Məhkəmə qərarları › İş №2(104)-1302/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1302/2024

02.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1302/2024 02.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qanunsuz müdaxiləyə son qoyulması» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-558/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tovuz rayon məhkəməsinin 2(062)-2004/2019 saylı 14 oktyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh və X1 yaşadığı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

2. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları pozulmuşdur.

3. İddiaçı Tariyel qızının "xxxx" Lahiyə İnşaat QSC-yə ünvanladığı ərizədən görünür ki, iddiaçı öz hesabına mübahisə olunan fərdi yaşayış evinin qazlaşdırılmasını və abunəçi kodunun açılmasını xahiş etmişdir və işdə bu barədə də mövcud qaz kəmərinin birləşmə sxemi tərtib edilmiş və həmin sxem X6 QSC-nin nümayəndəsi və iddiaçı tərəfindən təsdiq edilmişdir.

4. İş materiallarına əlavə edilmiş Sorğu Blankının surətindən görünür ki, İddiaçı Tovuz rayonu, Eyyublu kəndində yerləşən yaşayış evinə qaz xəttinin çəkilərək sayğac quraşdırılması üçün "xxxx" QSC-yə müraciət etmiş və mövcud qqaz kəmərinin birləşmə sxemi tərtib edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq mülkiyyətində olan Tovuz rayon Əyyublu kəndində yerləşən onun və cavabdehin istifadəsində olan fərdi yaşayış evinə qaz və işıq xəttinin çəkilməsi və qaz sayğacının quraşdırılması zamanı cavabdehin ona və qaz, işıq xəttini çəkən nümayəndələrə qarşı qanunsuz müdaxilələrinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 1991-ci ildə evlənib ailə qurmuş, nikahları da həmin vaxt qeydə alınmışdır. Evlənən gündən cavabdehin valideynlərinə məxsus evə köçmüşdür. Tovuz rayon məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2(062)-863/2018 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Sözügedən fərdi yaşayış evinə istifadə hüququ verilməklə həmin evə köçrülməsinə dair Tovuz rayon məhkəməsi 14 oktyabr 2019-cu il tarixli 2(062)-2004/2019 saylı qətnamə çıxarmışdır və həmin qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh köçürüldüyü fərdi yaşayış binasına gələn qaz, işıq xəttini ayırmaqla onu həmin xətlərdən istifadə etməyə imkan vermir və ona bildirir ki, özü üçün ayrıca sayğac alsın. Cavabdehin təkidi ilə ayrıca sayğac alsa da, sayğacın quraşdırılması üçün evə gələn işçiləri evdən qovmuş, sayğacın quraşdırılmasına icazə verməmişdir. Hazırda qış ayıdır, evdə yaşamaq üçün istilik sistemi və elektrik xətti yoxdur. Cavabdeh qaz, işıq xəttinin çəkilməsinə manelər yaradır. Ona görə də Tovuz rayonu Əyyublu kəndində yerləşən Cavabdeh və özünün istifadəsində olan fərdi yaşayış evinə qaz və işiq xəttinin çəkilməsi və qaz sayğacının quraşdırılması zamanı cavadehin ona və qaz, işıq xəttini çəkən nümayəndələrinə qarşı qanunsuz müdaxilələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-558/2024 saylı qətnaməsi ilə (Q.Baxşıyev) iddia təmin edilərək, Cavabdeh tərəfindən Tovuz rayon Əyyublu kəndində yerləşən, tərəflərin istifadəsində olan fərdi yaşayış evinə qaz və işıq xətlərinin çəkilməsi ilə bağlı maneələr aradan qaldırılması qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Cavabdeh ilə 1991-ci ildə evlənib ailə qurmuş, nikahları da həmin vaxt qeydə alınmışdır. Evlənən gündən iddiaçı cavadehin valideynlərinə məxsus Tovuz rayonu Əyyublu kəndində yerləşən evə köçmüşdür. Tovuz rayon məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2(062)-863/2018 saylı qətnaməsi ilə tərəflərin nikahları pozulmuşdur. Tovuz rayon məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehin yaşadığı fərdi yaşayış evinə köçrülməsi qərara alınmış, həmin qətnamə qanuni qüvvəsini almış və qətnamə icra olunmuşdur. İddia tələbindən və tərəflərin izahatından məlum olur ki, cavabdeh mübahisə olunan fərdi yaşayış binasına gələn qaz, işıq xəttini ayırmış, iddiaçını həmin xətlərdən istifadə etməyə imkan vermir. Qanuna müvafiq qaydada iddiaçı həmin evə sayğac quraşdırmaq istəsə də, cavabdeh sayğacın quraşdırılmasına da imkan verməmişdir. Məhkəmə hesab edir ki, mübahisə olunan fərdi yaşayış binasından iddiaçının istifadə hüquqları olduğundan onun qaz, işıq sayğaclarından istifadə hüquqları var. Cavabdeh tərəfindən iddiaçının qaz və işıqdan onun istifadə etmək hüquqlarını məhdudlaşdırmasını məhkəmə iddiaçının evdən istifadə hüquqlarının pozulması hesab edir. Hazırda qış fəslinin olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının qaz və işıqdan isifadəsinə müdaxilələrini qanunsuz hesab etməklə iddia tələbini qanuni hesab edir. Eyni zamanda məhkəmə cavabdehin göstərdiklərinə qiymət verərək hesab edir ki, iddiaçının istifadə hüququna xitam verilməsi məsələsinə Gəncə Apelyasiya Məhkəməsində baxılması onun kommunal xidmətlərdən istifadə etməsinə maneə deyil. İşə baxıldıqdan və məhkəmə qərarı qüvvəyə minib icra olunduqdan sonra iddiaçının istifadə hüquqlarına xitam verildikdə kommunal xidmətlərdən istifadəsinə də son qoyulacaqdır.

9. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.3, 157.2, 157.4 və 158.1.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

10. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-558/2024 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışıdr ki, Tovuz Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli qətnaməsi tam qanunsuz və əsassız qətnamədir. Belə ki, məhkəmə iclasında İddiaçı mübahisəli fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və evdən çıxarılması ilə bağlı Gəncə Apelyasiya Məhkəməsinin icraatında mülki işin olmasını bildirsə də, məhkəmə buna diqqət yetirməmişdir. Həmin işin nəticəsinə uyğun olaraq İddiaçı evdən çıxarılacağını nəzərə almadan ona özünə qaz və işıq xəttinin çəkilməsinə icazə verilməsi tam qanunsuz bir məsələdir. Evdən çıxacağı halda ona əlavə işıq qaz xətti çəkilməsinə nə gərək var. Məhkəmə ən azından həmin işin nəticəsini gözləyib qərar qəbul etməli idi. O, məhkəmədə verdiyi izahatında İddiaçı mübahisəli fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və evdən çıxarılması ilə bağlı Gəncə Apelyasiya Məhkəməsinin icraatında mülki işin olmasını bildirsə də, məhkəmə yalnız onun istifadə hüququna xitam verildiyi halda kommunal xidmətlərdən istifadəsinə də, son qoyulcağı qənaətinə gəlmişdir ki, bu halda düzgün yanaşma deyil.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı oğlu apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. 152.3-cü maddəsinə görə, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

17. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

18. 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri

26. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Hazırkı apellyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-558/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. İşin hallarında görünür ki, İddiaçı Cavabdeh ilə 1991-ci ildə evlənib ailə qurmuş, nikahları da həmin vaxt qeydə alınmışdır. Evlənən gündən iddiaçı cavadehin valideynlərinə məxsus Tovuz rayonu Əyyublu kəndində yerləşən evə köçmüşdür. Tovuz rayon məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2(062)-863/2018 saylı qətnaməsi ilə tərəflərin nikahları pozulmuşdur. Tovuz rayon məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehin yaşadığı fərdi yaşayış evinə köçrülməsi qərara alınmış, həmin qətnamə qanuni qüvvəsini almış və qətnamə icra olunmuşdur. İddia tələbindən və tərəflərin izahatından məlum olur ki, cavabdeh mübahisə olunan fərdi yaşayış binasına gələn qaz, işıq xəttini ayırmış, iddiaçını həmin xətlərdən istifadə etməyə imkan vermir. Qanuna müvafiq qaydada iddiaçı həmin evə sayğac quraşdırmaq istəsə də, cavabdeh sayğacın quraşdırılmasına da imkan verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə olunan fərdi yaşayış evindən iddiaçının istifadə hüquqları olduğundan onun qaz, işıq sayğaclarından istifadə hüquqlarının olması, cavabdeh tərəfindən iddiaçının qaz və işıqdan onun istifadə etmək hüquqlarını məhdudlaşdırmasının iddiaçının evdən istifadə hüquqlarının pozulması kimi qiymətləndirməsi, eyni zamanda cavabdehin iddiaçının istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi məsələsinə Gəncə Apelyasiya Məhkəməsində baxılmasının iddiaçının kommunal xidmətlərdən istifadə etməsinə maneə olmamsı ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Həmçinin kollegiya hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi cavabdehin kommunal xidmətlərdən istifadə ilə bağlı iddiaçıya yaratdığı maneənin nəticəsidir. Cavabdeh özü lazımi dözümlülük nümayiş etdirərək iddiaçının istifadə hüququ olan mübahisəli evdə kommunal xidmətlərdən istifadəsinə maneə yaratmaya və özünündə qeyd etdiyi kimi istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi ilə bağlı iddia tələbi üzrə qətnamə çıxarılmasını gözləyə bilərdi. Bu baxımdan kollegiya cavabdehin iddiaçının istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi məsələsinə Gəncə Apelyasiya Məhkəməsində baxılması səbəbindən hazırkı iddia tələbinin təmin edilməməsi barədə dəlillərini əsassız hesab edir.

32. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-558/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :

Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-558/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-558/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar