Məhkəmə qərarları › İş №2(104)-1171/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1171/2024

22.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1171/2024 22.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-142/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 22 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 01 oktyabr 2022-ci il tarixdə verilmiş AZ-İİ 530913 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə İddiaçı 01 oktyabr 2022-ci il tarixdə 1723 nömrə ilə qeyd edilməklə nikahları bağlanmış, nikah bağlandıqdan sonra ərə Zülfüqarov, arvada isə Məlikova soyadları verilmişdir.

2. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən 19 dekabr 2020-ci il tarixdə verilmiş AZ-İV 394752 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01 dekabr 2020-ci il təvəllüdlü X1 atası X3, anası isə İddiaçıdır və o, yetkinlik yaşına çatmamışdır.

3. Bakı şəhər Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 18 oktyabr 2022-ci il tarixdə verilmiş AZ-İİ 281171 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 08 oktyabr 2022-ci il tarixdə ölmüşdür.

4. 30.10.2023-cü il tarixli ABB Hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı kart hesabına sığorta aktına əsasən 5004.37 manat məbləğdə sığorta ödənişi ödənilmişdir.

5. 11 iyul 2023-cü il tarixli Sığorta Aktının surətindən görünür ki, Bakı şəhəri "xxxx" ASC Avtonəqliyyat vsaitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sağlamlığa vurulan zərərə görə ölüm halı üçün nəzərdə tutulan 5000 manat məbləğində sığorta ödənişi Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən zərərçəkmişin nümayəndəsi İddiaçı bank hesabına köçürmə yolu ilə birdəfəlik ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddia ərizəsində qeyd etdiyi 10.000 manat sığorta pullarının və ödədiyi 120 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh qismində göstərdiyi Cavabdeh iddiaçının qaynatasıdır. Onun oğlu Zülfüqarov Zülfiqar iddiaçının həyat yoldaşı olmaqla, onların birgə nikahdan xx.xx.2020-ci il tarixdə doğulmuş Ayxan adlı bir uşaqları vardır. Bildirir ki, 08 oktyabr 2022-ci il tarixdə axşam radələrində həyat yoldaşının sərnişin olduğu "Kia" markalı avtomobil Bakı şəhəri, Nardaran-Bilgəh yolunda, Bilgəh istiqamətində öz hərəkət zolağında hərəkət edərkən qarşıdan yüksək sürətlə gələn "Range Rover" markalı avtomobil ilə toqquşmuş, nəticədə həyat yoldaşı və digər sərnişin olan X5 hadisə yerində həlak olmuşlar. İstintaq müddətində iddiaçının körpə uşaqla birlikdə Gəncədən Bakıya gedib-gəlməsi çətinlik yaradacağı üçün, öz aralarında olan razılığa əsasən iddiaçının mərhum ərinin hüquqi varisi kimi qaynatası Cavabdeh tanınmışdır. Həmin avtoqəza ilə bağlı cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baxılır. İstintaq prosesindən tam məlumatı olmasa da, artıq keçirilmiş bir neçə məhkəmə proseslərindən sonra ona məlum olmuşdur ki, qaynatası Cavabdeh təqsirləndirilən şəxsin ailəsi ilə gizlin razılığa gələrək, onlardan maddi təminat alaraq, bir tərəfli qaydada, yəni iddiaçı ilə razılaşmadan, onun və uşağının mənafeyi ziddinə olan hərəkətlərə yol vermişdir. Əlavə olaraq bildirir ki, qaynatası iddiaçının ərinin faciəli ölümündən sonra onlara qarşı münasibətini dəyişmiş, onları evdən çıxarmış, ərinin ölümü ilə əlaqədar ailəsinə, yəni onlara ödənilən sığorta pullarını alaraq onlara verməkdən imtina etmişdir. Qeyd edir ki, ərinin vəfatından 6 ay sonra, onun qanun üzrə vərəsəsi kimi iddiaçı və oğlu Ayxan mirası qəbul edən birinci növbə vərəsələr kimi Gəncə Asan Xidmət Mərkəzindən xx.xx.2023-cü il tarixli, V-165/2023 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Ərinin avtoqəza nəticəsində vəfatı ilə əlaqədar xx.xx.2023-cü il tarixli 50 saylı Sığorta Aktına əsasən "İpək yolu" Siğorta tərəfindən hüquqi varis kimi iddiaçının hesabına 5000 manat sığorta pulu köçürülmüşdür. Bundan əlavə Xalq sığorta tərəfindən də, iddiaçının həyat yoldaşının avtoqəzada ölməsi ilə bağlı 5000 manat da sığorta ödənilmişdir. Həmin pullar ödənilərkən iddiaçı cavabdehin ailəsi ilə birgə yaşadığı üçün, eyni zamanda cavabdeh nəvəsi olan iddiaçının oğluna onunla birlikdə ev almağı söz verdiyi üçün, qaynatası iddiaçının kart hesabına köçürülmüş pulu onun kartından çıxardıb özündə saxlamış, bundan əlavə "Xalq" sığortadan ödənilən digər 5000 manatı da, ondan etibarnamə əsasında götürərək öz kart hesabına daxil etmişdir. Yuxarıda da, qeyd etdiyi kimi iddiaçının qaynatası öz kart hesabında saxladığı pulun üstünü düzəldərək iddiaçıya ev alaçağına söz vermişdir. Hazırda onların arasında narazılıq yaranmış, cavabdeh onları yola vermədiyinə görə iddiaçı məcbur olub evdən çıxıb müvəqqəti qalmaq üçün anasının yanına köçmüşdür. Qaynatası həmin pulun üstünü düzəltmək yolu ilə onlara ev alacağını söz versə də, artıq bundan imtina edərək, evi uşağının 18 yaşına çatacağından sonra alacağını bildirir və onlara məxsus olan pulu verməkdən imtina edir.

8. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-142/2024 nömrəli qətnaməsi ilə (hakim Qələmdar Abbasov), iddianın qismən təmin edilməsi, Cavabdeh 5000 (beş min) manat sığorta pulu və ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun 60 (altmış) manatı alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflərin hər ikisi mərhumun 1-ci növbə vərəsə olduqlarına görə Z.Zülfüqarovun ölümü ilə bağlı verilən 10.000 manat sığorta pulu vərəsə kimi iddiaçının və cavabdehin arasında ½ bölünməli, yəni onların hər birinə 5000 manat çatmalıdır. Lakin cavabdeh aldığı 10.000 manat puldan iddiaçıya heç bir məbləğdə pul verməmişdir. Bu səbəbdən İddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, 1133.1, 1134.1, 1147.1, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3 və 1261-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-142/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, həmin maddi hüquq normaları mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərlə bağlı mübahisələri tənzimləyir. Hazırki işdə iddiaçının şəxsiyyətinə və əmlakına zərər vurulması halı olmadığından həmin maddələrə istinad edilməsi düzgün deyildir. Məhkəmə tərəfindən həmin maddi hüquq normaları da, düzgün tədbiq edilməmişdir. Belə ki, həmin maddi hüquq normaları miras qoyanın vərəsələrinin dairəsi, onun miras əmlakının hüquqi vəziyyəti, mirasın qəbul edilməsi və vərəsə paylarının müəyyən edilib bölüşdürülməsi ilə bağlı yaranan mübahisələri tənzimləyir. Hazırki mübahisə predmeti olan pul ölmüş şəxsin miras əmlakı deyildir, şəxsin ölməsi ilə əlaqədar onun ailəsinə ödənilmiş məcburi sığorta puludur. Ona görə də, hesab edirik ki, məhkəmə tərəfindən maddi hüquq normaları bilərəkdən düzgün tətbiq edilməmişdir. Qeyd edirlər ki, məhkəmənin gəldiyi nəticə, yəni 10.000 manat pulun miras əmlak hesab edilməsi işin hallarına ziddir. Həmin pulun iddiaçının ərinin avtoqəza nəticəsində ölməsi ilə əlaqədar arvadına və uşağına verilən məcburi sığorta ödənişinin olması, işin mübahisəsiz halıdır. Məhkəmə isə işin bu halına uyğun olmayan nəticəyə gəlməklə qanun pozuntusuna yol vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh iddiaçının qaynatasıdır. Onun oğlu Zülfiqar Zülfüqarov iddiaçının həyat yoldaşı olmaqla, onların birgə nikahdan xx.xx.2020-ci il tarixdə doğulmuş Ayxan adlı bir uşaqları vardır. 08 oktyabr 2022-ci il tarixdə axşam radələrində həyat yoldaşının sərnişin olduğu “Kia” markalı avtomobil Bakı şəhəri, Nardaran-Bilgəh yolunda, Bilgəh istiqamətində öz hərəkət zolağında hərəkət edərkən qarşıdan yüksək sürətlə gələn “Range Rover” markalı avtomobil ilə toqquşmuş, nəticədə iddiaçının həyat yoldaşı və digər sərnişin olan X5 hadisə yerində həlak olmuşlar. Bununla bağlı hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinə cinayət işi gedir. İddiaçının əri vəfat etdiyi üçün "xxxx" ASC tərəfindən 5.000 manat və “İpək Yolu” Sığorta şirkətindən 5.000 manat sığorta ödənişi edilmişdir. Lakin, iddiaçının himayəsində azyaşlı uşaq olduğundan Bakı şəhərinə gedib-gələ bilmədiyi üçün qaynatası olan cavabdeh cinayət işi üzrə hüquqi varis qismində tanınmış və razılaşma əsasında etibarnamə verilmişdir. Bundan sonra cavabdeh iddiaçıya məxsus olan 10.000 manat sığorta ödənişi özünə götürmüşdür. Pulu isə qaytarmadığını və nəvəsi yetkinlik yaşına çatanadək verəcəyini bildirmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, İddiaçı onun gəlinidir. Belə ki, oğlu Zülfiqar Zülfüqarov avto-qəza nəticəsində həlak olmuşdur və buna görə də cinayət işi açılmış, həmin cinayət işində isə zərərçıkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Oğlu öldükdən sonra "xxxx" ASC tərəfindən 5.000 manat və “İpək Yolu” Sığorta şirkətindən 5.000 manat sığorta ödənişi edilmişdir. Həmin pullar onun tərəfindən iddiaçının adına olan bank hesabından çıxarılmışdır. Hazırda pullar ondadır. Pulu nəvəsinə vermək istəyir. Lakin, pulu ancaq nəvəsinin yetkinlik yaşına çatanadək bank hesabında saxlanılmasını istəyir. Çünki, iddiaçı pulu uşağa xərcləmir. Buna görə də pulu iddiaçıya vermək istəmir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

17. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

18. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

19. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

20. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

31. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

33. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

34. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

35. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

36. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

37. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Apellyasiya baxışının hədləri

38. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

41. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

43. Mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığı üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir.

44. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı cavabdehin oğlu X4 ilə qeyri-rəsmi ailə həyati qurmaqla, xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə ailə münasibətlərindən xx.xx.2020-ci il tarixdə doğulmuş Ayxan adlı bir uşaqları doğulmuşdur. İddiaçının əri Zülfiqar Zülfüqarov 08 oktyabr 2022-ci il tarixdə “Kia” markalı avtomobil ilə Bakı şəhəri, Nardaran-Bilgəh yolunda, Bilgəh istiqamətində öz hərəkət zolağında hərəkət edərkən qarşıdan yüksək sürətlə gələn “Range Rover” markalı avtomobil ilə toqquşmuş, nəticədə iddiaçının həyat yoldaşı və digər sərnişin hadisə yerində həlak olmuşdur. İddiaçı ərinin vəfatından 6 ay sonra, onun qanun üzrə vərəsəsi kimi iddiaçı və oğlu Ayxan mirası qəbul edən birinci növbə vərəsələr kimi Gəncə Asan Xidmət Mərkəzindən xx.xx.2023-cü il tarixli, V-165/2023 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Ərinin avtoqəza nəticəsində vəfatı ilə əlaqədar xx.xx.2023-cü il tarixli 50 saylı Sığorta Aktına əsasən “İpək yolu” Sığorta tərəfindən hüquqi varis kimi iddiaçının kart hesabına 5000 manat və "xxxx" tərəfindən də həyat yoldaşının avtoqəzada ölməsi ilə bağlı 5000 manat sığorta ödənilmişdir. Həmin pullar ödənilərkən iddiaçı cavabdehin ailəsi ilə birgə yaşadığı üçün, cavabdeh nəvəsi olan iddiaçının oğluna onunla birlikdə ev almağı söz vermiş və bu səbəbdən cavabdeh iddiaçının kart hesabına köçürülmüş pulu onun kartından çıxarıb özündə saxlamışdır. Bundan əlavə, cavabdeh “Xalq” sığortadan ödənilən digər 5000 manat məbləğində pulu da, iddiaçıdan etibarnamə əsasında götürərək öz kart hesabına daxil etmişdir. Hazırda tərəflərin arasında narazılıq yaranmış və ona görə iddiaçı məcbur olub evdən çıxmış və müvəqqəti qalmaq üçün anasının yanına köçmüşdür. Cavabdeh həmin pulun üstünü düzəltmək yolu ilə iddiaçıya və onun uşağına ev alacağını söz versə də, bundan imtina etmiş və iddiaçıya bildirmişdir ki, uşağ 18 yaşına çatandan sonra pulu qaytaracaqdır.

45. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflərin hər ikisi mərhumun 1-ci növbə vərəsə olduqlarına görə Z.Zülfüqarovun ölümü ilə bağlı verilən 10.000 manat sığorta pulu vərəsə kimi iddiaçının və cavabdehin arasında ½ bölünməli, yəni onların hər birinə 5000 manat çatmalıdır. Lakin cavabdeh aldığı 10.000 manat puldan iddiaçıya heç bir məbləğdə pul verməmişdir. Bu səbəbdən İddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır.

46. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı deyildir.

47. Belə ki, “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığortaolunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Mülki Məcəllənin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquqi varisi) faydalanan şəxs hesab edilir.

48. Həmin Qanunun 6.5-ci maddəsinin mənasına görə, bu Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş, sığortaolunanın və ya üçüncü şəxsin faydalanan şəxs qismində çıxış edən ailə üzvləri sığorta ödənişinin alınmasında bərabər pay hüququna malikdirlər.

49. Qeyd olunmalıdır ki, bu Qanunun məqsədləri üçün “ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür.

50. Sadalanan maddələrdən göründüyü kimi, icbari sığorta münasibətləri üzrə sığorta ödənişinin nəzərdə tutulmasında qanunvericinin məqsədi ailə başçısının itirilməsi və ya sığortaolunanın ölümü ilə əlaqədar ailəsinin maddi dəstəkdən məhrum olması səbəbindən yaranan zərərin sığorta ödənişinin ödənilməsi yolu ilə qismən də olsa aradan qaldırılmasıdır.

51. Əks yanaşma, yəni yol-nəqliyyat hadisəsi üzrə ölən şəxs və ya əmlaka dəymiş zərər üçün nəzərdə tutulan birdəfəlik sığorta ödənişin onların miras əmlakı olaraq dəyərləndirilməsi vərəsəlik institutunun hüquqi təbiətinə və mahiyyətinə zidd olardı.

52. “İcbari sığortalar haqqında” Qanunun 68.1.1-ci maddəsi əsasən, sığortaçının bir sığorta hadisəsi üzrə, nəqliyyat vasitəsində olan hər bir sərnişinə görə sığorta 5.000 manat məbləğində müəyyən edilmişdir.

53. Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə görə isə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun.

54. Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir.

55. Qeyd edilməlidir ki, hazırda sığorta şirkətləri tərəfindən ödənilmiş 10.000 manat məbləğində birdəfəlik ödəmə isə yol-nəqliyyat hadisəsində şəxsin ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz.

56. Məhkəmə kollegiyası hesab edir ki, belə olan təqdirdə iddianın hüquqi əsası kimi əmlak əldə etmə ilə əlaqədar varlanmanın sonralar aradan qalxmış əsasa söykənməsi, əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri nəzərdən keçirilə bilər.

57. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, əsassız varlanma ilə bağlı yaranan mübahisədir. Ona görə də işin hallarına əsassız varlanma ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

58. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

59. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

60. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həyat yoldaşı yol-nəqliyyat hadisəsində həlak olduğu üçün “İpək yolu” Sığorta tərəfindən 5.000 manat və "xxxx" tərəfindən 5.000 manat birdəfəlik sığorta ödənişi edilmiş və hər iki sığorta ödənişi həlak olmuş şəxsin həyat yoldaşı, yəni arvadı İddiaçıa bank hesabına köçürülmüşdür. Lakin, daha sonra cavabeh Cavabdeh həmin pulları iddiaçının razılığı ilə azyaşlı uşağa ev almaq məqsədilə bankdan çıxartsa da, sonradan pulu qaytarmaqdan imtina etmiş və azyaşlı uşağın yetkinlik yaşına çatdıqdan sonra pulu qaytaracağını bildirmişdir. Nəticədə isə iddiaçıya maddi ziyan dəymişdir. Buna görə də cavabdeh iddiaçıya məxsus pulu qaytarmamaqla əsassız varlanmışdır.

62. Belə ki, məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh verdiyi izahatda bildirmişdir ki, İddiaçı onun gəlinidir. Belə ki, oğlu Zülfiqar Zülfüqarov avto-qəza nəticəsində həlak olmuşdur və buna görə də cinayət işi açılmış, həmin cinayət işində isə zərərçıkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Oğlu öldükdən sonra "xxxx" ASC tərəfindən 5.000 manat və “İpək Yolu” Sığorta şirkətindən 5.000 manat sığorta ödənişi edilmişdir. Həmin pullar onun tərəfindən iddiaçının adına olan bank hesabından çıxarılmışdır. Hazırda pullar ondadır. Lakin, pulu ancaq nəvəsinin yetkinlik yaşına çatanadək bank hesabında saxlanılmasını istəyir. Çünki, iddiaçı pulu uşağa xərcləmir. Buna görə də pulu iddiaçıya vermək istəmir.

63. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (MPM 106.1-ci maddəsi).

64. Göründüyü kimi, cavabdeh verdiyi izahatda və kollegiyanın suallarına verdiyi cavabda, iddiaçının razılığı ilə pulları bankdan götürdüyünü və yalnız uşağın 18 yaşı tamam olduduqdan sonra qaytaracağını bildirmişdir. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh tərəfindən əsassız olaraq götürülmüş 10.000 manat məbləğində pul sonuncudan alınaraq iddiaçıya qaytarılmalıdır.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

66. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

67. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

68. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

69. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

70. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

73. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

74. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir.

75. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən iddianın verilməsi üçün ödənilmiş 120 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 382, 388, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-142/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh 10.000 (on min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 120 (bir yüz iyirmi) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar