Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1156/2025 15.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı mülki iş üzrə Açar sözlər: paylı mülkiyyətdə olan əmlakdan istifadə barədə razılaşma; əmlakın yüklülüyünə münasibətdə vicdanlılıq; dürüstlük; hüquqdan sui-istifadə Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı paylı mülkiyyətdə olan əmlaka girişçıxışın təmin edilməısi və buna yaradılan manelərin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Naftalan Şəhər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2(052)-4/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 15 avqust 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Naftalan şəhəri Şirvan prospekti 31 ünvanda yerləşən 871.6 kv.m sahədən ibarət 0.195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 435.8 kv.m və torpaq sahəsinin 0,168 ha hissəsi üzərində "xxxx" MMC-nin, 435.8 kv.m və torpaq sahəsinin 0,026395 ha üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır;
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və "xxxx" MMC arasında heç bir bölgü aparılmamışdır. Həmin əmlak üzərində bölgü yalnız (əvvəlki mülkiyyətçilər) X7, X8 və X3 arasında aparılmışdır. Qeyd edilən məktuba əlavə edilmiş xx.xx.2014-cü il tarixdə tərtib edilmiş bölgü planından görünür ki, plan üzrə Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən 871.6 kv.m sahədən ibarət 0.195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 435.8 kv.m və torpaq sahəsinin 0,168 ha hissəsi X4, qeyri-yaşayış binasının 435.8 kv.m və torpaq sahəsinin 0,026395 ha hissəsi isə X5 verilmişdir;
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisəli qeyri yaşayış binasının bölgü planında X hərfi ilə işarələnmış hissə "xxxx" MMC-nin mülkiyyətindədir. Həmin ərazi xx.xx.2006-cı il tarixli ********* ərizə nömrəsi ilə "xxxx" MMC-nin hüquqları Dövlət reyestrində qeydiyyata alınmış, bundan sonra xx.xx.2023-cü il tarixli ********** ərizə nömrəsi ilə həmin qeyri yaşayış binası "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir (qeyri-yaşayış binasının giriş-çıxış qapısının qarşısında yerləşən torpaq sahəsi);
4. "xxxx" MMC-nin təsisçisi X9 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, o, Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən qeyri-yaşayış obyektinin öz payına düşən hissəsini cəmiyyətin nizamnamə kapitalında əmlak payı kimi qeydə alınmasını qərara almışdır;
5. 28 oktyabr 2021-ci il tarixli “Təsis payının alqı-satqısı müqaviləsindən” görünür ki, X9 təsisçisi olduğu "xxxx" MMC-nin nizamnamə kapitalını təşkil edən miqdarı 250,010.00 (iki yüz əlli min on) manat olan 100 faiz payını Cavabdeh1 350000 (üç yüz əlli min) manata satmışdır;
6. "xxxx" MMC-nin təsisçisi Cavabdeh1 tərəfindən qəbul edilmiş 18 avqust 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2006-cı il tarixdə 0306-N3-62 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin adı dəyişdirilərək "xxxx" MMC olaraq təsdiq edilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naftalan səhəri Şirvan prospekti 31 ünvanda yerləşən qeyri-yaşayış sahəsi olan xüsusi mülkiyyətinə həmin ünvanda cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsindən piyada və avtomobillə keçidinin təmin edilməsi və binanın ümumi istifadədə olan giriş-çıxış qapısından daxil olmağına cavabdeh tərəfindən yaradılan hər cür maneənin cavabdehə qadağan edilməsi, onun və ailə üzvlərinin həmin girişdən sərbəst istifadə etmələrinə cavabdeh tərəfindən şərait yaradılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia həcminin azaldılması barədə ərizə verərək, Naftalan şəhəri Şirvan prospekti 31 ünvanda yerləşən qeyri-yaşayış sahəsi olan xüsusi mülkiyyətinə daxil olmağına və zəruri olan yüklərin daşınması üçün həmin ünvanda cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsindən avtomobillə və piyada keçidinin təmin edilməsi, binanın qarşı tərəfində yerləşən və ümumi birgə mülkiyyətdə olan əmlaka dair bölgü planında nəzərdə tutulmuş ümumi istifadədə olan giriş-çıxış qapısından daxil olmağına cavabdeh tərəfindən yaradılan hər cür manenin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Naftalan şəhəri Şirvan prospekti 31 ünvanında yerləşən 871.6 kv.m sahədən ibarət 0.195 ha torpaq sahəsində yerləşən qeyriyasayış binasının tam mülkiyyət hüququ əsasında X5 məxsus olan 435.8 kv.m və torpaq sahəsinin 0,026395 ha hissəsini 21 avqust 2018-ci il tarixli, AN ******* nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında ondan almışdır. Həmin hissəni alan zaman o, binanın qarşı tərəfində olan ümumi girişdən istifadə edə bilmişdir. Belə ki, mülkiyyətində olan qeyri-yaşayış sahəsinə aid olan qaz, su və işıq xətlərinə nəzarət yalnız hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən keçməklə mümkündür. Daha sonra mülkiyyətin yerdə qalan hissəsi Feruz Qocayev tərəfindən Hüquqi şəxsin nizamnamə kapitalına yerləşdirilməklə təsis payının alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satılmışdır. Cavabdeh qanunsuz olaraq ələ keçirdiyi mülkiyyəti özbaşına olaraq dəmir barmaqlıqlarla arakəsmə yerləşdirməklə onun və xüsusi mülkiyyətinə gələn qonaqlarının ümumi istifadədə olan bina girişindən istifadə etmələrinə əsassız olaraq manelər yaratmışdır. O, xüsusi mülkiyyətində olan binaya ərzaq və digər məhsulların boşaldılması və ən üst mərtəbəyə qaldırılması üçün binanın çöl hissəsində olan xüsusi liftdən istifadə etsə də, 2024-cü ilin sentyabr ayında cavabdehin və onun ailə üzvlərinin şikayəti əsasında, heç bir məhkəmə qərarı olmadan Naftalan şəhər polis şöbəsinin əməkdaşlarının müşayiəti ilə xüsusi ağır texnikadan və qaldırıcı krandan istifadə etməklə sözügedən lift sökülmüş və onun mülkiyyətinə hansısa məhsulları gətirib yuxarı mərtəbəyə qaldırmağına süni surətdə mane yaradılmışdır. Hesab edir ki, onun ümumi istifadədə olan giriş qapısından maneəsiz istifadəsi təmin edilməli, cavabdehin hərəkətləri qanunsuz olduğundan sözügedən ümumi istifadədə olan giriş-çıxış qapısına maneəsiz daxil ola bilməsi üçün ona şərait yaradılmalıdır.
10. Naftalan Şəhər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2(052)-4/2025 nömrəli qətnaməsi ilə (hakim Ayaz Səlimov) iddia təmin edilərək, İddiaçı Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ona məxsus hissəsinə daxil olması məqsədi ilə onun cavabdeh "xxxx" MMC-yə məxsus torpaq sahəsindən piyada keçidi və zəruri yüklərin daşınması məqsədi ilə avtomobillə keçidinin təmin edilməsi, paylı mülkiyyətdə olan qeyri-yaşayış binasının qarşı tərəfində yerləşən və bölgü planında nəzərdə tutulmuş ümumi istifadədə olan giriş qapısından İddiaçı istifadəsinə cavabdehlər "xxxx" MMC və Cavabdeh1 tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir.
11. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 5.3, 152.1, 152.2, 152.5, 152.6, 157.1, 157.4, 170.1 və 170.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh "xxxx" MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə səthi araşdırma ilə cavabdehin mülkiyyət hüququnun pozuntusu ilə müşayiət olunan qətnamə çıxartmışdır, İddiaçıların tələbinin əsasında duran manelərin nə olduğunu araşdırmadan, birbaşa cavabdehlərin mülkiyyət hüququna müdaxilə etmişdir. Məhkəmə mülki qanunvericiliklə dövlətin təminatı altında olan və dövlət tərəfindən qorunan hüquqa heç bir əsası olmayan müdaxilə etməklə Mülki Məcəllənin 152.1-ci maddəsinin tələblərini pozmuşdur, məhkəmə qətnaməsi iddiaçının hüquqlarının pozulduğu heç bir halı müəyyən etməmişdir. İstər iddia ərizəsində, istər də iddia ərizəsinə əlavələrdə iddiaçının öz fərziyyələrini nə ilə sübut etdiyi göstərilmir. Cavabdehin əmlakının hansısa inzibati qurum tərəfindən söküldüyünün iddia olunduğu məqamda, cavabdehin məsuliyyətinin hansı əsasla yarandığını məhkəmə əsaslandıra bilməmişdir. Belə ki, məhkəmə iddiaya baxmaq və belə əsassız qətnamə çıxartmaq yerinə iddiaçıya hüquqlarını pozmuş inzibati orqana qarşı inzibati icraat qaydasında iddia qaldırmaq hüququnu izah etməli idi. Məhkəmə maraqlı şəkildə estoppel prinsipinə əsaslanmışdır. Ümumiyyətlə, cavabdehin hansı hərəkətinin o prinsipinin tətbiq dairəsinə girdiyi məhkəmə qətnaməsindən aydın deyil. Sadəcə iddiaçının hörmətli vəkilinin və nümayəndəsinin izahatını əsas tutub iddianı təmin etməklə cavabdehin hüquqlarını birinci instansiya məhkəməsi tərəfindən ciddi şəkildə pozulmuşdur. Məhkəmənin tərəflər arasında hazırki mübahisənin mahiyyətini müəyyən etmədən, habelə hadisələrin axarında baş vermiş və mübahisənin məğzinə birbaşa təsir edən cavabdehlə bağlı olmayan faktları heç bir əsaslandırma olmadan iddia olunan kimi qəbul edərək hüquqi qiymət verməsi və ümumiyyətlə problemin pərdə arxasını “görməməsi” cavabdehin prosessual hüquqlarının pozuntusu kimi qəbul edilməlidir. Ümumiyyətlə məhkəmənin hansı halı müəyyən etdiyi və o “müəyyən edilən hallardan hansının iddiaçıya maneəçilik törətdiyi” məhkəmə qətnaməsindən aydın deyildir. Qətnamənin təhlilindən açıq-aydın görünən budur ki, məhkəmə yalnız iddiaçının izaatlarını əsas götürərək hansısa “virtual maneənin” mövcudluğunu təsbit edilmiş, davamında da cavabhdehlərin həmin o maneləri aradan qaldırılması barədə yekun qənaətə gəlmişdir. Bu baxımdan hesab edir ki, məhkəmə bu nəticəyə gəlməmişdən öncə, iddiaçıların tələblərinn əsasında duran manelərin nə olduğunu araşdırmalı, iddia olunan manelərin mahiyyətini müəyyən etməli və cavabdehlərin mülkiyyət hüququna müdaxilənin həcmi, habelə müdaxilə ilə məqsəd arasındakı ədalətli balans nəzərə alınmalı idi.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Apellyasiya instansiya məhkəməsində icraat:
15. Məhkəmə kollegiyası tərəfindən 14 avqust 2025-ci il tarixdə mübahisəli qeyri-yaşayış sahəsinə yerli baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, qeyri-yaşayış binasının ümumilikdə 1 ədəd ümumi giriş-çıxış qapısı, binanın hər 2 yan hissələrində isə 2 ədəd yanğın çıxış qapıları vardır. Eyni zamanda qeyri yaşayış sahəsinin arxa hissəsində avtomobillərin giriş-çıxışı üçün yol vardır. Cavabdehə məxsus torpaq sahəsindən başqa binaya giriş-çıxış yeri mövcud deyildir.
e) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, o, həmin əmlakın yarı hissəsini 2018-ci ildə, cavabdeh isə yarı hissəsini 2021-ci ildə almışdır. Hər birinə düşən hissə 435 kv.m dir. Əvvəlki mülkiyyətçilər ilə eyni girişdən istifadə etmişlər, lakin hazırkı mülkiyyətçi ona giriş-çıxış üçün yol vermir, çıxışını bağlamışdır. Ona yalnız fövqəladə hallar üçün nəzərdə tutulan çıxış verilmişdir. Qeyri yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsindən başqa ətrafında olan torpaq sahələri cavabdehin mülkiyyətindədir. Qeyri yaşayış binasının ona məxsus olan yarı hissəsi ümumi istifadə də olan giriş-çıxış qapısının tən yarı hissəsi ilə üst-üstə düşür. Həmin kompleks 2014-cü ildə fəaliyyətə başlayıb, cavabdeh isə 2021-ci ildə orada fəaliyyətə başlamışdır. Həmin vaxtadək 2 mülkiyyətçi olub, həmin mülkiyyətçilər ilə aralarında ümumi paylı mülkiyyətdən istifadə ilə bağlı hər hansı narazılıqları yaranmamışdır.
17. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının binanın arxa tərəfində ayrıca girişçıxış qapısı var. Oradan istifadə edə bilər. Nümayəndəsi olduğu MMC tərəfindən avtomobillərin dayanacaq yeri düzəldilmişdir. Hansı ki otelə gələn müştərilər maşınlarını orada saxlayırlar. Bu səbəbdən də iddiaçının obyektinə gələn müştərilərin avtomobillərini orada saxlamalarını istəmir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, iddiaçının orada torpağı yoxdur, yalnız binadır. Torpaq yerinin hamısı "xxxx" MMC-nin mülkiyyətindədir. Müştərilərin giriş qapısından keçməsinə icazə verir, sadəcə maşınlarını orada saxlamalarını istəmir.
18. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli əraziyə baxış zamanı da iddiaçıya məxsus sahəyə giriş-çıxış yolu olduğu müəyyən edilmişdir. Göstərilən xüsusatın araşdırılması üçün ekspertiza təyin edilməlidir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
21. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
23. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
24. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
25. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.
26. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
27. Maddə 560.2 Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
28. Maddə 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
29. Maddə 84.Torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Naftalan şəhəri Şirvan prospekti 31 ünvanda yerləşən 871.6 kv.m sahədən ibarət daha əvvəl bölgü planına əsasən bərabər şəkildə bölünmüş qeyri-yaşayış binası üzərində X9 və İddiaçı paylı mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Qeyriyaşayış binasının bir hissəsi daha əvvəldən İddiaçı məxsus olmuş və iddiaçı ilə əvvəlki mülkiyyətçı (F.Qocayev) arasında ümumi paylı mülkiyyətdən istifadə ilə bağlı razılaşma olmuşdur. X1 həmin əmlakın özünə məxsus hissəsini xx.xx.2021-ci il tarixli qərarla təsisçisi olduğu "xxxx" MMC-nin nizamnamə kapitalında əmlak payı kimi qeyd etdirmiş, 28 oktyabr 2021-ci il tarixli “Təsis payının alqı-satqısı müqaviləsi”nə əsasən "xxxx" MMC-nin nizamnamə kapitalındakı 100 faiz payını Cavabdeh1 satmışdır. Bundan sonra Cavabdeh1 18 avqust 2022-ci il tarixli qərarı ilə təsisçisi olduğu "xxxx" MMC-nin adını dəyişdirərək "xxxx" MMC olaraq təsdiq etmişdir. Bununla belə müəyyən edilmişdir ki, tərəflərin paylı mülkiyyətində olan qeyri-yaşayış binasının 1 ədəd giriş qapısı, binanın kənarlarında isə 2 ədəd yanğın çıxış qapıları vardır. Giriş qapısının qarşısında yerləşən torpaq sahəsi isə cavabdehlər "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. Mübahisəli qeyriyaşayış binası və onun qarşısında yerləşən torpaq sahəsi Cavabdeh1 tərəfindən alınarkən ("xxxx" MMC-nin təsis payı kimi) iddiaçı giriş qapısının qarşısındakı torpaqdən keçid sahə kimi istifadə etmişdir. Həmin ərazi daha əvvəl "xxxx" MMC-nin mülkiyyətində olmuş, xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir. Hazırda İddiaçı cavabdehlər "xxxx" MMC-yə və onun təsisçisi Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan qeyri-yaşayış sahəsindən sərbəst istifadəsi ilə bağlı cavabdehlər tərəfindən ona yaradılan manelərin aradan qaldırılmasını xahiş etmişdir.
41. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, mübahisəli qeyri-yaşayış binası və onun qarşısında yerləşən torpaq sahəsi Cavabdeh1 tərəfindən alınarkən ("xxxx" MMC-nin təsis payı kimi) qeyri-yaşayış binasının bir hissəsi daha əvvəldən İddiaçı mülkiyyətində olmuş və iddiaçı ilə əvvəlki mülkiyyətçı arasında ümumi paylı mülkiyyətdən istifadəyə dair hər hansı narazılıq yaşanmamışdır. Həmçinin əmlak alınarkən cavabdehə iddiaçının paylı mülkiyyətdə payının olması və iddiaçının cavabdehin almış olduğu torpaq sahəsindən hərəkət etməklə qeyri-yaşayış sahəsinin yeganə giriş qapısından öz hissəsinə daxil olduğu məlum olmuşdur. Odur ki, cavabdehlər "xxxx" MMC və onun təsisçisi Cavabdeh1 tərəfindən iddiaçıya yaradılan manelər onu deməyə əsas verir ki, iddiaçı güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətlər ilə üzləşmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qeyri-yaşayış binasının İddiaçı aid hissəsində yanğın çıxış qapısının mövcudluğu və iddiaçının həmin qapıdan istifadə etməklə binaya daxil olmaq imkanının olması, onun ümumi istifadədə olan giriş qapısından istifadə etmək hüququnu istisna etmir.
42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
43. İşin müəyyən edilmiş və faktiki hallarından aydın olur ki, 871.6 kv.m sahədən ibarət qeyri yaşayış sahəsi daha əvvəl bölgü planına əsasən bərabər şəkildə 2 hissəyə bölünmüş və obyekt üzərində (əvvəlki mülkiyyətçi) F.Qocayev və İddiaçı paylı mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Qeyri-yaşayış sahəsinin qarşı tərəfində yerləşən və bölgü planında nəzərdə tutulmuş ümumi istifadədə olan giriş qapısı, binanın kənarlarında isə 2 ədəd yanğın çıxış qapıları mövcuddur. Qeyri-yaşayış sahəsinin bir hissəsi daha əvvəldən İddiaçı məxsus olmuş və onunla əmlakın əvvəlki mülkiyyətçisi (F.Qocayev) arasında paylı mülkiyyətdən istifadə ilə bağlı razılaşma olmuşdur. Sonradan birgə mülkiyyətçi F.Qocayev həmin əmlakın özünə məxsus hissəsini Cavabdeh1 alqı-satqı müqaviləsi əsasında satmışdır. Qeyri-yaşayış binası və onun qarşısında yerləşən torpaq sahəsi Cavabdeh1 tərəfindən alınarkən ("xxxx" MMC-nin təsis payı kimi) iddiaçı giriş qapısının qarşısındakı torpaqdən keçid sahə kimi istifadə etmişdir.
44. Bununla belə, cavabdeh tərəf iddiaçının qeyri-yaşayış binasına başqa giriş-çıxış nöqtəsi olması barədə arqument irəli sürmüşdür. Göstərilən xüsusatın aydınlaşdırılması məqsədilə məhkəmə kollegiyası tərəfindən 14 avqust 2025-ci il tarixdə mübahisəli qeyriyaşayış sahəsinə yerli baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, qeyriyaşayış binasının 1 ədəd giriş qapısı, binanın kənarlarında isə 2 ədəd yanğın çıxış qapıları vardır. Cavabdehə məxsus torpaq sahəsindən başqa bir ərazidən binaya girişçıxış yeri mövcud deyildir.
45. Şərh edilənlərlə bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, iddiaçının paylı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə yeganə giriş-çıxış yolu obyektin ümumi giriş qapısıdır (iddiaçının iddia etdiyi). Hansı ki, qeyri-yaşayış binasının qarşısında yerləşən həmin torpaq sahəsi hazırda cavabdeh "xxxx" MMC-nin mülkiyyətindədir (əvvəllər "xxxx" MMC-nin mülkiyyətində olmuş, MMC-nin təsisçisi isə Feruz Qocayev olmuşdur). Bununla belə, müəyyən olunmuşdur ki, 0.195 ha torpaq sahəsində yerləşən 871.6 kv.m sahədən ibarət qeyri-yaşayış binasının 435.8 kv.m və torpaq sahəsinin 0,168 ha hissəsi daha əvvəl Feruz Qocayevə, qeyriyaşayış binasının 435.8 kv.m və torpaq sahəsinin 0,026395 ha hissəsi isə X5 məxsus olmuşdur. xx.xx.2014-cü il tarixdə tərtib edilmiş qeyri-yaşayış sahəsinin bölgü planından (bax mülki iş səhifə 44) da aydın olur ki, iddiaçının piyada keçidi və zəruri yüklərin daşınması məqsədi ilə avtomobillə keçidinin təmin edilməsini tələb etdiyi torpaq sahəsi binanın arxa hissəsində yerləşməklə Feruz Qocayevin mülkiyyətinə düşən hissə olmuşdur. Qeyri yaşayış sahəsi daha əvvəl F.Qocayev və İddiaçı paylı mülkiyyətində olmuş və həmin zaman da qeyri-yaşayış sahəsinin sözügedən 1 ədəd giriş qapısı, binanın kənarlarında isə 2 ədəd yanğın çıxış qapıları mövcud olmuşdur. Həmin zamandan paylı mülkiyyətçilər arasında mülkiyyətdən istifadə ilə bağlı razılaşma olmuş, iddiaçı ümumi giriş qapısından və qeyri-yaşayış binasının arxa hissəsində avtomobil yolu üçün nəzərdə tutulmuş torpaq sahəsindən (iddiaçının tələb etdiyi) istifadə etmişdir.
46. Başqa sözlə cavabdeh paylı mülkiyyətdə olan qeyri-yaşayış sahəsini, habelə iddiaçının piyada keçidi və zəruri yüklərin daşınması məqsədi ilə avtomobillə keçidinin təmin edilməsini tələb etdiyi torpaq sahəsini satın alan zaman qeyri-yaşayış sahəsinin paylı mülkiyyətdə olmasından, digər paylı mülkiyyətçinin (iddiaçının) əmlaka sahiblik və istifadə etməsindən, əmlakın ümumi 1 (vahid) giriş qapısı olmasından və iddiaçının mübahisəli torpaq sahəsindən qeyri-yaşayış binasının ona aid hisssəsinə giriş-çıxış kimi həmin qapıdan, eləcə də binanın arxa hissəsində yerləşən torpaq sahəsindən (hazırda avtomobillərin girişi üçün nəzərdə tutulan yol) istifadə etməsindən məlumatlı olmuş, buna hər hansı etiraz bildirməmiş və əmlakı həmin vəziyyətdə alqı-satqı yolu ilə əldə etmişdir.
47. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı aşağıdakı prinsiplərə dəqiq riayət olunmalıdır: 1. Bu cür məhdudlaşdırma qanunçuluğun tələbinə cavab verməli; 2. başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli; 3. mütənasib olmalı;
4. bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.
48. Hər bir halda, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri - mülkiyyətçinin iradəsidir. Bu baxımdan daşınmaz əmlakdan mülkiyyətçinin razılığı əsasında istifadə edən şəxsin hərəkətləri qanunsuz hesab edilmir. Bununla belə, mülkiyyətçi öz hüququna əsaslanıb özünün və ya əvvəlki mülkiyyətçinin verdiyi razılığı sonradan geri götürdükdə mülkiyyətçinin hüquqları ilə yanaşı, üçüncü şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır.
49. Bu mənada kollegiyanın qənaətinə görə, cavabdehlər qeyri-yaşayış binasının qarşı tərəfində yerləşən və bölgü planında nəzərdə tutulmuş obyektin ümumi giriş qapısından istifadəni, habelə binanın arxa hissəsində yerləşən torpaq sahəsindən iddiaçının zəruri yüklərin daşınması məqsədi ilə avtomobillə keçidini qadağan etməkdə haqlı deyillər. Çünki, tərəflərin paylı mülkiyyətində olan qeyri-yaşayış binasının 1 ümumi giriş-çıxış qapısı mövcuddur və iddiaçının binaya daxil olmaq üçün cavabdehə məxsus torpaq sahəsindən başqa piyada keçidi və zəruri yüklərin daşınması üçün avtomobilin giriş-çıxış yolu mövcud deyildir.
50. Şərh olunanları ümumiləşdirərək kollegiya belə qənaətə gəlir ki, cavabdeh paylı mülkiyyətdə olan qeyri-yaşayış sahəsini, habelə iddiaçının piyada keçidi və zəruri yüklərin daşınması məqsədi ilə avtomobillə keçidinin təmin edilməsini tələb etdiyi torpaq sahəsini satın alan zaman qeyri-yaşayış sahəsinin paylı mülkiyyətdə olmasından, digər paylı mülkiyyətçinin (iddiaçının) əmlaka sahiblik və istifadə etməsindən, əmlakın ümumi 1 (vahid) giriş qapısı olmasından və iddiaçının mübahisəli torpaq sahəsindən qeyriyaşayış binasının ona aid hisssəsinə giriş-çıxış kimi həmin qapıdan, eləcə də binanın arxa hissəsində yerləşən torpaq sahəsindən (hazırda avtomobillərin girişi üçün nəzərdə tutulan yol) istifadə etməsindən məlumatlı olması və buna hər hansı etiraz etməyərək əmlakı həmin vəziyyətdə alqı-satqı yolu ilə əldə etməsi Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımından cavabdehin bu hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
51. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, əvvəlki mülkiyyətçinin verdiyi razılığı, buna etimad edən qarşı tərəfin vəziyyətini nəzərə almadan, hazırkı mülkiyyətçinin yalnız özünün mülkiyyət hüququna istinadən paylı mülkiyyətdə olan əmlaka iddiaçının ona məxsus torpaq sahəsindən giriş-çıxışı üçün istifadəsinə qadağa qoyması dürüstlük qaydasına da uyğun gəlmir.
52. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.
53. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni əsaslara söykənir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə olmaqla qətnamənin ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naftalan Şəhər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2(052)-4/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.