Məhkəmə qərarları › İş №2(104)-1133/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1133/2024

03.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1133/2024 03.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X5 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 2(015)-774/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 23 avqust 2023-cü il tarixli ərizədən görünür ki, cavabdeh iddiaçıdan 500 manat almasını və həmin məbləğdən 400 manat qaytarmasını etiraf edir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair Ağstafa Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 700 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 191 saylı Hərbi Hissədə müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu Cavabdeh 2022-ci ilin noyabr ayında evinə gələrək dekabr ayında qaytarmaq şərtilə ondan 700 manat borc istəmiş, qonşu oilduqları üçün oda həmin məbləği ona vermişdir. Dekabr ayının sonunda Elmirə məxsus ***-***-**-** nömrəli mobil telefona zəng edib pulu qaytarmasını bildirsədə, sonuncu pulu qaytarmaqdan imtina etmişdir. Dəfələrlə tələb edəndən sonra cavabdehin əmisi X7 özünə məxsus çayxananın qarşısında ona 50 manat verərək bildirmişdir ki, bunu Elmir göndərib, o da pulu götürməkdən imtina etmiş və ona bildirmişdir ki, Elmirə desin ki, pulun hamısını bir dəfəyə ödəsin. 8 ay keçməsinə baxmayaraq cavabdeh pulu qaytarmamışdır.

4. Ağstafa Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 2(015)-774/2023 nömrəli qətnaməsi ilə (hakim Z.Resulov) iddia qismən təmin edilərək, 100 (bir yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməsi; İddia ərizəsi qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə, Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 216- 220 və 360-cı maddələrinə istinad etmişdir.

b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, cavabdeh 500 manat borc aldığını bildirməklə aralarında borc müqaviləsinin olduğunu sübut edir. Cavabdeh etiraf etdiyi 500 manat borcdan 400 manat qaytardığını bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. O pulu cavabdehə 2022-ci ilin noyabr ayında verdiyi halda, cavabdeh ona 400 manatı 2022-ci ilin yayında qaytardığını bildirmişdir. Bu da cavabdehin yalanını üzə çıxarır. Məhkəmə isə bu məsələlərə aydınlıq gətirməmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 2022-ci ilin noyabr ayında cavabdehə 700 manat borc verməsi ilə bağlı yazılı sübut təqdim edə bilmir. Cavabdeh X6 2021-ci ildə də borc aldığı üçün həmkəndliləri Seymur, İsmayıl, eləıcədə kamaz şoferi Araz vastəsilə cəmi 300 manat (100+100+100=300) göndərmiş, cavabdehin özü ona pul verməmişdir. Cavabdeh 2022-ci ildə aldığı 700 manat borcu isə qaytarmaqdan imtina etmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X6 apellyasiya şikayətini qəbul etməyərək izhatında bildirmişdir ki, 2022-ci ilin noyabr ayında İddiaçı aylıq faiz dərəcəsi 20 faiz olmaqla 500 manat borc almışdır. Faiz nəzərə alınmaqla 200 manat özü qaytarmış, 100 manat Seymur, 100 manat İsmayıl, 200 manat isə kamaz sürücüsü Araz vastəsilə göndərmişdir. İddiaçıya hazırda 100 manat borcu qalmışdır. 2021-ci ildə isə iddiaçıdan borc almamışdır. X1 məhkəmə kollegiyasından apellyaisya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.

17. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

18. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

27. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

28. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Apellyasiya şikayətindən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməməsi hissədə mübahisələndirilmişdir. Ona görə də hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. İşin müəyyən olunmuş faktiki hallarından hallarından müəyyən olunur ki, İddiaçı 2022-ci ilin noyabr ayında cavabdeh X4 həmin ilin dekabr ayında qaytarmaq şərtilə 700 manat borc verməsini, lakin cavabdehin deyilən vaxtda borcu qaytarmamasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən, yəni 100 manat təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya 100 manat məbləğində pulun ödənilməsini qəbul edir, lakin iddia edir ki, ödənilməli olan pulun 400 manatını iddiaçıya ödəmiş, 100 manat borcu qalmışdır.

35. Kollegiya ilkin olaraq qeyd edir ki, borc müqaviləsinin bağlanmış hesab olunması, yəni hüquqi nəticə əmələ gətirməsi, digər müqavilələrdə olduğu kimi sırf razılaşma sayəsində olur. Bununla bağlı təkcə Mülki Məcəllənin borc müqaviləsini tərif edən 739.1-ci maddəsindəki müddəanın nəzərdən keçirilməsi kifayətdir. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

36. Cavabdeh X6 2022-ci ilin noyabr ayında iddiaçıdan 500 manat borc almasını, faizlə birlikdə 600 manat qaytardığını etiraf etmişdir. İddiaçı isə cavabdehin İsmayıl, Seymur və kamaz sürücüsü Araz vastəsilə ona 300 manat (100+100+100=300) göndərməsini, lakin adları qeyd olunan şəxslər vastəsilə qaytarılan pulun 2021-ci ildə cavabdehə verdiyi borc olduğunu göstərmişdir. Lakin sonuncu belə bir dəlil irəli sürsədə 2021-ci ildə cavabdehə 300 manat borc verməsi barədə sübutu məhkəməyə təqdim etməmiş, cavabdeh X6 da öz növbəsində 2021ci ildə iddiaçıdan 300 manat borc almadığını qeyd etmişdir.

37. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, İddiaçı 2022-ci ilin noyabr ayında cavabdehə 700 manat borc verməsi barədə də məhkəməyə hər hansı bir möhtəbər sübut təqdim etməmişdir.

38. Halbu ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür.

39. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, apellyasiya apellyasiya şikayəti qismən təmin olunmalı, Ağstafa Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 2(015)-774/2023 nömrəli qətnaməsi iddianın təmin olunmaması hisədə ləğv olunmalı, həmin hissədə iddia qismən təmin edilməli və cavabdeh X2 100 manat alınıb İddiaçı verilməli, qalan hissədə iddia təmin edilməməlidir.

40. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 2(015)-774/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “iddianın təmin olunmaması” hisədə ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh X2 100 manat alınıb İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar