Məhkəmə qərarları › İş №2(104)-13/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-13/2024

24.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-13/2024 24.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli 2(062)-1364/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Tovuz Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli 2(062)-1364/2018 nömrəli (hakim N.Mustafayev) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarına əsasən X9 və ailə üzvlərinə Tovuz rayonu Xatınlı kəndi ərazisindən verilmiş 1,09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh qanunsuz müdaxiləsinə son qoyulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2021-ci il tarixli 2(104)-83/2021 nömrəli qətnaməsi ilə (hakimlər R.Muradov-sədrlik edən və məruzəçi, F.Mehtiyev və A.Hüseynzadə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Tovuz Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli 2(062)- 1364/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiasının qismən təmin edilməsi, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə Tovuz rayonu Xatınlı kəndində 1,09 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş torpaq sahəsinin 45 kv.m (mülk nömrəsi 0041 sahəsi 2295,17 kv.m) hissəsindən istifadələrinə Cavabdeh tərəfindən yaradılmış qanunsuz müdaxilənin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev-sədrlik edən, Ə.Əhmədov və V.Həsənov) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-83/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu, Xatınlı kəndinin Kür çayı yaxınlığında yerləşən, Tovuz Rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə ona ayrılmış 41№-li torpaq sahəsindən istifadə etməsinə maneə yaradan cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz Rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə Tovuz rayonu Xatınlı kəndi ərazısindən ayrılmış, JN-0041 saylı dövlət aktı ilə onların adına qeydiyyata alınmış 1.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində bağ salmışlar və Bakı şəhərində yaşadıqlarından bağa qulluq göstərməsini torpaq qonşusu mərhum X7 xahiş etmişlər. Şükür Həsənov vəfat etdikdən sonra isə sonuncunun arvadı Cavabdeh müxtəlif yollarla onlara məxsus torpaq sahəsinə qanunsuz müdaxilələr etmiş, Hazırda da həmin bağa qulluq göstərən şəxslərə qulluq göstərmələrinə imkan vermir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, iddiaçının ərizəsində qeyd etdiyi torpaq sahəsi onun istifadəsində olan torpaq sahəsi ilə həmsərhəd deyil. Ayrıca o və mərhum əri X16 “Kür qırağı” deyilən yerdə yerləşən və onlara məxsus olan meyvə bağında illərlə işləmiş və istifadə etmişlər. Nə o, nə də mərhum əri iddiaçının torpaq sahəsinə girməmişlər. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etdil Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlilləri ilə bağlı tərəfləri dinləyib, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun araşdırma apararaq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-0041 KOD 50300188 nömrəli dövlət aktının surətindən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə X13, İddiaçı, X14, X15 və X2 təsərrüfatı məhsulları istehsalı üçün Tovuz rayonu Xatınlı kəndində yerləşən 1,09 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-186 KOD 50300188 nömrəli dövlət aktının surətindən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə X16 və X1 təsərrüfatı məhsulları istehsalı üçün Tovuz rayonu Xatınlı kəndində yerləşən 0,44 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Əmlak Məsələləsi Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Tovuz rayonu Xatınlı kəndinin yerquruluşu planında natura ilə kəskin uyğunsuzluq və konfiqurasiya fərqləri mövcud olduğundan həmin yaşayış məntəqəsinin ərazisində vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinin sənədləri ilə faktiki vəziyyəti arasında kəskin fərqlər var. Bu səbəbdən mübahisəli torpaq sahələrinin naturada üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan X5 tərəfindən verilmiş 21 may 2021-ci il tarixli, 90 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə X13 və ailə üzvlərinə Tovuz rayonu Xatınlı kəndində 1,09 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş torpaq sahəsinin 45 kv.m (mülk nömrəsi 0041 sahəsi 2295,17 kv.m) ərazisi, Cavabdeh faktiki istifadəsi kimi təqdim etdiyi 0,67 ha torpaq sahəsi ilə üst-üstə düşür. Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə X13 və ailə üzvlərinə Tovuz rayonu Xatınlı kəndində 1,09 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş torpaq sahəsinin 45 kv.m (mülk nömrəsi 0041 sahəsi 2295,17 kv.m) ərazisinin sərhədə alınaraq həmin ərazidən istifadə olunmasına maneə törədildiyi müəyyən edilir. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq hazırkı iş üzrə obyektiv qərarın qəbul edilməsi üçün ekspertizanın keçirilməsini zəruri hesab etmiş və 12.10 2022-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edərək Ekspertizanın aparılmasını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertiza qarşısında cavablandırılması üçün beş sual qoyulmuşdur. Məhkəməyə daxil olmuş Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin xx.xx.2023-cü il tarixli 10/5122 saylı rəyində göstərilir ki, mütəxəssis tərəfindən qərardadda təqdim olunmuş birinci-dördüncü suallar cavablandırılmadığından, mübahisəli torpaq sahəsinin yerində hüdudlarının müəyyən edilməsi və torpaq sahəsinin üst-üstə düşübdüşməməsinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Beşinci sual üzrə X6 X11 əsasən X10 verilmiş pay torpaq sahəsinin, Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsi ilə üst-üstə düşməiyi müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Bundan sonra yenidən ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Saləddin Tağıyevin tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 3-21-3-37/2-1762/2024 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin bir hissəsi Xatınlı kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən X10 və ailə üzvlərinə verilmiş JN- 0041 saylı Dövlət Aktında olan 41Q hissəsind ə olan torpaq sahəsi ilə üst-üstə düşməsinə baxmayaraq Xatınlı kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsi ilə faktiki istifadə vəziyyəti arasında konfiqurasiya uyğunsuzluğu vardır. Bu uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli fərmanı vardır. Həmin fərmana əsasən torpaq sahəslərinin faktiki istifadə vəziyyətinə uyğun hazırlanmış X8 X11 (TEKUİS) əsasən X10 və ailə üzvlərinə verilmiş pay torpaq sahəsi ilə Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsi ilə üst- üstə düşmə halı yoxdur. Belə ki, faktiki istifadə vəziyyətinə uyğun hazrılanmış TEKUİS məlumat bazasında JN-41 saylı Dövlət Aktında göstərilmiş torpaq sahəsi öz əksini tapmışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanın 2.5-ci bəndinə uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan müikiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədin verilməsi təmin ediləcəkdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Tovuz Rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvlərinə Tovuz rayonu Xatınlı kəndi ərazisindən ayrılmış, JN-0041 saylı dövlət aktı ilə onların adına qeydiyyata alınmış 1.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində bağ salmışlar. İddiaçı ona məxsus torpaq sahəsindən istifadə etməsinə, salınmış bağa qulluq edilməsinə Cavabdeh tərəfindən imkan verilmədiyini göstərsə də məhkəmə araşdırması nəticəsində, o cümlədən təyin olunmuş məhkəmə ekspertizasının rəyi ilə həmin xüsusat təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, iş materialları əsasında müəyyən edilmişdir ki, Tovuz Rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarına əsasən, X10 və ailə üzvlərinə Tovuz rayonu Xatınlı kəndi ərazisində verilmiş 1.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdeh qanunsuz müdaxilə etməklə torpaq sahəsi üzərində mülkiyyətçilərin mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə yaradır. Buna görə də Tovuz Rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarına əsasən, X13 və ailə üzvlərinə Tovuz rayonu Xatınlı kəndi ərazisində 1.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdehin qanunsuz müdaxiləsinə son qoyulmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Azərbaycan Respublikasının Tоrpаq Мəcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında tоrpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir: Orada deyilir - “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları və təyin edilmiş məhkəmə ekspertizalarının rəyi ilə Cavabdeh tərəfindən İddiaçı məxsus torpaq sahəsinə hər hansı müdaxilənin edilməsi təsdiqini tapmır Beləliklə də kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, şikayətin dəlilləri əsaslıdır və birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.2, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli 2(062)-1364/2018 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar