Məhkəmə qərarları › İş №2(104)-1257/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1257/2023

28.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1257/2023 28.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(125)-2312/2023 nömrəli qərardadından iddiaçının nümayəndəsi X1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borcunu könüllü ödəmədiyinə görə ondan 397,20 manat məbləğində pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun alınaraq “Azəriqaz” İstehsalat Birliyinin ABB Sabunçu filialı, Kod 805573, VÖEN ********** M/H AZ03NABZ******************** SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEB**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(125)-2312/2023 nömrəli qərardadı ilə (hakim Zaman İmanov) Azərbaycan Respublikasının MPM-in 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan iddiaçının nümayəndəsi X1 şikayət verərək qərardadın ləğv edilməsi, işin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya 2022-ci ilin oktyabr ayınadək Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Gəc zavoduna gedən yolda yerləşən fərdi yaşayış evində sayğac üzrə təbii qazdan istifadə nəticəsində 397.20 manat debitor yaranmışdır. Tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AKK-03542xx/xx/2021 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə Gəncə şəhərində bağlanılmaqla icra edildiyi yer Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Gəc zavoduna gedən yolda yerləşən fərdi yaşayış evi göstərilmişdir. Gəncə şəhər Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(125)-2312/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və iş üzrə Gəncə şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(125)-2312/2023 nömrəli və 30 mart 2023-cü il tarixli 2(125)-2312/2023 nömrəli qərardadları ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün mülki iş Gəncə şəhər Məhkəməsinə qaytarılmalıdır. Belə ki, işin halları ondan ibarətdir ki, iddia ərizəsini ona əlavə edilən sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qənaətinə gələn birinci instansiya məhkəməsi ona istinad etmişdir ki, AZEMİS - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan məlumatlardan və eyni zamanda iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh Məmmədov X2 rayonu, Sarıcalı kəndində qeydiyyatdadır. Bununla da müəyyən olunur ki, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməmişdir. Şikayətin dəlilləri isə ondan ibarətdir ki, birinci instansiya məhkəməsi qazın alqısatqısı barədə müqavilənin Gəncə şəhərində bağlanılmaqla icra edildiyi yerin Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Gəc zavoduna gedən yolda yerləşən fərdi yaşayış evi olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş üzrə tərəflər arasında olan hüquq münasibətlərinin xarakteri müqavilə öhdəliklərindən əmələ gələn münasibətlərdir. Qanunun tələblərinə əsasən, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar üzrə mübahisənin aidiyyəti iddiaçının seçim aidiyyəti hüququna uyğun olaraq müəyyən edilir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Azərbaycan Respublikasının MPM-in 398.0.2-ci maddəsinə əsasən Apellyasiya İnstansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-in 399-cu maddəsinə əsasən Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli və iş üzrə Gəncə şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(125)-2312/2023 nömrəli və 30 mart 2023-cü il tarixli 2(125)-2312/2023 nömrəli qərardadları ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün mülki iş Gəncə şəhər Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 396, 398.0.2, 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Qəraraaldi: Şikayət təmin edilsin. Gəncə şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(125)-2312/2023 nömrəli və onun əsasında çıxarılmış 30 mart 2023-cü il tarixli 2(125)-2312/2023 nömrəli qərardad ləğv edilsin. İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsinin icraata götürülməsi və baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar