Məhkəmə qərarları › İş №2(104)-1154/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1154/2025

25.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1154/2025 25.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: zərər tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X4 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(125)-634/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 avqust 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məlikov Cavid Əzizağa oğlu xx.xx.2025-ci il tarixdə travmativ residivləşən qanaxma səbəbindən ölmüşdür.

2. Doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, İddiaçı Məlikov Cavid Əzizağa oğlunun anasıdır.

3. “Sumqayıt Şəhər Prokurorluğunun böyük müstəntiqi Fərid Əmirov tərəfindən qəbul edilmiş, 31 iyul 2023-cü il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan görünür ki, xx.xx.1978-ci il tarixdə anadan olmuş Məlikov Cavid Əzizağa oğlunun xx.xx.2023-cü il tarixdə saat 16 radələrində ünvan 1 ünvanında yerləşən yaşayış binasının söküntüsü zamanı öz səhlənkarlığı nəticəsində divarın uçaraq dağıntılar altında qalması və xəstəxanada ölməsi faktında cinayət hadisəsi müəyyən olunmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir .

4. "xxxx" MMC-nin nümayəndəsi, vəkil X7 İddiaçı nümayəndəsi Vəkil ünvanlanmış 05 avqust 2024-cü il tarixli məktubundan görünür ki, mərhum Məlikov Cavid Əzizağa oğlunun ölüm hadisəsi ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanılmış və araşdırma sonunda cinayət işi üzrə icraata xitam verilmişdir. Prokurorluqda aparılan araşdırma zamanı məlum olmuşdur ki, mərhum Məlikov Cavid Əzizağa oğlu ünvan 3 ünvanında yaşayan mənzil sahibi X1 İsmayıl Kərimovun dəvəti ilə qapı, pəncərə və digər əşyaların söküntüsü məqsədilə həmin mənzilə daxil olmuşdur və mənzildə söküntü işləri aparmışdır. Söküntü işləri apararkən mərhum təhlükəsizlik qaydalarına əməl etmədiyi üçün mənzilin divarı uçmuş və altında qalaraq vəfat etmişdir. Hadisə baş verən günü mənzil X3 istifadəsində və sahibliyində olmuş, AYTA-LTD MMC-yə təhvil-təslim edilməmişdir. “AYTA-LTD“ MMC-nin mərhum Məlikov Cavid Əzizağa oğlunun ölümündə heç bir təqsirli hərəkətləri mövcud olmamışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, mərhum oğlu Məlikov Cavid Əzizağa oğlunun ölümü ilə bağlı ona dəymiş mənəvi zərərə görə 50.000 manat məbləğində kompensasiyanın cavabdeh "xxxx" MMCdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Vətən müharibəsi iştirakçısı mərhum Məlikov Cavid Əzizağa oğlunun anası, eləcə də digər oğlu Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlər zamanı həlak olmuş şəhid anasıdır. Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən yaşayış binaları qəzalı vəziyyətdədır. Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin 2016-cı il tarixli sərəncamına əsasən, həmin binanın sökülərək yenidən inşa edilməsi Cavabdeh MMC-yə icazə verilmişdir. Sonradan MMC ilə yaşayış binasının sakinləri arasında şifahi razılaşma əldə olunmuş, sakinlərə mənzillərdəki tikinti əşyalarını sökərək özlərinə götürmək hüquqları onlara izah olunmuşdur. Buna görə də, Sumqayıt şəhəri, 16-cı məhəllə, 5/32 saylı evin 14-cü mənzilində yaşayan X5 600 manat pul məbləği qarşılığında fərdi qaydada fəhlə işləyən onun oğlu Məlikov Cavid Əzizağa oğlu ilə razılaşaraq mənzildəki tikinti materiallarını sökməyi həvalə etmişdir. 13 mart 2023-cü il tarixdə saat 16 radələrində mənzildə söküntü işləri apararkən divarın uçması nəticəsində dağıntılar altında qalaraq həlak olmuşdur. Məlikov Cavid Əzizağa oğlu işləmək üçün ünvan 3 ünvanında yaşayan mənzil sahibi X3 dəvəti ilə qapı, pəncərə və digər əşyaların sökülməsi məqsədi ilə həmin mənzilə daxil olmuş və mənzildə söküntü işləri aparmışdır. Həmin mənzil 01 mart 2023-cü il tarixində Cavabdeh MMC tərəfindən X2 alınmış və icbari sığorta olunmuşdur. Daşınmaz Əmlakın BB № 798522, RPA********** saylı İcbari Sığorta Şəhadətnaməsinə əsasən, sığorta müqaviləsi 02 mart 2023-cü il tarixdən 02 mart 2024-cü il tarixə qədər qüvvədə olub və sığortalı isə Cavabdeh MMC-dir. Mərhumun ölümü ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda ********* nömrəli cinayət işi açılmışdır. Həmin cinayət işinin araşdırılması Sumqayıt Şəhər prokurorluğunun böyük müstəntiqi birinci dərəcəli hüquqşünas X8 icraatına verilmişdir. Müstəntiq tərəfindən o və onu ailə üzvləri dindirilərkən cavabdeh təşkilat barədə heç bir şikayəti olmadıqlarını bildirmişlıər. Buna səbəb "AYTA-LTD” MMC-nin cavabdeh qarşısında götürdüyü öhdəlikləri olmuşdur. Belə ki, cinayət işinin araşdırılması zamanı "AYTA-LTD” MMC-nin rəhbəri onunla görüşlərə cəhd etmiş, barəsində açılmış cinayət işinin bağlanması üçün, ilkin olaraq ona 13000 manat dəyərində nağd şəkildə pulun kompensasiya ödənişini etməyi, həmçinin hadisə baş verən mənzilin sığortalı olduğundan ona verilən sığorta ödənişinin də iddiaçının oğlunun ölümü üçün ona kompensasiya verəcəyi ilə bağlı aralarında şifahi razılıq əldə etmişlər. Hətta bununla əlaqəli olaraq MMC iddiaçıya həmin sığorta şirkətində danışıqların aparılması üçün etibarnamə də vermişdir. Həmin etibarnamə iş materiallarına əlavə olunmuşdur. Lakin daha sonra o, sığorta şirkəti ilə danışığından sonra məlum olmuşdur ki, sığorta şirkəti hər hansı ödəniş etməli deyilmiş. Habelə onun razılıq ərizəsi əsasında cinayıət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Göründüyü kimi, cavabdeh cinayət işinin bağlanmasından istifadə edərək özlərini tam məsuliyyətdən kənar tutmağa üstünlük vermişlər. Halbuki, ortada bir ölum faktı var və ölümə səbəb isə, həmin mənzili sığorta etdirmiş "xxxx" MMC-dir( Lazımı sənədlər iddia ərizəsinə əlavə edilir). Digər bir məsələ isə, oğlunun ölümü zamanı bir sinəsi dağlı şəhid anası onun və ailə üzvlərinin keçirdiyi sarsıntılarla bağlıdır. Odur ki, aylardır bala dağı və əsəb-stress keçirərək işsiz və dolanışıqsız qalaraq maddi və mənəvi zərərərə də məruz qalmışlar. Bir zərərçəkən kimi bütün bunlara səbəb isə, qarşı tərəfin (zərərvuranın) təqsirli (qəsdli) davranışıdır. Odur ki, qanunverciliyin tələblərinə uyğun olaraq ilkin olaraq "xxxx" MMC nin hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvana poçt vasitəsilə pretenziya qaydasında məktub göndərilmişdir..

7. Gəncə Şəhər Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(125)-634/2025 nömrəli qətnaməsi ilə (hakim Ə.Məmmədov) İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1 və 1096.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 216-220, 357 və 360-cı maddələrinə istinad etmişdir.

b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıəxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, ünvan 3 ünvanında yaşayan mənzil 01 mart 2023-cü il tarixində Cavabdeh MMC tərəfindən X2 alınmış və icbari sığorta olunmuşdur. Daşınmaz Əmlakın BB № 798522, RPA********** saylı İcbari Sığorta Şəhadətnaməsinə əsasən, sığorta müqaviləsi 02 mart 2023-cü il tarixdən 02 mart 2024-cü il tarixə qədər qüvvədə olub və sığortalı isə Cavabdeh MMC-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə görə Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Qanun tələbindən də göründüyü kimi həmin evdə baş vermiş məlum hadisə sığorta hadisəsi hesab olunmalıdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384 Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

29. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, qəzalı vəziyyətdə olan ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasının söküntü işləri 2016-cı il tarixdə Cavabdeh MMC-yə həvalə edilmiş, Cavabdeh MMC ilə yaşayış binasının sakinləri arasında əldə olunmuş şifahi razılaşmaya əsasən sakinlərə mənzillərindəki tikinti əşyalarını sökərək özlərinə götürməyə icazə verilmiş, buna görə də 14-cü mənzildə yaşayan X5 600 manat pul məbləği qarşılığında fərdi qaydada fəhlə işləyən Məlikov Cavid Əzizağa oğlu ilə razılaşaraq mənzilindəki tikinti materiallarını sökməyi sonuncuya həvalə etmiş, sonuncu da 13 mart 2023-cü il tarixdə saat 16 radələrində mənzildə söküntü işləri apararkən öz səhlənkarlığı ucbatından divarın uçması nəticəsində dağıntılar altında qalaraq xəsarərlər almış və həmin xəsarətlərdən Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında ölmüşdür. 31 iyul 2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən 13 yanvar 1978-ci il tarixdə anadan olmuş Məlikov Cavid Əzizağa oğlunun 13 mart 2023-cü il tarixdə saat 16 radələrində ünvan 1 ünvanında yerləşən yaşayış binasının söküntüsü zamanı öz səhlənkarlığı nəticəsində divarın uçaraq dağıntılar altında qalması və xəstəxanada ölməsi faktında cinayət hadisəsi müəyyən olunmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir., daha sonra isə vurulmuş mənəvi zərərlə bağlı hazırkı iddia ilə məhkəməyə müraciət olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir.

30. Yuxarıda da qeyd olunduğu kimi İddiaçı mərhum oğlu Məlikov Cavid Əzizağa oğlunun ölümü ilə bağlı ona dəymiş mənəvi zərərə görə 50.000 manat məbləğində kompensasiya məbləğinin Cavabdeh MMC-dən tələb etmişdir.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə görə, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və ya hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilir. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göründüyü kimi, prosessual qanunvericilik mülki məhkəmə icraatında tərəflərin dairəsini müəyyən edir. Normanın məzmunundan aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman tərəf ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarının bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Tərəflər işdə iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi hüquqlara malikdirlər. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır. İddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur.

32. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər mənəvi ziyanın ödənilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin mənəvi ziyanla bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı bir iddia tələbi üzrə hüquqi qiymətləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülən iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa bu halda iddia haqlı sayıla bilməz və iş üzrə sonrakı araşdırmaların aparılmasına zərurət qalmır. Çünki, bunun iş üçün əhəmiyyəti olmayacaqdır. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir

33. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

34. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

35. Baxılan işdə İddiaçı mərhum oğlu Məlikov Cavid Əzizağa oğlunun ölümündə Cavabdeh MMC-nin təqsirinin olmasını bildirsədə bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi fakta görə Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanmış və apaşdırma zamanı müəyyən olunmuşdur ki, Məlikov Cavid Əzizağa oğlunun 13 mart 2023-cü il tarixdə saat 16 radələrində ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasının söküntüsü zamanı öz səhlənkarlığı nəticəsində divarın uçaraq dağıntılar altında qalması və xəstəxanada ölməsi faktında cinayət hadisəsi olmadığından Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.1. maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir.

36. İddiaçı baş vermiş hadisəyə, yəni Məlikov Cavid Əzizağa oğlunun ölümünə "xxxx" MMC-nin səbəb olduğunu və oğlunun ölümü ilə bağlı ona 50000 manat mənəvi ziyan dəydiyini qeyd etsə də, lakin işin yuxarıda qeyd olunan halları onu deməyə əsas verir ki, Məlikov Cavid Əzizağa oğlunun ölümünə səbəb olmuş halların məhz cavabdehin hərəkətləri nəticəsində yarandığı sübuta yetirilmir.

37. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiysası hesab edir ki, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv olunması üçün əsas deyil.

38. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(125)-634/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(125)-634/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar