Məhkəmə qərarları › İş №2(104)-1259/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1259/2024

08.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1259/2024 08.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X1 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Ağazadə (Məhərrəmova) Nərmin Asif qızı və Cavabdeh1 qarşı maddi və manəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli 2(013)-235/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Ağazadə (Məhərrəmova) Nərmin Asif qızı və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən ona məxsus **-FX-*** dövlət qeydiyyat nişanlı “Nissan X-Terra” markalı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 6130 manat, maddi və mənəvi zərərin qarşılığı qismində 20000 manat (avtomobilin bazar qiymətinə təxminən 10000 manat təsir edilməsi üçün), 168.39 manat dövlət rüsumu olmaqla, ümumilikdə 26298.39 manat müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli 2(013)-235/2024 nömrəli qətnaməsi ilə (hakim R. Məmmədov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 iddiaçıya məxsus “Nissan X-Terra” markalı 90-FX- 080 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən 4360.0 manat maddi ziyan, 400.0 manat mənəvi ziyan olmaqla, cəmi 4760.0 manat və 38.0 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi; İş üzrə ödənilmiş 168.39 manat dövlət rüsumunun qalan 130.39 manat hissəsi İddiaçı özünə aid edilməsi; İddia tələbinin qalan hissələrdə və cavabdeh Ağazadə (Məhərrəmova) Nərmin Asif qızına aid hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı iddia tələbinin təmin edilməməsi hissədə qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasında iştirak edən İddiaçı vəkili Nümayəndə bildirmışdır ki, tərəflər barışıq əldə etmişlər. Ona görə də iddiaçı iddia tələbindən imtina etmiş və məhkəmə kollegiyasına ərizə göndərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiadan imtina barədə ərizəni iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, iddiaçının ddiadan imtinası qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47-ci və 52.1. maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.1. maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1. maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2. maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 261.0.4. maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1. maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki Prosessual Məcəllənin 52-ci maddəsində iddiaçının iddiadan imtina etməsi dedikdə, iddiaçının cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiadan imtinanın motivlərini qiymətləndirmir, lakin o, imtinanın qanuniliyini qiymətləndirməli və bu zaman imtinanın azad iradə ifadəsi nəticəsində baş vermədiyini (məsələn, iddiaçı bunu cavabdeh tərəfindən hədələndiyinə görə etdikdə və s.) aşkar etdikdə imtinanı qəbul etməməlidir. Bununla belə, iddiaçı iddiadan imtina barədə ərizəsində imtinanın səbəblərini, motivlərini göstərməyə borclu deyildir. Məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. İddiadan imtina edilməsinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir. Yuxarıda qeyd olunanlar nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ddiadan imtinası qanunvericiliyin tələbinə uyğundur, eləcə də iddiadan imtina digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinə toxunmur. Belə olduğu təqdirdə iddiadan imtina qəbul edilməli, Ağdam Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli 2(013)-235/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 119, 122, 191, 261.0.4, 263-264, 370, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Ağdam Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli 2(013)-235/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı cavabdehlər Ağazadə (Məhərrəmova) Nərmin Asif qızı və Cavabdeh1 qarşı maddi və manəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar