Məhkəmə qərarları › İş №2(104)-1205/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1205/2023

16.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1205/2023 16.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: pəncərənin bağlanılması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X6 (əvvəlki adı X5 olmuşdur) və digər naməyəndəsi vəkil X4, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Samux Rayon Məhkəməsinin 2(058)-31/2023 saylı mülki iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Samux Rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli, 04 nömrəli qərarının surətindən görünür ki, fərdi yaşayış evi və həyətyanı sahə üçün nəzərədə tutulmuş 0,10 hektar torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

2. İşdə olan Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının Samux şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin verdiyi arayışdan görünür ki, xx.xx.1945-ci il təvəllüdlü İddiaçı həqiqətən də Samux Rayon Samux şəhəri ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır.

3. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında (Nəbiağalı) 0,12 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi DƏDRXdə X9 adına mülk kimi qeydə alınmışdır.

4. İş materiallarında olan, fərdi yaşayış evinin Texniki pasportunun surətindən görünür ki, həmin Texniki pasport X9 mülkiyyətində olan Samux şəhəri S. Vurğun küçəsində yerləşən fərdi yaşayış evi barəsində 1988-ci ildə tərtib edilmişdir.

5. İşdə olan AZ 056759 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 17 sentyabr 2002-ci il tarixdə ölmüşdür.

6. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında (Nəbiağalı) yerləşən fərdi yaşayış evinin mübahisəli pəncərəsinə baxış keçirilən zaman, əldə olunan məlumatlar ilə həmin fərdi yaşayış evinə dair texniki pasportda olanları müqayisə etdikdə mübahisəli pəncərənin texniki pasportda öz əksini tapdığı müəyyən edilmiş, tədqiq olunan evin otağının bir pəncərəsinin olması nəzərə alınmaqla evin xarici görüntüsünə və istifadə vəziyyətinə ziyan vurmadan mübahisəli pəncərənin yerinin dəyişdirilməsinin mümkün olmadığı müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən evin həyətinə və həmin həmin həyətdə yerləşən hamama açılan, Cavabdeh1 məxsus evin “pəncərəsinin bağlanmasına” dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərlə Samux rayonu Nəbiağalı qəsəbəsində qonşudurlar. Ona məxsus evdə o və digər ailə üzvləri yaşayırlar. Cavabdeh1 məxsus evin bir otağının pəncərəsi onun evinin həyətinə açılır. Həmin pəncərədən onun həyəti, evin qabağında yerləşən açıq mətbəx və hamamın geyinibsoyunma otağının və çimilən otağının içərisi açıq-aydın görünür. Soyuq ayları çıxmaq şərti ilə Cavabdeh2 öz çarpayısını sözügedən pəncərənin qarşısında yerləşdirib orada yatır. Bütün bunlar ona və xanım ailə üzvlərinə böyük narahatçılıq yaradır. Dəfələrlə cavabdehə məxsus evin pəncərəsindən onların hərəkətləri izlənib və bəzi hallarda telefon vasitəsi ilə çəkiliş aparılıb. Cavabdehlər onların söhbətlərinə gizli qulaq asır və ailə sirrlərini başqa yerlərdə danışırlar.

9. Samux Rayon Məhkəməsinin 2(058)-31/2023 saylı mülki iş üzrə 08 fevral 2023cü il tarixli qətnaməsi ilə (T.Kərimova) iddia tələbi təmin edilməmiş, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul iddiaçıya aid edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin 2(058)-31/2023 saylı mülki iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli, 04 nömrəli qərarına əsasən fərdi yaşayış evi və həyətyanı sahə üçün nəzərdə tutulmuş 0,10 hektar torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Mübahisələndirilən qətnamədə qeyd olunur ki, tikinti norma və qaydalarda yaşayış evlərinin pəncərələrin qonşu torpaq sahələrinə açılması ilə bağlı normativ tələblər yoxdur, ona görə də pəncərələrin qonşu torpaq sahələrinə açılması ilə bağlı hər hansı qadağanedici normativ tələb olmadığından digər tərəfi pəncərələri bağlamağa məcbur etmək yol verilməzdir. Məhkəmə yekun məhkəmə aktını qəbul edərkən mütəxəssis rəyinə istinad etmişdir. Əslində isə mütəxəssis heç bir elmi-texniki üsullardan istifadə etmədən rəy tərtib etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi, qızı X10 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh1 məxsus fərdi yaşayış evi əvvəlcədən mövcud olmuş, iddiaçıya məxsus fərdi yaşayış evi iddiaçı tərəfindən sökülərək, yenidən üzərində ev tikdirmişdir. Həmin fərdi yaşayış evinin hamamının yeri əvvəlcədən orada olmuş, pəncərə isə sonradan qoyulmuşdur. Sonda apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının digər nümayəndəsi vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, bildirdi ki, həmin fərdi yaşayış evi 1968-ci il tarixdə tikilmiş və pəncərəsi də olmuşdur. Sonradan həyət evini yarıya bölmüş, hamam da tikilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlanılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, həmin pəncərənin şüşəsində görünməz sellofan mövcud olduğuna görə pəncərədən heç nə görünmür. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

17. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

20. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 76 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

29. Qanunvericiliyin tələblərinə görə mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur.

30. Kollegiya göstərir ki, İddiaçı iddia tələbində ona məxsus Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən evin həyətinə və həmin həyətdə yerləşən hamama açılan, Cavabdeh1 məxsus evin pəncərəsinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

31. İşə apellyasiya instansiyasında baxılarkən video diskə baxış keçirilən zaman məlum olmuşdur ki, cavabdeh tərəfə məxsus olan ev köhnə tikilidir. İddiaçı isə özünə aid olan torpaq sahəsində yerləşən evi sökərək, orada sonradan yeni yaşayış sahəsi inşa etmişdir. Bu halı məhkəmə kollegiyasının iclasında tərəflər özləri də izahatlarında göstərmişlər.

32. Digər tərəfdən işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, rəy alınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında (Nəbiağalı) yerləşən fərdi yaşayış evinin mübahisəli pəncərəsinə baxış keçirilən zaman, əldə olunan məlumatlar ilə həmin fərdi yaşayış evinə dair texniki pasportda olanları müqayisə etdikdə mübahisəli pəncərənin texniki pasportda öz əksini tapdığı müəyyən edilmiş, tədqiq olunan evin otağının bir pəncərəsinin olması nəzərə alınmaqla evin xarici görüntüsünə və istifadə vəziyyətinə ziyan vurmadan mübahisəli pəncərənin yerinin dəyişdirilməsinin mümkün olmadığı müəyyən edilmişdir. 33.Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.

34. Məhkəmə kollegiyası göstərir ki, cavabdehlərin yaşadığı fərdi yaşayış evi ən azı 1988-ci ildən mövcud olmuş, mülk kimi onların anasının adına qeydə alınmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən alınmış ekspert rəyi ilə mübahisəli pəncərənin texniki pasportda öz əksini tapdığı müəyyən edilmiş, tədqiq olunan evin otağının bir pəncərəsinin olması nəzərə alınmaqla evin xarici görüntüsünə və istifadə vəziyyətinə ziyan vurmadan mübahisəli pəncərənin yerinin dəyişdirilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin ekspert rəyinin işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur. 35.Beləliklə işin faktiki halları kimi müəyyən olunur ki, cavabdehlər tərəfindən iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına yol verilməmişdir iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın təmin olunmasına əsas vermir. Ona görə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, Samux Rayon Məhkəməsinin 2(058)-31/2023 saylı mülki iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

36. Bundan başqa məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi olan qızı barəsində olan bir halı qeyd etməyi zəruri hesab edir.

37. Belə ki, işdən müəyyən edilir ki, birinci instansiya məhkəməsində iştirak edən iddiaçının nümayəndəsi olan qızı-X5 işə apellyasiya instansiyasında baxılarkən də onun nümayəndəsi kimi işdə iştirak edir. Lakin, hazırki vəziyyətdə onun adı X3 qeyd edilir. Belə ki, onun tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli AZ-İ 035936 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki,xx.xx.1984-cü il tarixdə anadan olmuş X1 və ata adı X8 dəyişdirilmişdir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 2(058)-31/2023 saylı mülki iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar