Məhkəmə qərarları › İş №2(104)-1214/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1214/2024

13.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1214/2024 13.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Fəxrəddin qızına qarşı mülki iş üzrə Açar sözlər: paylı mülkiyyətdə olan daşınar əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Fəxrəddin qızına qarşı paylı mülkiyyətdə olan daşınar əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(125)-5976/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 avqust 2024cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə Şəhər Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(125)-321/2022 nömrəli qətnaməsinə əsasən, ünvan 1 ünvanda yerləşən mənzil və “Qaz-31029” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hər birində İddiaçı 1/3 hissədə miras payının müəyyən edilmişdir;

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə “ASAN xidmət” mərkəzi Notariat ofisi tərəfindən verilmiş 28 yanvar 2023-cü il tarixli 2V-87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş – X3 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan qızı – İddiaçı miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – Azərbaycan Respublikası DYPİ Gəncə RQİB-11 tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, AA371030 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən miras qoyan – X4 məxsus ban nömrəsi XTH310290R0226357, mühərrikin nömrəsi 92067 və buraxılış ili 1994-cü il olan QAZ 31029 minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlakın 2/3 hissəsindəki pay açıq saxlanılmışdır;

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 17 sentyabr 2022ci il tarixli 313-6285-1222 nömrəli məktubunda “Qaz-31029” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair çıxarılmış Gəncə Şəhər Məhkəməsinin 2(125)-321/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin tərəflərindən icraata götürüldüyü qeyd edilmişdir;

4. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli 2V-93 və 2V-94 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş – X3 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan arvadı – Cavabdeh1 və həmin ünvanda qeydiyyatda olan qızı X1 hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Miras əmlak – Azərbaycan Respublikası DYPİ Gəncə RQİB-11 tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, AA371030 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən miras qoyan – X4 məxsus ban nömrəsi XTH310290R0226357, mühərrikin nömrəsi 92067 və buraxılış ili 1994-cü il olan QAZ 31029 minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Şəhadətnamədə qeyd olaraq göstərilmişdir ki, miras əmlakın miras qoyanın qızı İddiaçı çatası 1/3 hissəsindəki payına 28 yanvar 2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir;

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Fəxrəddin qızına ünvanladığı müraciətdə qeyd etmişdir ki, X2 miras qalmış “Qaz-31029” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobildəki payına görə ona pul ödəyə bilərlər. İddiaçı cavabdehlərə təklif etmişdir ki, miras əmlakdakı payına görə ona 4000 (dörd min) manat pul ödəsinlər. EMS çatdırma xəbərnaməsinə əsasən müəyyən olunur ki, müraciət 02 iyul 2024-cü il tarixdə Cavabdeh1 tərəfindən rəsmi qaydada qəbul edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Fəxrəddin qızına qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlərlə ümumi mülkiyyətində olan **-BP-*** dövlət qeydiyyat nişanlı “QAZ-31029” markalı maşının açıq hərracda satılıb pulunun paylara uyğun bölgüsünün aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərlə onun mülkiyyətində olan **-BP-*** dövlət qeydiyyat nişanlı “QAZ-31029” markalı avtomobilin real bölgüsü mümkünsüz olduğu üçün əmlak açıq hərracda satılıb pulunun paylara müvafiq bölgüsü aparılmalıdır. O, cavabdehlərin ona maşının dəyərinin payı olan hissəsi ilə bağlı məbləğində ödənilməsinə razıdır.

8. Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(125)-5976/2023 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “QAZ-31029” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılıb pulun paylara uyğun bölgüsünün aparılması” tələbinə dair iddiasının rədd edilməsi; Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213, 220.2, 220.3, 220.4 və 220.6-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, notariat ofisi tərəfindən miras əmlakda paylar müəyyən olunaraq, əmlakın 1/3 hissəsi ona, 2/3 hissəsi isə digər vərəsələr olan cavabdehlərə aiddir. Avtomobilin hərracda satışından sonra dəyərinin 1/3 hissəsi ona verilməli, digər 2/3 hissəsi isə cavabdehlərə verilməli idi. Məhkəmənin iddianı rədd etməsinin hüquqi əsası yoxdur. Avtomobilin dəyəri günbəgün aşağı düşür.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. 11 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, başqa məhkəmə qətnaməsi ilə mübahisə predmeti olan avtomobil üzərində 1/3 hissədə qızı İddiaçı, 2/3 hissədə isə cavabdehlərin payı müəyyən edilmişdir. Hazırkı vəziyyətdə avtomobilin qızının adına sənədləşdirilməsi mümkün deyil, cavabdehlər də heç bir hərəkət etmirlər. Həmçinin cavabdehlər onun təklifinə müsbət cavab verməmişlər. Gündən-günə avtomobilin dəyəri aşağı düşür. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, notariat ofisi tərəfindən qızı İddiaçı və cavabdehlərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamələr əsasında mübahsəli avtomobil üzərində tərəflərin hər birinin 1/3 hissədə payları müəyyən edilmişdir.

14. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.

17. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

18. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

19. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

20. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

21. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

22. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

23. Maddə 223. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

29. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

30. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli və iddia təmin edilməlidir.

34. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(125)-321/2022 nömrəli qətnaməsinə əsasən ünvan 3 ünvanda yerləşən mənzil və “Qaz-31029” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hər birində İddiaçı 1/3 hissədə miras payının müəyyən edilmişdir. Bundan əlavə, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən verilmiş müvafiq şəhadətnamələr əsasında daşınar əşya sayılan “Qaz-31029” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Fəxrəddin qızının hər birinin 1/3 hissə payları müəyyən edilmişdir. Ümumi paylı mülkiyyətçilər arasında kompensasiya ödənilməklə paylı mülkiyyətə xitam verilməsi barədə razılaşma olmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin etməmişdir.

35. Birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(125)- 321/2022 nömrəli qətnaməsi ilə “QAZ- 31029” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində iddiaçının 1/3 hissədə miras payı müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin avtomobil üzərində hər hansı hissədə mülkiyyət paylarının olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Başqa sözlə, mübahisəli avtomobilin 2/3 hissəsinə cavabdehlərinin payının olması müəyyən edilmədiyindən iddiaçı iddiaya cavab verməli olmayan şəxsə qarşı məhkəməyə müraciət etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir kİ, iddia həm də ona görə təmin edilə bilməz ki, iddia təmin olunacağı halda mübahisə predmeti olan avtomobil hərraca çıxarılacaq, bu zaman isə əmlakın satışından əldə olunan vəsaitin yalnız 1/3 hissəsi iddiaçıya veriləcək, qalan hissənin isə kimə verilməsi məsələsi qeyri müəyyən qalacaqdır.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

37. Yuxarıda da göstərildiyi kimi 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən verilmiş müvafiq şəhadətnamələr əsasında daşınar əşya sayılan “Qaz-31029” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Fəxrəddin qızının hər birinin 1/3 hissə payları müəyyən edilmişdir.

38. Daşınar əşya sayılan avtomobil üzərində tərəflərin payları müəyyən edilmiş olduğundan, artıq həmin əmlak Mülki Məcəllənin 220-ci maddəsinə əsasən digər paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi mümkündür.

39. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

40. X6 Məhkəməsinin hüquqi mövqeyinə görə, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.

41. Daha sonra Plenum qeyd etmişdir ki, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.

42. Məhkəmə kollegiyası qeyd edir ki, daşınar əşya olan “Qaz-31029” markalı, **-BP- *** dövlət qeydiyyat nişanlı avtomobilin naturada ayrılması mümkün olmadığından ilk növbədə kompensasiya verilməsi yolu ilə paylı mülkiyyətə xitam verilməsi məsələsinin mümkün olub-olmaması araşdırılmalıdır.

43. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Fəxrəddin qızına müraciət ünvanlamış və müraciətində qeyd etmişdir ki, X2 miras qalmış “Qaz-31029” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobildəki payına görə ona pul ödəyə bilərlər. İddiaçı cavabdehlərə təklif etmişdir ki, miras əmlakdakı payına görə ona 4000 (dörd min) manat pul ödəsinlər. Müraciət 02 iyul 2024-cü il tarixdə Cavabdeh1 tərəfindən rəsmi qaydada qəbul edilmişdir.

44. Göründüyü kimi, paylı mülkiyyətçi İddiaçı mübahisə predmeti olan avtomobilin digər paylı mülkiyyətçilərinə onların kompensasiya ödəməsi yolu ilə əmlakdakı payına xitam verilməsini təklif etmiş, lakin paylı mülkiyyətçilər bu təklifi qəbul etməmişlər.

45. İşin yuxarıda şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, daşınar əşya sayılan “Qaz-31029” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Mülki Məcəllənin 220.6-cı maddəsi əsasında açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə üçün qanuni əsaslar mövcuddur. İddiaçı Mülki Məcəllənin 220.3-220.4cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etməklə əmlakın açıq hərracda satılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddia tələbi təmin olunmalıdır.

46. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən iddia tələbini təmin etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384-385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(125)-5976/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Ban nömrəsi XTH310290R0226357, mühərrikin nömrəsi 92067 və buraxılış ili 1994cü il olan QAZ 31029 minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi açıq hərracdan satılsın. Satışdan əldə edilmiş pul vəsaitinin 1/3 hissəsi İddiaçı, 1/3 hissəsi Cavabdeh1 və 1/3 hissəsi Cavabdeh2 Fəxrəddin qızına verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar