Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1208/2024 06.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(021)-340/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2050 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(021)-340/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Q.Əbilov) iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(021)-340/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə yenicə aldığı və etibarnamə əsasında idarə etdiyi **-MS-*** dövlət qeydiyyat nişanlı VAZ 21015 markalı avtomobillə Muğanlı Kələntərli yolu ilə Bərdə şəhərinə doğru hərəkətdə olan zaman qarşıda hərəkət olan "Kamaz" markalı avtomaşının dönmə əməliyyatını düzgün etməməsi səbəbindən qəza törətmişdir. Bundan sonra sözügedən qəzalı avtomaşınında bərpa işləri aparmaq niyyəti ilə tanışlarının məsləhəti ilə hazırki iş üzrə cavabdeh Bərdə rayonu Qaradağlı kənd sakini Cavabdeh ilə tanış olmuşdur. O, özünü maşın ustası kimi təqdim edərək onun avtomaşınını yenidən əvvəlki vəziyyətinə gətirəcəyini və bunun müqabilində isə ona ümumilikdə 2.050 manat verməyini tələb etmişdir. O, cavabdehlə razılaşaraq 500 manat ilkin ödəniş edərək avtomobilini yığılması üçün ona vermişdir. Hər dəfə müxtəlif bəhanələrlə ondan pul alaraq avtomaşınını 1 il müddətində yarımçıq formada ona təhvil vermişdir. O, həmin 1 il ərzində maddi və mənəvi ziyan çəkmişdir. Sözügedən avtomobilin tam olaraq hazırlanması üçün digər bir avtomobil ustasına avtomobili təhvil verdikdən sonra məlum olmuşdur ki, həmin avtomobilin yığılması üçün düzgün işlər aparılmamış və nəticədə ona 2.050 (iki min alli) manat ziyan dəymişdir. Belə ki, avtomobilin arxa şüşəsi, qapıları, qapı bağlancları, bel hissəsi, boya və malyar işləri düzgün aparılmamış nəticədə avtomobil düzgün formada yığılmışdır. Bundan sonra avtomobilin bərpası üçün ona verdiyi pulunun qaytarmasını dəfələrlə geri tələb etsə də, heç bir nəticəsi olmamışdır. İşə əlavə etdiyi etibarnamədən də göründüyü kimi etibarnamə ona xx.xx.2022-ci il tarixdə verilmiş, qəza da həmin günü baş vermişdir. O, avtomaşını alıb gələn zaman yolda qəza baş vermiş və avtomobili öz adına rəsmiləşdirə bilməyi üçün zamanı olmamışdır. Hər kəsə məlum olduğu kimi avtomobil alqı-satqısı etibarnamə əsasında həyata keçirilir. Belə ki, satan şəxs alan şəxsə etibarnamə verir və həmin etibarnamə əsasında alan şəxs avtomaşını öz adına keçirir. O da etibarnamə əsasında sözügedən avtomobili 8.500 manata almış və həmin gün qəza olmuşdur. Cavabdehin sözügedən avtomobilə vurduğu ziyandan sonra isə avtomobil 4.900 manata qiymətləndirilmişdir. İş üzrə tərəflərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, səhhətində yaranmış problemlə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılıb apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(021)-340/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: “X3” MMC-nin 90MS435 dövlət qeydiyyat nişanlı VAZ 210154 markalı minik avtomobilinin qiymətləndirməsinə dair xx.xx.2023-cü il tarixli Mütəxəssis Rəyindən görünür ki, avtomobilə dəymiş ziyan 2050 manat dəyərində qiymətləndirilmişdir. AE №056041 nömrəli Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, 90MS435 dövlət qeydiyyat nişanlı VAZ 210154 markalı minik avtomobili X1 mülkiyyətindədir. ƏN-Vİİ №312897 nömrəli Etibarnamənin surətindən görünür ki, X2 tərəfindən mülkiyyətində olan 90MS435 dövlət qeydiyyat nişanlı VAZ 210154 markalı minik avtomobilə bəzi səlahiyyətlərə dair 29.07.222-ci il tarixədək İddiaçı etibarnamə verilmişdir. Bərdə Rayon Polis Şöbəsindən alınmış materiallardan görünür ki, xx.xx.2022-ci il tarixdə Bərdə Mərkəzi Rayon Xəstəxanasından tibb bacısı Bərdə RPŞ-nin Növbətçi Hissəsinə zəng edərək Bərdə rayonu Kələntərli qəsəbəsində yaşayan 1982-ci il təvəllüdlü X5 yolnəqliyyat hadisəsi nəticəsində sol bud nahiyyəsindən sınıq xəsarəti və Bərdə rayonu Şatırlı kəndində yaşayan 1999-cu il təvəllüdlü X6 yol-nəqliyyat hadisəsi nəticəsində sol dirsək nahiyyəsindən əzik xəsarətləri alaraq Bərdə MRX-ya daxil olduqlarını bildirmişdir. Həmin məlumat 09 iyun 2022-ci il tarixdə Bərdə RPŞ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında HK-1/2214 nömrəsi ilə qeydə alınmaqla araşdırılma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, hadisə zamanı İddiaçı VAZ 21154 minik markalı ** MS *** qeydiyyat nişanlı minik avtomobilini idarə etməyə hüququ olmamışdır. Toplanmış material üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sürücü İddiaçı öz ehtiyyatsızlığı səbəbindən baş vermiş və idarə etdiyi BAZ-21154 minik markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan X5 dərəcəsinə görə AZ AĞİR dereceli xəsarət almışdır. İddiaçı zərərçəkmiş şəxslə barışdığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 40.2-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iş materiallarından iddiaçının qeyd edilən avtomobili təmiri üçün Cavabdeh təhvil verməsi müəyyən olunmur. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, həmin avtomobil artıq satılıb onun sahibliyində deyil. İddiaçı ziyanlığın dəyərini X3” MMCnin 90MS435 dövlət qeydiyyat nişanlı VAZ 210154 markalı minik avtomobilinin qiymətləndirməsinə dair xx.xx.2023-cü il tarixli Mütəxəssis Rəyinə əsasən 2050 manat olmasına istinad edir. Həmin mütəxəssis rəyini nəzərdən keçirərkən isə avtomobilin hər hansı bir qüsur aktına istinadən rəy verilməsi müəyyən olunmur. Mütəxəssis sadəcə İddiaçı yazılı müraciəti əsasında belə rəy tərtib etmişdir. Məhkəmə bununla yanaşı qeyd edir ki, İddiaçı mübahisələndirdiyi avtomobilin Cavabdeh tərəfindən təmir edilməsi və əgər onun tərəfindən təmir edilmişdirsə cavabdehin təqsirinə görə avtomobilə ziyan vurulması sübut olunmur. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, mübahisələndirdiyi 90MS435 dövlət qeydiyyat nişanlı VAZ 210154 markalı minik avtomobili X1 mülkiyyətindədir. Məhkəmə kollegiyası məhkəmənin həmin nəticəsi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının MM-nin: 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası «Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı hazırkı tələbin irəli sürülməsi ilə bağlı heç bir subyektiv hüququ yoxdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi 90MS435 dövlət qeydiyyat nişanlı VAZ 210154 markalı minik avtomobili X1 mülkiyyətindədir. X2 tərəfindən mülkiyyətində olan 90MS435 dövlət qeydiyyat nişanlı VAZ 210154 markalı minik avtomobilə bəzi səlahiyyətlərə dair 29.07.222-ci il tarixədək İddiaçı etibarnamə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(021)-340/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384-385, 390, 392-393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(021)-340/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1208/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1208/2024
06.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver