Məhkəmə qərarları › İş №2(104)-1254/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1254/2024

03.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1254/2024 03.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi ziyanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərər tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-38/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Gəncə Avtomoservis və Ticarət Müəssisəsi” tərəfindən verilmiş qüsur aktından görünür ki, “Toyota Prado” markalı, **-CM-*** dövlət qediyyat nişanlı avtomobilə dəymiş ziyan 7345 manat məbləğində hesablanmışdır.

2. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işininin başlanması rədd edilmiş, sürücü Cavabdeh, X5 Qanununun tələbləri pozuluduğundan onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir.

3. Gəncə Hərbi Məhkəməsinin 3-1(095)-235/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2024-cü il tarixli 3-16-16/2-9/9842/2023 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə Azərbaycan Respublikası Gəncə Aftomoservis və Ticarət Müəssisəsi”-nin qüsur aktında olan məlumatlara əsasən 2008-ci il buraxılışlı, “Toyota Prado” minik markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə dəymiş ziyanın məbləği təxminən 5739,00 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı dəymiş zərər tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2345 manat pulun və ödənilmiş 44 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyət hüququ əsasında ona məxsus olan “Toyota Prado” minik markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 18 fevral 2023-cü il tarixdə Gəncə şəhəri, “Qoşa qala Qapısı” adlanan tikilinin bərabərliyində hərəkətdə olarkən Cavabdeh idarə etdiyi “Opel Astra” minik markalı **-DO- *** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuş və nəticədə onun avtomobili aşaraq sol tərəfi ciddi şəkildə zərər görmüşdür. Həmin qəza “Opel Astra” minik markalı **-DO-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsiri üzündən baş vermiş və o, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək araşdırılması üçün Gəncə şəhər baş Polis İdarəsinə göndərilmişdir. Təqsirli olduğunu izahatında da etiraf etmişdir (cinayət işinin rədd edilməsi barədə qərar əlavə edilir). Sözügedən avtoqəza nəticəsində ona 7345 manat məbləğində zərər dəymiş, həmin zərərin 5000 manatı "xxxx" ASC tərəfindən ödənilsə də, yerdə qalan 2345 manat məbləğində pul hələ də ödənilməmişdir. Həmin 2345 manat məbləğində pulun ödənilməsini Cavabdeh istəsə də, o, hazırda pulunun olmamasını bildirmişdir. Belə ki, hadisə nəticəsində ona məxsus avtomobilə dəymiş zərərin məbləği işin mübahisəsiz halıdır, bu zərər polis tərəfindən təyin edilmiş qiymətləndirici “Gəncə Avtomoservis və Ticarət Müəssisəsi” tərəfindən verilmiş Qüsur Aktı ilə təsdiq edilir.

7. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-38/2024nömrəli qətnaməsi (hakim Taleh Mustafayev) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh maddi zərərin əvəzi kimi 739 (yeddi yüz otuz doqquz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməsi, ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat vəsaitin 31 (otuz bir) manat hissəsi İddiaçı, 69 (altmış doqquz) manat hissəsi isə Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 385.1, 1096.1, 1097.1, 1108.1 və 1115-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-38/2024 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iddianı qismən təmin edərkən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi sübut kimi qəbul etmişdir. Ancaq, mübahisənin məğzinə diqqət yetirməmişdir. Bildirir ki, mülkiyyətində “Opel Astra” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı minik avtomobili var. O 18 fevral 2023-cü il tarixdə idarə etdiyi “Opel Astra” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri istiqamətində, Gəncə şəhəri “Qoşa qala Qapısı”nın qarşısında hərəkətdə olarkən həmin vaxt mənimlə eyni istiqamətdə hərəkətdə olan və yolun sağ hissəsində məndən öndə hərəkətdə olan İddiaçı idarə etdiyi “Toyota Prado” markalı, ** CM *** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qəflətən dönmə işığından istifadə etmədən sola dönərək qəza şəraiti yaratdı və mən idarə etdiyim avtomobillə sonuncuya məxsus avtomobili arxa sol hissəsindən vurdum, sonuncuya məxsus avtomobil aşdı, eyni zamanda da mənə məxsus avtomobil tam olaraq yararsız vəziyyətə düşdü. Hadisə nəticəsində onun avtomobili də yararsız hala düşməklə ona da xeyli miqdarda maddi ziyan dəyib. Məhkəmə bunları nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, onun mülkiyyətində “Opel Astra” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı minik avtomobili var. O 18 fevral 2023-cü il tarixdə idarə etdiyi “Opel Astra” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri istiqamətində, Gəncə şəhəri “Qoşa qala Qapısı”nın qarşısında hərəkətdə olarkən həmin vaxt onunla eyni istiqamətdə hərəkətdə olan və yolun sağ hissəsində ondan öndə hərəkətdə olan İddiaçı idarə etdiyi “Toyota Prado” markalı, ** CM *** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qəflətən dönmə işığından istifadə etmədən sola dönərək qəza şəraiti yaratdı və o idarə etdiyi avtomobillə sonuncuya məxsus avtomobili arxa sol hissəsindən vurmuş, sonuncuya məxsus avtomobil aşmışdır. Eyni zamanda da ona məxsus avtomobil tam olaraq yararsız vəziyyətə düşmüşdür. Hadisə nəticəsində onun avtomobili də yararsız hala düşməklə ona da xeyli miqdarda maddi ziyan dəymişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir.

13. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

20. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir

26. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

29. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

36. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin yalnız iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissələr üzrə yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

38. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-38/2024 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş - hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

40. Beləliklə, işin halları ondan ibarətdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında istifadəsində olduğu “Opel Astra” minik markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Gəncə şəhərinə doğru gedərkən qarşısında Gəncə şəhəri “Qoşa qala Qapısı” adlanan tikilinin bərabərliyində hərəkətdə olan “Toyota Prado” markalı, **-CM-*** dövlət qediyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Cavabdeh Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. Nəticədə iddiaçının avtomobilinə ziyan dəymişdir.

41. İş materiallarından göründüyü kimi, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir.

42. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

43. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

44. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

45. Bundan başqa, Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.

46. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur.

47. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

48. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır. Çünki, iddiaçıya məxsus “Toyota Prado” minik markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh tərəfindən ziyan yetirilməsi iş materialları ilə təsdiqin tapır. Həmçinin, cavabdeh tərəf də iddiaçıya məxsus əmlaka ziyan vurmasını etiraf edir.

49. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb.

50. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.

51. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

52. Məhkəmə kollegiyası həmçinin göstərir ki, dəymiş ziyan məbləği birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyinə uyğun olaraq müəyyən edilmişdir. Rəyə diqqət yetirilən zaman isə rəyin əsassızlığa görə sübut kimi qəbulundan imtina edilməsini istisna edən hər hansı hal müəyyən edilmir.

53. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

56. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil.

58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş - hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

59. Eyni zamanda məhkəmə kollegiyası izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-38/2024 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş - hissəsində dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar