu tərəfindən Cavabdeh 5000 manat məbləğində pul kompensasiyası ödənilməklə ümumi paylı mülkiyyətdə olan ünvan 2 ünvanda yerləşən mənzildə cavabdehin 112/896 payına xitam verilməsi qət edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1405/2023 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-2609/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-2609/2022 saylı qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1735/2023 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1048/2022 nömrəli qətnaməsindən İddiaçı Natiq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1048/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Səməd İsmayılov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Nümayəndə Gəncə şəhəri, M.Bağı, ev 5 ünvanda yerləşən 54 saylı mənzilə köçürülməsinə dair Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-99/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələri rəhbər tutulmaqla xitam verilməsi qərara alınmışdır. Görülmüş icra tədbirləri nəticəsində məlum olmuşdur ki, Nümayəndə artıq 2021-ci ilin noyabr ayından bu günədək ünvan 4 ünvanda yaşayır.

7. Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 3 nömrəli Xidmət Sahəsi tərəfindən Cavabdeh verilmiş xx.xx.2023-cü il tarixli, 81 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh ünvan 1, mənzil 54 ünvanında yaşayır.

8. Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 3 nömrəli Xidmət Sahəsi tərəfindən Cavabdeh verilmiş xx.xx.2023-cü il tarixli, 21 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh həyat yoldaşı Nümayəndə ilə birlikdə ünvan 1, mənzil 54 ünvanında qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/4314 nömrəli rəyin surətindən görünür ki, Gəncə şəhəri, Məhrəsə bağı, 5 saylı evin 54 saylı mənzilin tərəflər arasında 112/896 və 783/896 pay nisbətində natura qaydasında təcrid mənzil şəklində iki hissəyə bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7 və 2.9-cu bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olaraq tekniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

10. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, 5 saylı evin 54 saylı mənzilin Cavabdeh 112/896, yəni 1/8 payının ona 6250 (altı min iki yüz əlli) manata İddiaçı satılması təklif edilmişdir. Əks halda, əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların payına mütənasib surətdə bülünməsi barədə məhkəmə iddia qaldırılacağına dair xəbərdar edilmişdir.

11. "xxxx" MMC-nin sistemdən çıxarışından görünür ki, İddiaçı tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli bildiriş Cavabdeh çatdırılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların payına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1, mənzil 54 ünvanında yerləşən mənzilin açıq hərracdan satılması və əmlaklar satıldıqdan sonra əldə edilmiş satış pulunun birgə iştirakçılar arasında onların payına uyğun bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1, mənzil 54 ünvanında yerləşən daşınmaz əmlak dövlət reyestrində paylı mülkiyyətlə onun və Cavabdeh adına qeyd edilmişdir. Həmin mənzildə 7/8 pay onun, 1/8 pay isə cavabdehin mülkiyyətindədir. Cavabdehin 1 payına 7,3 kv.m düşür. Cavabdeh paylı mülkiyyətdə olan əmlakın saxlanmasında və müxtəlif vergilərin ödənilməsində iştirak etmir. (bu halı 3 saylı MİS-nin arayışı təsdiq edir). O, daimi olaraq Tovuz rayonu, Cırdaxan kəndində yaşayır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-1048/2022 nömrəli qətnaməsi ilə Cavabdeh qarşı payların naturada ayrılması və kompensasiyasının ödənilməsi tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il 2(104)-2609/2022 nömrəli qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(125)- 1048/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilmişdir, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilmiş, Cavabdeh 5.000 (beş min) manat məbləğində pul kompensasiyası ödənilməklə, ümumi paylı mülkiyyətdə olan ünvan 8 ünvanda yerləşən mənzildə cavabdehin 112/896 payına xitam verilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1405/2023 saylı iş üzrə 03 may 2023cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2609/2022 saylı 15 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Ali Məhkəmənin baxılan işdə ifadə etmiş olduğu hüquqi mövqeni önə çəkib, qeyd etmişdir ki, işin təkrar Apellyasiya baxışı zamanı da cavabdeh onun tərəfindən ona təklif edilən kompensasiyanın məbləği ilə razılaşmamış, əlil olduğuna görə digər yaşayış sahəsindən istifadə etməkdə çətinlik çəkdiyini, mübahisəli mənzilin onun rahat yaşaması üçün çox böyük əhəmiyyət kəsb etdiyini bildirmiş və qətnamənin dəyişdirilmədən qüvvəsində saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası da hesab edir ki, cavabdehin mübahisəli mənzildəki payı cüzi pay kimi qiymətləndirilə bilməz və belə olan halda hazırki mübahisənin həlli üçün Mülki Məcəlləsinin 220.4-cü maddəsinin "Mülkiyyətçinin payı cuzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə onun kompensasiya ödənilməsi vəzifəsini qoya bilər hissəsinin tətbiqi yolverilməzdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il 2[104)-1735/2023 saylı qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-1048/2022 il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, cavabdehlə onun paylı mülkiyyətində olan ünvan 1, mənzil 54 ünvanında yerləşən mülkə dair payların naturada ayrılması məhkəmə qaydasında mümkün olmamışdır. Eyni zamanda paylara kompensasiya ödənilməsi də mümkün olmağından, əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Bununla bağlı, ünvan 1, mənzil 54 yerləşən mənzilə 784/896 payı, yəni 7/8 payını 43750 (qırx üç min yeddi yüz əlli) manata satmaq istəməsi, payının üçüncü şəxsə satılması və ya əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin paylarına mütənasib surətdə bölünməsi barədə məhkəmədə iddia qaldırması, eyni qaydada ünvan 1, mənzil 54 ünvanında yerləşən mənzilə cavabdehin 112/896 payı, yəni 1/8 payını ona 6250 (altı min iki yüz əlli) manata satması barədə bildiriş göndərmişdir.

14. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-904/2024 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev), iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki hazırki işdə payın real surətdə ayrılması mümkün olmasa da, iddiaçı öz payının dəyərini digər mülkiyyətçidən tələb etməmiş, digər mülkiyyətçinin payına kompensasiya verilməsini təklif etmişdir. Halbuki, qeyd olunan qanunvericilikdən və Konstitusiya Məhkəməsinin qərarından görünür ki, yalnız ayrılan mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

16. İşin mübahisə olunmayan hallarından isə görünür ki, hazırki işdə yuxarıda sadalanan şərtlərdən –payın real surətdə ayrıla bilməməsi, cavabdehin payının cüzi olması- mövcud olsa da qalan şərtlər, yəni cavabdehin öz payını ayırmaq və əmlakdan istifadə edilməsində mühüm mənafeyinin olmaması mövcud deyildir.

17. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2, 220.3, 220.4 və 220.6-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-904/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iddianı rədd edərkən belə bir dəlilə istinad etmişdir ki, guya əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilərin arasında onların paylarına münasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikasının MM-nin 220.3-220.4-cü maddəsində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkün olması göstərilir. Qeyd edir ki, qətnamədə göstərilən bu dəlilin əksinə olaraq məhkəmə qətnaməsi ilə mənzilin paylara uyğun olaraq 1/8 və 7/8 hissə ilə bölünməsi mümkün deyildir. Cavabdeh 2021-ci lin noyabr ayından bu günədək M.Bağı ev 5, mənzil 54 yaşamadığı müəyyən edilmişdir. Payının 1/8 bir olması onun payının cüzi olmasını sübut edir.Mən cavabdehə təklif göndərib onun öz payına görə 6250 manat verə biləcəyini, əgər o bununla razılaşmasa o payına görə 43.750 manat verməklə onun payına xitam verməklə əmlaka bütünlüklə sahib olmasını bildirmişdir. Ancaq, cavabdeh bununla da razı olmamışdır. Bütün bu qeyd edilənlər onbu sübut edir ki, o Mülki Məcəllənin 220.3 və 220.4-cü maddəsinin tələblərinə əməl etmiş. Ancaq, məhkəmə bununla bağlı sübutları tam qiymətləndirməmişdir. İşə baxan məhkəmə onun iddiasını rədd edərkən MM-nin 220.6-cı maddəsində nəzərdə tutulmuş hüququnu məhdudlaşdırmışdır. Belə ki, o MM-nin 220.3, 220.5-ci maddəsində nəzərdə tutulmuş bütün tələblərə əməl etsə də bu qiymətləndrilməmişdir. Mənzilin bölgüsü mümkün deyildir. Mənzildə cavabdehin payı çox cüzidir. Onun mənzilin idarə edilməsində heç bir mühüm rolu yoxdur. O cavabdehə onun payına görə pulu verməyə, əgər o bunu istəmirsə ona pul verməsini xahiş etmişdir. Ancaq o bu təkliflə də razılaşmamışdır. Belə olan halda məhkəmənin onun MM-nin 220.3 və 220.4-cü maddəsinin tələblərinin ardıcıllıqla əməl edilməməsinə istinad etməsi bir daha məhkəmənin maddi hüquq normasına düzgün istinad etmədiyini sübut edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1, mənzil 54 ünvanında yerləşən daşınmaz əmlak dövlət reyestrində paylı mülkiyyətlə onun və Cavabdeh adına qeyd edilmişdir. Həmin mənzildə 7/8 pay onun, 1/8 pay isə cavabdehin mülkiyyətindədir. Cavabdehin 1 payına 7,3 kv.m düşür. Cavabdeh paylı mülkiyyətdə olan əmlakın saxlanmasında və müxtəlif vergilərin ödənilməsində iştirak etmir. (bu halı 3 saylı MİS-nin arayışı təsdiq edir). O, daimi olaraq Tovuz rayonu, Cırdaxan kəndində yaşayır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-1048/2022 nömrəli qətnaməsi ilə Cavabdeh qarşı payların naturada ayrılması və kompensasiyasının ödənilməsi tələbim təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il 2(104)-2609/2022 nömrəli qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(125)- 1048/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilmişdir, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilmiş, Cavabdeh 5.000 (beş min) manat məbləğində pul kompensasiyası ödənilməklə, ümumi paylı mülkiyyətdə olan ünvan 8 ünvanda yerləşən mənzildə cavabdehin 112/896 payına xitam verilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1405/2023 saylı iş üzrə 03 may 2023cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmim edilmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2609/2022 saylı 15 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il 2(104)-1735/2023 saylı qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-1048/2022 il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, cavabdehlə onun paylı mülkiyyətində olan ünvan 1, mənzil 54 ünvanında yerləşən mülkə dair payların naturada ayrılması məhkəmə qaydasında mümkün olmamışdır. Eyni zamanda paylara kompensasiya ödənilməsi də mümkün olmağından, əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Bununla bağlı, ünvan 1, mənzil 54 yerləşən mənzilə 784/896 payı, yəni 7/8 payını 43750 (qırx üç min yeddi yüz əlli) manata satmaq istəməsi, payının üçüncü şəxsə satılması və ya əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin paylarına mütənasib surətdə bölünməsi barədə məhkəmədə iddia qaldırması, eyni qaydada ünvan 1, mənzil 54 ünvanında yerləşən mənzilə cavabdehin 112/896 payı, yəni 1/8 payını ona 6250 (altı min iki yüz əlli) manata satması barədə bildiriş göndərmişdir. Lakin, həmin bildiriş cavabdeh tərəfindən qəbul edilsə də, öz payını ona satmamış və eynilə də onun payını almaq istəməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, İddiaçı tərəfindən iddiaçının onlara düşən payının satılması barədə bildirişi almışlar, lakin onun payını almaq istəmirlər. Həmçinin, öz paylarını da iddiaçıya satmaq fikirləri yoxdur. Onların mübahisəli mənzildən başqa yaşayış yerləri yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

25. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

26. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

27. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

28. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

29. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

30. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

31. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

32. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

33. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarı

34. Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə, belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər.

35. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

36. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

44. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

47. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

48. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

49. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

50. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

51. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

52. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

53. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Apellyasiya baxışının hədləri

54. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

55. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

57. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

59. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

60. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 54 saylı mənzil üzərində paylı mülkiyyət hüququ əsasında 112/896 hissədə Cavabdeh, 784/896 hissədə isə İddiaçı payları müəyyən edilərək rəsmi reyestrdə qeydiyyata alınmışdır. İddiaçı cavabdehlə paylı mülkiyyətində olan paylarının naturada ayrılmasının və paya münasibətdə kompensasiya ödənilməsinin mümkün olmadığını əsas gətirərək, əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb etmişdir.

61. İddia tələbi paylı mülkiyyətdə olan və naturada ayrılması mümkün olmayan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib bölünməsi barədədir.

62. İşin müəyyən edilmiş hallarına əsasən, mübahisəli mənzilin mülkiyyətçilərinin paylarına uyğun naturada bölünməsi mümkün deyil, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var, eləcə də iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən ona ödənilməsi təklif etsə də, bununla bağlı razılıq yoxdur.

63. Belə ki, Mülki Məcəllənin 220.3-220.6-cı maddələri paylı mülkiyyətin mülkiyyətçilərinin ümumi əşyanın bölünməsi və ondan payının ayrılmasını mərhələli şəkildə nizama salır. Bu normalarda müəyyən edilən qaydaya görə ilkin olaraq paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Ayrılan mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi də mümkün olmadıqda məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

64. Eyni hüquqi mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında qeyd olunmuşdur. Həmin qərarda göstərilir ki, Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür (34-36&).

65. İşin hallarından görünür ki, İddiaçı mənzilin dəyərini 50.000 manat müəyyənləşdirməklə cavabdeh Müşafiq Məmmədovdan həmin məbləğin öz payına mütənasib hissəsini, yəni 43.750 manat tələb etmiş, eyni zamanda cavabdehə məxsus paya uyğun olaraq 6250 manat məbləğində pula ona (iddiaçıya) satılmasını təklif etmişdir. Lakin, cavabdeh istər iddiaçının payını almaq, istərsə də öz payını iddiaçıya satmaq istəməmişdir.

66. Belə ki, məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (arvadı) Nümayəndə verdiyi izahatda bildirmişdir ki, İddiaçı tərəfindən cavabdehə Cavabdeh bildiriş göndərilmiş və onlar tərəfindən qəbul etmişdir. Belə ki, onlar mübahisəli əmlakda olan paylarını iddiaçıya satmaq fikirləri yoxdur. Eyni zamanda iddiaçının da payını almaq istəmirlər.

67. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (MPM-nin 106.1-ci maddəsi).

68. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçı tərəfindən Mülki Məcəllənin 220.3-220.6-cı maddələrində nəzərdə tutlmuş bütün mərhələlərə əməl edilmiş, lakin birinci instansiya məhkəməsi göstərilən halları nəzərə almamışdır.

69. Baxılan işin araşdırılmış hallarına əsasən hazırkı mübahisə predmeti olan mənzil tərəflərin paylı mülkiyyətindədir, mənzilin naturada bölünməsi mümkün olmamaqla, mülkiyyətçilər arasında mənzilin bölünməsinə dair razılaşmaları olmamışdır. İddiaçı tərəf cavabdeh tərəfə mübahisəli mənzilin naturada bölünməsi mümkün olmadığı üçün öz payını bazar qiymətinə uyğun olaraq almağı və mənzil barədə məsələyə 45 gün ərzində cavab verməyi təklif etmiş, buna cavab almadıqda isə qanunvericiliyə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının ayrılması üçün mənzilin açıq hərrac yolu ilə satılması qaydasında satış pulunun payına nisbətdə ona verilməsi üçün məhkəməyə müraciət etmişdir.

70. Paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qaydasına əsasən, Mülki Məcəllənin 220.6-cı maddəsinin tələbləri baxımından həmin mənzilin açıq hərracda satılması və əldə edilmiş vəsaitin paylara mütənasib olaraq bölünməsi Qanunun tələblərinə uyğun olmuşdur.

71. Məhkəmə kollegiyasının mövqeyinə görə Mülki Məcəllənin 220.2-ci maddəsində paylı mülkiyyətin mülkiyyətçisinin öz payının ayrılmasını tələb edə bilməsi müəyyən edildiyindən, hazırkı mülki iş üzrə mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalardakı ardıcıllığa riayət edilməklə tətbiq edildiyindən iddiaçının apellyasiya şikayəti əsaslıdır.

72. Cavabdehin nümayəndəsinin göstərdikləri iddia tələbinə qarşı dəlilləri ondan ibarətdir ki, mənzil cavabdehin qardaşından miras qalmış mənzildir, cavabdehin xüsusi mülkiyyətindədir, məhkəmələr onun xüsusi mülkiyyətində olan və miras qalan evi digər payçının iddiası ilə satmağa qərar verərkən cavabdehin mülkiyyət hüquqlarını pozulacaqdır, cavabdehin başqa yaşayış yeri yoxdur.

73. Məhkəmə kollegiyası bu dəlilləri əsassız sayır. Belə ki, əvvəla, bu qayda, yəni paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması Mülki Məcəllənin hazırki işə tətbiq edilən 220-ci maddəsində nəzərdə tutulub. Həmin norma paylı mülkiyyətçilərin paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasını ilkin olaraq razılıq əsasında olmasını, belə bir razılıq olmadıqda isə mərhələli şəkildə ümumi əşyanın bölünməsi və ondan payın ayrılmasını müəyyən edir. İşdən görünür ki, belə bir razılıq əldə edilməyib. Buna görə də cavabdehin hüquqlarının pozulması və başqa yaşayış yerinin olmaması barədə dəlilləri Mülki Məcəllənin 220-ci maddəsinin tələbləri baxımından əsaslı sayıla bilməz.

74. Bundan əlavə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında da hüquqi mövqe belə olmuşdur ki, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə, belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

75. Məhkəmə kollegiyası bir xüsusatı da qeyd edir ki, mübahisəli əmlakın qiyməti məhkəmə qərarının icrası mərhələsində (icra icraatında) müəyyən edilir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsinə görə borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.

76. Buna görə də məhkəmə kollegiyası mənzilin qiymətinin müəyyən olunması və qiymətləndirilməsinə dair müvafiq ekspertizanın keçirilməsini zərurət görməmişdir.

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

78. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

79. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

80. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

81. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

82. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

84. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

85. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

86. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir.

87. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

88. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 393 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-904/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan ünvan 1, mənzil 54 ünvanında yerləşən mənzilin açıq hərracda satılması və əldə olunmuş vəsaitin İddiaçı (784/896 hissə) və Cavabdeh (112/896 hissə) arasında onların paylarına mütənasib olaraq bölünsün. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar