Məhkəmə qərarları › İş №2(104)-1308/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1308/2023

30.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1308/2023 30.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin 2(066)-259/2023 saylı iş üzrə 10 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 may 2023cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 1(066)-138/2022 saylı iş üzrə 15 dekabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 15 faizi məbləğində dövlət nəfinə tutulmaqla 1 il 3 ay müddətə islah işləri cəzasına məhkum edilməsi, mülki iddianın baxılmamış saxlanılması və zərərçəkmiş şəxs İddiaçı dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun izah edilməsi hökm edilmişdir.

2. İşdə olan X1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çanaq boşluğunun KT müayinəsindən görünür ki, İddiaçı oma sümüyündə S5 fəqərə cismində cuzi yerdəyişən köndələn sınıq xətti qeyd olunması göstərilmişdir.

3. İşdə olan X1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çanaq boşluğunun KT müayinəsinə göstərilən xidmətlərə dair qəbzdən görünür ki, İddiaçı tərəfindən 84 manat məbləğində pul vəsaiti ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona yetirdiyi maddi zərərə görə 4000 manat və mənəvi zərərə görə 1000 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 14 mart 2022-ci il tarixdə saat 16 radələrində Göygöl rayonu, Çaykənd kəndində yaşadıqları evin həyətində o və qızı X2 məxsus paltaryuyan maşını aparmaq istəyən zaman aralarında şəxsi münasibətlər zəmnində mabahisə yaranmışdır. Mübahisə zamanı onun saçından tutaraq qəsdən yerə yıxmış və onun oma sümüyünün V fəqərə cismində olan xətti, qapalı sınıq xəsarəti ilə müşayiət edilən, zərərçəkmiş şəxs İddiaçı Sevinc qızının həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlanlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Göygöl Rayon Məhkəməsinin 1(066)-138/2022 saylı iş üzrə 15 dekabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 15 faizi məbləğində dövlət nəfinə tutulmaqla 1 il 3 ay müddətə islah işləri cəzasına məhkum edilmiş, mülki iddia baxılmamış saxlanılmışdır. Məhkəmə hökmü qanuni qüvvəyə minmişdir. Onun uzun müddətli müalicəyə ehtiyacı vardır. Heç bir yerdə işləmir, maddi durumu zəifdir. Cinayət hadisəsi törədildiyi gündən indiye kimi cavabdeh onunla barışmağa cəhd etməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Göygöl Rayon Məhkəməsinin 2(066)-259/2023 saylı iş üzrə 10 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Kərimov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1000 manat maddi və 300 manat mənəvi ziyanın alınaraq, İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)- 259/2023 saylı iş üzrə 10 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iddianı qismən təmin edərkən, Göygöl Rayon Məhkəməsinin 1(066)-138/2022 saylı iş üzrə 15 dekabr 2022-ci il tarixli hökmünü əsas gətirmişdir. Həmin hökmdən göründüyü kimi o, törətdiyi əmələ görə cəzalandırılmışdır. O, anadangəlmə xəstə olmaqla 2-ci qrup əlildir, dövlətdən pensiya alır. Məhkəmə qətnamə qəbul edərkən qeyd edilən halları araşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlə etirazını bildirərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. İş üzrə cavabdeh olan Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Maddə 1096.1.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

14. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

15. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.ğ

19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

21. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

22. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmişdir.

24. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Belə ki, işin müəyyən olunmuş faktik hallarına görə, Cavabdeh İddiaçı ilə mübahisə zamanı onun saçından tutaraq yerə yıxmış və onun oma sümüyünün V fəqərə cismində olan xətti, qapalı sınıq xəsarəti ilə müşayiət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Göygöl Rayon Məhkəməsinin 1(066)-138/2022 saylı iş üzrə 15 dekabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 15 faizi məbləğində dövlət nəfinə tutulmaqla 1 il 3 ay müddətə islah işləri cəzasına məhkum edilmiş, mülki iddia baxılmamış saxlanılmış, zərərçəkmiş şəxs İddiaçı dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə qeyd edilən məhkəmə hökmünə istinad edərək iddia tələbini qismən təmin etmişdir.

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır.

27. Kollegiya göstərir ki, cavabdehin iddiaçıya maddi zərər vurması və baş vermiş hadisədə təqsirli olması işin mübahisəsiz hallarıdır və irəli sürülən iddianın qismən təmin olunması üçün qanuni əsaslar mövcuddur.

28. Apellyator şikayətində xəstə olmaqla 2-ci qrup əlil olmasını qeyd etsə də, bu hallar onu hazırki iş üzrə məsuliyyətdən azad etmir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən мülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilməz. 29. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 5000 manatdan azdır, ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-259/2023 saylı iş üzrə 10 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar