Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-114/2023 30.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “pəncərə yerlərinin bağlanması” tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(043)-154/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. Reyestr kitabında 15886 nömrə ilə qeydiyyata alınmış Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında olan fərdi yaşayış evi İddiaçı1 adına qeydə alınmışdır.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********99-10302 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti 96-98 saylı fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 170 nömərli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən təqdim edilən 10/2927 nömrəli, 28 iyul 2023-cü il tarixli ekspert rəyində qeyd olunur ki, iddiaçı və cavabdehə məxsus yaşayış evlərinə ayrı-ayrı istiqamətlərdən giriş-çıxış yollarının olduğunu nəzərə alaraq, Cavabdeh2 məxsus fərdi yaşayış evinin eyvanının yan tərəfində olan açıq sahənin İddiaçı1 mülkiyyətində olan həyətyanı sahə və fərdi yaşayış evinə açılması iddiaçıya öz sahəsindən istifadə etməkdə maneçilik yaratmadığı müəyyən edilmiş, Cavabdeh2 məxsus fərdi yaşayış evinin üçüncü mərtəbəsində yerləşən (mansar) tikilinin iki tərəfə pəncərə boşluğunun olduğu nəzərə alaraq İddiaçı1 mülkiyyətində olan tərəfində açıq sahə (pəncərə) bağlandığı halda, cavabdehin fərdi yaşayış evinin havalandırılmasının və işıqlandırılmasının başqa mənbələrdən mümkün olduğu müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı1 Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında cavabdeh tərəfindən inşa edilmiş tikilinin ona məxsus Gəncə şəhəri, N.Nərimanov küçəsi, 9-cu döngə, 23 saylı evin həyətinə baxan pəncərə yerlərinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Mülkiyyət hüququ qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydə alınmışdır. Cavabdeh onun qonşusudur. O, Gəncə şəhəri, N.Nərimanov küçəsi, 96-98 saylı evdə yaşayır. Qonşu kimi əvvəllər münasibətləri normal olmuşdur. Lakin bu yaxınlarda cavabdeh yaşadığı həyətdə ev tikməyə başlamış və bu zaman onun həyətinə baxan böyük bir pəncərə düzəltmişdir. Həmin pəncərə yerləri onun evinə bitişik olmaqla birbaşa onun həyətinə baxır. Bununla bağlı o dəfələrlə cavabdehə müraciət etmişdir ki, onun həyətinə baxan həmin pəncərə yerlərini bağlasın. Lakin, cavabdeh bunu etməyəcəyini bildirir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
6. Cavabdeh2 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddianı qəbul etmir, İddiaçı1 Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 4 ünvanında inşa etdiyi fərdi yaşayış evinin iddiaçıya məxsus Gəncə şəhəri, Kəpəz rayonu Nəriman Nərimanov küçəsi, 9-cu döngə 23 saylı evin həyətinə baxan pəncərə yerlərinin bağlanmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, mülkiyyətində olan fərdi yaşayış evini sökərək yerində yeni ev tikmişdir. Həmin tikintiyə başlamamışdan əvvəl Gəncə şəhəri İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti Şöbəsinə müraciət edərək müvafiq icazəni almışdır. Belə ki, "xxxx" MMC-də çəkdirdiyi planı təsdiqlədərək tikinti işlərinə başlamışdır. Hazırda mülkiyyətində apardığı tikinti tam yekunlaşmışıdır. Tikinti aparılarkən tikinti razılaşdırılmış plan əsasında aparılmışdır. Mülkiyyətində tikdirdiyi fərdi yaşayış evinin heç bir pəncərəsi iddiaçının həyətyanı sahəsinə baxmır. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı sahəsini görmək üçün mənə məxsus fərdi yaşayış evinin dam örtüyünün üzərinə çıxmaq lazımdır. İddia ərizəsində göstərilən əsaslar həqiqəti əks etdirmir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli 2(043)- 154/2022 nömrəli qətnaməsi ilə (hakim Z.Hüseynov) iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinin pəncərəsi deyil, evin yuxarı mərtəbəsində yerləşən eyvanın sağ tərəfindən iddiaçının evi görünür. Həmçinin həmin eyvan evin texniki pasportunda göstərilən tikinti layihəsinə uyğun quraşdırılmışdır. Cavabdeh tərəfindən tikilmiş tikili iddiaçıya məxsus fərdi yaşayış evinə hər hansı formada zərər yetirmir, iddiaçının fərdi yaşayış evindən istifadə etməsinə hər hansı formada maneçilik törətmir. İddiaçının sadəcə cavabdehə məxsus evin pəncərə yerindən onun həyətinin görünməsinə əsaslanaraq, həmin pəncərə yerinin bağlanmasını tələb etməsi qonşuluq hüququnu tənzimləyən Mülki Məcəllənin 170 və 171ci maddələrinin tələbinə ziddir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh evin yenidən tikintisini həyata keçirərkən Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, 3.0.33-ci maddəyə əsasən yaxın qonşular – tikinti ərazisi ilə həmsərhəd olan və ya tikinti ərazisindən 20 metrədək məsafədə yerləşən torpaq sahələrinin mülkiyyətçiləri və ya istifadəçiləridir. 69.1-ci maddəyə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil. 76.1-ci maddəyə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. 76.2-ci maddəyə əsasən nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. 76.3-cü maddəyə əsasən tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
12. İş üzrə tərəflərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə nəlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
15. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
16. Hazırki iddia qonşuluq hüquq münasibətdən yaranan mübahisədir və bu mübahisəyə Mülki Məcəllənin 170-ci maddəsi rəhbər tutulmaqla hüquqi qiymət verilməlidir.
17. İşin hallarından müəyyən olunur ki, İddiaçı1 qonşusu Cavabdeh2 məxsus fərdi yaşayış evinin pəncərəsinin onun evinə açılmasını əsas gətirərək, bağlanmasını iddia etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd olunmuşdur.
18. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinin pəncərəsi deyil, evin yuxarı mərtəbəsində yerləşən eyvanın sağ tərəfindən iddiaçının evi görünür. Həmçinin həmin eyvan evin texniki pasportunda göstərilən tikinti layihəsinə uyğun quraşdırılmışdır. Cavabdeh tərəfindən tikilmiş tikili iddiaçıya məxsus fərdi yaşayış evinə hər hansı formada zərər yetirmir, iddiaçının fərdi yaşayış evindən istifadə etməsinə hər hansı formada maneçilik törətmir.
19. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe ilə razılaşır və qeyd edir ki, iş materiallarında olan fotoşəkillərdən iddiaçı və cavabdehin evlərinin həqiqətən qonşu (yanaşı) olması müəyyən edilir, lakin cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin pəncərəsinin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə açılması müəyyən olunmur.
20. Belə ki, foto şəkillərdən də göründüyü kimi bağlanması tələb edilən pəncərə iddiaçının dam örtüyünün üzərində yerləşir və həmin eyvandan yalnız dam örtüyü görünür.
21. Bundan başqa, apellyasiya icraatı zamanı təyin edilən məhkəmə tikinti ekpsertizasının nəticəsi olaraq təqdim edilən 10/2927 nömrəli, 28 iyul 2023-cü il tarixli ekspert rəyində qeyd olunur ki, iddiaçı və cavabdehə məxsus yaşayış evlərinə ayrı-ayrı istiqamətlərdən giriş-çıxış yollarının olduğunu nəzərə alaraq, Cavabdeh2 məxsus fərdi yaşayış evinin eyvanının yan tərəfində olan açıq sahənin İddiaçı1 mülkiyyətində olan həyətyanı sahə və fərdi yaşayış evinə açılması iddiaçıya öz sahəsindən istifadə etməkdə maneçilik yaratmadığı müəyyən edilmişdir.
22. MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
23. Məhkəmə kollegiyası ekspert rəyinə qiymət verərkən hesab edir ki, cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadəyə maneə yaratmaması hazırki iddia tələbinin əsaslılığını istisna edir.
24. Apellyasiya şikayətində iddiaçı Şəhərsalma və Tikinti Məcəlləsinin tikintiyə icazə ilə bağlı icraatda maraqlı şəxslərin iştirak hüququnu nəzərdə tutan 76-cı maddəsini qeyd edərək icazə verilən zaman onun iştirakının olmamasını qeyd etmişdir.
25. Məhkəmə tərkibi bildirir ki, hazırki iddia tələbinin predmeti həmin icazə sənədi və onun qəbulu zamanı prosedur qaydalara riayət edilməsinin yoxlanılması deyildir. Hazırda həmin sənəd qüvvədədir və həmin sənəd əsasında tikinti başa çatdırılmışdır.
26. Belə olan halda apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və ya dəyişdirilməsi üçün hüquqi və ya qanuni əsas müəyyən edilməmişdir.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 387, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(043)- 154/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın . İş üzrə 100 manat ekspertiza xərci- İddiaçı1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X1 Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ 41, NABZ ******************** SWİFT BİK CTREAZ 22, MEM VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet ilə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Ədil Məmmədov