Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1158/2024 25.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin cavabdeh Naiqin-K "xxxx" MMC-yə qarşı iş üzrə Açar sözlər: delikt; maddi ziyanın əvəzinin ödənilməsi. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və cavabdeh Naiqin-K "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin cavabdeh Naiqin-K "xxxx" MMC-yə qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli 2(062)-166/2024 nömrəli qətnaməsindən iddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2017-ci il tarixli 2-2(102)-291/2017 saylı icra sənədinin surətindən görünür ki, cavabdeh "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(103)-67/2017 saylı iş üzrə 09 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçı Naiqin Ko "xxxx" MMC-nin xeyrinə cavabdeh "xxxx" İKB-dən işgüzar nüfuza vurulmuş zərərə görə 50000 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat pulun tutulması qərara alınmışdır;
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 avqust 2017-ci il tarixli 2-2(102)- 291/2017 nömrəli icra vərəqəsindən görünür ki, 50020 manat məbləğində pul vəsaiti tələbkar olan Naiqin-K Tovuz Baltiya MMC-nin hesabına ödənilmişdir;
3. xx.xx.2017-ci il tarixli 279740 saylı qərardan görünür ki, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin böyük icra məmuru Azər Heydərov tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 avqust 2017-ci il tarixli, 2-2(102)-291/2017 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır;
4. Tələbin könüllü icrası haqqında xx.xx.2017-ci il tarixli, 17/70 279740/14 saylı bildirişdən görünür ki, borclu "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinə icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir;
5. xx.xx.2017-ci il tarixli, 2629 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naiqin Ko "xxxx" MMC-nin hesabına 50020 manat pul köçürülmüşdür;
6. xx.xx.2017-ci il tarixli 71 saylı ödəniş tapşırığının surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 avqust 2017-ci il tarixli, 2- 2(102)- 291/2017 saylı icra sənədi üzrə Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən Naiqin Ko "xxxx" MMC-nin hesabına 50020 manat pul köçürülmüşdür;
7. "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin Nəsimi rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 avqust 2017-ci il tarixli, 2-2(102)-291/2017 saylı icra sənədinə əsasən borclu "xxxx" İKB ASC-dən tələbkar Naiqin Ko "xxxx" MMC-nin xeyrinə 50000 manat və 20 manat dövlət rüsumunun ödənilməsinə dair icra sənədi xx.xx.2017-ci il tarixində "xxxx" İKB ASC-yə daxil olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 avqust 2017ci il tarixli, 2-2(102)-291/2017 saylı icra sənədi tam icra olunmuşdur;
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(006)- 1223/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Nəsimi rayon İcra və Probasiya şöbəsinin hərəkətləri qanunsuz hesab edilməklə, tələbkarın hesabından tutulmuş 3500 manat məbləğində icra ödənişi və 50021 manat, cəmi 53521 manat pul vəsaitin tutularaq Nikoyl İKB-yə qaytarılması vəzifəsinin Nəsimi rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulması qət edilmişdir;
9. Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 2(103)-5957/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(006)-1223/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2(102)- 8023/2019 nömrəli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 2(103)-5957/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;
11. "xxxx" ASC-nin (keçmiş Nikoil İKB ASC) 12 fevral 2024-cü il tarixli məktubu ilə birlikdə göndərilən "xxxx" MMC-nin xx.xx.2017-xx.xx.2017-ci il tarixləri aralığındakı müxbir hesabından çıxarışdan görünür ki, sonuncu dəfə xx.xx.2017-ci ildə 50020 manat ödənilmiş, həmin vaxt "xxxx" MMC-nin "xxxx" İKB ASC-yə olan borcuna silinmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsi cavabdeh Naiqin-K "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hesabına ödənilmiş 50020 manat məbləğində pul vəsaitinin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icraatına daxil olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)- 291/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclu Nikoyl İKB-dən işgüzar nüfuza vurulmuş zərərə görə cəmi 50000 manat məbləğində pul və 20 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMCnin xeyrinə tutulması qeyd edilmiş, xx.xx.2017-ci il tarixdə şöbədə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsi haqqında borcluya bildiriş göndərilmiş, Nikoyl İKB xx.xx.2017-ci il tarixdə şöbəyə müraciət edərək icra vərəqəsinin tam şəkildə icra olunduğunu bildirmiş qoşma olaraq ödəniş tapşırığına əsasən məhkəmə qərarında qeyd olunan pul vəsaitini Nikoyl İKB-yə yaxınlaşaraq götürə biləcəyini bildirmişdir. Daha sonra tələbkarın nümayəndəsi şöbəyə müraciət edərək qeyd olunan bank hesabında pul vəsaitinin olmadığını bildirmişdir. Bu səbəbdən borclu Nikoyl İKB-nin hüquq şöbəsi ilə əlaqə saxlanılmış və tələbkarın banka müraciət etdiyi, lakin pul vəsaitinin olmadığı üçün ala bilmədiyini bildirmiş, cavab olaraq həmin məhkəmə qərarı bank tərəfindən icra olunduğunu və pul vəsaitinin tələbkarın bank hesabında olduğu bildirilmişdir. Bankın hüquqşünası tərəfindən deyilən məlumatlar tələbkara deyilsə də, tələbkar həmin vəsaiti əldə edə bilməmiş və şöbəyə ərizə ilə müraciət edərək məhkəmə qərarında qeyd olunan pul vəsaitini borcludan tutularaq ödənilməsini xahiş etmiş, eyni zamanda hesabından çıxarışı təqdim edərək pul vəsaitinin hesabına vurularaq eyni tarixdə silinməsini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq xx.xx.2017-ci il tarixdə borclunun bank hesabına inkasso sərəncamı qoyulmuşdur. Eyni zamanda, xx.xx.2017-ci il tarixdə bankdan məhkəmə qərarında qeyd olunan pul vəsaitini Nəsimi rayon icra şöbəsinin depozit hesabına köçürülməsi xahiş olunmuşdur. Məktuba cavab olaraq borclu Nikoyl İKB bildirmişdir ki, həmin pul vəsaitinin Nəsimi rayon icra şöbəsinin depozit hesabına köçürülməsi qeyri-mümkündür. Borclunun bank hesabından tutulan pul vəsaiti tərəflərindən təqdim etdikləri bank hesabına köçürülmüşdür. Bu səbəbdən xx.xx.2017-ci il tarixdə icra sənədi üzrə icraata xitam verilərək tərəflərə göndərilmiş və ondan şikayət verilməmişdir. Bundan sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1223/2019 saylı qətnaməsinə əsasən Nikoyl İKB ASC-nin Bakı şəhəri Nəsimi icra və probasiya şöbəsinə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi və.s barədə iddia təmin edilmişdir. Həmin qətnamədən tərəflərindən apellyasiya şikayəti verilsə də, apellyasiya şikayəti təmin olunmamış, həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. xx.xx.2020ci il tarixdə icraata daxil olan Nəsimi rayon məhkəməsinin 2(006)- 1223/2019 saylı xx.xx.2020-ci tarixli icra vərəqəsinə əsasən Nəsimi rayon İcra və Probasiya şöbəsinin hərəkətləri qanunsuz hesab edilməklə, tələbkarın hesabından tutulmuş 3500 manat məbləğində icra ödənişi və 50.021 manat, cəmi 53.521 manat pul vəsaitinin tutularaq Nikoyl İKB-yə qaytarılması vəzifəsi Nəsimi rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulmuşdur. İcra sənədində icra ödənişi olan 3500 manat məbləğin Nəsimi rayon icra və probasiya şöbəsinin depozit hesabına köçrülməsi nəzərə alınmaqla onun geri qaytarılmasının aydın olduğu halda digər məbləğin tələbkar Naiqin K Tovuz Baltiya MMCdən tutulmasına dair icra vərəqəsində hər hansı qeyd göstərilməmişdir səbəbdən sözügedən icra vərəqəsinin icrasını təmin etmək mümkün olmamışdır. Daha sonra borclu Nikoyl İKB Nəsimi rayon icra şöbəsinə qarşı iddia qaldırmışdır. xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş Nəsimi rayon Məhkəməsinin 2(006)-1223/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsinin hərəkətləri qanunsuz hesab edilməklə, iddiaçının hesabından tutulmuş 3500 manat məbləğində icra ödənişi və 50.021 manat olmaqla, cəmi 53.521 manat pul vəsaitinin tutularaq iddiaçı Nikoyl İKB-yə qaytarılması vəzifəsi Nəsimi rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulmuşdur. 50020 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-291/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı tələbkar olan Naiqin-K Tovuz Baltiya MMC-nin hesabına ödənilmişdir.
14. Cavabdeh Naiqin-K "xxxx" MMC-nin nümayəndəsi Rakif Tağıyev hazırki tələb üzrə iddia irəli sürülməsi üçün qanunla müəyyən edilmiş müddətin keçdiyini bildirərək, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir.
15. Tovuz Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli 2(062)-166/2024 nömrəli qətnaməsi ilə (hakim Qafil Baxşıyev) iddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin cavabdeh "xxxx" MMC-yə qarşı 50020 manat məbləğində pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, 1091.1, 1091.2 və 1095-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmənin hazırkı mübahisəni Mülki Məcəllənin əsassız varlanmaya dair müddəalarına istinad etməklə həll etməsi maddi hüquq normasının açıq-aşkar düzgün tətbiq edilməməsidir. Mülki Məcəllənin “Əsassız varlanma anlayışı”nı müəyyən edən 1091.1-ci maddəsinin dispozisiyasından da göründüyü kimi, həmin maddənin tətbiqi başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edilməsi ilə şərtləndirilir. Yəni, maddənin tətbiqi mərhum olanın hər hansı əmlaka (məhrum olduğu əmlaka) malik olduğu halda mümkündür. Hazırkı işdə birinci instansiya məhkəməsi Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə “əmlakından mərhum olan şəxs” statusu verməklə belə görüntü yaratmağa cəhd edir ki, guya, cavabdeh Naiqin-K "xxxx" MMC-yə köçürülmüş pul vəsaitləri "xxxx" ASC-nin deyil, icra şöbəsinin özünün vəsaitləri olmuşdur. Məhkəmənin gəldiyi belə nəticə aşağıda istinad edilən qanun normaları ilə tam təkzib edilir. Belə ki, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən İcra xidmətinin maliyyələşdirilməsi və maddi texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və icra xidməti icra məmurlarının xüsusi fonduna daxil olan vəsait hesabına həyata keçirilir. Probasiya xidmətinin maliyyələşdirilməsi və maddi texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və bu Qanunun 12-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulan vəsait hesabına həyata keçirilir. İcra və probasiya xidmətlərinin madditexniki təminatının qaydası və normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 12-ci maddəsinin dördüncü hissəsinə əsasən isə, Müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. İstinad edilən qanunun normasından da göründüyü kimi, icra şöbələrinin özlərinə məxsus vəsaitləri yoxdur, icra xidməti icra məmurlarının xüsusi fonduna daxil olan vəsaitlər üzərində sərəncam verilməsi isə icra xidmətinin özünün səlahiyyətlərinə aid deyil. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2020-ci il tarixli, 246 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin dördüncü hissəsində beşinci hissəsinin ikinci cümləsində və 12-ci maddəsinin dördüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Həmin Fərmanın 2.3-cü bəndinə əsasən, həmin Qanunun 13-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 19 iyun tarixli, 105 nömrəli qərarı ilə təsdiq edilmiş “İcra xidməti icra məmurlarının xüsusi Fondu haqqında Əsasnamə”-nin İİİ hissəsinə əsasən “Fondun vəsaitləri icra məmurlarının həvəsləndirilməsinə, texnikitəminat məsələlərinin həll edilməsinə, icra məmurları xidmətinin maliyyələşdirilməsinə və icra hərəkətlərinin təşkilinə və keçirilməsinə, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər məqsədlərə sərf edilir.” Həmin Əsasnamənin İV hissəsinə əsasən, fondun vəsaitlərinin formalaşdırılması və sərf edilməsi üzərində nəzarət müəyyənləşdirilmiş qaydada maliyyə orqanları tərəfindən həyata keçirilir. Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Fondun vəsaitlərinin formalaşdırılmasına və istifadə edilməsinə dair Maliyyə Nazirliyinə müvafiq hesabat təqdim edir. İstinad edilən normativ aktların tələblərindən də aydın görünür ki, özünün hər hansı gəlirləri, vəsaiti olmayan (və olması da istisna edilən), xərclənməsi və üzərində sərəncam verilməsi konkret dövlət orqanları tərəfindən yalnız onların maddi-texniki təminatı və sosial müdafiəsinin gücləndirilməsi məqsədləri üçün sərf edilməli olan, dövlət büdcəsi və xüsusi fonda daxil olan vəsaitlər hesabına maliyyələşən icra qurumunun hansısa şəxsi varlandırması qeyrimümkündür və tələbkar kimi Naiqin-K "xxxx" MMC-nin hesabına ikinci dəfə edilən ödəniş Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin vəsaitləri hesabına olmamışdır. Belə olan halda, icra şöbəsi Mülki Məcəllənin 1091.1-ci maddəsində əsassız varlanmaya verilən anlayışdakı “başqa şəxs (məhrum olan)” subyekti hesab edilə bilməz. Göründüyü kimi, hazırkı iddia “əsassız varlanma obyektinin qaytarılması” ilə bağlı olmadığından, Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş 2 illik iddia müddəti tətbiq edilə bilməzdi və bu səbəbdən məhkəmənin Mülki Məcəllənin 1095-ci maddəsinə istinad etməklə iddianı rədd etməsi tamamilə əsassız olmuşdur. Halbuki, iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfin ərizəsinə etiraz olaraq, məhkəmənin diqqətinə çatdırılmışdır ki, iddiaçının tələbi əsassız varlanma ilə bağlı deyil və ümumiyyətlə, belə hal istisna olunur. Lakin məhkəmə həmin dəlilləri rədd etmək üçün qətnamədə buna heç bir münasibət bildirməmiş, faktiki olaraq qətnaməni əsaslandıra bilməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Əsassız varlanma ilə bağlı iddia ərizəsinin girişində qeyd edilsə də, sonradan məhkəməyə ərizə vermişlər ki, iddia ərizəsində əsassız varlanma normasına istinad edilməmişdir. Əvvəlki qətnamə üzrə borcu bank avtomatik olaraq tutub. İcra sənədi üzrə ödənilməli olan vəsait yalnışlıqla iki dəfə tələbkar Naiqin-K "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Tələbkarın verdiyi yalnış məlumata görə icra məmuru həmin məbləği yenidən borcludan tutaraq tələbkarın bank hesabına ödətmişdir. Tələbkar da həmçinin bu barədə icra orqanına xəbər verməmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, 2009-cu ildə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən cavabdeh Naiqin-K "xxxx" MMC-dən pul tutulmuşdur. Bundan başqa, 2017-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən "xxxx" ASC tərəfindən borc ödənilmişdir. Lakin, cavabdeh "xxxx" MMC-nin hesabına köçürülmüş vəsait əvvəlki məhkəmə qərarı üzrə cavabdehdən tutularaq borcuna silinmişdir. İcra şöbəsi isə səhvən ikinci dəfə həmin vəsaiti borclu "xxxx" ASC-dən tutaraq tələbkar Naiqin-K "xxxx" MMC-nin hesabına köçürtmüşdür. İkinci dəfə səhvən tələbkarın hesabına ödənilmiş 50021 manat vəsait borclu "xxxx" ASC-nin iddiası əsasında çıxarılmış məhkəmə qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon icra şöbəsindən tutulmuşdur.
21. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Naiqin-K "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, MMC-nin hesabına yalnız 1 dəfə 50000 manat pul köçürülüb və bundan başqada hər hansı pul hesablarına köçürülməmişdir.
22. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını qeyd etmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Naiqin-K "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
25. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.
26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
“İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunu
27. Maddə 13. İcra xidmətinin maliyyələşdirilməsi və maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və icra xidməti icra məmurlarının xüsusi fonduna daxil olan vəsait hesabına həyata keçirilir. Probasiya xidmətinin maliyyələşdirilməsi və maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və bu Qanunun 12-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulan vəsait hesabına həyata keçirilir. İcra və probasiya xidmətlərinin maddi-texniki təminatının qaydası və normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2020-ci il tarixli, 246 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin dördüncü hissəsində beşinci hissəsinin ikinci cümləsində və 12-ci maddəsinin dördüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
29. Fərmanın 2.3-cü bəndinə əsasən, həmin Qanunun 13-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə həyata keçirir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 19 iyun tarixli, 105 nömrəli qərarı ilə təsdiq edilmiş “İcra xidməti icra məmurlarının xüsusi Fondu haqqında Əsasnamə”-nin İİİ hissəsinə əsasən, “Fondun vəsaitləri icra məmurlarının həvəsləndirilməsinə, texniki-təminat məsələlərinin həll edilməsinə, icra məmurları xidmətinin maliyyələşdirilməsinə və icra hərəkətlərinin təşkilinə və keçirilməsinə, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər məqsədlərə sərf edilir.”
31. Həmin Əsasnamənin İV hissəsinə əsasən, fondun vəsaitlərinin formalaşdırılması və sərf edilməsi üzərində nəzarət müəyyənləşdirilmiş qaydada maliyyə orqanları tərəfindən həyata keçirilir. Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Fondun vəsaitlərinin formalaşdırılmasına və istifadə edilməsinə dair Maliyyə Nazirliyinə müvafiq hesabat təqdim edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
37. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
39. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
40. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, cavabdeh Naiqin-K "xxxx" MMC-dən 50020 manat vəsait tutularaq, iddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə ödənilməlidir.
45. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2017-ci il tarixli 2-2(102)-291/2017 nömrəli icra sənədinə əsasən borclu "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətindən iddiaçı Naiqin Ko "xxxx" MMCnin xeyrinə işgüzar nüfuza vurulmuş zərərə görə 50000 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat pulun tutulması müəyyən edilmişdir. İcra sənədi icra olunması üçün Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə göndərilmiş və həmin icra şöbəsinin böyük icra məmuru Azər Heydərov tərəfindən 27 sentyabr 2017-ci il tarixli 279740 saylı qərar ilə icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında 27 sentyabr 2017-ci il tarixli 17/70 279740/14 saylı bildiriş ilə borclu "xxxx" İKB ASC-yə icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. xx.xx.2017-ci il tarixli, 2629 saylı ödəniş tapşırığı ilə "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naiqin Ko "xxxx" MMC-nin hesabına 50020 manat pul köçürülmüşdür. xx.xx.2017-ci il tarixli, 71 saylı ödəniş tapşırığı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 avqust 2017-ci il tarixli, 2-2(102)-291/2017 saylı icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon icra şöbəsi tərəfindən tələbkar Naiqin Ko "xxxx" MMC-nin hesabına 50020 manat pul köçürülmüşdür. Həmçinin, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli 14/2017 qərarı ilə Nikoyl” İKB ASC-dən 50020 manat məbləğində borcun 7 faizi, yəni 3501 manat pul vəsaitinin tutulması qərara alınmışdır. Bununla yanaşı müəyyən olunmuşdur ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə qarşı icra orqanının hərəkətlərinin qanunsuz hesab edilməsi barədə iddia qaldırmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(006)-1223/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Nəsimi rayon icra və probasiya şöbəsinin hərəkətləri qanunsuz hesab edilməklə, tələbkarın hesabından tutulmuş 3500 manat məbləğində icra ödənişi və 50021 manat, cəmi 53521 manat pul vəsaitin tutularaq Nikoyl İKB-yə qaytarılması vəzifəsinin Nəsimi rayon icra və probasiya şöbəsinin üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi isə iddia tələbini təmin etməmişdir.
46. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”.
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimi zamanı səhvə yol vermiş, iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, tərəflər arasında yaranmış münasibətləri yanlış olaraq əsassız varlanma kimi qiymətləndirmişdir.
48. İşin hallarından göründüyü kimi iddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2017-ci il tarixli 2-2(102)-291/2017 nömrəli icra sənədinə əsasən borclu “Nikoyl“ İKB ASC tərəfindən tələbkar Naiqin Ko "xxxx" MMC-nin hesabına ödənilməli olan vəsaitin borclu tərəfindən könüllü olaraq icra edildiyini, lakin icra şöbəsinin 20 oktyabr 2017-ci il tarixli, 71 saylı ödəniş tapşırığı ilə təkrarən tələbkar Naiqin Ko "xxxx" MMC-yə borclu "xxxx" İKB ASC-nin hesabından 50020 manat pul köçürüldüyünü, sonradan "xxxx" İKB ASC-nin iddiası əsasında icra şöbəsinin hərəkətləri qanunsuz hesab edilməklə həmin vəsaitin icra şöbəsindən tutulduğunu əsas göstərərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
49. İşin mübahisəsiz halıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2017-ci il tarixli 2-2(102)-291/2017 nömrəli icra sənədinə əsasən borclu “Nikoyl“ İKB ASCdən tutularaq tələbkar Naiqin Ko "xxxx" MMC-nin hesabına ödənilməli vəsait 50020 manat yalnışlıqla iki dəfə sonuncunun hesabına köçürülmüşdür.
50. Məhkəmə kollegiyası qeyd edir ki, bu qətnamənin 27-31-ci bəndlərində göstərilən qanunvericilik normalarından göründüyü kimi icra qurumları xərclənməsi və üzərində sərəncam verilməsi konkret dövlət orqanları tərəfindən yalnız icra qurumlarının madditexniki təminatı və sosial müdafiəsinin gücləndirilməsi məqsədləri üçün sərf edilməli olan, dövlət büdcəsi və xüsusi fonda daxil olan vəsaitlər hesabına maliyyələşir. İcra qurumlarının özünə aid və öz sərəncamında olan maliyyə büdcəsi olmadığı halda qurumun öz hesabına başqa şəxsi əsassız varlandırmasından da söhbət gedə bilməz. Çünki, Mülki Məcəllənin əsassız varlanmadan bəhs dən 1091.1-ci maddəsinin dispozisiyasında göstərilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
51. Qeyd edilməlidir ki, hüquq normalarının dəqiq, aydın və birmənalı müəyyən olması, hüquqtənzimetmə sistemində onların bir-birinə uyğunluğu tələbi konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquq tətbiqetmə təcrübəsi yaranar.
52. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarları).
53. Hazırkı işin faktiki halları Mülki Məcəllənin əsassız varlanmadan bəhs dən 1091.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olmadığı halda, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni yanlış olaraq əsassız varlanma kimi qiymətləndirmiş, habelə Mülki Məcəllənin 1095-ci maddəsində göstərilən iddia müddətinin ötdüyünü və cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə verməsini əsas gətirərək iddia tələbini təmin etməmişdir.
54. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.
55. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.
56. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
57. İşin müəyyən olunmuş və faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2017-ci il tarixli 2-2(102)-291/2017 saylı icra sənədi icra olunması üçün Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinə göndərilmiş və icra orqanı tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək borclu "xxxx" İKB ASC-yə tələbin könüllü icrası haqqında bildiriş göndərilməklə icra sənədinin 10 gün ərzində könüllü icrası təklif edilmişdir.
58. Tələbin könüllü icrası haqqında bildiriş 11 oktyabr 2017-ci il tarixdə borclu banka daxil olmuş və o, 2629 saylı 11 oktyabr 2017-ci il tarixli ödəniş tapşırığına əsasən icra sənədi üzrə tələbkar “X4 Baltiya” MMC-yə ödənilməli olan 50020 manat vəsaiti sonuncunun hesabına köçürtmüşdür.
59. Beləliklə, borclu "xxxx" İKB ASC icra sənədinin könüllü icrası üçün qanunla nəzərdə tutulmuş müddətdə icra sənədini tam həcmdə icra etmişdir.
60. Lakin, tələbkar “X4 Baltiya” MMC Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə müraciət edərək, yalnış məlumatlar verməklə icra sənədinin icra olunmadığını əsas gətirərək onun icra sənədinin icrasının tələbi nəticəsində icra şöbəsinin 20 oktyabr 2017-ci il tarixli 71 saylı ödəniş tapşırığı əsasında icra sənədi üzrə tələbkar “X4 Baltiya” MMC-yə ödənilməli olan 50020 manat vəsait təkrarən borclu "xxxx" İKB ASC-dən tutularaq tələbkarın hesabına köçürülmüşdür.
61. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2017-ci il tarixli 2-2(102)- 291/2017 saylı icra sənədi üzrə tələbkar “X4 Baltiya” MMC-yə ödənilməli olan 50020 manat vəsait təkrarən borclu "xxxx" İKB ASC-dən tutulmuşdur ki, buna görə də sonuncu Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə qarşı icra orqanının hərəkətlərinin qanunsuz hesab edilməsi barədə məhkəmədə iddia qaldırmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(006)-1223/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Nəsimi rayon icra və probasiya şöbəsinin hərəkətləri qanunsuz hesab edilməklə, tələbkarın hesabından tutulmuş 3500 manat məbləğində icra ödənişi və 50021 manat, cəmi 53521 manat pul vəsaitin tutularaq Nikoyl İKB-yə qaytarılması vəzifəsinin Nəsimi rayon icra və probasiya şöbəsinin üzərinə qoyulması qət edilmişdir.
62. Göründüyü kimi, icra sənədi üzrə tələbkar “X4 Baltiya” MMC-yə ödənilməli olan 50020 manat vəsait əsassız olaraq icra şöbəsinin 20 oktyabr 2017-ci il tarixli 71 saylı ödəniş tapşırığı əsasında tələbkarın hesabına təkrarən köçürülmüşdür. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2017-ci il tarixli 2-2(102)-291/2017 saylı icra sənədi üzrə borclu "xxxx" İKB ASC-dən ikinci dəfə əsassız olaraq tutulmuş 50020 manat vəsaitin Bakı şəhəri Nəsimi rayon icra şöbəsindən tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur.
63. Mülki qanunvericiliyin deliktlə bağlı müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
64. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Naiqin-K "xxxx" MMC iddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə qarşı mülki hüquq pozuntusu törətməklə ona maddi ziyan vurmuşdur. Çünki, işin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi iş üzrə tələbkar tərəf Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2017-ci il tarixli 2- 2(102)-291/2017 saylı icra sənədinin icrası ilə bağlı hazırkı iş üzrə iddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə həqiqətə uyğun olmayan məlumat verməsi nəticəsində icra orqanı tərəfindən borclunun bank hesabına inkasso sərəncamı qoyulmuş və sözügedən icra sənədi üzrə Naiqin-K "xxxx" MMC-yə ödənilməli olan 50020 manat vəsait ikinci dəfə borcludan tutularaq tələbkarın hesabına köçürülmüşdür. Bundan sonra isə, icra sənədi üzrə tələbkar Naiqin-K "xxxx" MMC hərəkətsizlik etməklə əsassız olaraq ikinci dəfə əldə etdiyi vəsaiti geri qaytarmamışdır. Beləliklə də, cavabdeh Naiqin-K "xxxx" MMC tərəfindən iddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə maddi ziyan vurulmuşdur.
65. Bununla belə məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsində icraat zamanı təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh arasındakı münasibətlər zərər vurmadan (delikt) doğan öhdəlik münasibətləridir. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti şamil edilir və MM-in 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. Odur ki, hazırki mübahisə üzrə iddia müddəti keçmədiyindən iş üzrə iddia müddətinin tətbiqi yolverilməzdir.
66. İşin yuxarıda qeyd olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. Ona görə də iddia tələbi təmin edilməli və cavabdeh Naiqin-K "xxxx" MMC-dən 50020 manat vəsait tutularaq, iddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə ödənilməlidir.
67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan rüsum ödəməmişdir. Ona görə də iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi 240,06 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli 2(062)-166/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin cavabdeh Naiqin-K "xxxx" MMC-yə qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Naiqin-K "xxxx" MMC-dən 50020 (əlli min iyirmi) manat vəsait tutularaq iddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi 240,06 (iki yüz qırx manat altı qəpik) manat cavabdeh Naiqin-K "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.