Məhkəmə qərarları › İş №2(104)-1223/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1223/2025

28.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1223/2025 28.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ Açar sözlər: pul tələbi Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)- 1105/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən, X3 mülkiyyətində olan Daşkəsən rayonu, Zağalı kəndində 0.02 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 64.70 kv.m olan fərdi yaşayış evini Cavabdeh 17.000 manata satmışdır.

2. Cavabdeh olan Daşkəsən rayonu, Zağalı kəndində 0.02 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 64.70 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış və adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 55630 (əlli beş min altı yüz otuz) manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh adına Daşkəsən rayonu, Zağalı kəndində əmlak alınmışdır. Əmlak alınan vaxt müqavilə üzrə 17000 manat və əlavə 5000 manat pul vəsaitini iddiaçı vermişdir. Ev təmirsiz vəziyyətdə və içərisində heç bir əşya, elektrik avadanlığı olmamışdır. Həmin evi tam təmir etdirib, yataq, qonaq, mətbəx, elektrik avadanlıqları, qab-qacaq və tam yaşayış üçün digər əşyalar alınmışdır. İddiaçı tərəfindən maliyyələşdirilmə nəticəsində evin dəyəri əhəmiyyətli dərəcədə artmışdır. Əmlakın təmir olunması (otaqlar, hamam və tualet sıfırdan təmir edilmiş) və müasir mebel, qab-qacaq, televizor, soyuducu və digər texnika alınması üçün 20000 manat pul xərclənmişdir. Cavabdeh iddiaçının pulunu hissə-hissə xırda məbləğlərlə qaytarmağa başlasa da, hər dəfə qalıq borcun qaytarılması vaxtını uzadıb iddiaçıdan möhlət alır. Yekun olaraq 2026-cı ilin sonuna qaytarmalıdır. Lakin iddiaçının vəsaiti hesabına alınmış və təmir edilmiş evi iddiaçının xəbəri olmadan cavabdeh X7 filialından girov qoyaraq kredit götürmüşdür. Həmin ev alınıb təmir ediləndən və yaşayış üçün bütün mebel və elektrik avadanlıqları alınan zaman cavabdehlə belə razılığa gəliblər ki, əgər həmin evi satmaq, girov qoymaq və ya başqa formada özgəninkiləşdirmə qərarına gəlsə əvvəlcədən iddiaçının borcunu qaytarır və yalnız bundan sonra iddiaçı aldığı evi özgəninkiləşdirə və ya girov qoya bilər. Cavabdeh mübahisəli evi girova qoyub Bankdan borc pul almışdır, borc öhdəliyini icra edə bilmədiyindən iddiaçı öz vəsaiti hesabına xx.xx.2023-cü il tarixdə 1570 manat, tarixdə xx.xx.2024-cü il tarixdə 1520 manat, xx.xx.2023-cü il tarixdə 1520 manat, xx.xx.2024-cü il tarixdə 1520 manat, tarixdə xx.xx.2024-cü il tarixdə 1500 manat, xx.xx.2024-cü il tarixdə 4400 manat və xx.xx.2024- cü il tarixdə 3600 manat kredit borcu ev hərracda satılmasın deyə atası Zöhrab Hüseynovun vasitəsi ilə ödənilmişdir. Cavabdehin kredit borcunu ödəyən zaman cavabdehlə razılığa gəlmişlər ki, kredit borcunu iddiaçı bu şərtlə ödəyir ki, yekunda əmlakı cavabdeh iddiaçının adına rəsmiləşdirəcək. Kredit borcundan 15630 manat məbləğlərdə ödəniş etdikdən sonra cavabdeh evi iddiaçının adına rəsmiləşdirmək fikrindən daşındığı bəyan etdiyi üçün iddiaçı kredit borcunun ödənilməsini dayandırmışdır. Bu faktı məhkəmə iclasına dəvət ediləcək şahidlər sübut edə bilər. Evin təmirinə pulu iddiaçının Zöhrab Hüseynov vasitəsi ilə xərclədiyini evdə işləyən ustalar və digər şəxslər məhkəmə iclasında şahid qismində çıxış edərək təsdiq edə bilər.

5. Məhkəmənin əvvəlki iclaslarında iddiaçının etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə1 Fərhad oğlu iştirak etmiş, təmsil etdiyi iddiaçının irəli sürdüyü iddianı müdafiə etmiş və iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun olan izahat vermiş və şahidlərin məhkəmədə dindirilməsi üçün işin məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. İşin məhkəmədə baxılması onun xahişinə əsasən 01 aprel 2025-ci il tarixə saat təxirə salınmışdır. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə1 Fərhad oğlu məhkəməyə gəlməmişlər. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə1 Fərhad oğlu məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin baxılmamış saxlanmasını, ərizənin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh ona qarşı irəli sürülən iddiaya etiraz edərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçının irəli sürdüyü iddia tam əsassızdır. Belə ki onun mülkiyyətində olan Daşkəsən rayonu, Zağalı kəndində yerləşən həmin evin alınması üçün, təmiri üçün və evin məişət əşyaları ilə təchiz edilməsi üçün iddiaçı ona heç vaxt pul verməmiş və heç bir xərc çəkməmişdir. Götürülmüş krediti də o, özü ödəmişdir. İddiaçının irəli sürdüyü iddia ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. Məhkəmədə cavabdehin etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə2 iştirak etmiş, iddianın əsassız olduğunu bildirmiş, məhkəmənin sonuncu iclasında iddianın baxılmamış saxlanılmasına etiraz etmiş, işin mahiyyəti üzrə həll olunmasını tələb edərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1105/2025 nömrəli qətnaməsi (hakim Ədil Məmmədov) ilə, iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

9. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmənin qənaətincə, iddianın sübuta yetirilmiş sayılması üçün iddiaçının məhkəməyə bildirdiklərini təsdiq edə bilən, işlə əlaqəli olan başqa sübutlar da məhkəməyə təqdim edilməlidir ki, iddiaçı bununla bağlı məhkəməyə başqa heç bir sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia mötəbər sübutlarla sübuta yetirilmədiyindən təmin edilməməlidir.

10. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 106.1, 119.1, 216-220, 357 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

11. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəməyə iddia ərizəsinə əlavə edilmiş sənədlərlə, ödəniş qəbzləri, bank çıxarışları və şahidlərin dindirilməsi üçün vəsatət təqdim edilmişdir. Lakin, məhkəmə təqdim olunmuş sübutları tam araşdırmadan, yalnız cavabdehin izahatı əsasında iddianı əsassız hesab etmiş və rədd etmişdir. Eyni zamanda onlar ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmamış saxlanılmasını xahiş etmiş etdikləri üçün həmin iclasa şahidlərin iştirakını məhkəmədə təmin etməmişlər. Lakin məhkəmə ərizəni nəzərə almamış nə də ki, iclası başqa vaxtda yəni işin davam etdirilməsi əsası ilə şahidlərin iştirakını təmin edilməsi üçün təyin etməmişdir. Göründüyü kimi qətnamə bir tərəfli qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmişlər. İddiaçının vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təyin edildiyi vaxta yaxın vaxtlarda təyin edilmiş digər məhkəmə iclaslarının olduğunu, məhkəmə iclasında ondan asılı olmayan səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, cavabdeh tərəf bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı tərəf məhkəmə iclasında iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə sübut təqdim etmədiyindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır.

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

23. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

31. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1105/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, işin halları ondan ibarətdir ki, Cavabdeh xüsusi mülkiyyətində Daşkəsən rayonu, Zağalı kəndində əmlak mövcuddur və o, həmin əmlakı alğı-satqı müqaviləsinə əsasən satın almışdır. İddiaçı həmin əmlak alınan vaxt müqavilə üzrə 17.000 manat və əlavə 5.000 manat pul vəsaitini, əmlakın təmir edilməsinə və əşyaların alınmasına 20000 manat pul xərclədiyini, eyni zamanda müxtəlif vaxtlarda cavabdehin kredit borcunu ödəmişdir.

34. Məhkəmə sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur.

35. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

36. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

37. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

38. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

39. Qeyd olunan mübahissədə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdehlər sübut etməlidir.

40. İddiaçı tərəfindən irəli sürülmüş pul tələbinin sübuta yetirilmədiyi nəticəsinə birinci instansiya məhkəməsi tərəfindən düzgün gəlinmişdir. Belə ki, iddiaçı cavabdehlə aralarındakı maliyyə münasibətlərini təsdiq edən heç bir yazılı sübut təqdim etməmiş, yalnız izahat və ümumi bəyanatlarla kifayətlənmişdir.

41. İddiaçının təqdim etdiyi izahatlar və ödəniş tarixləri sübuta yetirilmiş müqavilə, öhdəlik və ya tərəflərarası yazılı razılaşma ilə dəstəklənməmişdir. Bu səbəbdən, həmin ödənişlərin hüquqi əsaslı tələbi formalaşdırdığı qənaətinə gəlmək mümkün olmamışdır.

42. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alğı-satqı müqaviləsi üzrə daşınmaz əmlak — Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0.02 ha torpaq sahəsində tikilmiş 64.70 kv.m sahəyə malik fərdi yaşayış evi — X3 tərəfindən Cavabdeh satılmışdır. Müqavilənin tərəfləri sırasında İddiaçı adı qeyd olunmamışdır.

43. Qeyd olunmalıdır ki, mülkiyyət hüququ yalnız mülkiyyətçinin əmlak üzərində sərəncam verməsi ilə və əqdin tərəfləri arasında bağlanması nəticəsində keçir. Mülkiyyət hüququ və digər əşya hüquqları qanuna, habelə əqdə uyğun olaraq əmlakın bir şəxsdən digər şəxsə verilməsi ilə keçir.

44. Bu baxımdan, alğı-satqı müqaviləsi yalnız onun tərəfi olmuş şəxslər – satıcı və alıcı üçün hüquq və öhdəliklər yaradır. Cavabdeh daşınmaz əmlakın alğı-satqı müqaviləsində alıcı kimi çıxış etdiyindən, mülkiyyət hüququ məhz onun adına qeydə alınmışdır.

45. İddiaçının bu əmlakın alınması üçün vəsait verdiyi və təmir etdirdiyi barədə iddiası olsa da, alğı-satqı hüquqi münasibətində onun iştirakını təsdiqləyən hər hansı sənəd təqdim edilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf iddia etdiyi hüquqi faktı sübuta yetirməlidir.

46. Məkhəmə qeyd edir ki, iddiaçının bu əmlakın alınması üçün vəsait verdiyi və təmir etdirdiyi barədə iddiası olsa da, alğı-satqı hüquqi münasibətində onun iştirakını təsdiqləyən hər hansı sübuit təqdim edilməmişdir. Əgər, iddiaçı evin alınması üçün vəsait verdiyini bildirirsə belə, bu vəsaitin verilmə formasını və hüquqi niyyətini (borc, hədiyyə, investisiya, qarşılıqlı razılaşma və s.) sübuta yetirməsi zəruridir. Lakin, mövcud mülki iş materiallarında bu barədə müqavilə, razılaşma və ya digər yazılı sübutlar təqdim edilməmiş və cavabdeh bu halların mövcudluğunu qəbul etmir.

47. Bundan başqa iddiaçı cavabdehin kredit borcuna görə pul vəsaiti ödədiyini iddia edir və ödəniş qəbzlərini təqdim edir.

48. Təqdim edilmiş M10 vasitəsi ilə ödənişə dair xx.xx.2024-cü il tarixli qəbzlə kredit ödənişi təyinatı (H**** S**** Z***8) ilə 3600 manat ödəniş edilsə də qəbzdə ödəyicinin adı mövcud deyildir. Digər M10 vasitəsi ilə ödənişə dair xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli qəbzlərlə 1500, 1520, 1520, 1520 və 1570 manat X4 tərəfindən ödənildiyi göstərilmişdir.

49. Qeyd edilən qəbzlərdə ödəyici və müştəri olaraq X2 adı qeyd edilmiş və qəbzlərdə köçürmənin hansı məqsədlərlə və kimə köçürüldüyünə dair məlumat mövcud deyildir.

50. Qeyd edilən qəbzlərlə ödənilən vəsait cavabdehin hesabına ödənilmiş olsa belə həmin pulun tələb edilməsi üçün iddiaçının deyil X1 hüququ vardır.

51. Eyni zamanda, apellyatorun şikayətin dəlillərində şahidlərin dindirilməsi və ifadələrinə qiymət verilməməsi barədə dəlilini məhkəmə əsassız hesab edir. Belə ki, iş materiallarında şahidlərin dəvət edilməsi ilə bağlı iddiaçı tərəfin vəsaitəti olsa da həmin şahidlər iddiaçı tərəfindən dindirilmək üçün məhkəməyə təqdim olunmamışlar ki, sübut növü olan şahid ifadələrinin alınması üçün şahidi məhkəməyə gətirmək məhkəmənin deyil şahidin ifadəsinin alınmasını arzu edən tərəfin vəzifəsidir.

52. Belə ki, sübutlar məhkəməyə məhkəmə icraatının iştirakçıları tərəfindən təqdim edilir və məhkəmə tərəfindən sübutlar Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirilir.

53. Bundan başqa iddia tərəf sonuncu məhkəmə iclasında iştirak etməmiş və nümayəndəsi tərəfindən iddianın baxılmamış saxlanılması barədə ərizə təqdim olunmuşdur. Bu isə tərəfin sübut təqdim etmək imkanından könüllü şəkildə imtina etməsi kimi qiymətləndirilir.

54. İddia ərizəsinin baxılmamış saxlanılmalı olmasına dair iddia tərəfin dəlillərinə münasibətdə Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə istinadən qeyd olunmalıdır ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır.

55. İddiaçının iddanın baxılmamış saxlanılması barədə məhkəməyə müraciəti olsa da cavabdeh tərəf iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb etmiş və birinci instansiyası məhkəməsi haqlı olaraq iddiaya mahiyyəti üzrə baxmış və prosessual pozuntuya yol verməmişdir.

56. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

57. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1105/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar