Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1187/2024 04.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: cehiz əşyalarının evdən çıxarılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2(045)-882/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 04 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmlak Məsələləri üzrə Dovlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 21 avqust 2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanındakı 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 31.80 kv.m fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə, daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus evdən Cavabdeh cehiz əmlaklarının – 2 ədəd güzgülü termo, 1 ədəd üçkünc divan, 2 ədəd serviz yığılması üçün termo, 1 ədəd 12 şamlıq çılçıraq, 1 ədəd (qabaq) stol, 8 ədəd oturacaq stul, 1 ədəd kuxna mətbəxi (əşyasız), 1 ədəd şifoner, 1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd sandıq, 1 ədəd güldan, 2 ədəd xalça, 1 ədəd duxovka, 1 ədəd ütü, 1 ədəd ütü masası, 1 ədəd tozsoran, 4 ədəd tək nəfərlik döşək, 4 ədəd təknəfərlik yorğan, 1 ədəd iki nəfərlik çarpayı döşəyi, 1 ədəd iki nəfərlik çarpayı yorğanı, 6 ədəd böyük yastıq, 6 ədəd balaca yastıq, 2 ədəd mütəkkə, 1 dəst yemək servizi (qab), 1 dəst çay dəsti, 1 ədəd iri şirniyyat qabi, 2 ədəd şirniyyat qabı, 2 ədəd ləğə qabı, 2 qutu armudu stəkan dəsti, 1 qutu çəngəl, qaşıq bıçaq dəsti, 1 ədəd ət çəkən maşın (elektron), 2 ǝdad padnus, 4 ədəd pərdə, 2 ədəd şirəli qazan, 2 ədəd yemək qazanının çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş gəlinidir. Cavabdeh oğlu ilə evlendikdən sonra ona məxsus Goranboy rayonu Azad kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Bir müddət sonra cavabdeh onun oğlu ilə yola getməməyə başlamış ve onlar ayrılmışlar. Mübahisəli ev onun mülkiyyətindədir və Cavabdeh oğlu ilə müvəqqəti yaşamaqları üçün vermişdir. Cavabdehin onun oğlu ilə ayrılmasına baxmayaraq, cavabdehə məxsus cehiz əşyaları onun evindədir. Cavabdehin həmin evdə yaşamasını və ona məxsus cehiz əşyalarının evində qalmasını istəmir. Könüllü şəkildə xəbərdarlıq etmişdir ki, cavabdeh cehizlərini çıxartsın, lakin müsbət nəticə olmamışdır.
4. Goranboy Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2(045)-882/2023 nömrəli qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddia təmin edilərək, Cavabdeh məxsus cehiz əmlaklar – 2 ədəd güzgülü termo, 1 ədəd üçkünc divan, 2 ədəd serviz yığılması üçün termo, 1 ədəd 12 şamlıq lyustur, 1 ədəd (qabaq) stol, 8 ədəd oturacaq stul, 1 ədəd kuxna mətbəxi (əşyasız), 1 ədəd şvaner, 1 ədə iki nəfərlik çarpayı, 1 ədəd sandıq, 1 ədəd güldan, 2 ədəd xalça, 1 ədəd tuxovka, 1 ədəd ütü, 1 ədəd ütü masası, 1 ədəd tozsoran, 4 ədəd tək nəfərlik döşək, 4 ədəd təknəfərlik yorğan, 1 ədəd iki nəfərlik çarpayı döşəyi, 1 ədəd iki nəfərlik çarpayı yorğanı, 6 ədəd böyük yastıq, 6 ədəd balaca yastıq, 2 ədəd mütəkkə, 1 dəst yemək sevrisi (qab), 1 dəst çay dəsti, 1 ədəd iri şirniyyat qabi, 2 ədəd şirniyyat qabı, 2 ədəd ləğə qabı, 2 qutu armudu stəkan dəsti, 1 qutu çəngəl, qaşıq bıçaq dəsti, 1 ədəd ət çəkən maşın (elektron), 2 ǝdad padnus, 4 ədəd pərdə, 2 ədəd şirəli qazan, 2 ədəd yemək qazanının İddiaçı məxsus Goranboy rayonu Azad kəndində yerləşən evdən çıxarılması qət edilmişdir.
5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 157.4 və 225.2, maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, hazırkı iş məhkəmənin icraatında olanda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan mübahisəli evə köçürülməsi və evdən istifadə hüququnun tanınması barədə məhkəmədə iddia qaldırmışdır. Bir-biri ilə əlaqəli işlərin bir icraatda birləşdirilməsi barədə məhkəməyə vəsatət vermiş, lakin işə baxan məhkəmə bunu nəzərə almamışdır. Bundan başqa, iddiaçının evində ona məxsus 124 adda cehiz və fərdi geyim əşyaları qaldığı halda, iddia ərizəsində və qətnamədə 35 adda cehiz əşyalarının evdən çıxarılması göstərilmiş, qalan 89 adda cehiz və fərdi geyim əşyaları isə evdə qalmışdır. Onunla İddiaçı oğlu X3 arasında 1 saylı Gəncə“ ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2022 –ci ilin 02 ayının 23 günündə 536 № ilə nikah bağlanmışdır. X2 və evin mülkiyyətçisi olan qaynanası öz razılıqları ilə onu mübahisəli fərdi yaşayış evinə gəlin köçürtmüşlər. O da öz cehiz əşyalarını yığaraq həmin evə gəlin köçmüşdür. Orada iddiaçı və onun oğlu ilə birlikdə yaşamış və birgə təsərrüfat idarə etmişlər. Onun uşağı da həmin evdə doğulmuş və yaşamışdır. Evin mülkiyyətçisi və onunla birgə yaşayan ailə üzvləri ilə etibarlı ailə əlaqələri olmuş, yaşayış sahəsinə olan ehtiyaclarını mübahisəli evdə yaşamaqla qarşılamışlar. 19 sentyabr 2022-ci il tarixdən iddiaçı və onun oğlu ilə aralarındakı ailə münasibətləri kəsilmiş və o azyaşlı uşağı ilə birlikdə valideynlərinin yanında müvəqqəti sığınacaq tapmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 23 yanvar 2022-ci il tarixdə iddiaçının oğlu ilə toy mərasimləri olmuş, həmin vaxtdan da iddiaçının mülkiyyətində olan evə gəlin köçmüşdür. Toydan bir müddət sonra iddiaçı və ailə üzvləri ilə münasibətləri pisləşmişdir. 19 sentyabr 2022-ci il tarixdə iddiaçının mülkiyyətində olan evdən çıxıb getmiş, bu il isə iddiaçının oğlu ilə aralarındakı nikah pozulmuşdur. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, 2023-cü ildə iddiaçının mülkiyyətində olan evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etsə də, lakin iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Ona məxsus cehiz əşyaları iddiaçının mülkiyyətində olan evdədir, lakin həmin evdə qalan cehiz əşyalarının bir qismi iddia ərizəsində göstərilməmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh onun keçmiş gəlinidir. Oğlu ilə cavabdeh arasında olan nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Buna baxmayaraq, cavabdehin cehiz əşyaları ona məxsus evdə qalmışdır. Ev onun xüsusi mülkiyyətindədir və cavabdehin cehiz əşyalarının evindən çıxarılmasını tələb edir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, cavabdehə məxsus cehiz əşyalarının dəyərini bilmir. Evi 2018-ci ildə almış, lakin 2019-cu ildə ev adına qeydiyyata alınmışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
11. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır
13. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
14. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
15. Maddə 30.4. əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
21. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. İşin müəyyən olunmuş və faktiki hallarından görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Bununla yanaşı müəyyən olunmuşdur ki, Cavabdeh 23 yanvar 2022-ci il tarixdə iddiaçının oğlu ilə nikaha daxil olaraq ailə qurmuş və iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gəlin köçmüş, eləcə də özünə məxsus cehiz əşyalarını oraya yerləşdirmişdir. 19 sentyabr 2022-ci il tarixdə Cavabdeh həmin evdən çıxıb atası evinə getmişdir və beləliklə faktiki olaraq iddiaçının oğlu ilə ayrılmışlar. 2023-cü ildə isə onlar arasındakı nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı cavabdehə məxsus cehiz əşyalarının onun evindən çıxarılması barədə hazırkı tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
27. İlk növbədə qeyd edilməlidir ki, İddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi kimi Mülki Məcəllənin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehə məxsus əşyaların fərdi yaşayış evindən çıxarılmasını tələb etmək hüququna malikdir.
28. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsindən əşyaların çıxarılması barədə iddialara baxılarkən araşdırılmalı məsələlərdən biri, mübahisəli yaşayış sahəsinin hüquqi statusu məsələsidir. Yəni mübahisəli yaşayış yerinin kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyinəzərindən zəruridir. Yaşayış sahəsinin hüquqi statusunun müəyyən olunmaması və ya düzgün müəyyən olunmaması son nəticədə səhv məhkəmə qərarının çıxarılması (maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi) ilə nəticələnə bilər
29. Bu normaların düzgün tətbiqi üçün də Cavabdeh evin mülkiyyətçisinin ailə üzvü olub-olmaması məsələsi aydınlaşdırılmalıdır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bu məsələ ilə bağlı «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
31. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən, valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.
32. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin hazırkı işdəki Cavabdeh iddiaçıya münasibətdə həmin şəxslərə aid deyildir.
33. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdehə məxsus əşyaların iddiaçının xususi mülkiyyətində olan evdən çıxarılması barədə iddia tələbi əsaslı olmuşdur.
34. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız hesab edilmişdir.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2(045)-882/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.