Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1221/2025 24.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X9 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 2(062)-2624/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 (bir) il 03 (üç) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.
2. Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 373/2024 saylı qərarından görünür ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmışdır.
3. Modern Hospital tərəfindən verilmiş hesab-fakturadan görünür ki, X5 müayinəsi üçün xx.xx.2024-cü il tarixdə 86 manat pul ödənilmişdir.
4. West Hospital tərəfindən verilmiş hesab-fakturadan görünür ki, X5 müayinəsi üçün xx.xx.2024-cü il tarixdə 40 manat pul ödənilmişdir.
5. Sab Aptek N1 tərəfindən verilmiş ödəniş qəbzindən görünür ki, X5 müalicəsi üçün xx.xx.2024-cü ildə 38 manat dəyərində dərman preparatı alınmışdır.
6. Vita Aptekləri MMC tərəfindən verilmiş ödəniş qəbzindən görünür ki, X5 müalicəsi üçün xx.xx.2024-cü ildə 95,08 manat dəyərində dərman preparatı alınmışdır.
7. Qanuni qüvvəsini almış hökm üzrə təsdiq edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü ildə sahiblik hüququ X6 məxsus olan Vaz 21214 markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan Tovuz-Böyük Qışlaq avtomobil yolunun Tovuz rayonu, Böyük Qışlaq kəndi ərazisindən keçən hissəsi ilə üzü Tovuz rayonu, Çatax kəndi istiqamətində idarə edərkən idarəetməni itirərək avtomobili aşırmış, nəticədə ehtiyatsızlıqdan həmin avtomobildə sərnişin qismində əyləşmiş X2 bud sümüyünün 1/3 hissəsinin yerdəyişməli sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur.
8. Məhkəmə kollegiyasına təqdim edilmiş Qazax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 18-1-51/2-O-197-42-160/2025 saylı tibbi arayışdan görünür ki, Tovuz rayonu Çatax kənd sakini xx.xx.2010-cu il təvəllüdlü X11 həqiqətən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü tarixədək Qazax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə stasionar müalicə almış, müalicə aldığı dövrdə anası X7 onun yanında qalmış və zərflər paketinə uyğun olaraq hər qaldığı günə 12(on iki) manat olmaqla, cəmi 144 manat pulu xəstəxananın xəzinəsinə ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən dəymiş maddi ziyana görə 15000 manat pulun, vurulmuş mənəvi ziyana görə 15000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 180 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə cavabdeh Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 il 03 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Belə ki, cavabdeh Vaz 21214 markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili aşırmış və həmin avtomobildə sərnişin qismində əyləşmiş oğlu X2 bud sümüyünün 1/3 hissəsinin yerdəyişməli sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Həmin tarixdə oğlunu Tovuz rayon Farm Qafur tibb mərkəzinə aparmışdır. Oğluna ayağının sınığı diaqnozu qoyulmuş və onun ayağına gips qoyularaq yataq rejimində olması müəyyən olunmuşdur. Bunun üçün həkimə 2500 manat pul vermişdir. Təqribən 35-40 gün onun ayağı gipsdə qaldıqdan sonra həkim onu açmış və məlum olmuşdur ki, ayaq düzgün bağlanmamış və nəticədə əyri bitmişdir. Məcbur olub oğlunu yenidən şəhər xəstəxanasına aparmalı olmuş, orada oğlunun ayağını sındırıb yenidən gips qoymalı olmuşlar. Bütün bunlar üçün 10.000 manat pul ödəmişdir. Ümumilikdə bu müddət ərzində oğlunun müalicəsinə 15.000 min manat xərc çəkmişdir. Hesab edir ki, həmin pul qarşı tərəfdən tutularaq ona ödənilməlidir. Bundan başqa fiziki iztirab yaşamışdır. Oğlunun yataqda qalması və bir il ərzində tədrisdə işitrak edə bilməməsi ona mənəvi zərər vurmuşdur. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
11. Tovuz Rayon Məhkəməsinin 2(062)-2624/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Fərid Əliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh vurulmuş maddi ziyana görə 259,08 (iki yüz əlli doqquz manat səkkiz qəpik) manat, mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğdə pul alınaraq İddiaçı verilməsi, iddianın təmin edilmiş hissəsinə mütənasib Cavabdeh 30 (otuz) manat məbləğdə pul alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən sübut kimi ödəniş qəbzləri təqdim edilmişdir. Həmin qəbzlərdə sübut olunan hissəyə uyğun olaraq cavabdehdən 259,08 manat məbləğdə pulun alınaraq iddiaçıya verilməlidir. Həmçinin, baş vermiş yol-nəqliyyat hadisəsi üzrə iddiaçının oğlunun ayağının sınması nəticəsində onun hərəkətinin məhdudluğu iddiaçını bir ata kimi sarsıtmışdır. Onun gözü qarşısında oğlunun yataqda olması, tədris prosesindən ayrılması, həmyaşıdlarından geri qalması mənəvi iztirab yaşamasına səbəb olmuşdur. Bu halda iddiaçının mənəvi zərərin ödənilməsini tələb etməsi əsaslıdır. Lakin bununla yanaşı iddiaçı iddia ərizəsində ona dəymiş mənəvi ziyanın hansı səbəblərdən məhz 15.000 manat məbləğində müəyyən olunmasını əsaslandırmamışdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096, 1097 və 1115-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 və 119,1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
14. Tovuz Rayon Məhkəməsinin 2(062)-2624/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə mən oğlumu Tovuz rayon “Farmqafur” tibb mərkəzinə apardı orada oğluna ayağının sınığı diaqnozu qoyuldu və onun ayağına gips qoyularaq yataq rejimində olması müəyyən olundu və bunun üçün həkimə 1500 manat pul verdi. Təqribən 35-40 gün onun ayağı gipsdə qaldıqdan sonra həkim onu açdı və məlum oldu ki, ayaq düzgün bağlanmamış və nəticədə əyri bitmişdir. O, məcbur olub oğlunun yenidən şəhər xəstəxanasına aparmalı oldu və orada oğlunun ayağını sındırıb yenidən gips qoymalı oldular. Bütün bunlar üçün o, 10.000 manat pul ödəməli oldu. Ümumilikdə, bu müddət ərzində oğlunun müalicəsinə 15.000 min manat xərc çəkmiş və hesab etmişdir ki, həmin pul qarşı tərəfdən tutularaq ona ödənməlidir. Birinci instansiya Məhkəməsinin hakimi iddia tələbini qismən təmin etmiş, ziyana görə 259,08 manat, mənəvi zərərə görə 500 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarmışdır. Həmin qətnamə tam əsasız çıxarılmışdır. O, bunları məhkəmə iclasında demiş, ancaq məhkəmə işə birtərəfli baxmışdır. Hesab etmişdir ki, məhkəmə işi tam araşdırmayıb, ona görə də, qətnamə ləğv olunmalıdı. Məhkəmə heç bir qanunlara əməl etmədən heç bir əsas olmadan onun iddiasını qismən təmin etmişdir. Odur ki, iddiası tam qanuni və əsaslı olduğu üçün tam təmin olunması barədə əsaslı qətnamə çıxarılmalıdır. Məhkəmə heç bir araşıdırma aparmamış, prosessual qaydalara riayət olunmadan onların hüquqlarını pozmuş, heç bir əsas olmadan öz istədiyi kimi qətnamə çıxarmışdır. Məhkəmə iddianı təmin etdiyi hissə işin hallarına uyğun deyildir. Məhkəmə araşdırma aparan zaman sorğular etməli və tibbi ekspertiza təyin etməli idi.
16. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
17. Etiraz onunla əsaslandırılmışdır ki, törədilən əməl ehtiyatsızlıqdan olmuşdur. İddiaçının şikayəti əsasında barəsində cinayət işi başlanmış və barəsində hökm çıxarılmışdır. Hadisə olan gün o, və atası X10 həkimə çatdırmış, atası Tovuz rayonunda həkimə çəkilən xərcləri tam ödəmişdir. X13 Qazax xəstəxanasına aparmışlar onun müalicə xərclərini atası ilə birgə o, çəkmişdir. İddiaçının gips qoyulması üçün həkimə 2500 manat pul verməsi və 10.000 manat xərc çəkməsi tamamilə şər və böhtandır. İddia tələbinin hissələri tam əsassızdır və həddən artıq şişirdilmişdir. Həmin pulların ödənilməsinə dair iddiaçı heç bir qəbz və digər sübut təqdim etməmişdir. Gips üçün qeyd olunan məbləğdə xərc çəkilməsi heç bir məntiqə sığmır. Qazar Rayon Xəstəxanası özəl deyildir. Dövlət xəstəxanasıdır. Dövlət xəstəxanasında isə müalicələr pulsuz aparılır. X8 əməliyyat və müalicə xərclərini tam olaraq o və atası çəkmişdir. Vurulmuş ziyanın 15.000 manat olmasına dair iddiaçının heç bir dəlil və sübutu yoxdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermiş, apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Oğlunun müalicə aldığı klinika Bakı şəhərində yerləşdiyi üçün yola xeyli xərc çəkmişdir. Oğlu xəstəxana qaldığı hər gün üçün pul ödəmişdir. Ona vaxt verilsə, digər qəbzləri də tapıb təqdim edə bilər. Oğlu ötən ilin dekabr ayında yenidən əməliyyat olmuşdur.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, hazırda ona azadlığın məhdudlaşdırılması cəzası verildiyindən o, heç bir yerdə işləyə bilmir. O, iddiaçının uşağının müalicəsi üçün köməklik etmişdir. Onun xəstəxanalara aparılması üçün maşın da tutmuşdur.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
23. Maddə 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir).
24. Maddə 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 384.0.3. Apellyasiya instansiyası qətnaməni dəyişdirə bilər;
32. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
33. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
34. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməmiş hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-2624/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilməlidir.
39. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmiş işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh sürücüsü olduğu Vaz 21214 markalı, **-DF- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə qəza törətmiş və həmin avtomobildə sərnişin qismində əyləşmiş İddiaçı oğlu, X2 bud sümüyünün 1/3 hissəsinin yerdəyişməli sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə cavabdehə Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 il 03 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. X2 bud sümüyünün 1/3 hissəsinin yerdəyişməli sınığı diaqnozu qoyulmuş və onun ayağına gips qoyularaq yataq rejimində olması müəyyən olunmuşdur. İddiaçı oğlunun müalicəsi üçün müxtəlif vaxtlarda dərman preparatlarının alınması, yol və xəstəxana xərcləri üçün pul vəsaiti xərcləmişdir. Oğlunun yataqda qalması və bir il ərzində tədrisdə iştirak edə bilməməsi ona mənəvi zərər vurmuşdur.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Göründüyü ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. İddiaçı tərəfindən sübut kimi ödəniş qəbzləri təqdim edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təqdim olunan qəbzlərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçı tərəfindən oğlunun müayinəsi üçün Modern Hospitala xx.xx.2024-cü ildə 86 manat, West Hospitala xx.xx.2024-cü il tarixdə 40 manat pul ödənilmişdir. Həmçinin iddiaçı tərəfindən oğlunun müalicəsi üçün yazılmış dərman preparatlarının alınması üçün xx.xx.2024-cü ildə Vita Aptekləri MMC-yə 95,08 manat, xx.xx.2024-cü ildə isə Sab Aptek N1-ə 38 manat ödəniş edilmiş, ümumilikdə iddiaçı 259,08 manat xərc çəkilmişdir. Bundan sonra, iddiaçı Qazax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 18-1-51/2-O- 197-42-160/2025 saylı tibbi arayışını əldə etmiş və həmin arayış ilə müəyyən edilmişdir ki, Tovuz rayonu Çatax kənd sakini xx.xx.2010-cu il təvəllüdlü X11 həqiqətən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü tarixədək Qazax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə stasionar müalicə almış, müalicə aldığı dövrdə anası X7 onun yanında qalmış və zərflər paketinə uyğun olaraq hər qaldığı günə 12 (on iki) manat olmaqla, cəmi 144 manat pulu xəstəxananın xəzinəsinə ödəmişdir. Arayışın tarixindən müəyyən olunur ki, həmin sübutun birinci instansiya məhkəməsinə təqdim edilməsi mümkün olmadığından apellyasiya icraatında təqdim edilmişdir.
41. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə görə, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində və ya mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusu - delikt isə, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.
42. İddiaçı apellyasiya şikayətində ümumilikdə uzun müddət ərzində oğlunun müalicəsinə 15.000 min manat xərc çəkməsini iddia etsə də, bu halı təsdiq edəcək dəlilləri məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi yalnız iddiaçı tərəfindən təqdim edilmiş sübutları qiymətləndirmişdir. Kollegiya qeyd edir ki, sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından, «mənəvi zərər anlayışı» insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, «….Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır…»
44. “Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 8-ci bəndinə əsasən izah olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
45. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəsini almış hökm üzrə müəyyən olunur ki, Cavabdeh təqsirinə görə X3 bud sümüyünün 1/3 hissəsinin yerdəyişməli sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almışdır. İddiaçının oğlunun ayağının sınması nəticəsində onun hərəkətinin məhdudluğu iddiaçını bir ata kimi sarsıtmışdır. Onun gözü qarşısında oğlunun yataqda olması, tədris prosesindən ayrılması, həmyaşıdlarından geri qalması mənəvi iztirab yaşamasına səbəb olmuşdur. Zərər vuran şəxsin təqsiri müəyyən edildiyindən iddianı mənəvi zərər hissəsində təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Lakin kollegiya X1 uzun müddətə pozulmasını, stasionar müalicə almasını müayinə üçün Bakı şəhərinə getməsi və digər bu kimi halları nəzərə alaraq hesab edir ki, cavabdehdən mənəvi ziyana görə 1.000 (bir min) manat məbləğdə pulun alınaraq, İddiaçı verilməsi məqsədəmüvafiq və ədalətli olar.
46. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə, qanuni qərar qəbul etsə də, qəbul etdiyi yekun məhkəmə aktını işin faktiki hallarına münasibətdə kifayət qədər əsaslandırmamışdır. Qanunvericiliyin mənasına görə, qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 6.2-ci maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməli, qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutlar rədd və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-2624/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 403,08 (dörd yüz üç manat səkkiz qəpik) manat, mənəvi ziyana görə 1.000 (bir min) manat məbləğdə pul alınaraq, İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Tovuz Rayon Məhkəməsinin 2(062)-2624/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-2624/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh vurulmuş maddi ziyana görə 259,08 (iki yüz əlli doqquz manat səkkiz qəpik) manat, mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğdə pul alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 403,08 (dörd yüz üç manat səkkiz qəpik) manat, mənəvi ziyana görə 1.000 (bir min) manat məbləğdə pul alınaraq, İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təmin olunmayan hissədə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.