Məhkəmə qərarları › İş №2(104)-1171/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1171/2025

19.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1171/2025 19.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X9 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, Cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər X3 və "xxxx" BOKT MMC-yə qarşı icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(062)-1018/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışı ilə İddiaçı "xxxx" MMC-yə cəmi 3439,6 manat borcu qalmışdır və ödəniş edilmədiyi təqdirdə borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydinin aparılması barədə xəbərdarlıq edilmişdir.

2. Həmçinin təqdim edilmiş xəbərnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli bildiriş xx.xx.2024-cü il tarixindən İddiaçı qohumu Ədalət adlı şəxsə təqdim edilmişdir.

3. Məhkəmə sorğusu əsasında əldə olunmuş 0302-034367-01 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsidən görünür ki, "xxxx" MMC-nin Tovuz filialı ilə İddiaçı arasında xx.xx.2015-ci ildə kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə görə ona illik faiz dərəcəsi 35 faiz оlmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəmədə cavabdehlər Tovuz Regional “Asan” Xidmət Mərkəzinin xüsusi notariusu X2 və "xxxx" MMC-yə qarşı iddia qaldıraraq icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir..

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MMC arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən olan borcdan qalan 3440 manat və 25 manat dövlət rüsumu üzrə icra qeydi vardır. Bundan başqa, hazırki icra qeydində olan borc və faiz həqiqəti əks etdirmir. Qeyd olunan məbləğ mübahisəlidir və məhkəmədə iddia icraatı qaydasında baxılan zaman müəyyən edilən məsələlərdir. Tovuz regional “ASAN xidmət” mərkəzinin xüsusi notariusu X3 tərəfindən verilmiş 11 oktyabr 2024-cü il tarixli icra qeydi əsassızdır. Belə ki, həmin kredit müqaviləsi üzrə icra qeydindən əvvəl də onun tərəfindən müəyyən ödənişlər edilmişdir. Bundan başqa həmin icra qeydi barədə məlumatı olmamış, yalnız Tovuz rayon icra şöbəsi tərəfindən çağırıldığı vaxtı məlumat almışdır. Odur ki, Tovuz regional “ASAN xidmət” mərkəzinin xüsusi notariusu X3 tərəfindən verilmiş 11 oktyabr 2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

6. Tovuz Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(062)- 1018/2025 saylı qətnaməsi ilə (hakim Qafil Baxşıyev) İddiaçınun cavabdehlər Tovuz Regional “Asan” Xidmət Mərkəzinin xüsusi notariusu X2 və "xxxx" MMC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ilə "xxxx" MMC arasında kredit müqaviləsi bağlanmışdır. Cavabdeh "xxxx" MMC dəfələrlə İddiaçı bildiriş göndərmiş, öhdəsinə götürdüyü borcu ödəməsi barədə xəbərdarlıq etmiş, əks təqdirdə icra qeydi veriləcəyini bildirmişdir. İddia üzrə icra qeydinin verilməsi ilə bağlı hər hansı bir prosessual qaydaların pozulması qeydə alınmamışdır. Belə olan halda icra qeydinin ləğv olunması üçün əsaslar mövcud deyil. Ona görə də iddia təmin edilməməlidir.

8. Məhkəmə öz hüquqi mövqeyini «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun icra qeydlərindən bəhs edən XV fəslinin 76, 78-ci maddələrinə, “«Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 9, 27-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Tovuz Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(062)-1018/2025 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(062)-1018/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər X20 regional "ASAN xidmət" mərkəzində notariat ofisinin Xüsusi notariusu X3 tərəfidən verilmiş 11 oktyabr 2024-cü il tarixli, 8İ-19494 nömrəli icra qeydinin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbinin əsası ondan ibarət olmuşdur ki, Tovuz regional "ASAN xidmət" mərkəzində notariat ofisinin Xüsusi notariusu X3 tərəfidən Cavabdeh2 xeyrinə 0302-034367-01 nömrəli müqaviləyə əsasən ondan müddət üçün vaxtında ödənilməmiş 3440 manat 00 qəpik (üç min dörd yüz qırx manat sıfır qəpik), tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 3465 manat 00 qəpik (üç min dörd yüz altmış beş manat sıfır qəpik) tutulmasına dair icra qeydi çıxarılmışdır. Çıxarılmış icra qeydində əlavə heç bir məlumat qeyd edilməmişdir. Həmin icra qeydi xx.xx.2024 tarixdə aparılmışdır. Lakin İcra qeydi və xəbərdarlıq məktubu ona rəsmi qaydada və ya elektron formada çatdırılmamışdır. İş yalnız icra edilməsi üçün icra xidmətinə daxil olduqdan sonra iş üzrə icraçı ona məlumat göndərdiyi zaman (noyabr ayının əvvəlləri) onun bu icra qeydindən məlumatı olmuşdur. Belə ki, tələbkar olan cəmiyyətə borcunu ödəmiş və uzun müddət bundan qabaq olmuş hadisə ilə bağlı yuxarıda göstərilənlər haqda yəni “İcra qeydi” veriləcəyi barədə qanunvericilikdə nəzərdə tutulmuş bildiriş ona çatdırılmadığından hesab edir ki, bu hərəkətlər qanuni olmamışdır. Tovuz regional "ASAN Xidmət" mərkəzində notariat ofisinin Xüsusi notariusu X3 tərəfidən verilmiş, “pul tutulması haqqında” 11 oktyabr 2024-cü il tarixli, 8İ -19494 nömrəli icra qeydindən işin halları aydın olmadığından və onun hansı hissədə məsuliyyəti olması müəyyən edilmədiyindən, yəni borcun olması mübahisəsiz olmadığından icra qeydinin ləğv edilməsi zəruridir. Həmçinin, 11 oktyabr 2024-cü il tarixli, 8İ -19494 nömrəli icra qeydinin aparılacağına dair bildirişin göndərildiyinə dair poçt qəbzləri cavabdeh tərəfindən iş materiallarına əlavə edilsə də, ona belə məktub daxil olmamışdır. Həmin zərflərdə olan imza və ad ona məxsus deyildir. Bütün bunlara baxmayaraq Tovuz Rayon Məhkəməsi hesab etmişdir ki, hazırki iddia üzrə icra qeydinin verilməsi ilə bağlı hər hansı bir prosessual qaydaların pozulması qeydə alınmamışdır. Belə olan halda icra qeydinin ləğv olunması üçün əsaslar mövcud deyildir. Ona görə də iddia təmin edilməməlidir. Yuxarıda qeyd edilən məsələlər təfərrüatı ilə məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq Tovuz Rayon Məhkəməsi e-2(062)- 1018/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə bu halları nəzərə almamış, işin faktiki halları araşdırılmamışdır. Hesab edir ki, qeyd edilən qətnamə ədalətsiz və əsassız olmaqla maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Qəbul edilmiş qətnamənin ləğv edilməsi zəruridir. Tovuz Rayon Məhkəməsi qəbul etdiyi e-2(062)- 1018/2025 saylı qətnaməsində qeyd etmişdir ki, işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışı ilə İddiaçı "xxxx" MMC-yə cəmi 3439,6 manat borcu qalmışdır və ödəniş edilmədiyi təqdirdə borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydinin aparılması barədə xəbərdarlıq edilmişdir. Həmçinin təqdim edilmiş xəbərnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli bildiriş xx.xx.2024-cü il tarixindən İddiaçı qohumu Ədalət adlı şəxsə təqdim edilmişdir. Məhkəmə öz qulluq mövqeyinə əsasən belə qəbul etmişdir ki, guya bildirişlər və xəbərdarlıq ona çatdırılmışdır. Halbuki, qeyd edilən bildiriş və xəbərdarlıqlardan məhkəməyə qədər onun ümumiyyətlə məlumatı olmamış, belə məktublar nəinki ona çatdırılmamış mövcudluğundan belə xəbəri olmamışdır. Onun Ədalət adında ümumiyyətlə yaxın qohumum yoxdur. Digər tərəfdən isə onun borcu mübahisələndirməyimə dair apellyasiya şikayəti verdiyi qətnamədən də görünür ki, məhkəmə bu məsələ üzrə ümumiyyətlə araşdırma aparmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh qismində iştirak edən "MOL BULAK BANK OLMAYAN KREDİT TƏŞKİLATİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ məhkəmə kollegiyasına etiraz ünvanlayaraq, İddiaçı Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)- 1018/2025 saylı qətnaməsindən verilən şikayətin təmin olunmamasını və Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-1018/2025 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh tərəf etirazını onunla əsaslandırılmışdır ki, iddiaçının şikayəti təmin olunmamalı və Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-1018/2025 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı kredit üzrə börc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış, kredit müqaviləsinə əsasən hər ay bərabər məbləğdə müvafiq ödənişləri apararaq kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənilməsini və əsas borc məbləğinin qaytarılmasını öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliklərini kobud şəkildə pozmuş, bu günə qədər kredit üzrə ödənişini vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Hesab edirlər ki, indiki halda da Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-1018/2025 saylı Qətnaməsindən verilmiş şikayət hüquqdan sui-istifadə etməkdən başqa bir şey deyildir və işin iddia icraatı çərçivəsində baxılması mahiyyət üzrə heç bir şeyi dəyişmədiyi halda müddətin uzanmasına və kreditorun qanuni mənafeyinə zərər vurulmasına səbəb olacaqdır. Bildirmişdir ki, Tovuz regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən işdə olan mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlanılaraq əsaslı icra qeydi qəbul etdiyinə görə iddia ərizəsi təmin olunmamalı və icra qeydi qüvvədə saxlanımalıdır. Belə ki, "xxxx" ("xxxx") MMC (bundan sonra “Təşkilat”) ilə bağlanan 0302-034367-01 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə və onun təminatı kimi 0302-034367-01/01 saylı xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə (zaminlər X15 və X4 və X15) əsasən İddiaçı 24 (iyirmi dörd) ay müddətinə, illik 35% faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən qeyd olunan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq borcun ödənilməməsinin nəticəsində xx.xx.2024-cü il tarixinə 1551,10 AZN məbləğində əsas borc, 1888,50 AZN məbləğində faiz borcu və 0 AZN məbləğində cərimə borcu, ümumi 3439,60 AZN məbləğində kredit borcu yaranmışdır. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasınının “Notariat haqqında” qanununun 76-cı maddəsinə əsasən (“Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir”) Təşkilat tərəfindən iddiaçının icra edilməmiş öhdəliyinin icrasını təmin etmək üçün yaranmış borc barəsində notairus tərəfindən icra qeydi aparılacağı barədə xx.xx.2024-cü il tarixli 2214, 2215, 2216 № Bildiriş məktubları müvafiq olaraq iddiaçının və zaminlərin qeydiyyatda olduğu və yaşadığı ünvanlara, yəni “Tovuz rayonu, Düz Qırıqlı kəndi” ünvanına göndərilmişdir. Həmin Bildiriş məktubları qəbul edilmiş və poçtun göndərişinin verilməsi haqqında xəbərnamələr imzalanmışdır. Azərbaycan Respublikasınının “Notariat haqqında” qanununun 76-cı maddəsinin birinci hissəsinə əsasən “Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.” Habelə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 24-N nömrəli qərarı ilə təsdiq edilmiş “X1” 1-ci bəndinə əsasən “Fiziki şəxsin olduğu yer* “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi və Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən olduğu yer üzrə qeydiyyata alınmış müvafiq olaraq vətəndaş, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs başa düşülür. Olduğu yer qeyd olunan qaydada müəyyən edilməyən şəxslər barəsində borcun mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər)də* qeyd olunmuş ünvan və ya şəxsiyyəti təsdiq edən sənəd üzrə yaşayış yeri ünvanı göstərilir;” Kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirilmədiyinə görə, Təşkilat tərəfindən xx.xx.2024-cü il tarixində İddiaçı barəsində icra qeydinin aparılması barədə Tovuz regional "ASAN xidmət" mərkəzində notariat ofisininə elektron formada müraciət edilmişdir və 8İ -19494 saylı icra qeydi alınmışdır. İddiaçı 14 noyabr 2024-cü il tarixli iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Tovuz regional "ASAN xidmət" mərkəzində notariat ofisinin Xüsusi notariusu X3 tərəfidən verilmiş 11 oktyabr 2024-cü il tarixli, 8İ-19494 nömrəli icra qeydinin ləğv olunmasını xahiş etmişdir. Lakin təyin olunmuş proseslərdə iştirak etməmiş və öz iştirakının olmaması səbəbi barədə hər hansı əsaslı sübut təqdim etməmişdir. Tovuz Rayon Məhkəməsinin e-2(062)-167/2025 saylı xx.xx.2025-ci il tarixli Qərardadı əsasında iddiaçının ərizəsi baxılmamış saxlanılmışdır. Daha sonra, İddiaçı Tovuz Rayon Məhkəməsinin e-2(062)-167/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət vermişdir. Qeyd olunan şikayətə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası (hakimlər X5 (sədrlik edən və məruzəçi), X10 və X6 ibarət tərkibdə) tərəfindən baxılaraq, 2(104)-626/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı əsasında təmin edilməmişdir və Tovuz Rayon Məhkəməsinin 2(062)-167/2025 saylı 08 yanvar 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən eyni predmet barəsində və eyni əsaslarla yenidən verilən 14 fevral 2025-ci il tarixli iddia ərizəsinə Tovuz Rayon Məhkəməsində baxılaraq, e-2(062)-1018/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən İddiaçınun cavabdehlər Tovuz Regional “Asan” Xidmət Mərkəzinin xüsusi notariusu X2 və "xxxx" MMC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli Qərarı ilə Qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilmişdir. (Qoşma 6) Yuxarıda qeyd edilənlərdən açıq-aşkar məlum olur ki, İddiaçı kredit üzrə börc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış, kredit müqaviləsinə əsasən hər ay bərabər məbləğdə müvafiq ödənişləri apararaq kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənilməsini və əsas borc məbləğinin qaytarılmasını öhdəsinə götürməsinə baxmayaraq bu öhdəliklərini kobud şəkildə pozmuş, bu günə qədər kredit üzrə ödənişini vaxtında və lazımi qaydada həyata keçirməmişdir,habelə təyin olunmuş məhkəmə iclaslarında iştirak etmir. İndiki halda da icra qeydindən yenidən verilmiş iddia ərizəsi hüquqdan sui-istifadə etməkdən başqa bir şey deyildir və işin iddia icraatı çərçivəsində baxılması mahiyyət üzrə heç bir şeyi dəyişmədiyi halda müddətin uzanmasına və kreditorun qanuni mənafeyinə zərər vurulmasına səbəb olacaqdır. Bütün bunlar isə iddiaçının iddiasının əsassız olduğunu sübut edir. Habelə, iddiaçını hüquqdan sui-istifadə etməsi, məhkəmələr və "xxxx" MMC tərəfindən əsassız xərclərə, məhkəmələrdə işlərinin çoxalmasına, icraatın lüzumsuz uzadılmasına səbəb olur. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi X14 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında sədrlik edənin suallarına cavab olaraq isə bildirmişdir ki, "xxxx" MMC tərəfindən İddiaçı xx.xx.2015-ci il tarixində 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müddəti 2017-ci ildə bitmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, iddiaçının sonuncu ödənişi xx.xx.2021-ci ildə olmuşdur. 2017-2021-ci illər arasında ödənişlər olmuşdur. İddiaçı hüquqdan sui-istifadə edir.

13. İddiaçı məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, bildirmişdir ki, yaşı ilə qaynaqlı ürək problemləri yaşayır, yol çıxa bilmir və bunun üçündə məhkəmə icasında iştirak edə bilmiyəcəkdir. Bu səbəblə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Eyni zamanda mülki kollegiyanın diqqətinə çatdırmaq istəmişdir ki, o, birinci səfər Tovuz Rayon Məhkəməsində geri qaytarılan iş üzrə məhkəmə iclasında iştirak etmiş və hakimin bütün suallarını cavablandırmışdır. Orda da qeyd etdiyi üzrə cavabdehin təqdim etdiyi poçt qəbzlərində adı qeyd olunan Ədalət adlı qohumu yoxdur. Və adı qeyd olunan şəxs hər kimdirsə ona məktub falan çatdırmayıb. O, 50 ilə yaxındır ki, evlidir və ünvanını heç zaman dəyişməmişdir. Həyat yoldaş, bir oğlu, gəlini və nəvələri ilə birgə yaşayır. Yaxınlıqda çox sayda qohum əqrabasıda da var. Necə ola bilər ki, kənddə bu qədər qohumu ola-ola tanımadığı bir adama ona aid poçt verilə bilər? Həmçinin artıq uzun müddət keçib ki, o, borcunu ödəmişdir. Bu məsələnin sonradan ortaya çıxması və qərəzli, yollarla ondan haqsız yerə pul tələb edilməsi ədalətsizlikdir. Eyni zamanda cavabdehin haqlıdırsa bu pul tələbini nəyə görə məhkəmə mübahisəsindən yayındırmaq istəməsi də onun üçün cavabsız olaraq qalır. Əgər dedikləri kimi onun onlara borcu varsa bunu sübuta yetirsinlər. Cavabdehin haqsız olaraq icra qeydi ilə ondan pul tələb etməsi ona qarşı ədalətsizlikdir və hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Odur ki, qeyd edilənləri və apellyasiya şikayətini nəzərə alaraq Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(062)- 1018/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

14. Digər cavabdeh X2 məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq

15. “Notariat haqqında” Azərbaycan Respublikası Qanun: Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır; İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər; Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur; Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur; İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

23. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

24. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

25. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

26. Maddə 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

27. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı apelyasya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(062)-1018/2025 saylı qətnaməsi ləvğ edilməli və iddia tələbi təmin edilməlidir.

33. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında kredit müqaviləsi bağlanmışdır. Cavabdeh "xxxx" MMC dəfələrlə İddiaçı bildiriş göndərmiş, öhdəsinə götürdüyü borcu ödəməsi barədə xəbərdarlıq etmiş, əks təqdirdə icra qeydi veriləcəyini bildirmişdir. İddia üzrə icra qeydinin verilməsi ilə bağlı hər hansı bir prosessual qaydaların pozulması qeydə alınmamışdır.

34. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə görə, Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

35. Göründüyü kimi, qanunvericilikdə icra qeydlərinin yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparıldığı, tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu, bildirişin, onun borcluya çatdırıldığını təsdiq edən sənədin, borclunun cavab məktubunun (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlərin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunduğu birmənalı olaraq təsbit edilmişdir.

36. Məhkəmə kollegiyası işin faktiki hallarını iş materialları ilə qarşılıqlı şəkildə təhlil edərək, belə qənaətə gəlir ki, Tovuz regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixli icra qeydi verilərkən qanunvericiliyin tələblərinə riayət edilməmişdir. İşin hallarından göründüyü kimi, "xxxx" MMC-nin Tovuz filialı ilə İddiaçı arasında kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə 24 ay müddətinə bağlanmışdır. Müqavilə üzrə öhdəliyin icrasının son müddəti 29 may 2017-ci il tarixinədək şərtləndirilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 3-cü bəndinə görə barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tovuz regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixli icra qeydi verilərkən qanunvericiliklə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülməsini nəzərə almamış, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötdükdən 4 il sonra yəni xx.xx.2024-cü ildə icra qeydi vermişdir.

37. Göründüyü kimi, Tovuz regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən 0302-034367-01 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə icra qeydi aparılmışdır ki, həmin icra qeydi tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməsinə baxmayaraq verilmişdir. Tovuz regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən 11 oktyabr 2024-cü il tarixli icra qeydi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsində nəzərdə tutulan qaydalar pozulmaqla, verilmişdir.

38. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli və Tovuz Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(062)-1018/2025 saylı qətnaməsi ləğv edilməli və iddia tələbin təmin edilməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Tovuz Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(062)-1018/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(062)-1018/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. "xxxx" BOKT MMC-nin xeyrinə 0302-034367-01 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 3440 manat pulun borclu İddiaçı tutulması barədə Tovuz regional “Asan xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8İ-19494 saylı icra qeydi ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar