Məhkəmə qərarları › İş №2(104)-1190/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1190/2023

16.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1190/2023 16.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə Açar sözlər: Qeyri-qanuni hesablanmış borcun silinməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin 2(066)-192/2023 saylı mülki iş üzrə 06 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 16 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə doğulmuşdur.

2. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qaz sayğacının quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, İddiaçı məxsus evdə quraşdırılmış sayğac yenisi ilə əvəz olunmuşdur. Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deçici alətlə deşilməsi və sayğacın istismara yararsız olması qeyd edilmişdir.

3. İş materiallarında olan “Azəriqaz” İB Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli Aktın surətindən görünür ki, ARDNŞ-nin “Azəriqaz” İB qaz sayğaclarının yoxlanılması barədə AKT MSN-29/5710-02605-1 rəyinə əsasən sayğaca baxış keçirilmişdir. Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilmişdir.

4. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Abonentin saldosundan görünür ki, abonent İddiaçı 2022-ci ilin sentyabr ayının sonuna olan borcu 1036,80 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiаçı İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qаrşı “qeyri-qanuni hesablanmış borcun silinməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB-yi tərəfindən qanunsuz və əsassız olaraq ona yazılmış 1036,80 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında ona məxsus yaşayış evi vardır. Həmin yaşayış evinə kommunal xidmətlərə görə sayğaclar quraşdırılmış, o cümlədən təbii qaza görə də qaz sayğacı quraşdırılmışdır. 07 iyun 2022-ci il tarixdə onun yaşadığı evə “Zenner G4T” markalı mexaniki sayğac quraşdırılmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə sayğaca baxış keçirilmiş hesablama mexanizminin plastmas qapağının alt hissəsinin guya deşici alətlə deşilməsi müəyyən edilmişdir. O və onun ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Buna baxmayaraq qanunsuz və əsassız olaraq 1036,80 manat məbləğində cərimə yazılmışdır. Bu səbəbə görə də ona yazılmış borcun əsassız olduğu üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Göygöl Rayon Məhkəməsinin 2(066)-192/2023saylı mülki iş üzrə 06 fevral 2023cü il tarixli qətnaməsi ilə (hakim:Ə.Kərimov) iddia tələbi təmin edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı adına hesablanmış 1036,80 (min otuz altı manat səksən qəpik) manat borcun silinməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-192/2023 saylı mülki iş üzrə 06 fevral 2023-cü il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 2 nömrəli əlavəsi olan qazın alqı-satqı müqaviləsinin 2.1.7-ci yarımbəndlərinin tələblərinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir. “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin MSK-nin 29/5710-02605-1 saylı rəyə əsasən istismardan çıxarılmış qaz sayğacına baxış keçirilmiş və sayğacın plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi məlum olmuşdur. Bundan sonra qaz sayğacına müdaxilə təsdiqini tapıldığından ünvan üzrə itirilmiş 1036.80 manat məbləğində itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi 2022-ci ilin iyun ayında sayğac üzrə müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə səhvdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya məhkəməsində icraat c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edənİddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz bildirirək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

12. İş üzrə cavabdeh təşkilatın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun:

13. Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları:

14. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

15. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

16. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Tətbiq edilməli olan prosessual hüquq normaları

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin;

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

18. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

20. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

21. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

22. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

28. Məhkəmə kollegiyası göstərir ki, iş materiallarında İddiaçı borcunun olması barədə heç bir sübut yoxdur, həmçinin qaz sayğacında ortaya çıxmış problemin məhz onun təqsiri üzündən yaranması sübut edilmir.

29. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, irəli sürülən iddianı təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvinə əsas vermir.

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticəetibarı ilə qanuni vəəsaslı qətnamə qəbul etmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır.

31. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 1036.80 manatdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-192/2023 saylı mülki iş üzrə 06 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar