Məhkəmə qərarları › İş №2(104)-1138/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1138/2024

22.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1138/2024 22.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-107/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2009-cu ildə anadan olmuş X2 onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-107/2024 nömrəli qətnaməsi (hakim Mahir Niftəliyev) ilə, iddianın təmin edilməsi, xx.xx.2009-cu ildə anadan olmuş X4 atası X3 himayəsinə verilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, məruzəçi hakimi dinləyərək, iddiaçının iddiadan imtina ərizəsini və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-107/2024 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbindən imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, İddiaçı məhkəməyə ərizəyə ünvanlayaraq, İddiaçı Cavabdeh qarşı iddia üzrə mülki iş apellyasiya baxışında olan zaman birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4 anasının yanına getmişdir. Uşağın anası Cavabdeh yanında olmasına qarşılıqlı surətdə razılaşmışlar. Buna görə də iddia tələbindən imtina edir və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının MPM-in 47-ci və 52.1-ci maddələrinə əsasən, iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiadan imtina etmə, bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının MPM-in 370-ci maddəsində deyilir ki, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikasının MPM-in 191.2-ci maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının MPM-in 52.5-ci maddəsinin tələbinə görə iddiaçının iddiadan imtina etməsi o halda qəbul edilmir ki, iddiadan imtina etmə qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının MPM-in 384.0.5-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 262.4-cü maddəsində göstərilmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 402.2.4-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 191, 261.0.4, 263, 264, 370, 384.0.5, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-107/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbindən imtina etməsi qəbul edilsin və bu əsasla iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar