Məhkəmə qərarları › İş №2(104)-1182/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1182/2025

05.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1182/2025 05.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2063/2023 nömrəli qərardadından cavabadeh Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14545 manat borc pulun və dövlət rüsumu kimi ödədiyi 133 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2063/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 13795 (on üç min yeddi yüz doxsan beş) manat borc və 131 manat 38 qəpik dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)- 2063/2023 nömrəli qərardadına əsasən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsi əsası ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardadın dəlilləri ilə razılaşan cavabdeh xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Tovuz rayon Məhkəməsinin 2(062)-2063/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən üzrlü səbəblərdən vaxtında apelyasiya şikayəti verməmişdir. Belə ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-2063/2023 saylı, xx.xx.2023-cü tarixli qətnaməsinin sürətini rəsmi qaydada almadığı üçün həmin qətnamənin sürətinin ona verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və bundan sonra yəni, 17 mart 2025-ci il tarixdə qətnamənin qəbzə imza edərək aldıqdan sonra apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2063/2023 nömrəli qərardadına əsasən Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2063/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin üzürlü hesab edilərək bərpası barədə ərizənin təmin edilməsindən imtina edilmiş və apellyasiya şikayətinin geri qaytarılması qət edilmişdir. Cavabdeh Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2063/2023 nömrəli qərardadından şikayətlə məhkəməyə müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaların pozulması ilə qərardad qəbul edilmişdir. Belə ki, məhkəmənin qətnaməsinin sürətinin ona rəsmi qaydada verilməsinə dair hər hansı bir sənəd olmamasına baxmayaraq, məhkəmə müddətin ötürülməsi qənatinə gəlmişdir. Məhkəmə qətnaməsinin sürətini rəsmi qaydada almadığı üçün 17 mart 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət etdikdən sonra qətnamənin sürətini almışdır. Bundan sonra apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, məhkəmə isə bu halları nəzərə almamış, nəticədə onun məhkəmədə müdafiə hüququnun pozulmasına dair məhkəmə aktı qəbul etmişdir. Ona görə də hesab edir ki, şikayət təmin edilməlidir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2063/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2063/2023 nömrəli qərardadına əsasən təmin edilməmiş və şikayət baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2063/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi qətnamə Cavabdeh 23 oktyabr 2023-cü ildə təqdim edilmiş və o, qətnaməni məhkəmə qəbzinə imza edərək qəbul etmişdir. Buna baxmayaraq ona 2025-ci ildə təkrarən həmin məhkəmə aktı verilmişdir. Məhkəmə Cavabdeh 2023-cü ildə qətnaməni almamasına dair dəlillərini qəbul etmir. Belə ki, məhkəmə aktı çıxarılarkən o, məhkəmə iclasında iştirak etmiş, qətnamə onun iştirakı ilə elan edilmişdir. Əgər 2023-cü ildə ona məhkəmə qətnaməsi təqdim edilməsə idi o qətnamə elan ediləndən bir il yarim ay sonra deyil, bir neçə ay sonra müraciət edərdi. Eyni zamanda icra işinə də baxış keçirilərkən müəyyən edilmişdir ki, 2023- cü ildən icra hərəkətləri davam etməklə, elə həmin vaxtdan cavabdeh məhkəmə qətnaməsinin icraya yönəlməsindən xəbərdar olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 398.0.1-ci maddəsinə əsasən məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. 134.1-ci maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını. 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə birinci instansiya məhkəməsinin möqeyi ilə razlaşaraq qeyd edir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2063/2023 nömrəli qətnaməsi cavabdehin iştirak etdiyi məhkəmə iclasında elan edilmiş və o, əleyhinə qəbul edilmiş məhkəmə aktından məlumatlı olmuşdur. Bundan sonra qeyd edilən məhkəmə aktı cavabdehə qəbzə imza etdirilməklə xx.xx.2023-cü il tarixdə təqdim olumuşdur (iş vərəqi səh:38). Buna baxmayaraq o, qanunla müəyyən edilmiş 1 ay müddətində məhkəmə aktını mübahisələndirməmiş ilk dəfə apellyasiya şikayəti ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müracit etmişdir ki, birinci instansiyası məhkəməsinin qərardadı ilə apellyasiya şikayəti müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Cavabdeh onun apellyasiya şikayətini müddətin ötürülməsi əsası ilə geri qaytaran qərardadla razılaşmış və sonradan müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir ki, sonuncunun razılığı bir daha təsdiq edir ki, o, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Cavabdeh qətnaməni almaması və xx.xx.2025-ci il tarixdə müraciət edərək qətnaməni sonradan aldığını iddia etsə də iş materiuallarında onun müraciəti və qətnamənin ona yenidən təqdim olunmasına dair sübut mövcud deyildir. Lakin birinci instansiyası məhkəməsi qərardadında o hala istinad edərək qəbul edir. Bundan başqa qeyd edilməlidir ki, cavabdehin iş materiallarında olan məhkəmə iclasının yeri və vaxtı barədə ona məlumat verilməsinə dair məhkəmə qəbzlərində olan imzaları ilə məhkəmə qətnaməsinin ona təqdim olunması barədə imzası eynidir və zahirən hər hansı uyğunsuzluq görünmür. Belə olan təqdirdə cavabdeh məhkəmə aktını xx.xx.2023-cü il tarixdə rəsmən almasına baxmayaraq özünün səhlənkarlığı nəticəsində məhkəmə aktından 1 aylıq müddət ərzində apellyasiya şikayəti verməmişdir ki, müddətin bərpası üçün üzürlü səbəb yoxdur. Göründüyü kimi cavabdeh tərəfindən məhkəmə qətnaməsindən şikayət verilməsinə dair prosessual müddət ötürülmüş, həmin müddətin üzrlü hesab edilməsinə dair hər hansı əsas mövcud deyildir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2063/2023 nömrəli qərardadından cavabadeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2063/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar