Məhkəmə qərarları › İş №2(104)-1107/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1107/2024

21.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1107/2024 21.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: paylı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinin açıq hərracda satılması tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(023)-22/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 21 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Qazax şəhəri, M.Z.Carçıyev küçəsi 23 xüsusi mülkiyyət kimi 1/4 hissədə İddiaçı2, ¼ hissədə İddiaçı1 və 1/2 hissədə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikasının Ölüm haqqında elektron şəhadətnamədən görünür ki, X13 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

3. Qazax Rayon Məhkəməsinin 29 oktyabr 2014-cü il tarixli 2(023)-368/2014 nömrəli qətnaməsindən görünür ki, X2 və İddiaçı2 X9 və qeyrilərinə qarşı evin real bölgüsünün aparılması, evdən istifadəyə qanunsuz təsirin qarşısının alınması, evə köçürülmə, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilərək ləğv edilməsi, evdən qanunsuz istifadənin qarşısının alınması və evdən köçürülməyə dair ilkin iddia tələbi qismən təmin edilməsi, X6 və İddiaçı2 ümumi mülkiyyətdə olan Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanda yerləşən iki mərtəbəli ümumi sahəsi 76,4 kv m, yaşayış sahəsi 40,8 kv m, yardımçı sahəsi 35,6 kv m olan 2 yaşayış otağından və təsərrüfat damından ibarət fərdi yaşayış evinə istifadəyə maneçilik aradan qaldırılmsı və onların həmin evə köçürülməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, X8 X4 və qeyrilərinə qarşı evə dair tərtib olunmuş texniki pasportun, vərəsəlik hüququ haqqında şəhadətnamənin və reyestrdən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 03 oktyabr 2014-cü il tarixli 18340 saylı rəyinə əsasən, ünvan 1 ünvanda yerləşən evin yaşayış və qeyri-yaşayış sahələrinin, həyətyanı torpaq sahəsinin ölçüləri aparılmış ölçü işləri nəticəsində iş materiallarında olan texniki pasportun ölçülərinə uyğun olduğu, X3 və İddiaçı2 paylarına düşən 1\4 hissəsinin yaşayış və yardımçı sahələrinin, həyətyanı torpaq sahəsinin ölçüləri hər birinə ayrı-ayrılıqda ümumi sahədən 31,5 kv.m, yaşayış sahəsindən 10,2 kv.m, yardımçı sahədən 21,3 kv.m və həyətyanı torpaq sahəsindən 186 kv.m düşdüyü, ünvan 1 ünvanda yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsi planlı yerləşməsini, otağların təyinatlığını, tikililərin qarşı tərəfdən küçə ilə əhatə olunan hissədə yerləşməsini, eləcə də iki yaşayış otağından ibarət olduğunu nəzərə alaraq evin və həyətyanı torpaq sahəsinin tərəflər arasında üç hissəyə bölünməsinin İnşaat Norma və Qaydalarının 1.1, 2.2., 2.4 və 2,7 bəndlərinin eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir.

4. Qazax Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(023)-1351/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh2 və X5 cavabdehlər X14, X7 və üçüncü şəxs Qazax rayon notariat ofisinə qarşı vərəsə kimi tanınma, miras payın bölünüb verilməsi və mülkiyyət hüququnun verilməsi tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/4 hissəsinə dair 1/12 hissəsi, ünvan 2anında yerləşən evin 1/6 hissəsi və VAZ2101 markalı, 35BC508 dövlət qeydiyyat nömrəli avtomobil üzərində Cavabdeh2 vərəsəlik hüququnun tanınması, Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/2 hissəsinə dair 5/12 hissəsi və ünvan 2anında yerləşən evin 1/12 hissəsi üzərində Cavabdeh1 vərəsəlik hüququnun tanınması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

5. Qazax Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 2(023)-1351/2021 nömrəli qətnaməsindən görünür ki, Qazax Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(023)- 1351/2021 saylı qətnaməsindəki yanlışlıqların düzəldilməsi, “Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/4 hissəsinə dair 1/12 hissəsi üzrə Cavabdeh2 vərəsəlik hüququnun tanınması” sözlərinin “Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/2 hissəsinə dair 1/6 hissəsi üzrə Cavabdeh2 vərəsəlik hüququnun tanınması” kimi oxunması və “Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/2 hissəsinə dair 5/12 hissəsi və ünvan 2anında yerləşən evin 1/12 hissəsi üzərində Cavabdeh1 vərəsəlik hüququnun tanınması” sözləri “Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/2 hissəsinə dair 5/6 hissəsi və ünvan 2anında yerləşən evin 5/6 hissəsi üzərində Cavabdeh1 vərəsəlik hüququnun tanınması” kimi oxunması qərara alınmışdır.

6. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 və İddiaçı2 ünvanladığı 10 iyun 2023-cü il tarixli təklifindən görünür ki, onlar İddiaçı1 və İddiaçı2 təkliflərini almış və payların dəyərinin ödənilməsi ilə bağlı mülkiyyətçilər arasında razılıq əldə olunmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə ünvan 3 ünvanda 0,0756 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,4 m2 , yaşayış sahəsi 40,8 m2 , yardımçı sahəsi 35,6 m2 olan fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin mülkiyyət paylarına uyğun şəkildə mülkiyyətçilər arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

8. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Qazax şəhəri, M.Z.Carçıyev küçəsi 23 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla, xx.xx.2022 tarixli ********** nömrəli qeydə əsasən ev üzərində İddiaçı2 (3/12 hissədə), X2 (3/12 hissədə), cavabdehlər Cavabdeh2 (1/12 hissədə) və Cavabdeh1 (5/12 hissədə) mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Reyestri” X17 3- 21-3-02/2-6015/2023 saylı məktubunda qeyd olunmuşdur. O, paylı mülkiyyətlərində olan evin 6/12 hissəsinin mülkiyyətçiləri olan Cavabdeh2 və Cavabdeh1 müraciət edərək, evin ¼ hissəsinin mülkiyyətçiləri kimi onların hər birinə, evin dəyərinin ¼ hissəsini təşkil edən 45.000 manat, 90.000 (doxsan min) manat vəsait ödənilməsi müqabilində evdə mülkiyyət hjüquqlarından imtina etməyi təklif etmişlər. Həmin təklifə cavabdehlər bildirmişlər ki, onların həmin məbləği ödəmək imkanları yoxdur və onlara 89980 manat ödənilməsi müqabilində, paylarından imtina etməyi və evi onların adına rəsmiləşdirməyi iddiaçılara təklif edirlər. Mülkiyyətçilər, evin dəyərinin yarısının ödənilməsi müqabilində paylarından imtina etməyi bir-birinə təklif etmişlər. Beləliklə, hazırki mərhələdə həmin əmlakın açıq hərracdan satılaraq, əldə olunan məbləğdən mülkiyyət paylarına uyğun şəkildə mülkiyyətçilər arasında bölünməsi, həm iddiaçıların, həm cavabdehlərin mənafeyinə uyğundur. Bu səbəbdən, iddiaçılar əmlakın hərracdan satılmasını və satışdan əldə olunan məbləğin mülkiyyətçilərin paylarına uyğun olaraq proporsional qaydada onlar arasında bölünməsini zəruri hesab edirlər.

9. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(023)-22/2024 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev), iddianın təmin edilməsi, Qazax şəhəri, M.Z.Carçıyev küçəsi 23 ünvanda 0,0756 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,4 m2 , yaşayış sahəsi 40,8 m2, yardımçı sahəsi 35,6 m2 olan fərdi yaşayış evi açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait mülkiyyət paylarına uyğun şəkildə mülkiyyətçilər arasında bölünməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3, 220.5 və 220.6-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 83.2, 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(023)-22/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmənin qətnaməsində istinad etdiyi təklifi o Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalamamışdır və məhkəmə bu barədə hər hansı araşdırma da aparmamışdır. Bu barədə ekspertiza keçiriməsini tələb edirlər. Məhkəmə iddiaçıların Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin icraatında olmuş işlə bağlı göndərdikləri təkliflərində qeyd etdikləri və öz paylarına düşən hissədə tələb etdikləri məbləğ 90.000 (doxsan min) manat real deyil və məhkəmə də bu hissədə araşdırma aparmamışdır. Həmin təklifin qüvvədən düşdüyünü də məhkəmə nəzərə almamışdır. Onlar məhkəmədə evin real qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyini və DƏDRX-nin qiymətləndirmə rəyini məhkəməyə təqdim etsələr də, məhkəmə bunu qəbul etməmişdir və bunu məhkəmədə hakimə bildirsələr də, hakim özü də bunu araşdırmalı olduğu halda araşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdiyi izahatda göstərmişlər ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən onlara bildiriş göndərilmiş və onlar tərəfindən qəbul edilmişdir. Belə ki, onlar mübahisəli əmlakda olan iddiaçıların payını almaq istəmirlər. Çünki, buna maddi imkanları yoxdur. Eyni zamanda öz paylarını iddiaçıya satmaq istəyirlər.

16. İş üzrə İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

18. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

19. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

20. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

21. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

22. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

23. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

24. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

25. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

26. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarı

27. Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə, belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər.

28. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

29. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

37. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

40. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

43. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

46. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

48. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(023)-22/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Qazax şəhəri, M.Z.Carçıyev küçəsi 23 ünvanında yerləşən fərdi yaşayış evi üzərində paylı mülkiyyət hüququ əsasında 1/4 hissədə İddiaçı2, 1/4 hissədə İddiaçı1 və 1/2 hissədə X8 payları müəyyən edilərək rəsmi reyestrdə qeydiyyata alınmışdır. İddiaçı cavabdehlə paylı mülkiyyətində olan paylarının naturada ayrılmasının və paya münasibətdə kompensasiya ödənilməsinin mümkün olmadığını əsas gətirərək, əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb etmişdir.

51. İddia tələbi paylı mülkiyyətdə olan və naturada ayrılması mümkün olmayan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib bölünməsindən ibarədədir.

52. İşin müəyyən edilmiş hallarına əsasən, mübahisəli mənzilin mülkiyyətçilərinin paylarına uyğun naturada bölünməsi mümkün deyil, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var, eləcə də iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən ona ödənilməsi təklif etsə də, bununla bağlı razılıq yoxdur.

53. Belə ki, Mülki Məcəllənin 220.3-220.6-cı maddələri paylı mülkiyyətin mülkiyyətçilərinin ümumi əşyanın bölünməsi və ondan payının ayrılmasını mərhələli şəkildə nizama salır. Bu normalarda müəyyən edilən qaydaya görə ilkin olaraq paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Ayrılan mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi də mümkün olmadıqda məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

54. Eyni hüquqi mövqe “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında qeyd olunmuşdur. Həmin qərarda göstərilir ki, Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

55. İşin hallarından görünür ki, iddiaçılar tərəfindən cavabdehlərə təklif göndərilməklə, öz paylarını onlara satılmasını təklif etmişlər. Lakin, cavabdehlər istər iddiaçının payını almaq istərsədə öz payını satmaq istəməmişlər.

56. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 və İddiaçı2 ünvanladığı 10 iyun 2023-cü il tarixli təklifindən görünür ki, onlar İddiaçı1 və İddiaçı2 təkliflərini almış və payların dəyərinin ödənilməsi ilə bağlı mülkiyyətçilər arasında razılıq əldə olunmamışdır.

57. Eyni zamanda, istər birinci instansiya məhkəməsinin iclasında, istərsə də məhkəmə kollegiyasının (xx.xx.2024-cü il tarixdə keçirilmiş) iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdiyi izahatda bildirmişlər ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən onlara bildiriş göndərilmiş və onlar tərəfindən qəbul etmişdir. Belə ki, onlar mübahisəli əmlakda olan iddiaçının payını almaq istəmirlər. Çünki, buna maddi imkanları yoxdur. Eyni zamanda öz paylarını iddiaçıya satmaq istəyirlər.

58. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (MPM-nin 106.1-ci maddəsi).

59. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçı tərəfindən Mülki Məcəllənin 220.3-220.6-cı maddələrində nəzərdə tutlmuş bütün mərhələlərə əməl edilmişdir.

60. Hazırkı işin araşdırılmış hallarına əsasən hazırkı mübahisə predmeti olan fərdi yaşayış evi tərəflərin paylı mülkiyyətindədir, mənzilin naturada bölünməsi mümkün olmamaqla, mülkiyyətçilər arasında fərdi yaşayış evin bölünməsinə dair razılaşmaları olmamışdır. İddiaçı tərəf cavabdeh tərəfə mübahisəli mənzilin naturada bölünməsi mümkün olmadığı üçün öz payını bazar qiymətinə uyğun olaraq almağı təklif etmiş, buna cavab almadıqda isə qanunvericiliyə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının ayrılması üçün mənzilin açıq hərrac yolu ilə satılması qaydasında satış pulunun payına nisbətdə ona verilməsi üçün məhkəməyə müraciət etmişdir.

61. Paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qaydasına əsasən, Mülki Məcəllənin 220.6-cı maddəsinin tələbləri baxımından həmin mənzilin açıq hərracda satılması və əldə edilmiş vəsaitin paylara mütənasib olaraq bölünməsi Qanunun tələblərinə uyğun olmuşdur.

62. Məhkəmə kollegiyasının mövqeyinə görə Mülki Məcəllənin 220.2-ci maddəsində paylı mülkiyyətin mülkiyyətçisinin öz payının ayrılmasını tələb edə bilməsi müəyyən edildiyindən, hazırkı mülki iş üzrə mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalardakı ardıcıllığa riayət edilməklə tətbiq edildiyindən, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq iddia tələbi təmin edilmişdir.

63. Cavabdehin nümayəndəsinin göstərdikləri iddia tələbinə qarşı dəlilləri ondan ibarətdir ki, onların iddiaçıların paylarını almağa maddi imkanı və başqa yaşayış yerləri yoxdur.

64. Məhkəmə kollegiyası bu dəlilləri əsassız sayır. Belə ki, əvvəla, bu qayda, yəni paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması Mülki Məcəllənin hazırki işə tətbiq edilən 220-ci maddəsində nəzərdə tutulub. Həmin norma paylı mülkiyyətçilərin paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasını ilkin olaraq razılıq əsasında olmasını, belə bir razılıq olmadıqda isə mərhələli şəkildə ümumi əşyanın bölünməsi və ondan payın ayrılmasını müəyyən edir. İşdən görünür ki, belə bir razılıq əldə edilməyib. Buna görə də cavabdehin hüquqlarının pozulması və başqa yaşayış yerinin olmaması barədə dəlilləri Mülki Məcəllənin 220-ci maddəsinin tələbləri baxımından əsaslı sayıla bilməz.

65. Bundan əlavə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında da hüquqi mövqe belə olmuşdur ki, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə, belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

66. Məhkəmə kollegiyası bir xüsusatı da qeyd edir ki, mübahisəli əmlakın qiyməti məhkəmə qərarının icrası mərhələsində (icra icraatında) müəyyən edilir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsinə görə borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.

67. Buna görə də məhkəmə kollegiyası mənzilin qiymətinin müəyyən olunması və qiymətləndirilməsinə dair müvafiq ekspertizanın keçirilməsini zərurət görməmişdir.

68. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

71. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

72. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

73. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 382, 388, 393 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(023)-22/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar