Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1211/2025 01.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qeyri-yaşayış sahəsindən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X6 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(062)-345/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 sentyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və Əmlak kompleksinin Texniki Pasportundan görünür ki, Tovuz şəhəri R. Məmmədov küçəsində yerləşən 272.6 kv.m qeyri sahəsi, reyestr nömrəsi **********14-12301 olan əmlak kompleksi kimi müəssisə "xxxx" ASC-nin xüsusi mülkiyyətindədir.
2. 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 31 iyul 2023-cü il tarixli çıxarışdan görünür ki, "xxxx" ASC 08 sentyabr 1997-ci il tarixdə açıq səhmdar cəmiyyəti kimi qeydiyyata alınmış, VÖEN **********, hüquqi ünvanı Tovuz şəhəri R. Məmmədov küçəsi ev 14, qanuni təmsilçisi X2r.
3. Tovuz rayonu Əhaliyə Məişət Xidməti İstehsalat Birliyindən verilmiş 11 sentyabr 1997-ci il tarixli qəbzdən görünür ki, X3 "xxxx" ASC-də qapalı abunə yazılışında iştirak etmək üçün verilən sifarişi qəbul eetmişdir.
4. Azərbaycan Respublikası Milli Depozit Mərkəzi tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli “qiymətli kağız mülkiyyətçilərinin reyestri” sənədindən görünür ki, emitent "xxxx" ASC nominal dəyəri 2 AZN, ümumi miqdarı 55222 olan qiymətli kağız - səhm buraxmışdır. Səhmdarların siyahısının 70-ci qrafasında X3 qiymətli kağız mülkiyyətçisi, qiymətli kağızların ümumi miqdarı “58”, faiz nisbəti 0,1050% göstərilmişdir.
5. 01 fevral 2023-cü il tarixli “şəxsi əmlakın (qeyri-yaşayış sahəsinin) icarə müqaviləsindən görünür ki, "xxxx" ASC-yə məxsus Tovuz şəhəri R. Məmmədov küçəsindəki binanın 12 kv.m hissəsi 1 il müddətinə (xx.xx.2023-cü il tarixədək) Cavabdeh icarəyə verilmişdir.
6. 01 yanvar 2024-cü il tarixli “şəxsi əmlakın (qeyri-yaşayış sahəsinin) icarə müqaviləsindən görünür ki, "xxxx" ASC-yə məxsus Tovuz şəhəri R. Məmmədov küçəsindəki binanın 12 kv.m hissəsi 1 il müddətinə (xx.xx.2024-cü il tarixədək) Cavabdeh icarəyə verilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus Tovuz şəhəri S. Vurğun küçəsi 5 ünvanında (köhnə R. Məmmədov) yerləşən qeyri-yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması, həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında (köhnə R.Məmmədov) yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin mülkiyyətindədir (daşınmaz əmlak reyestr nömrəsi **********14-12301, qeydiyyat nömrəsi **********). Cavabdeh hazırda fəaliyyət göstərdiyi ərazini qanunsus olaraq zəbt etmiş və həmin yerdə təhlükəli şəraitdə işləyir, çıxmaqdan imtina edir və ASC-yə qanuni hüquqlarını həyata keçirməyə maneə törədir. Dəfələrlə qeyri-yaşayış sahəsindən çıxması tələb edilsə də cavabdeh çıxmaqdan imtina edir. Qeyri-yaşayış sahəsində təmir-bərpa işləri aparılmasına imkan vermir.
9. Tovuz Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2(062)-345/2025 nömrəli qətnaməsi ilə (hakim S.Hacıyev) iddia tələbi təmin edilərək, Cavabdeh "xxxx" ASC-yə məxsus ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsi "xxxx" ASC-yə təhvil verilməsi; eləcədə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1, 700.3, 689.1, 697.1 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 213-214, 217.3, 217.4, 216-220 və 360-cı maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, cəmiyyətə səhm qoymaqla, payçı olan şəxslərin razılıqları alınmadan qeyri-qanuni şəkildə sənədləşmə aparmaqla, "xxxx" ASC-nin rəhbərinin maraqları naminə cəmiyyət özəlləşdirilmişdir. Məhkəmə iclasında da bildirmişdir ki, həyat yoldaşıda səhmdarlardan biridir. Səhmdar olsada həyat yoldaşına səhmlərindən düşən pay verilmir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Əvvəlki və hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, avtomobil moqnitafonlarının təmiri ilə məşğul olur. "xxxx" ASC ilə aralarında 12 kv.m sahəyə dair icarə müqaviləsi bağlamışdir. Müqavilənin müddəti başa çatdıqdan sonra onunla yeni icarə müqaviləsi bağlanmamışdır. Halbu ki, həyat yoldaşı da cəmiyyətin səhmdarlarından biridir və iki ədəd çek qoyub. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayəti üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
15. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin drektoru (qanuni təmsilçi) X4 izahatında bildirmişdir ki, Cavabdeh ilə bağlanmış icarə müqaviləsinin müddəti başa çatdığndan onunla yeni icarə müqaviləsi bağlanmamışdır. "xxxx" ASC-nin mülkiyyətində olan bina yararsız vəziyyətdə olduğu üçün təmir bərpa işləri aparılmalıdır. Cavabdeh isə həyat yoldaşının cəmiyyətin səhmdarlarından biri olmasını və iki ədəd çek qoymasını əsas gətirərək hazırda həmin yerdə fəaliyyətini davam etdirir. Ona başqa yerdə fəaliyyət göstərməsi barədə təklif olunsada, lakin sonuncu binadan çıxmaqdan imtina etmişdir. X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
19. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
22. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur.
23. Maddə 700. İcarə müqaviləsi: 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
24. Maddə 689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir.
25. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
35. İşin müəyyən olunmuş faktik hallarından görünür ki, 01 yanvar 2024-cü il tarixli “şəxsi əmlakın (qeyri-yaşayış sahəsinin) icarə müqaviləsinə əsasən "xxxx" ASC-yə məxsus Tovuz şəhəri R. Məmmədov (yeni qaydalarla Tovuz şəhəri S.Vurğun küçəsi 5.) küçəsindəki binanın 12 kv.m hissəsi 1 il müddətinə Cavabdeh icarəyə verilmişdir. İcarə müqaviləsinin müddəti 31 dekabr 2024-cü il tarixdə bitmişdir. Tərəflər arasında yeni icarə müqaviləsi bağlanmamasına baxmayaraq Cavabdeh qeyri-yaşayış sahəsindən çıxmaqdan imtina etmişdir. Ona görə də iddiaçı "xxxx" ASC hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instasniya məhkəməsi də iddianı təmin etmişdir.
36. Kollegiya hesab edir ki, iddianı təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.
37. Tovuz şəhəri R. Məmmədov küçəsində yerləşən 272.6 kv. metrdən ibarət qeyriyaşayış sahəsinin iddiaçı "xxxx" ASC-nin mülkiyyətində olması işin mübahisəsiz halıdır və bu Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş reyestr nömrəsi **********14-12301 olan, 01 dekabr 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla təsdiq olunur. Müllki qanunvericiliyə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
38. Cavabdeh apellyasiya şikayətində “həyat yoldaşının da "xxxx" ASC-nin səhmdarlarından biri olmasını, səhmlərdən onlara pay düşməməsini” qeyd etsədə, lakin kollegiya həmin dəlilləri qətnamənin ləğvi üçün əsas saymır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.
39. Belə ki, Mülki Məcəllənin 106-1.1. maddəsinə görə, səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir.
40. Həmin Məcəllənin 106-1.2. maddəsinə görə, bir neçə şəxsə bir səhm mənsub olduğu halda, onlar səhmdar cəmiyyətinə münasibətdə bir səhmdar kimi tanınırlar və öz hüquqlarmı nümayəndə vasitəsi ilə həyata keçirə bilərlər.
41. Səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin hüquqları isə Mülki Məcəllənin 106-1.3. maddəsində qeyd olunmuşdur. 106-1.3.1. cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; 106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq; 106-1.3.3. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; 106-1.3.4. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; 106-1.3.5. cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; 106-1.3.6. cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; 106-1.3.7. cəmiyyətin xalis mənfəətindən dividend almaq; 106-1.3.8. cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; 106-1.3.8-1. icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; 106-1.3.8-2. cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; 106-1.3.8-3. bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; 106-1.3.8-4. bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq. 106-1.3.9. bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.
42. Mülki Məcəllənin 1077.1. maddəsində isə qeyd olunur ki, səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər.
43. Yuxarıda qeyd olunan maddi hüquq normaları bir daha onu deməyə əsas verir ki, cavabdehin həyat yoldaşının "xxxx" ASC-də payının olması ona dəlalət etmir ki, sonuncu "xxxx" ASC-nin mülkiyyətində olan və ümumi sahəsi 272.6 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin 12 kv.m hissəsindən icarə müqaviləsi olmadan mülkiyyətçinin iradəsinə zidd istifadə etsin.
44. Eləcədə qeyd olunmalıdır ki, mülkiyyət hüququ təbiəti etibarı ilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
45. Mülki prosessual qanunvericiliyə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).
46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(062)-345/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.