Məhkəmə qərarları › İş №2(104)-1149/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1149/2025

02.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1149/2025 02.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Xocalı Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli 2(070)-166/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh məxsus cehiz əşyalarının ona məxsus Sumqayıt şəhəri 1-ci mikrorayon 3A saylı binanın 34 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xocalı Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli 2(070)-166/2025 nömrəli qərardadı ilə (hakim Tural Ələkbərov) İddiaçı Cavabdeh qarşı “əşyaların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Xocalı rayonunda qeydiyyatdadır, Sumqayıt şəhərində faktiki yaşayır. Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq ərazi aidiyyatı üzrə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində tərəflər arasında yaranan mübahisə daşınar əşyaların iddiaçıya məxsus olan mənzildən çıxarılması ilə bağlıdır. Hesab edir ki, iddia müstəsna aidiyyatla bağlı mübahisə deyildir. Çünki, həmin növ iddialarda daşınmaz əmlakdan bəhs olunur, cavabdeh qeyd edildiyi kimi Xocalı rayonunda qeydiyyatdadır və faktiki olaraq Sumqayıt şəhərində yaşayır. Xocalı Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli 2(070)-166/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 397.2-ci maddəsinə müvafiq olaraq, işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət etmiş, əşyaların çıxarılması tələb olunan əmlak Sumqayıt şəhərində yerləşdiyindən birinci instansiya məhkəməsi iddiaya müstəsna aidiyyət qaydaları əsasında baxılmalı olduğunu əsas göstərərək ərizəni geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə tərəfindən prosessual normaların tələbləri pozulmamışdır. İlk növbədə nəzərə almaq lazımdır ki, mülki prosessual qanunvericilikdə ərazi aidiyyətinin müəyyənləşdirilməsində qanunvericinin başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Bundan əlavə, MPM-də bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; -sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında neqator iddiaya aiddir və ona görə də, hazırkı işə müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmədə baxılmalıdır. Şərh olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Yuxarıda şərh olunanlara əsasən və MPM-nin 152, 263-264, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Xocalı Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli 2(070)-166/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar