Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1134/2023 07.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Tovuz Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5312 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun, əldən çıxmış faydaya görə 1000 manat pulun, mənəvi zərərə görə 2000 manat pulun, ümumi 8412 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qərardadı ilə (hakim F.Əliyev, iş № 2(062)-844/2023) İddiaçı Cavabdeh qarşı “ pul” tələbinə dair iddia ərizəsi və ona elavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, Tovuz Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsində baxıldığı üçün, hazırkı iddianı da, həmin məhkəməyə vermişdir. Tovuz Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(062)-844/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Tovuz Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(062)-844/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin mülki işə birlikdə baxılması üçün 7 gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur və bu hüquq da qanunvericilikdə təsbit olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsassında müəyyən edilir. Həmin qanuna əsasən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 151.1.-i maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, Cavabdeh rəsmi qeydə alındığı yer Astara şəhəri, S.Vurğun küçəsi-1/28 saylı mənzildir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya aidiyyətlə bağlı qaydaya riayət olunması və s. kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-152.1.9-cu maddələrində iddia ərizəsinin geri qaytarılması əsasları dəqiq müəyyən edilərək, həmin hallarda iddia ərizəsinin icraata qəbul edilməsi məhdudlaşdırılmaqla, qəti xarakter daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin geri qaytarılması nəticəsinə gəlmiş və prosessuaıl hüquq normaları düzgün tətbiq edilmişdir.Ona görə də, İddiaçı şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397- 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1134/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1134/2023
07.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver