Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1198/2025 18.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X5 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-406/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-138/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmfakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
2. Abulbəyli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 08 nömrəli qərarının surətindən görünür ki, Tovuz şəhəri, İ.Mürşüdov 21 saylı evin sakini X6 Abulbəyli bələdiyyəsi ərazisində, “Geneqobu” adlanan ərazidən 0,60 ha torpaq sahəsinin satılmasını və həmin sahədə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədi ilə binalar inşa etdirməyə icazə verilməsi barədə DT və XK-si Tovuz rayon şöbəsinin və Tovuz RİH memarlıq və tikinti şöbəsinin hazırladığı sənədlər (yerquruluşu baş planından çıxarış, memar rəyi və sxematik plan, tikinti altına yerseçmə aktı) nəzərə alınması; Tovuz şəhəri, İ.Mürşüdov 21 saylı evin sakini X6 Abulbəyli bələdiyyəsi ərazisində, “Geneqobu” adlanan ərazidən 0,60 ha torpaq sahəsinin satılması; X2 torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalına və emalı məqsədi ilə binalar tikintisinə icazə verilməsi; X6 tapşırılsın ki, normativ qiymətdən az olmamaq şərti ilə torpağın dəyərini Abulbəyli bələdiyyəsinin X15 filialındakı ********** saylı hesablaşma hesabına ödəməsi və ödəmə barədə qəbzi DT və XK-nin Tovuz rayon şöbəsinə və Abulbəyli bələdiyyəsinə təqdim etməsi; DT və XK-nin Tovuz rayon şöbəsindən xahiş edilsin ki, satılan torpağın dəyəri ödənildikdən sonra “Torpaqların alqı-satqı qaydalarına əlavə”də göstərilən nümunə əsasında “Torpaqların alqı-satqısı”na dair 3 nüsxədən ibarət akt tərtib etməsi və onu qeydiyyata alması; X2 torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq hüquqi sənəd hazırlanıb verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Tovuz rayon Ərazi İdarəsindən xahiş edilməsi; Bu qərarın icrasına nəzarət Abulbəyli bələdiyyəsinin sədr müavininə həvalə edilməsi qərara alınmışdır.
3. Torpaqların alqı-satqısına dair AKT-ın surətindən görünür ki, X6 Abulbəyli bələdiyyəsi ərazisində 0,60 ha torpaq sahəsinin satılması barədə xx.xx.2006-cı il tarixli 08 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X8 tərəfindən Abulbəyli bələdiyyəsinin X14 filialındakı hesablaşma hesabına əvvəlcədən 500 manat haqq ödənilmişdir.
4. 18.08.2006-cı il tarixli Tikinti altına Yerseçmə aktının surətindən görünür ki, Tovuz RİH Memarlıq və Tikinti şöbəsinin müdiri, DT və XK-sinin Tovuz rayon şöbəsinin müdiri, Tovuz rayon X9 Xidmətinin rəisi, Tovuz rayon Sanitar-Epidemioloii mərkəzinin baş həkimi, 22 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi, Sahibkar, Abulbəyli kənd sakini həmin aktı tərtib etmişlər ondan ötrü ki, Tovuz rayonu Abulbəyli kənd sakini, X4 ərizəsi ilə əlaqədar həmin bələdiyyənin Tovuz rayon İcra Hakimiyyətinə ünvanlanan 69 nömrəli 17 avqust 2006-cı il tarixli məktubuna əsasən, Abulbəyli bələdiyyəsinin ərazisində vət. Z.Məmmədovanın inşa etdirəcəyi kənd təsərrüfat məhsulları istehsalı və emalı obyektlərinin tikintisi altına ayrılacaq torpaq sahəsinə yerində baxış keçirdik. Həmin məqsəd üçün “Genqobu” adlanan sahədən 0,60 ha torpaq sahəsi ayrılmasını məqsədəmüvafiq hesab etmişlər.
5. Dövlət Torpaq və Xəritəçəkmə komitəsi Tovuz rayon şöbəsinin xx.xx.2006-cı il tarixli 489 nömrəli rəyinin surətindən görünür ki, Dövlət “Torpaq və Xəritəçəkmə Komitəsinin” Tovuz rayon şöbəsi bildirir ki, X1 nəzərdə tutan torpaq sahəsi 0.60 ha olmaqla, Abulbəyli bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Nəzərdə tutulan torpaq sahəsi kənt təsərrüfatına yararlı olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. Həmin ərazi Gəncə-Qazax rayonunun zona bölgüsünda düzən zonaya aiddir.
6. Abulbəyli bələdiyyəsinin Memar rəyinin surətindən görünür ki, Abulbəyli kənd sakini X3 ərizəsi ilə əlaqədar Abulbəyli bələdiyyəsinin rayon icra hakimiyyətinə ünvanlanan 69 saylı 17 avqust 2006-cı il tarixli məktubunu, tikinti altına yerseçmə aktını və digər zəruri sənədləri nəzərə alaraq vət. Z.Məmmədovanın sahibkarlıq məqsədi ilə Abulbəyli bələdiyyəsinin “Genqobu” adlanan ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisəsinin binalarını rəyə əlavə edilmiş sxematik planda göstərildiyi şəkildə 0,60 ha sahədə yerləşdirmək olar. Sahibkarlıq məqsədi ilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisəsinin binaları memarla razılaşdırılmış layihə smeta sənədləri əsasında inşa edilməli, müasir, memarlıq tələblərinə, inşaat norma və qaydalarına əməl edilərək, sanitariya və yanğından mühafizə qaydaları ciddi gözlənilməsi qeyd edilmişdir.
7. 03.02.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024- cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarların surətlərindən görünür ki, İddiaçı şikayət ərizəsi üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və tələb ilə bağlı mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququnun olunması izah edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 6000 ABŞ dolları məbləğində pulun və 121 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəllər Tovuz Abubəyli bələdiyyəsinin sədri olmuş, Abulbəyli kəndində onunla qonşuluqda yaşayıb. Cavabdeh ona guya Abulbəyli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsini satdığını bildirmiş və göstərdiyi 0,60 ha torpaq sahəsini aralarında razılıq əsasında ondan 6000 ABŞ dolları alaraq həmin torpaq sahəsinin ona satılması ilə bağlı Abulbəyli bələdiyyəsinin 24 avqust 2006-cı il tarixli qərarını anası X4 adına sənədləşdirilmişdir. Həmin vaxtdan torpaq sahəsi onların sahibliyində və istifadələrində olsa da, həmin torpaq sahəsinin sənədləşdirilməsi, çıxarış alınması ilə bağlı iş görməmişdir. Anası vəfat etdikdən sonra vərəsəlik məsələrini həll edən zaman Abulbəyli bələdiyyəsinin 24 avqust 2006-cı il tarixli qərarına əsasən mərhum anası X6 verilmiş torpaq sahəsinə də çıxarış alınıb vərəsəlik qaydasında sənədləşdirmə işləri aparmaq istəmişdir. Həmin zaman Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsindən ona rəsmi olaraq bildirilmişdir ki, Abulbəyli bələdiyyəsinin 24 avqust 2006-cı il tarixli qərarına əsasən X6 verilmiş torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğuna görə həmin torpaq sahəsinə çıxarışın verilməsi mümkün deyil. O, həmin orqanın torpaq sahəsinə qanunsuz olaraq çıxarış vermədiyini düşünərək, bununla bağlı Gəncə İnzibati Məhkəməsində iddia qaldırmışdır. Gəncə İnzibati Məhkəməsində 15 mart 2023-cü il tarixdə onun iddia tələbinə baxılmış və iddia təmin edilməmişdir. Həmin qərarda da Abulbəyli bələdiyyəsinin 24 avqust 2006-cı il tarixli qərarına əsasən anası X6 verilmiş torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğuna görə, həmin torpaq sahəsinə çıxarışın verilmədiyi öz əksini tapmışdır. Həmin qərarda qeyd edilmişdir ki, Abulbəyli bələdiyyəsinin 24 avqust 2006-cı il tarixli qərarı əsasında mərhum anası X2 torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğundan bələdiyyə tərəfindən yalnız icarəyə verilə bildiyi halda qanunsuz olaraq satılmışdır. Belə olan halda Cavabdeh öz qulluq mövqeyindən istifadə edərək, əvvəlcədən məlumatlı olduğu halda bilə-bilə onu aldatdığını və özgəninkiləşdirilməsi mümkün olmayan kənd təsərrüfatı” təyinatlı torpaq sahəsini sataraq ona qarşı dələduzluq etmişdir. Onun şikayəti əsasında Tovuz RPŞ-nin TB-də aparılan araşdırma zamanı Cavabdeh verdiyi izahatında, guya Torpaq sahəsinin alqısatqısının keçmiş DT və XK-sı həyata keçirdiyini bildirir. Amma 24 avqust 2006-cı il tarixli qərar məhz Cavabdeh tərəfindən imzalanmışdır. Həmin qərarla mərhum anası X6 Abulbəyli bələdiyyəsi ərazisində “Geneqobu” adlanan ərazidən 0,60 ha torpaq sahəsi satılması qeyd edilmişdir. Bunununla da Cavabdeh şəxsi maraqlarına əsasən onu aldadaraq, etibarından sui istifadə edib ondan aldığı 6000 ABŞ dolları məbləğində pulun müqabilində ona satılması mümkün olmayan torpaq sahəsini sataraq mərhum anasının adına sənədləşdirmişdir. Hazırda həmin torpaq sahəsinin sənədləşdirilməsi mümkün olmadığına görə Cavabdeh tərəfindən ondan alınmış 6000 ABŞ dolları məbləğində pul alınaraq ona verilməlidir. Cavabdeh qeyd etdiyi qanunsuz əməllərinə hüquqi qiymət verilməsi üçün Tovuz rayon Polis Şöbəsinə şikayət ərizəsi vermişdir. Tovuz rayon PŞ-nin Təhqiqaq Bölməsinin təhqiqatçısı polis kapitanı X7 03 fevral 2024-cü il tarixli, 31 mart 2024-cü il tarixli və 12 iyul 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarları ilə şikayət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilib və ona tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Buna görə də o, məcbur olub məhkəməyə müraciət etmişdir.
10. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin olunmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Maqsud oğlu göstərmişdir ki, o Ədaləti şəxsən tanıyır, iddiaçı ilə dostdur. Azpetrolun yanında 20 ilə yaxındır ki, torpaq sahəsi var idi. O, Azadla gedib torpağa baxmış, Ədalətə beh vermişdir. O, iddaçıdan Ədalətə zərfdə nə verdiyini soruşduqda Azad torpağın pulu kimi 6000 ABŞ dolları pul verdiyini söyləmişdir. Sonra məlum olmuşdur ki, həmin torpağın sənədləri düzgün deyil.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahniyar oğlu bildirmişdir ki, o, Azadı qonşu kimi tanıyır və onlarda işləmişdir. O Azad gildə olduğu vaxt Ədalət həmin yerə gəmiş, Azad torpaq sahəsinə görə Ədalətə pul vermişdir.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Həsən oğlu bildirmişdir ki, o Ədaləti tanımır. O, Azad gildə olarkən Azad Ədalətə zərfdə pul verdiyinin şahidi olmuşdur. Pulun nə qədər olduğunu bilməsə də, sonradan ona məlum olmuşdur ki, Azad 60 sot torpaq sahəsinə görə 6000 ABŞ doları pulu Ədalətə vermişdir
14. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-406/2025 nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov), iddianın təmin edilməsi, Cavabdeh 6000 (altı min) ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 121 (yüz iyirmi bir) manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı torpaq sahəsinin alqı-satqısı və rəsmilşdirilməsi üçün cavabdehə verdiyini bildirdiyi 6000 ABŞ dolları pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının tələbini sübut etmək üçün məhkəməyə təqdim etdiyi şahid ifadələri ilə müəyyən olunur ki, torpaq sahəsinin əldə edilməsi üçün 6000 ABŞ dolları pulu o Ədalətə vermişdir. Lakin tərəflər arasında barəsində razılaşdırılmış torpaq sahəsinə dair hüquq müəyyen edici sənədlərin əldə edilməsi mümkün olmamışdır. Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarlar qəbul edildikdən sonra iddiaçı hüquqlarının pozulmuş olduğunu bilmişdir. Belə olan halda, həyata keçirilməmiş əsasa görə pul, yəni məhrum olan iddiaçının hesabına əmlak əldə etmiş və əsassız varlanmış cavabdehdən pulun tutulması barədə iddia sübuta yetirilmişdir. Belə ki, varlanmış şəxs cavabdehin əməli gözlənilən məqsədə uyğun olmadığından – torpaq sahəsini adına rəsmildirilmədiyindən məhrum olan iddiaçı verdiyi pulu geri tələb etməkdə haqlıdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Beləliklə, cavabdehdən 6000 ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) pul tutularaq iddiaçıya ödənilməlidir.
16. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1092.2, 1092.3, 1093.1, 1093.2. 1093.2.1 və 1093.2.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220 və 357-361-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(062)-406/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə işə baxan zaman İddiaçı guya mənə 6000 ABŞ dolları məbləğində pul verməsini 3 yalançı və bir-birinə zidd ifadə verən şahid ifadəsinə əsasən müəyyən etdiyini məhkəmə qətnaməsində qeyd etmişdir. Həmin şahidlərin yalan ifadə verməsini yuxarıda kifayət qədər sübut etməyə çalışmışdır. Ona görə də o almadığı bir pula görə əsassız varlana bilməzdi. Məhkəmə bu maddi hüquq normasına əsaslanan zaman onun həmin pulu almağı barədə iddiaçıdan daha əsaslı sübut təqdim etməsini tələb etməli idi. Bu da məhkəmə iclasında olmayıb. Ona görə də məhkəmə bu maddi hüquq normasına düzgün istinad etməmişdir. Məhkəmə qətnaməsini məhkəmə iclasında dindirilən 3 şahidin ifadəsi ilə əsaslandırmışdır. Yuxarıda qeyd etdiyi kimi, məhkəmə iclasında dindirilən şahidlərdən Şahid3 Maqsud oğlu ifadəsində Azadla gedib torpağa baxdığını ona beh verildiyini və iddaçıdan ona zərfdə nə verdiyini soruşduqda Azad torpağın pulu kimi 6000 ABŞ dolları pul verdiyin, digər Şahid2 Şahniyar oğlu ifadəsində Azadı qonşu kimi tanıdığını, onlarda işlədiyini bildirmiş, Azad gildə olduğu vaxt onun həmin yerə gəldiyini, Azad torpaq sahəsinə görə ona pul verdiyini, digər Şahid1 Həsən oğlu ifadəsində onu tanımadığını, Azadgildə olarkən Azadın ona zərfdə pul verdiyinin şahidi olduğunu bildirmişdir. Hər üç şahid guya Azadın ona zərfdə pul verməsinin canlı şahidi olmasını məhkəmə iclasında verdikləri ifadədə qeyd etmişlər. Lakin, həmin şahidlərin heç bir pulun hər üçünün yanında verilməsini qeyd etməyiblər. Bu da onların yalan danışdıqlarının sübutudur. Məhkəmə də işin bu halını düzgün araşdırmayıb. Məhkəməyə təqdim edilmiş yalançı şahidlərin ifadəsinə əsasən məhkəmə guya iddiaçının mənə 6000 ABŞ dolları məbləğində pul verdiyinin müəyyən etmişdir. Yəni Azadın ona pul verməsinin mötəbər sübutu kimi həmin şahid ifadələrinə istinad edilmişdir. Halbuki yuxarıda da qeyd etdiyi kimi hər üç şahid məhkəmədə bir-birinə zidd ifadə vermişlər. Heç olmasa onlardan biri hər üçünün Azadın ona pul verməsinin birlikdə canlı şahidi olmasını qeyd etməmişlər. Məhkəmə isə nədənsə bu halı araşdırmaqdan yayınmışdır. Bu da iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi deməkdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, iş üzrə İddiaçı cavabdehin guya 6000 ABŞ dolları rüşvət almağı barədə Tovuz Rayon Polis Şöbəsinə şikayət ərizəsi vermişdir. Tovuz rayon PŞ-nin Təhqiqaq Bölməsində araşdırılma aparıldı və şikayət əsassız olduğuna görə 03 fevral 2024-cü il tarixli qərara əsasən cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı həmin qərardan verdiyi şikayətə əsasən yenidən araşdırılma aparılmış və 31 mart 2024-cü il tarixli qərara əsasən yenə də cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı həmin qərardan verdiyi şikayətə əsasən bir daha araşdırılma aparıldı və 12 iyul 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin araşdırılmalar zamanı İddiaçı ona 6000 ABŞ dolları məbləğində pul verməsi faktı sübut olunmamışdır. Buna baxmayaraq Tovuz Rayon Məhkəməsində işə baxılan zaman İddiaçı əsassız izahatı və bir-birinə zidd danışan 3 şahidin ifadəsi mötəbər sübut kimi qəbul edilmişdir. Belə ki, həmin şahidlərdən Şahid3 Maqsud oğlu ifadəsində cavabdehi tanıdığını iddiaçı ilə dost olduğunu bildirmişdir. Cavabdehin Azadla gedib torpağa baxdığını ona beh verildiyini və iddaçıdan cavabdehə zərfdə nə verdiyini soruşduqda Azad torpağın pulu kimi 6000 ABŞ dolları pul verdiyini bildirdiyini söyləmişdir. Bu şahid verdiyi ifadə ilə İddiaçı iddiasının əsassız olmasını bir daha sübut edir. Guya cavabdehə torpaq üçün beh verilib. Sonradan necə olursa zərfdə pul verilir həmin pulun məbləği 6000 ABŞ dolları olur. Əgər cavabdehə torpaq üçün beh verilmişdisə, ona necə olurdu ki, zərfdə 6000 ABŞ dolları pul verilirdi. Digər Şahid2 Şahniyar oğlu ifadəsində Azadı qonşu kimi tanıdığını və onlarda işlədiyini bildirmiş, Azad gildə olduğu vaxt cavabdehin həmin yerə gəldiyini, Azad torpaq sahəsinə görə cavabdehə pul verdiyini söyləmişdir. Digər Şahid1 Həsən oğlu ifadəsində cavabdehi tanımadığını bildrmiş və Azadgildə olarkən Azadın cavabdehə zərfdə pul verdiyinin şahidi olmuşdur. Hər üç şahid guya iddiaçının cavabdehə zərfdə pul verməsinin canlı şahidi olmasını məhkəmə iclasında verdikləri ifadədə qeyd etmişlər. Lakin, həmin şahidlərin heç biri pulun hər üçünün yanında verilməsini qeyd etməyiblər. Bu da onların yalan danışdıqlarının sübutudur. Məhkəmə də işin bu halını düzgün qiymətləndirməmişdir. Bundan əlavə həmin şahidlər həqiqətən də guya iddiaçının cavabdehə pul verməsinin canlı şahidi olmuşdularsa onda Tovuz rayon PŞ-nin Təhqiqaq Bölməsində araşdırılma aparılan zaman niyə şahid kimi təqdim edilmirdilər. İşin bu halı da məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, o, əvvəllər polisdə işləmişdir. Cavabdeh Tovuz Abubəyli bələdiyyəsinin sədri olmuş, Abulbəyli kəndində onunla qonşuluqda yaşamışdır. Cavabdeh Abulbəyli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsini satdığını bildirmiş və göstərdiyi 0,60 ha torpaq sahəsini aralarında razılıq əsasında ondan 2006-cı ildə 6000 ABŞ dolları verərək almışdır. Həmin dolları iki dəfəyə cavabdehə vermişdir. Şahidlər Cavanşir dostu, Paşa əmioğlu və Vüqar isə qonşu, qohumudur. Anası vəfat etdikdən sonra vərəsəlik məsələrini həll edən zaman Abulbəyli bələdiyyəsinin 24 avqust 2006-cı il tarixli qərarına əsasən mərhum anası X6 verilmiş torpaq sahəsinə də çıxarış alınıb vərəsəlik qaydasında sənədləşdirmə işləri aparmaq istəmişdir. Həmin zaman Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsindən ona rəsmi olaraq bildirilmişdir ki, həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. O, bununla bağlı Gəncə İnzibati Məhkəməsində iddia qaldırmış, Gəncə İnzibati Məhkəməsində 15 mart 2023-cü il tarixdə onun iddia tələbinə baxılmış, iddia təmin edilməmişdir. Onun şikayəti əsasında Tovuz RPŞ-nin TB-də araşdırma aparılmış və cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlar qəbul olunmuşdur. Hazırda həmin torpaq sahəsinin sənədləşdirilməsi mümkün olmadığına görə Cavabdeh tərəfindən ondan alınmış 6000 ABŞ dolları məbləğində pulu tələb edir. Onun başqa subutu yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
22. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə, ona məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Cavabdeh nümayəndə (vəkil) ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
24. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.
25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
40. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
42. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
43. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
44. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
47. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
49. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
50. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı torpaq sahəsinin alqı-satqısı və rəsmilşdirilməsi üçün cavabdehə verdiyini bildirdiyi 6000 ABŞ dolları pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının tələbini sübut etmək üçün məhkəməyə təqdim etdiyi şahid ifadələri ilə müəyyən olunur ki, torpaq sahəsinin əldə edilməsi üçün 6000 ABŞ dolları pulu o Ədalətə vermişdir. Lakin tərəflər arasında barəsində razılaşdırılmış torpaq sahəsinə dair hüquq müəyyen edici sənədlərin əldə edilməsi mümkün olmamışdır. Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarlar qəbul edildikdən sonra iddiaçı hüquqlarının pozulmuş olduğunu bilmişdir. Belə olan halda, həyata keçirilməmiş əsasa görə pul, yəni məhrum olan iddiaçının hesabına əmlak əldə etmiş və əsassız varlanmış cavabdehdən pulun tutulması barədə iddia sübuta yetirilmişdir. Belə ki, varlanmış şəxs cavabdehin əməli gözlənilən məqsədə uyğun olmadığından – torpaq sahəsini adına rəsmildirilmədiyindən məhrum olan iddiaçı verdiyi pulu geri tələb etməkdə haqlıdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Beləliklə, cavabdehdən 6000 ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) pul tutularaq iddiaçıya ödənilməlidir.
51. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı deyildir.
52. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
53. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
54. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
55. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
56. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.
57. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
58. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
59. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cari iş üzrə iddiaçı cavabdehə guya 6000 ABŞ dolları məbləğində pul verdiyini iddia etmiş, lakin bu ödənişin faktiki həyata keçirildiyini təsdiqləyən hər hansı bir yazılı sübut – nə pul köçürməsi, nə qəbz, nə də müqavilə təqdim etməmişdir.
60. İddiaçı tələbini sübut etmək üçün sübut kimi üç nəfər şahidi (Şahid3, Şahid2 və Şahid1) təqdim etmişdir. Qeyd edilən şahidlərin ifadələri birinci instansiya məhkəməsi onların verdiyi məlumatları sübut kimi qəbul etmişdir.
61. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materialları və birinci instansiya məhkəməsinin qətnaməsi tədqiq edilərkən, xüsusilə şahid ifadələrinin iddia tələbinin sübuta yetirilməsi baxımından qiymətləndirilməsi zəruri olmuşdur.
62. Belə ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
63. Nəzərə alınmalıdır ki, tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar (Avropa Məhkəməsinin X6rşı iş üzrə 1994-cü il 9 dekabr və Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərarları).
64. Azərbaycan Respublikasının MPM-in 62-ci və 104.1-ci maddələrindən göründüyü kimi məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur.
65. Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri kimi şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır.
66. Hazırkı iş üzrə birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş:
67. Şahid3 Maqsud oğlu qeyd etmişdir ki, “iddiaçı ilə torpağa baxmağa getmiş və guya Ədalətə beh verilmişdir.” Bununla belə, şahid bu behin məbləğini bilmir və yalnız iddiaçının ona dediyi sözlərə istinad edir. Yəni bu ifadə bilavasitə müşahidəyə deyil, eşitmə əsaslıdır və dolayıdır. Bu şahid iddiaçının deməsinə görə onun dostudur.
68. Şahid2 Şahniyar oğlu ifadə vermişdir ki, “Azad torpaq sahəsinə görə Ədalətə pul vermişdir.” Lakin, burada nə məbləğ, nə pulun verilmə forması (nağd, bank yolu ilə), nə də şərait aydın şəkildə təsvir olunmamış, yalnız ümumi ifadə verilməklə kifayətlənilmişdir. Bu şahid iddiaçının deməsinə görə onun qonşusu və qohumudur.
69. Şahid1 Həsən oğlu bildirib ki, “zərfdə pulun verildiyini görmüş, lakin məbləği bilməmişdir.” Əlavə olaraq sonradan “eşitmişdir ki”, guya bu məbləğ 6000 ABŞ dolları olub. Bu isə həm bilavasitə müşahidə olmamaqla, həm də ehtimala əsaslanan subyektiv mülahizədir. Bu şahid də iddiaçının deməsinə görə onunla əmioğludur.
70. Göründüyü kimi, bu ifadələrin hər biri ya dolayı məlumatlara əsaslanır, ya da eşitmə əsaslı və qeyri-dəqiqdir. Hər üç şahid hadisənin hüquqi nəticələrini doğuracaq əsas fakt – pulun verilmə məqamını aydın və birbaşa müşahidə ilə təsdiqləyə bilməmişdir. Eyni zamanda hər üç şahid iddiaçı ilə dostluq münasibətində olmaqla onunla yaxın qohumdurlar.
71. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə görə, sübutlar arasında ziddiyyət yarandıqda, məhkəmə bu ziddiyyətlərin səbəbini araşdırmalı və sübutların məntiqi və hüquqi baxımdan uyğunluğunu qiymətləndirməlidir.
72. Hazırkı işdə şahidlər arasında ziddiyyətlər müşahidə olunmuşdur: Bəzi şahidlər pulun verildiyini bildirir, lakin məbləğ və mənbəyi barədə məlumat vermirlər. Biri pulun beh olduğunu, digəri alqı-satqı müqabilində verildiyini söyləyir. Heç bir şahid pulun Cavabdeh tərəfindən alındığını açıq və birbaşa müşahidə əsasında bildirmir. Bu ziddiyyətli və qeyrimüəyyən ifadələr məhkəməyə əsas vermir ki, pulun verilməsi faktını şübhədən kənar sübuta yetirilmiş hesab etsin.
73. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
74. İddiaçının sübutları da Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən təhlil olunduqda görünür ki, həmin sübutlar “əsaslı şübhədən kənar” sübut standartlarına uyğun deyildir.
75. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə Tovuz RPŞ tərəfindən aparılmış araşdırma nəticəsində üç müxtəlif tarixdə cinayət işi başlanmasından imtina edilmişdir. Bu qərarların hər birində iddiaçının pul verdiyini sübut edəcək faktlar və sənədlər mövcud olmadığı göstərilmişdir. Apellyasiya instansiyası bu qərarları nəzərə alaraq qeyd edir ki, təkcə şahidlərin qeyri-dəqiq və ziddiyyətli ifadələri əsasında cinayət təqibi aparılmadığı halda, mülki iddianın bu dəlillərlə təmin olunması hüquqi baxımdan qeyri-mümkündür.
76. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
77. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
78. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
79. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
80. Hazırki halda mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürdən biri olan zərər vuran şəxsin təqsirliliyi sübuta yetirlməmiş və birinci instansiya məhkəməsi tərəfindən göstərilən hallar nəzərə alınmamışdır.
81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
82. Azərbaycan Respublikasının MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olubolmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
83. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
84. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
85. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
86. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
87. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Vəkilanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
89. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
90. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, İddiaçı torpaq sahəsinin alqı-satqısı və rəsmiləşdirilməsi üçün 2006-cı ildə cavabdehə 6000 ABŞ dolları verdiyini bildirmişdir. İddiaçı tələbini sübut etmək üçün birinci instansiya məhkəməsində dindirilmiş şahidlər ifadələrində torpaq sahəsinin əldə edilməsi üçün iddiaçı tərəfindən Cavabdeh pul verildiyini bildirmişlər. Şahid3 qeyd etmişdir ki, iddiaçı ilə uzun müddətdir ki, dostdur, torpağa birlikdə baxmağa getmiş və guya Ədalətə beh verilmişdir. Bununla belə, şahid bu behin məbləğini bilmir və yalnız iddiaçının ona dediyi sözlərə istinad edir. Yəni bu ifadə bilavasitə sübut deyildir. Bundan başqa, baxılan iş üzrə iddiaçı cavabdehə guya 6000 ABŞ dolları məbləğində pul verdiyini iddia etmiş, lakin bu ödənişin faktiki həyata keçirildiyini təsdiqləyən hər hansı bir yazılı sübut – nə pul köçürməsi, nə qəbz, nə də müqavilə təqdim etməmişdir. Hər üç şahid ifadələrinin hər biri ya dolayı məlumatlara əsaslanır, ya da eşitmə əsaslı və qeyri-dəqiqdir. Hər üç şahid hadisənin hüquqi nəticələrini doğuracaq əsas fakt – pulun verilmə məqamını aydın və birbaşa təsdiqləyə bilməmişlər. Eyni zamanda hər üç şahid, iddiaçının deməsinə görə onunla dostluq münasibətində olmaqla yaxın qohumdurlar. Həmşinin, baxılan iş üzrə polisdə üç dəfə araşdırma aparılmış, hər dəfə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarlar qəbul edilmişdir. Göründüyü kimi, hazırkı iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur.
91. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.
92. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia təmin edilmədiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
93. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 382, 388, 393 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-406/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.