Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1115/2025 02.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Gəncə şəhəri 2 saylı notariat ofisinə və Cavabdeh2nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Gəncə şəhəri 2 saylı notariat ofisinə və Cavabdeh2nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-813/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. İşin halları: İddiaçı ilə Cavabdeh2nə arasında xx.xx.2023-cü il tarixdə BL ******* nömrəli nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh dəyəri 2.230 manat 99 qəpik olan “İphone 13 128 GB Starlight” markalı mobil telefonu alıcı olan iddiaçıya verməyi, iddiaçı isə avadanlığın dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1 saylı Əlavəsinə əsasən mobil telefonun 2.230,99 manat təşkil edən dəyərinin 18 ay ərzində ödənilməli olması qrafik şəklində göstərilmiş və ilk ödənişin 126 manat, sonuncu ödəniş 112 manat məbləğində müəyyən edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə “İphone 13 128 GB Starlight” markalı mobil telefonu nasazlıq səbəbindən servis mərkəzinə təhvil vermiş və ona X2 Servisdə Xidmət Qəbzi verilmişdir. Qəbzin qeyd bölməsində qeyd aparılmış və qeyddə göstərimişdir ki, səssizə salan knopka hərdən işləmir öz-özünə səssizə salır telefonu. Ekranın sağ küncündə aşağı hissədə ləng işləmə olur. Donmalar olur. Müştəri məhsuldan imtina edir ve yenisi ilə əvəz edilsin. Əmtəə normal aksesuarda qutu + iynə + USB. Tam komplekt. Cavabdeh2 tərəfindən iddiaçıya yeni mobil telefon verilməmiş və “İphone 13 128 GB Starlight” markalı mobil telefon Cavabdeh2ndə qalmışdır. Bundan sonra Cavabdeh2 xx.xx.2024-cü il tarixdə iddiaçıya “icra qeydinin aparılacağı barədə” bildirişlə müraciət edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqaviləsinin 1 saylı Əlavəsinə əsasən aylıq 118 manat ödənilməli olduğu halda ödənişlər gecikdirilmiş və xx.xx.2024-cü il tarixə 721 manat borc yaranmışdır. Borcun ödənilməsi iddiaçıdan tələb olunmuş, əks təqdirdə icra qeydinin verilməsi ilə bağlı notariat orqanına və ya borcun tutulması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2024-cü il tarixli bildiriş iddiaçıya poçt vasitəsi ilə ünvanlanmış və bildiriş xx.xx.2024-cü il tarixdə ünvanı üzrə anasına təqdim edilmiş, sonuncu poçt göndərişinin təqdim olunmasına dair xəbərnaməyə imza etmişdir. Cavabdeh2 “notariat icra qeydi” haqqında ərizə ilə notariat orqanına müraciət etmiş, ərizədə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə satış müqaviləsinə istinad edərək borcun yaranma tarixini xx.xx.2024-cü il tarix kimi göstərmiş, ərizəyə bildiriş, xəbərnamə, alğı-satqı müqaviləsi və ona 1 saylı əlavə və borca dair arayış təqdim edilmişdir. Borca dair arayışda xx.xx.2023-cü il tarixdə 1509,99 manat ödənildiyi və 721 manat borcun mövcud olduğu göstərilmişdir. Təqdim olunan sənədlərdə borcun mübahisəsiz olduğu qənaətinə gələn Gəncə şəhəri 2 saylı notariat ofisi tərəfindən iddiaçıdan xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borcun əvəzi qismində 721 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 25 manat olmaqla cəmi 746 manat məbləğində pul vəsaitinin tutulmasına dair xx.xx.2024-cü il tarixdə 8İ-3859 nömrəli icra qeydi verilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Gəncə şəhəri 2 saylı notariat ofisinə və Cavabdeh2 MMC-yə qarşı Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ3859 nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli, BL843088 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 MMC-dən alğı-satqı qiyməti 2.230 manat 99 qəpik olan 1 ədəd “İphone 13 Starligt” markalı mobil telefonu 18 ay ərzində hissə-hissə ödəmək şərti ilə almışdır. O, aldığı mobil telefonu aldıqdan 15 gün sonra yəni xx.xx.2023-cü il tarixdə həmin telefon işləməmiş, bu səbəbdən də həmin mobil telefonu qüsurlu olduğu üçün Cavabdeh2 MMC-yə geri qaytarmış və bununla bağlı qəbz tərtib olunmuşdur. Cavabdeh2 MMC mobil telefonu geri qaytaran zaman ondan heç bir ödəniş tələb etməsə də, 2 il keçdikdən sonra 721 manat məbləğində pul vəsaitini telefonun İMEİ kodunun açılması və qeydiyyatdan keçirilməsi ilə əlaqədar tələb etmişdir. Bundan sonra Cavabdeh2 MMC Gəncə şəhəri 2 saylı notariat ofisinə müraciət edərək, qanunsuz olaraq barəsində icra qeydi çıxartdırmışdır. Cavabdeh2 iddia tələbinə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, Gəncə şəhər 2 saylı notariat ofisi tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli 8İ-3859 saylı icra qeydi tam əsaslıdır və heç bir qanun pozuntusu aparılmadan icra qeydi çıxarılmışdır. Belə ki, “Notariat haqqında” qanunun 76-cı maddəsinə uyğun olaraq Cavabdeh2 MMC tərəfindən icra qeydinin çıxarılması üçün elektron ərizə formasına bildiriş, qəbz, müqavilə ilə yanaşı İddiaçı cavabdeh "xxxx" MMC-yə borclu olduğunu təsdiq edən xx.xx.2023-cü il tarixli borc arayışı da skan formasında əlavə olunmuşdur. Həmçinin, İddiaçı tələb olunan 721 (yeddi yüz iyirmi bir) manat məbləğində borc “İphone 13, 128GB, Starlight” markalı mobil telefonun qiymətləndirilməsi nəticəsində qalan borcun ödənilməli olan hissəsidir. Belə ki, 2230,99 (iki min iki yüz otuz manat doxsan doqquz qəpik) məbləğində ümumi borcdan 1509.99 ( min beş yüz doqquz manat, doxsan doqquz qəpik) manat ödəniş qiymətləndirmə nəticəsində silinmişdir. Bundan əlavə "xxxx" MMC servis mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli servis rəyinə əsasən “İphone 13, 128GB, Starlight” markalı cihazda problem aşkar olunmamışdır. "xxxx" həm də Apple-ın Azərbaycanda rəsmi səlahiyyəti olan mərkəzidir. “Apple” markalı məhsullarda aşkarlanmış çatışmazlıqlar barədə ən düzgün və rəsmi servis rəyi məhz "xxxx" MMC tərəfindən verilir. Cavabdeh2 MMC ilə İddiaçı arasında xx.xx.2023-ci il tarixli nisyə satış müqaviləsi bağlanarkən telefon yoxlanılaraq saz vəziyyətdə təhvil verilmişdir. Mobil telefonun saz vəziyyətdə təhvil verilməsini təsdiq edən təhvil təslim aktıda qoşma olaraq əlavə edilib sizə göndəriləcək. Lakin, iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə maddi zərər dəymişdir. Belə ki, İddiaçı tərəfindən alınmış “İphone 13, 128GB, Starlight” mobil telefon “Apple” markalı məhsul kateqoriyasına aid olduğu üçün sim kart daxil olduğu andan “işlənmiş” statusu daşıyır. Qeyd olunmuş məhsul artıq növbəti istehlakçılara yeni məhsul kimi təqdim oluna bilməz. "xxxx" servis mərkəzi tərəfindən verilən servis aktı 2023-cü il martın 3-ü tarixində tərtib edilsədə buna İddiaçı tərəfindən heç bir etiraz edilməmiş və hüquqların müdafiəsi üçün məhkəməyə müraciət edilməmişdir. Cavabdeh2 MMC tərəfindən notariusa müraciət edilib icra qeydi çıxarıldıqdan sonra İddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində qeyd edilir ki, Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər.( Maddə 589.3) Müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin (589.7). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.(21.2) Azərbaycan Respublikasının MPM-də göstərilir ki, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Maddə 77.1). Məhkəmədən iddianın rədd olunması xahiş olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-813/2025 nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, icra qeydinin verilməsi ilə əlaqədar Cavabdeh2 MMC tərəfindən notariusa təqdim olunmuş sənədlər xx.xx.2023-cü il tarixli, BL843088 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə borcun mübahisəsiz olduğunu təsdiq edir. Həmçinin öhdəliyin icrasını tələb etmək hüququnun həmin müqaviləyə əsasən yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddəti keçməmişdir. Bundan başqa, Cavabdeh2 MMC tərəfindən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət edildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən 1 ay 07 gün əvvəl – xx.xx.2024-cü il tarixdə sifarişli poçt vasitəsilə İddiaçı tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. Göründüyü kimi Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-3859 nömrəli icra qeydinin verilməsi zamanı qanunun tələbi pozulmamışdır və həmin icra qeydinin ləğvinə əsaslar yoxdur. Məhkəmə mövqeyini “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci və Mülki Prosessual Məcəllənin 14, 77, 88-ci maddələri ilə əsaslandırmışdır. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd edir ki, icra qeydi mübahisəsiz borc tələbi üzrə aparılmış və icra qeydinin aparılacağı barədə 20 gün əvvəlcədən bildiriş borcluya göndərildiyi üçün icra qeydi ləğv edilə bilməz. Dərhal başdan qeyd edilməlidir ki, icra qeydi məhz mübahisəli tələb üzrə aparılmışdır. Belə ki, tərəfindən əldə edilmiş telefon qüsurlu çıxdığı üçün satıcıya qaytarılmış və bu barədə qəbz iddia ərizəsinə əlavə edilmişdir. Elə həmin müddətdən sonra satıcı ilə aralarında mübahisə başlamış və sonda kreditor təşkilat onu məhkəməyə vermişdir. "Baku Elektroniks" icra qeydinin aparılması ilə əlaqədar sənədləri notariat orqanına təqdim edərkən satılan məhsulun pulunun tərəfindən ödənilməməsi və həmin pulun ödənilməsinə dair qəbzlərin olmaması kifatət qədər mübahisənin olduğuna dəlalət verir. İddia ərizəsində qeyd etdiyi kimi, telefon qüsurlu olduğu üçün qaytarılmış və "Baku Elektroniks" bununla razılaşmış, sonradan anlaşılmayan tələblə icra qeydinə müraciət etmişdir. Onda bu halın araşdırılması üçün məhkəməyə müraciət etdi, məhkəmə isə icra qeydinin aparılacağı barədə 20 gün əvvəlcədən bildirişi aldığını və bu müddətdə etiraz bildirməməsi bəhanə edərək iddianı rədd etdi. Həmin 20 günlük müddət sanki məhkəmə qərarlarından şikayət vermək qüvvəsindəymiş kimi ona bütün proseslərdə bildirdi ki, nə üçün 20 gün ərzində etiraz bildirməyibsən. Bu minvalla işin mahiyyəti üzrə araşdırılması qaldı bir kənarda, 20 günlük müddət çönüb oldu əsas məsələ. Halbuki məhkəmə həqiqətin üzə çıxarılması istiqamətində araşdırma aparmalı idi, “Baku Elektroniks” tərəfində iddiaya edilən etirazda da ondan tələb edilən məbləğin konkret olaraq hansı qanun normasına dayanması göstərilə bilməyib və həmin pul məbləğinin əsasını nə müqavilə öhdəliyi ilə nə də ki qanunvericilik ilə əsaslandıra bilməmişlər. Belə ki, etirazda qeyd edilir ki, yaranan borc telefonun qiymətləndirilməsi nəticəsində qalan borcun ödənilməli olan hissəsidir. Əgər məhsul lazımı keyfiyyətli deyilsə və satıcı tərəfindən qaytarılmışdırsa, yəni geri qəbul edilmişdirsə, o, işlətmədiyi telefonun anlaşılmayan pulunu niyə ödəməlidir. Mülki Məcəllənin 589.2-ci maddəsi dispozitiv şərtinə əsasən alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. O, də öz növbəsində 15 gün ərzində məhsulu satıcıya verərək bu barədə qəbz əldə etmiş və həmin qəbzi iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim etmişdir. Halbuki qanunverici ona 2 illik müddət verməkdədir. Yəni lazımı keyfiyətli malın verilməməsi ilə bağlı olan müddət bitməmiş o, məhsulu qaytarmış və satıcı bununla razılaşıb. Məhkəmə işin bu kimi hallarını araşdırmalı olduğu halda yalnız 20 günlük müddətə toxunmaqla işi mahiyyəti üzrə araşdırmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 162-ci bəndinin birinci hissəsində göstərilmişdir ki, icra qeydi əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə aparılmalıdır. Maddi hüquq normasının dispozitiv şərtinə görə də, icra qeydinin verilməsi üçün borcun mübahisəsiz olması şərtləndirirlmiş və bu hal imperativ şəkildə göstərilmişdir. “Baku Elektroniks”lə arasında olan pul məbləği isə birbaşa mübahisəli olmaqla sözügedən pulun tələbinin əsası anlaşılan deyil və etirazda qeyd edilir ki, yaranan borc telefonun qiymətləndirilməsi nəticəsində qalan borcun ödənilməli olan hissəsidir. Əgər o, məhsulu istifadə etməmişsə və məhsul lazımı keyfiyyətli deyilsə və satıcı tərəfindən qaytarılmışdırsa, yəni geri qəbul edilmişdirsə, o, işlətmədiyi telefonun anlaşılmayan pulunu niyə ödəməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin dispozisiyasına nəzər salarkən bəlli olur ki, icra qeydi yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Tərəfindən isə məhkəməyə borcun kifayət qədər mübahisəli olduğunu təsdiq edən sənədlər təqdim edilsə də, məhkəmə bunu nəzərə almamış və sonda hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmşdir. Belə ki, telefonun qaytarılması barədə qəbzdən görünür ki, “Baku Elektroniks”lə arasında mübahisə mövcuddur. Daha mühüm məsələ isə odur ki, “Baku Elektroniks” iddiaya etirazında qeyd edir ki, tələb olunan pul telefonun qiymətləndirilməsi nəticəsində qalan borcun ödənilməli olan hissəsidir. Sözügedən telefon isə tərəfindən istifadə edilməməkdədir və bununla razılaşan “Baku Elektroniks” telefonun pulunu ondan tələb etmir, yalnızca nə müqavilədə, nə də qanunda nəzərdə tutulmayan pulu tələb edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddia tələbinə Cavabdeh2 etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının 20 günlük müddətlə bağlı fikrinə aydınlıq getirərək bildirilir ki, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli bildirişdə görünür ki, xx.xx.2023-ci il tarixli BL843088 saylı nisyə alğı-satqı müqaviləsi üzrə hesablanmış 721 manat məbləğində pul məbləği 20 gün müddətində ödənilmədiyi halda "Notariat haqqında" Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə iddiaçıya əxbərdarlıq edilmişdir. Bildiriş xx.xx.2024-cü il tarixdə İddiaçı təqdim edilmiş və həmin hal xx.xx.2024-cü il tarixli SX037497005 nömrəli xəbərnamə ilə təsdiq edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli xəbərnamənin surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya təqdim olunmuş bildiriş xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında “Məmmədova Y(ana)” soyadlı şəxs tərəfindən imza olunmuşdur. Gencə Şəhər Məhkəməsinin 2(125)- 813/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsində qeyd olunduğu kimi icra qeydinin verilməsi ilə əlaqədar cavabdeh tərəfindən notariusa teqdim olunmuş sənədlər xx.xx.2023cü il tarixli 8L843088 saylı nisyə alğı-satqı Müqaviləsi üzrə borcun mübahisəsiz olduğunu təsdiq edir. Həmçinin, öhdəliyin icrasını tələb etmək hüququnun həmin müqaviləyə əsasən yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəllesinin 373-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti keçməmişdir. Bele ki,iddiaçı xx.xx.2023-cü il tarixli BL843088 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh "xxxx" MMC-dən 2.230 manat 99 qepik olan İ eded "iphone 13 Starliglrt" markalı mobil telefonu 18 ay ərzində hissə-hissə ödermək şərti ile almışdır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.Müqavilənin hansı müddətə bağlanmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.İcra qeydi tam əsaslıdır, heç bir qanun pozuntusu aparılmadan icra qeydi çıxarılmışdır. Belə ki, “Notariat haqqında” qanunun 76-cı maddəsinə uyğun olaraq cavabdeh tərəfindən icra qeydi çıxarılması üçün elektron ərizə formasında bildiriş, qəbz, müqavilə ilə yanaşı borc arayışı da əlavə edilmişdir. xx.xx.2023cü il tarixli servis rəyinə əsasən cihazda problem aşkar edilməmişdir. "xxxx" MMC servis mərkəzi Apple Azərbaycanda rəsmi səlahiyyətli mərkəzidir. Cihaz simkart daxil olduğu andan işlənmiş hesab edilir, növbəti istehlakçılara yeni məhsul adı ilə satıla bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə nisyə alğısatqı müqaviləsinə əsasən telefon almışdır. Lakin telefon xarab olduğundan xx.xx.2023-cü il tarixdə telefonu servis mərkəzinə qaytarmışdır. Telefon onlardadır. O, telefona görə ödəniş etməmişdir. Bildirişi alqıqdan sonra elə bilmişdir ki, onu məhkəməyə verəcəklər və o, məhkəmədə etirazını bildirəcəkdir. Onda telefon olmaya-olmaya nəyə görə pul ödəməlidir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmiş, Gəncə şəhəri 2 saylı notariat ofisi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, digər cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
“Notariat haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı:
Maddə 1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. Maddə 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. Maddə 2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. Maddə 3. Fərdi mənzil tikintisi və ya yaşayış evlərinin əsaslı təmiri üçün, habelə təsərrüfat yaratmaq üçün təsərrüfat hesablı müəssisə və təşkilatlar tərəfindən bu müəssisə və təşkilatların fəhlələrinə, mühəndis-texniki işçilərinə və qulluqçularına verilmiş kredit üzrə borcu müəyyən edən sənəd. Maddə 4. Yaşayış evi tikintisi üçün kooperativə verilmiş kreditin ödənişi üzrə mənziltikinti kooperativləri üzvlərinin borcunu müəyyən edən sənədlər. Maddə 6. Qarşılıqlı yardım kassası tərəfindən verilmiş kreditlər üzrə borcu müəyyən edən sənədlər. Maddə 7. Məsuliyyət altında saxlanmaq üçün təhvil verilmiş, lakin haqqı ödənilmədən istifadə olunmuş yükün dəyərini və istifadə edilmiş yükün dəyərinin müqavilədə müəyyən olunmuş miqdarında cəriməni tutmaq haqqında müəssisə, idarə və təşkilatların alıcılarla bank vasitəsilə həyata keçirilən hesablaşmalar üzrə tələbləri. Maddə 9. Alıcıların nisyə mallar alarkən ticarət müəssisələrinə verdikləri tapşırıqöhdəliklər. Növbəti ödənişlərin müddətini keçirməyə görə vətəndaşlardan borcu və müamiləni tutmaqdan ötrü icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) borclunun tapşırıq-öhdəliyinin əsli; b) borclunun işdən azad edilməsi haqqında müəssisənin, idarənin, təşkilatın arayışı; c) borcun (müamilənin) məbləği və ödənilməsi müddətləri göstərilməklə, borclunun şəxsi hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarışı. Maddə 10. Yüklərin daşınması ilə əlaqədar olaraq verilmiş pretenziyaların ödənilməsi haqqında dəmir yolları idarələrinin, şöbələrinin, stansiyalarının, çay və dəniz gəmiçilik idarələrinin, dəniz liman idarələrinin, hava-nəqliyyat müəssisələrinin, avtomobil nəqliyyatı müəssisələrinin və təşkilatlarının müştərilərə göndərdikləri bildirişlər. Maddə 11. Ticarət gəmiçiliyində müəyyən edilmiş müddət ərzində mübahisə doğurmayan dispaşa. Maddə 12. Taranı vaxtında qaytarmamağa görə malverənlərin alıcılara cərimə məbləğində verdikləri, ödənilməmiş hesablar. Maddə 13. Dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçi tərəfindən yaşayış sahəsinə görə, yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödənilmədikdə. Maddə 13-1. Kommunal xidmətlərə görə - məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər. Maddə 14. Yaşayış sahələrinin və ümumi istifadə yerlərinin kirayəçilər tərəfindən özbaşına başqa şəklə salınmasını və planının dəyişdirilməsini, qızdırıcı və sanitariyatexniki cihazların yerlərinin dəyişdirilməsi, yaxud sakinlərin və icarəçilərin tutduqları yaşayış və qeyri-yaşayış sahələrinin və onların avadanlığının həmin şəxslər tərəfindən zədələnməsini, bunun nəticəsində sahələri əvvəlki vəziyyətinə salmaq və ya zədələri aradan qaldırmaq üçün kirayədarın 50000 manatdan artıq xərc çəkməsini təsdiq edən sənədlər. Maddə 15. Yaşayış evlərində qeyri-yaşayış sahələri üçün icarə haqqı, kommunal və istismar xərcləri üzrə borcu müəyyən edən sənədlər. Maddə 16. Nəqliyyat vasitələrindən ötrü açıq və örtülü dayanacaqlar üçün ödəniş üzrə borcu müəyyən edən sənədlər. Maddə 17. Xüsusi mülkiyyət hüququ əsasında özlərinə məxsus olan evlərin sahiblərinin və icarədarların bu evlərin su kəməri suyundan istifadə etməyə və başqa kommunal xidmətlərə: bacaları, çirkab quyularını təmizləməyə, dezinfeksiya, deratizasiya və s. etməyə görə borcunu müəyyən edən sənədlər. Maddə 18. Qiymətləndirmə və inventarlaşdırma işləri üçün mənzil-kommunal təsərrüfatının inventarlaşdırma orqanlarına borcu müəyyən edən sənədlər. Maddə 19. Mülkün xərclərinin ödənilməsi hesabına vaxtı keçirilmiş ödənişlər üzrə mənzil-tikinti kooperativləri və bağ-tikinti kooperativləri üzvlərinin borcunu müəyyən edən sənədlər. Maddə 20. Özbaşına tikilmiş binanı və ya onun bir hissəsini sökmək xərclərinin ödənişi üzrə mənzil-kommunal orqanlarına borcu müəyyən edən sənədlər. Maddə 21. Radiotranslyasiya xəttindən istifadə etməyə görə abonent haqqı üzrə müəssisələrin, idarələrin və şəxslərin borcunu müəyyən edən sənədlər və abonent haqqını vaxtında ödəməməyə görə müamilələr. Maddə 22. Musiqi əsərlərinin kütləvi ifasına, radio və televiziya ilə efirə verilməsinə və səsyazma formasında surətinin çıxarılmasına (çoxaldılmasına) görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödənilməli olan müəllif qonorarı üzrə istifadəçi təşkilatların borcunu müəyyən edən sənədlər. Maddə 23. Təsviri və dekorativ tətbiqi sənət (rəssamlıq, heykəltəraşlıq, qrafika) əsərlərinin surətinin çıxarılması və nəşrinə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödənilməli olan müəllif qonorarı üzrə istifadəçi təşkilatların borcunu müəyyən edən sənədlər. Maddə 24. Müəssisə və təşkilatlar tərəfindən şəxslərə verilmiş ev əşyalarından, musiqi alətlərindən, idman inventarından və digər şəxsi əmlakdan istifadə (məişət birovuzu) haqqının ödənilməsi üzrə şəxslərin borcunu müəyyən edən sənədlər. Maddə 25. Məişət birovuzu müqaviləsi üzrə şəxslərə verilmiş, lakin onlar tərəfindən qaytarılmamış və ya korlanmış şəxsi istifadə əmlakı üzrə şəxslərin borcunu müəyyən edən sənədlər. Maddə 26. Hüquqi və fiziki şəxslərdən itirilmiş və ya yararsız vəziyyətə salınmış kitabxana fonduna məxsus çap əsərlərinin və digər materialların (milli mədəni sərvətlər reyestrinə daxil edilən nadir nüsxələr istisna olunmaqla) yeni qiymətləndirmə əmsalları nəzərə alınmaqla, qiymətinin 10 misli həcmində alınması haqqında dövlət kitabxanalarının tələbləri. Maddə 27. Uşaqları körpələr evində, uşaq bağçasında və internat məktəblərində saxlamağa görə valideynlərin və ya onları əvəz edən şəxslərin borcunu müəyyən edən sənədlər. Maddə 29. Əlaqədar müəssisədə, idarədə, təşkilatda islah işlərini çəkən fəhlə və qulluqçuların qazancından tutulmuş məbləğin köçürülməsini uzun müddət (bir aydan çox) gecikdirilmiş müəssisə, idarə və təşkilatların vəsaitindən həmin məbləğin alınması haqqında məhkəmələrin azadlıqdan məhrum etmədən islah işlərinə dair hökmlərinin icrası ilə məşğul olan orqanların tələbləri. Maddə 30. Sıravi heyətdən və komanda heyətindən olan şəxslər törətdikləri cinayətlərə görə məhkum olunmaqla və ya adlarını ləkələyən xəta etməklə əlaqədar olaraq daxili işlər orqanlarından azad edildikdə onların borcu, habelə sıravi heyətdən və kiçik komanda heyətindən olan şəxslər intizamı pozduqlarına və ya işə uyğunlaşmadıqlarına görə xidmətə götürüldükləri müddətdən tez azad edildikdə, onlara verilmiş qiymətli paltarın dəyəri notariusların və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərin verdikləri icra qeydlərinə əsasən, qiymətli paltarın geyilməsi müddətinin qurtarmasına qalan vaxta uyğun surətdə hesablanmış məbləğdə mübahisəsiz qaydada onlardan tutulmalıdır. Bunun üçün borcun məbləği haqqında tələbkarın arayışı və onun ödənilməsi barədə işçiyə yazılı xəbərdarlıq təqdim edilməlidir. Maddə 31. Şəxslərin xüsusi əmlakı ilə birlikdə mənzillərin və başqa binaların mühafizəsi haqqında müqavilələr üzrə vətəndaşların borcunu müəyyən edən sənədlər. Maddə 32. Xuliqanlıq və ya digər cinayətkar hərəkətlərinin qarşısını almaq məqsədi ilə bədəninə xəsarət yetirilmiş şəxsləri müalicə etməyə görə müalicəxanaların tələbi ilə borcu müəyyən edən sənədlər. Maddə 33. Təlim toplanışına çağırılmış və dövlətə vurduğu zərərə görə müəyyən olunmuş qaydada maddi məsuliyyətə cəlb edilmiş hərbi vəzifəli şəxslərin borcunu müəyyən edən sənədlər. Maddə 34. Gizirlər və miçmanlar törətdikləri cinayətə görə məhkum edilməklə əlaqədar olaraq (o cümlədən şərti məhkum edilməklə əlaqədar olaraq) və hərbi qulluqçu adını ləkələyən hərəkətlərə görə həqiqi hərbi xidmətdən həmin xidmətə qəbul edildikləri müddətdən tez azad olunduqda, onların ilk təsərrüfat yaratmaq üçün birdəfəlik müavinət üzrə borcunu müəyyən edən sənədlər. Maddə 35. Dövlətə vurduqları zərərə görə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmuş müddətdən artıq xidmətdə olan hərbi qulluqçuların, gizirlərin, miçmanların, zabitlərin, generalların, admiralların ehtiyata buraxıldıqları və ya istefaya çıxdıqları günədək onların öhdəsində qalan borcu müəyyən edən sənədlər. Maddə 36. Teatr-tamaşa müəssisələrinin (teatrların, konsert təşkilatlarının, sirklərin, bədii kollektivlərin və s.) və teatr kassalarının biletləri yayan ştatdankənar müvəkkilləri borcu ödəmək haqqında öhdəlik götürmüşlərsə, satış üçün alınmış biletlər üzrə onların borcunu müəyyən edən sənədlər. Maddə 37. Sənayedə, tikintidə və ya nəqliyyatda işləmək haqqında mütəşəkkil işçi toplanması qaydasında əmək müqaviləsi bağlanarkən, əmək haqqı hesabına verilmiş, lakin işləməklə əvəzi ödənilməmiş avansı, birdəfəlik müavinəti, yol xərclərini və gündəlik xərcləri iş yerinə getməməsi ilə əlaqədar olaraq qaytarmalı olan işçinin borcunu müəyyən edən sənədlər. Maddə 38. İşçiyə verilmiş, lakin işdən azad edilərkən onun tərəfindən qaytarılmamış yataq ləvazimatı üçün onun dövlət müəssisəsinə, idarəsinə, təşkilatına borcunu müəyyən edən sənədlər. Maddə 39. Xüsusi formalı geyim tətbiq olunduğu idarənin, müəssisənin və təşkilatın işdən azad edilən işçisində qalmış həmin geyim üçün borcu müəyyən edən sənədlər. Maddə 40. Lisenziyalaşdırılan telekommunikasiya xidmətinə görə müvafiq təşkilatın borcu müəyyən edən sənədləri.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat:
Bənd 162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə, icra qeydi aparılır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmədiyindən şikayət təmin olnmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı ilə Cavabdeh2nə arasında xx.xx.2023-cü il tarixdə BL ******* nömrəli nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh dəyəri 2.230 manat 99 qəpik olan “İphone 13 128 GB Starlight” markalı mobil telefonu alıcı olan iddiaçıya verməyi, iddiaçı isə avadanlığın dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2023-cü il tarixdə “İphone 13 128 GB Starlight” markalı mobil telefonu nasazlıq səbəbindən servis mərkəzinə təhvil vermiş və ona X2 Servisdə Xidmət Qəbzi verilmiş, qəbzin qeyd bölməsində nasazlıqlar göstərilmişdir. Cavabdeh2 tərəfindən iddiaçıya yeni mobil telefon verilməmiş və “İphone 13 128 GB Starlight” markalı mobil telefon Cavabdeh2ndə qalmışdır. Bundan sonra Cavabdeh2 xx.xx.2024-cü il tarixdə iddiaçıya “icra qeydinin aparılacağı barədə” bildirişlə müraciət edərək müqavilə üzrə borcun yarandığını bildirmiş və həmin bildiriş iddiaçının ünvanına təqdim olunmuşdur. Cavabdeh2 “notariat icra qeydi” haqqında ərizə ilə notariat orqanına müraciət etmiş, ərizədə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə satış müqaviləsinə istinad edərək borcun yaranma tarixini xx.xx.2024-cü il tarix kimi göstərmiş, ərizəyə bildiriş, xəbərnamə, alğı-satqı müqaviləsi və ona 1 saylı əlavə və borca dair arayış təqdim edilmişdir. Borca dair arayışda xx.xx.2023-cü il tarixdə 1509,99 manat ödənildiyi və 721 manat borcun mövcud olduğu göstərilmiş, təqdim olunan sənədlərdə borcun mübahisəsiz olduğu qənaətinə gələn Gəncə şəhəri 2 saylı notariat ofisi tərəfindən iddiaçıdan xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borcun əvəzi qismində 721 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 25 manat olmaqla cəmi 746 manat məbləğində pul vəsaitinin tutulmasına dair xx.xx.2024-cü il tarixdə 8İ-3859 nömrəli icra qeydi verilmişdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək icra qeydinin əsassız və qanunsuz olması tələbinini irəli sürmüşdür, birinci instansiya məhkəməsi iddia tələbini əsassız hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, notariusun icra qeydi verilməsinin prosessual əsası qismində “Notariat haqqında” qanunun 76-cı maddəsini çıxış edir. Maddənin dispozisiya şərtlərinə uyğun olaraq kreditor mübahisəsiz borc tələbinə dair sübutlar təqdim etdiyi təqdirdə notarius icra qeydi verilir. Məhkəmə araşdırması zamanı işin halları və müqavilə tərəfi olan cavabdehin iddia tələbinə etirazı ilə müəyyən edilmişdir ki, hazırki mübahisə xx.xx.2023-cü il tarixli, BL843088 nömrəli nisyə alğı-satqı müqaviləsindən irəli gəlmir. Belə ki, cavabdeh "xxxx" MMC iddiaya dair etiraz ərizəsində icra qeydinin verilməsi əsası olan 721 manat borcun vurulmuş zərərə münasibətdə hesablanmasını bildirmiş və etirazda qeyd etmişdir ki, “cihaz simkart daxil olduğu andan işlənmiş hesab edilir, növbəti istehlakçılara yeni məhsul adı ilə satıla bilməz” bu hal isə vurulmuş zərərə uyğun hesablanmış məbləğdir. Lakin cavabdeh istər iddiaçıya, istərsə də notariat orqanına olan müraciətlərində həqiqəti əks etdirməyən məlumatları daxil etmiş və borcun müqavilədən irəli gələrək öhdəliyin pozulması kimi göstərmiş və nəticədə yanlış məlumatlar əsasında icra qeydinin verilməsinə nail olmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısında maddi zərərə aid sənədlər borcların mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısında nəzərdə tutulmamışdır. Belə olan halda yanlış məlumatlar və həqiqəti əks etdirməyən tələb hüququna görə icra qeydi verilə bilməz. Cavabdehin həqiqəti əks etdirməyən müqavilə öhdəliyindən irəli gələn tələb hüququna görə verilmiş icra qeydi isə ləğv olunmalıdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanunun 7-ci maddəsinə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. 15-ci maddəsinə əsasən, istehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, tərəflər arasında müqavilə xx.xx.2023-cü il tarixdə tərəflər arasında müqavilə bağlanmış və iddiaçı aldığı əşyanı qüsurlarına görə xx.xx.2023-cü il tarixdə satıcıya qaytarmış, qüsurlara görə yenisi ilə əvəz edilməsini tələb etmişdir. Göründüyü kimi, satış günü nəzərə alınmadıqda iddiaçı 14 gün ərzində alınmış əşyanı qaytarmış və yenisini tələb etməkdə qanunun tələbi baxımından haqlı olmuşdur. Lakin buna baxmayaraq satıcı ona zərər vurulduğunu iddia edərək yanlış məlumatlar əsasında icra qeydinin verilməsi üçün müraciət etmiş və nəticədə maddi zərər tələbini müqavilə öhdəliyi kimi təqdim edərək mübahisəli borca icra qeydinin verilməsinə nail olmuşdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-813/2025 nömrəli qətnaməsi ləğv edilsin. Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-3859 nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.