Məhkəmə qərarları › İş №2(104)-131/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-131/2023

29.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-131/2023 29.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «tikilinin sökülərək yerinin dəyişdirilməsi, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 180/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı «tikilinin sökülərək yerinin dəyişdirilməsi, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş 5000 manat maddi, 5000 manat mənəvi ziyanın alınmasına və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına, həmçinin cavabdeh tərəfindən onun mülkiyyətində olan evin divarına bitişik inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək yerinin dəyişdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, A.M.Əhmədov, küçəsi 102 saylı ev onun mülkiyyətində olmaqla, həmin evdə yaşayır. Təxminən 6-7 il bundan əvvəl barı qonşu olan Cavabdeh yataq otağına bitişik olan sanitar qovşağı inşa etdirmişdir. Onun sanitar qovşağı inşa etdirməsindən bir müddət sonra yataq otağı nəm çəkməyə başlamış və bununla bağlı Gəncə şəhəri Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etmişdir. Gəncə şəhəri Gigiyena və Epidemiologiya Mərkəzinin verdiyi rəydə bildirilmişdir ki, mənzilinin arxa divarına bitişik hamam və sanitar qovşaq tikilmiş və istifadə olunur ki, həmin hissədən divar aşağı hissədən nəm çəkir. Gəncə şəhəri Gigiyena və Epidemiologiya Mərkəzi bildirdi ki, AzDNT 2.6-1 görə təsərrüfat tikililəri (hamam və sanitar qovşağı) həyətyanı sahənin sərhədlərindən 1 metrdən az olmayan məsafədə yerləşdirmək lazımdır. Qeyd edilən təşkilat hamam və ayaqyolunun yerinin dəyişdirilməsini cavabdehdən tələb etmişdir. Bununla bağlı özü cavabdehdən dəfələrlə xahiş və tələb etsə də cavabdeh heç bir əhəmiyyət verməmişdir. Yataq otağını dəfələrlə təmir etdirsə də yenə də bərbad olmuş, heç bir ay keçməmiş, yenidən divar nəm çəkməyə başlamışdır. Hazırda divar ovxalanır. Yataq otağının havası bərbad vəziyyətə düşmüşdür. Həmçinin bildirir ki, cavabdehə məxsus sanitar qovşağı və hamamın yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində deyil. Həmin hissə başqa qonşunun texniki pasportunda əks olunubdur, əslində yoldur. Cavabdehlə həyəti iki tərəfi qonşudur. Onu məhkəməyə verə bilərdi, lakin qonşuluq münasibətini daha da pisləşdirməməkdən ötrü bunu etməmişdir. Hazırda cavabdeh mülkiyyətində olan evin başqa divarından mətbəx tikdirir. O, mətbəx tikərkən divarından divar kimi istifadə edir. Hətta özünə divar belə tikmir. Belə çıxır ki, evinin divarını söksə, o zaman onun mətbəxinə girmiş olur. Cavabdehdən bu hərəkətlərini dayandırmağı tələb etdikdə, onun ailə üzvləri onu nalayiq sözlərlə təhqir etməyə başlamışdır. Qeyd edilən tikintilərin yerinin başqa yerə dəyişdirilməsini və divarından istifadə etməməyini, eyni zamanda dəymiş ziyanı tam həcmdə ödəməsini tələb edir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-180/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Şirinov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 90 (doxsan) manatın alınaraq, İddiaçı verilməsi, iş üzrə məhkəmə ekspertiza xərci xx.xx.2020-ci il tarixli 25726 saylı rəy üzrə 100 (yüz) manat və xx.xx.2020-ci il tarixli 10/1709 saylı rəy üzrə 100 (yüz) manatın Cavabdeh tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-180/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərk birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, ünvan 1 ünvan onun mülkiyyətindədir. Təxminən 6-7 il bundan əvvəl onunla barı qonşu olan Cavabdeh onun yataq otağına bitişik olan sanitar qovşağı inşa etdirmiş və həmin sanitar qovşağı inşa etdirildikdən bir müddət sonra onun yataq otağı nəm çəkməyə başlamış, o, bununla bağlı, Gəncə şəhəri Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etmişdir. Gəncə şəhəri Gigiyena və Epidemiologiya Mərkəzinin verdiyi rəydə, onun mənzilinin arxa divarına bitişik hamam və sanitar qovşaq tikilərək istifadə olunması, həmin hissədən divarın aşağı hissədən nəm çəkməsi müəyyən edilmişdir. Gəncə şəhəri Gigiyena və Epidemiologiya Mərkəzi bildirmişdir ki, AzDNT 2.6-1 görə, təsərrüfat tikililəri (hamam və sanitar qovşağı) həyətyanı sahənin sərhədlərindən 1 metrdən az olmayan məsafədə yerləşdirmək lazımdır. Qeyd edilən təşkilat hamam və ayaqyolunun yerinin dəyişdirilməsini cavabdehdən tələb etmişdir. Bununla bağlı o, özü cavabdehdən dəfələrlə xahiş və tələb etmişsə də, heç bir əhəmiyyət verilməmişdir. O, yataq otağını dəfələrlə təmir etdirmiş, lakin nəticə yenə də bərbad olmuş, heç bir ay keçməmiş, yenidən divar nəm çəkməyə başlamışdır. Hazırda divar ovxalanır, yataq otağının havası bərbad vəziyyətə düşmüşdür. Həmçinin, cavabdehə məxsus sanitar qovşağı və hamamın yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində deyil, həmin hissə başqa qonşunun texniki pasportunda əks olunubdur, əslində yoldur. Cavabdehlə onun həyətinin iki tərəfi qonşudur. Hazırda cavabdeh onun mülkiyyətində olan evin başqa divarından mətbəx tikdirir. O, mətbəx tikərkən onun divarından divar kimi istifadə edərək, özünə divar belə tikmir. Belə ki, o, evinin divarını söksə, o zaman cavabdehin mətbəxinə girmiş olacaqdır. Cavabdehdən haqlı tələbini tələb etdikdə, təhqirlərə məruz qalır, qonşular arasında ləyaqəti alçaldılır, bununla da səhhətində problemlər yaranır. Odur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-180/2020 saylı mülki iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci apellyasiya icraatı: Gəncə Apellyasiya Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(104)-1455/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-180/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsi İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən evə bitişik olan hissədə Cavabdeh tərəfindən inşa edilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə, irəli sürülən iddia tələbinin həmin hissədə təmin edilməsi, İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən evə bitişik olan hissədə Cavabdeh tərəfindən inşa edilmiş tikililərin (santiar qovşağı və s.) cavabdehin öz vəsaiti hesabına sökülməsi, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(104)-1455/2021 saylı qətnaməsindən narazı qalan Cavabdeh kassasiya şikayəti vermişdir. Kasasasiya icraatı: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2591/2021 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2021-ci il tarixli, 2(104)-1455/2021 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşdə olan sübutlar: xx.xx.2005-ci il tarixli 21936 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvan İddiaçı adına qeyd edilmişdir. xx.xx.2013-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, A.M.Əhmədov küçəsi, 16-cı dalan, 4 saylı fərdi yaşayış evi Cavabdeh adına qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2013-cü il tarixli 1045 saylı məktubda, A.M.Əhmədov küçəsi, 102 saylı ünvanda yaşayan İddiaçı mənzilində yaranmış nəmliklə əlaqədar olaraq Mərkəzə etmiş olduğu şikayət əsasında araşdırma aparılarkən məlum olmuşdur ki, həqiqətən də şikayətçinin evinin arxa divarına bitişik ona məxsus hamam və sanitar qovşaq tikilməsi və istifadə olunması müəyyən olunmuş, AzDNT 2.6-1 görə, təsərrüfat tikililəri (hamam və sanitar qovşağı) həyətyanı sahənin sərhədlərindən 1 metrdən az olmayan məsafədə yerləşdirmək lazım olduğu bildirilmişdir. Odur ki, Gəncə şəhər Gigiyena və X2 məxsus hamam və ayaqyolunun yaşayış binasının arxa hissəsindən götürüb həyətin münasib yerinə köçürülməsi tələb edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 25726 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ünvan 2 ünvanda yerləşən İddiaçı məxsus yaşayış evinə bitişik Cavabdeh məxsus ünvan 5 ünvanda inşa edilmiş sanitar qovşağı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1. bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmiş, ünvan 2 ünvanda yerləşən İddiaçı məxsus yaşayış evinin yaşayış otağında qüsurların olduğu müəyyən olunmuşdur. Lakin, iddiaçının yaşayış otağına bitişik cavabdeh tərəfindən inşa olunmuş sanitar qovşağının su və kanalizasiya xətləri gizli şəkildə olduğunu nəzərə alaraq, həmin sanitar qovşağının inşa edilməsi nəticəsində iddiaçıya ziyan dəyib-dəyməməsini müəyyən etmək mümkün olmamış və tədqiq olunan iddiaçının yaşayış otağına nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi ümumi dəyəri bazar qiymətlərinə uyğun olaraq 90.0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1709 saylı rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən yaşayış evinə bitişik Cavabdeh məxsus ünvan 5 ünvanda yerləşən mübahisəli otaq faktiki olaraq mətbəx kimi istifadə olsa da, həmin tikili texniki pasportda 6 nömrə ilə işarələnmiş yaşayış otağıdır. ünvan 2 ünvanda yerləşən İddiaçı məxsus yaşayış evinin yaşayış otağında qüsurların olduğu müəyyən olunmuşdur. Lakin iddiaçının yaşayış otağına bitişik cavabdeh tərəfindən inşa olunmuş sanitar qovşağının su və kanalizasiya xətləri gizli şəkildə olduğunu nəzərə alaraq, həmin sanitar qovşağının inşa edilməsi nəticəsində iddiaçıya ziyan dəyib-dəyməməsini müəyyən etmək mümkün olmamış və ünvan 2 ünvanda yerləşən yaşayış evinə bitişik Cavabdeh məxsus ünvan 5 ünvanda yerləşən mətbəx tikilisinin (texniki pasportda 6 saylı tikili olan yaşayış otağı) tərəfdə yerləşən yaşayış otağına bitişik divarda hər hansı bir qüsurun olmadığı müəyyən edilmişdir. Lakin, yaşayış otağının digər (mətbəx tikilisinə bitişik olmayan) divarda su sızma ləkələrinin olduğu müəyyən edilmiş və ilkin ekspertiza zamanı divarda dəymiş ziyanın miqdarı 90.0 manat olduğu müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4742 saylı rəyindən görünür ki, ünvan 6 ünvana aid xx.xx.2013-cü il tarixli, 25492 nömrəli texnii pasportun məlimatlarına əsasən Cavabdeh məxsus ünvan 6 ünvanda inşa edilmiş fərdi yaşayış evinin İddiaçı məxsus Gəncə şəhəri, A.M.Əhmədov küçəsi 102 saylı fərdi yaşayış evinə btişik olan və mətbəx kimi istifadə edilən otağı, hamam və tualeti həmin evin xx.xx.2013-cü il tarixdə verilmiş 25492 inventar nömrəli texniki pasportunda nəzərdə tutulduğu və Cavabdeh mülkiyyətində olduğu müəyyən edilir. İddiaçıya və cavadehə məxsus yaşayış evlərinə dair texniki pasportun məlumatlarının məlumatlarında divarların qalınlığı göstərilmədiyindən, Cavabdeh məxsus ünvan 5 ünvanda inşa edilmiş fərdi yaşayış evinin İddiaçı məxsus Gəncə şəhəri, A.M.Əhmədov küçəsi 102 saylı fərdi yaşayış evinə btişik olan və mətbəx kimi istifadə edilən otağın, hamam və tualetdən ibarət tikililərin divarı İddiaçı məxsus Gəncə şəhəri, M.A..Əhmədov küçəsi, 102 saylı fərdi yaşayış evinin divarları ilə iki paralel yanaşı (boşluqları olub olmayan) və ya ortaq divarının olub olmamasını dəqiqliklə müəyyən etmək mümkün deyildir. İddiaçı məxsus Gəncə şəhəri, A.M.Əhmədov küçəsi 102 saylı fərdi yaşayış evinə btişik olan və mətbəx kimi istifadə edilən otağı, hamam və tualetdən ibarət tikililər ünvan 7 ünvana aid xx.xx.2013-cü il tarixli, 25492 inventar nömrəli texniki pasportun məlumatlarında öz əksini tapdığını nəzərə alaraq, dövlət şəhərsalma norma və qaydalarına (Az DTN-2.6-1) tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilir. Cavabdeh məxsus ünvan 6 ünvanda inşa edilmiş fərdi yaşayış evinin hama və tualet tikililərinə baxış keçirilən zamanı hamam və tualet tikililərinin divarları kafellə üzlənmədiyi, döşəmələri isə metlaxla üzləndiyi müəyyən edilmişdir. Cavabdeh məxsus ünvan 6 ünvanda inşa edilmiş fərdi yaşayış evinin hamam və tualetdən ibarət tikililərin divar və döşəməsi kafel və metlaxla üzlənmədiyi halda həmin tikililərə bitişik olan İddiaçı məxsus Gəncə şəhəri, M.A.Əhmədov küçəsi 102 saylı fərdi yaşayış evinin otağının divarının bu səbəbdən nəmlənməsi istisna olunmur. Cavabdeh məxsus ünvan 6 ünvanda inşa edilmiş fərdi yaşayış evinin hamam və tualetdən ibarət tikililərində su və kanalizasiya xətlərinin yararsız hesab olunması halında İddiaçı məxsus Gəncə şəhəri, M.A.Əhmadov küçəsi 102 saylı fərdi yaşayış evinin otağının divarının bu səbəbdən nəmlənməsinin mümkün olduğu istisna edilmir. Gəncə şəhəri, M.A.Əhmədov küçəsi ünvanında yerləşən fərdi yaşayış evlərinin fasad divarlarına baxış keçirilən zaman fərdi yaşayış evlərinin divarları üzərində nəmişlik rütubət olduğu müşahidə olunmuş və bunları nəzərə alaraq İddiaçı məxsus Gəncə şəhəri, M.A.Əhmədov küçəsi 102 saylı fərdi yaşayış evinin otağının divarının qrunt sularının qalxması səbəbindən nəmlənməsinin mümkün olduğu istisna edilmir. ünvan 7 ünvana aid xx.xx.2013-cü il, tarixli, 25492 inventar nömrəli texniki pasportun məlumatlarına əsasən Cavabdeh məxsus ünvan 6 ünvanda inşa edilmiş fərdi yaşayış evinin A və B literli tikililərin yerləşdiyi torpaq sahəsindən kənar torpaq sahələri (texniki pasportun məlumatlarına əsasən) zəbt torpaq sahələri qeyd edildiyindən İddiaçı məxsus Gəncə şəhəri, M.A.Əhmədov küçəsi 102 saylı fərdi yaşayış evinə btişik hamam və tualetdən ibarət tikililərin başqa yerə köçürülməsi (mülkiyyətdə olan əlavə torpaq sahəsinin olması baxımından) texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. X1 29 iyul 2021-ci il tarixli rəyindən görünür ki, İddiaçı məxsus ünvan 2 fərdi yaşayış evinin texniki pasport üzrə sahəsi 22.5 kv.m olan yaşayış otağının arxa divarı üzərində mövcud qüsurlarının, Cavabdeh məxsus ünvan 5 ünvanda inşa edilmiş “B” literli hamamayaqyolundan suyun sızması nəticəsində əmələ gələ bilməsi müəyyən edilmişdir. Abonentin saldosu adlı sənəddən görünür ki, ünvan 7 ünvanda qaz sayğacının göstəricisi 2022-ci ilin aprel ayından hazırkı vaxtadək dəyişməyərək 2572 kubmetir qalmışdır. Elelktrik enerjisindən istifadəyə dair sənəddən görünür ki, ünvan 7 ünvanda elektrik enerjisindən istifadəyə görə 2022-ci ilin aprel ayından hazırkı vaxtadək cəmi 31 manat ödənilmişdir. İşdə iştirak edən şəxslərin apelyasiya məhkəməsində verdiyi izahatlar: Məhkəm kollegiyasının iclasında iştirak edən cavadbeh Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun hamam və tualetinin divarlarında nəmişlik müşahidə olunmamaqdadır ki, bu da iddiaçının divarının nəmlənməsinin onun hamam və tualetinin fəaliyyətindən irəli gəlmədiyini sübut etməkdədir. Hesab edir ki, qrunt suları səbəbindən iddiaçının evinin divarı nəmlənir. Belə ki, həmin küçədə olan bir çox evlərdə, o cümlədən öz evində də nəmlənmə vardır. Bundan başqa həmin evdə əvvəllər bacısı yaşamış, 2022-ci ilin mart ayında vəfat etmişdir ki, həmin vaxtdan indiyədək həmin evdə heç kim yaşamır. Bununla belə iddiaçının evinin otağında nəmişlik yenə də vardır. Bu fakt da iddiaçının otağının onun hamam və tualetinin fəaliyyətindən irəli gəlmədiyini sübut etməkdədir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, hamam və tualet 2010-cu ildə inşa edilmişdir. İddiaçı otağında yaranmış nəmişliyin onun su və ya kanalizasiya xəttindən olduğunu iddia edirsə, hamam və tualetin metlaxının, o cümlədən küçədəki metlağın sökülməsinə o halda razıdır ki, söküntüdən sonra onun su və kanalizasiya xətlərində hər hansı bir nasazlıq aşkar olunmadığı halda söküntü və təmir xərclərini iddiaçı öhdəsinə götürsün. Hazırda elektrik sayğacında 8 manatlıq sərfiyyat məbləği qalmaqdadır. Elektrik sayğacına 31 manat pul yükləməsi isə ayda bir neçə dəfə gəlib evə baş çəkməsi səbəbindən olmuşdur ki, bu zaman müəyyən qədər elektrik enerjisindən də istifadə edilməsi normal haldır. Məhkəm kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil çıxış edərək bildirmişdir ki, hamam və tualet cavadbehin mülkiyyətindədir. İş materialları ilə isə cavabdehin hamam-tualetinin fəaliyyəti ilə əlaqədar olaraq iddiaçının divarının nəmlənməsi sübut olunmur. Cavabdeh birinci instansiysa məhkəməsinin qətnaməsi ilə ondan tutulan məbləğin cüzi olmasını düşünərək, şikayət verməmişdir. Onun şikayət verməməsi ziyanın onun vurmasını təsdiq etməməkdədir. Məhkəməyə təqdim edilmiş elektrikdən və qazdan istifadəyə dair sənədlərlə də həmin evdə uzun müddətdir yaşayışın olmaması təsdiq olunmaqdadır ki, bu fakt da iddiaçıya məxsus evin divarının iddiaçının hamam və tualetindəki su və kanalizasiya xəttinin fəaliyyəti ilə əlaqədar yaranmasını istisna edir. Sudan istifadəyə görə sayğac olmadığından, su pulu hər ay qeydiyyatda olan şəxsin sayına görə ödənilməkdədir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məxsus hamam və tualet onun evinin divarına bitişik şəkildə inşa edildiyindən dövlət şəhərsalma norma və qaydalarının tələblərinə uyğun inşa edilməmişdir. Əlavə olaraq bildirmişdir ki, ekspert rəyi ilə razı deyildir. Belə ki, ekspert əvvəlki rəyində tikililərin şəhərsalma qaydalarına uyğun inşa edilmədiyinə dair rəy vermişdir. Məhkəmənin suallarına cavabənda isə bildirmişdir ki, hama və tualet əvvəllər başqa yerdə, küçənin əvvəlində olmuşdur. Hamam tualet təxminən 2010-cu ildə hazırkı yerdə inşa edilmişdir. Yaranmış nəmişliyin cavadbehin su və ya kanalizasiya xəttinin fəaliyyətindən irəli gəlməsinin dəqiq müəyyənləşdirilməsi üçün hamam və tualetin metlaxının, o cümlədən küçədəki metlağın sökülməsinə etiraz etmir. Lakin, su və kanalizasiya xətlərində hər hansı bir nasazlıq aşkar olunmadığı halda söküntü və təmir xərclərini ödəməyi isə öhdəsinə götürmür. Məhkəmə iclasında dindirilmiş ekspert X3 izahat verib bildirmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4742 saylı rəyində 3-cü sualın cavabında texniki yalnışlığa yol verilmişdir. Belə ki, tikililərin dövlət şəhərsalma norma və qaydalarına (Az DTN-2.6-1) tələblərinə uyğun inşa edilmədiyi qeyd olunmuşdur. Halbuki, nəticə belə olmuşdur ki, hamam və tualetdən ibarət tikililər ünvan 6 ünvana aid xx.xx.2013-cü il tarixli, 25492 inventar nömrəli texniki pasportun məlumatlarında öz əksini taptığından tikililərin dövlət şəhərsalma norma və qaydalarına (Az DTN-2.6-1) tələblərinə uyğun inşa edilməsi müəyyən olunur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

Məhkəmə kollegiyası tərəfindən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 180/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni Cavabdeh 90 manat məbləğindən artıq məbləğdə maddi, 5000 manat məbləğində mənəvi ziyanın vurulmasının alınmasının və iddiaçının mülkiyyətində olan evin divarına bitişik inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək yerinin dəyişdirilməsinin rədd edilməsi hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, bu nəticəyə gəlir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-180/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-180/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsi iddianın rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı məxsus ünvan 2 fərdi yaşayış evinin texniki pasport üzrə sahəsi 22.5 kv.m olan yaşayış otağının arxa divarı üzərində, divarboyu təxminən 70-80 sm hündürlükdə nəmişliyin olmaqla, həmin divarın digər tərəfindən Cavabdeh məxsus ünvan 5 ünvanda inşa edilmiş fərdi yaşayış evinin hamam və tualetdən ibarət sanitar qovşağı inşa edilmişdir ki, həmin tikililər üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ekspert tərəfindən müəyyən edilməsə də məhkəmə kollegiyası tərəfindən yerində baxışı zamanı Cavabdeh məxsus ünvan 5 ünvanda inşa edilmiş fərdi yaşayış evinin İddiaçı məxsus Gəncə şəhəri, A.M.Əhmədov küçəsi 102 saylı fərdi yaşayış evinə btişik olan hamam və tualetdən ibarət tikililərin divarının ayrı, yəni İddiaçı məxsus Gəncə şəhəri, M.A..Əhmədov küçəsi, 102 saylı fərdi yaşayış evinin divarı ilə arasında boşluq olmayan paralel divar olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası tərəfindən 01 iyul 2022-ci il tarixdə və 06 mart 2023-cü il tarixlərdə yerində baxış keçirilmiş hər iki baxış zamanı iddiaçıya məxsus evin divarında nəmişliyin olması müəyyən edilmiş, lakin həmin divara paralel olan cavabdehə məxsus hamam və tualetin divarlarında hər hansı bir nəmişliyin olması müəyyən edilməmişdir. Bundan başqa yerində baxış zamanı həmçinin cavabdehə məxsus evin qonaq otağının bir hissəsində və həmin küçədəki digər evlərin də otaqlarının divarlarında nəmişliyin olması müşahidə olunmuşdur. Nəmişliyin yaranma səbəbinin müəyyən edilməsi üçün iş üzrə ekspertizalar təyin edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyləri ilə iddiaçının yaşayış otağına bitişik cavabdeh tərəfindən inşa olunmuş sanitar qovşağının su və kanalizasiya xətləri gizli şəkildə olması əsas göstərilərək həmin sanitar qovşağının inşa edilməsi nəticəsində iddiaçıya ziyan dəyib-dəyməməsini müəyyən etmək mümkün olmaması rəyinə gəlinməklə, cavabdehə məxusus fərdi yaşayış evinin hamam və tualetdən ibarət tikililərində su və kanalizasiya xətlərinin yararsız hesab olunması halında iddiaçıya məxsus fərdi yaşayış evin otağının divarının bu səbəbdən nəmlənməsinin mümkün olması istisna olunmamışdır. Həmçinin, ekspert tərəfindən Gəncə şəhəri, M.A.Əhmədov küçəsi ünvanında yerləşən digər fərdi yaşayış evlərinin fasad divarlarına baxış keçirilmişdir ki, həmin fərdi yaşayış evlərinin divarları üzərində nəmişlik, rütubət olması müşahidə olunduğundan iddiaçıya məxsus fərdi yaşayış evinin otağının divarının qrunt sularının qalxması səbəbindən nəmlənməsinin mümkün olması da istisna edilməmişdir. X1 29 iyul 2021-ci il tarixli mütəxəssis rəyi ilə isə iddiaçıya məxusus yaşayış otağının arxa divarı üzərində mövcud qüsurların, cavabdehə məxsus evin “B” literli hamam-ayaqyolundan suyun sızması nəticəsində əmələ gələ bilməsi müəyyən edilməsi qeyd olunsa da həmin rəy iddiaçıya məxusus yaşayış otağının divarının faktiki olaraq nəmlənməsinə münasibətdə verilməklə, həmin rəylə də cavadbehə məxsus hamam və tualetin su və kanalizasiya xəttində qüsurların olması və bununla əlaqədar olaraq da suyun sızması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus evin divarının məmlənməsinin dəqiq səbəbini texniki cəhətdən müəyyən etmək mümkün olmamışdır. Buna görə də məhkəmə kollegiyası tərəfindən yaranmış nəmişliyin cavadbehin su və ya kanalizasiya xəttinin fəaliyyətindən irəli gəlməsinin dəqiq müəyyənləşdirilməsi üçün hamam və tualetin metlaxının, o cümlədən küçədəki metlağın sökülməsi yolu ilə müəyyən edilməsi üçün tərəflərə təklif verilmiş, cavabdeh söküntüdən sonra onun su və kanalizasiya xətlərində hər hansı bir nasazlıq aşkar olunmadığı halda söküntü və təmir xərclərinin iddiaçı tərəfindən öhdəsinə götürüldüyü təqdirdə söküntüyə razı olsa da, iddiaçı qeyd olunan təkliflə razılaşmamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi məhkəmə kollegiyası tərəfindən 01 iyul 2022 və 06 mart 2023-cü il tarixlərdə yerində baxış keçirilmiş hər iki baxış zamanı iddiaçıya məxsus evin divarında nəmişliyin olması müəyyən edilsə də, lakin həmin divara paralel olan iddiaçıya məxsus hamam və tualetin divarlarında hər hansı bir nəmişliyin olması müəyyən edilməmiş, həmçinin həmin evdə daimi yaşayışın olması hiss olunmamışdır ki, bu fakt məhkəmənin təklifinə əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qazdan və elektrik enerjisindən istifadəyə dair sənədlərlə də öz təsdiqini tapmışdır. Belə ki, cavadbehə məxsus evdə 2022-ci ilin aprel ayından hazırkı vaxtadək qaz sayğacının göstəricisi dəyişməyərək 2572 kubmetr təşkil etmişdir ki, bu fakt həmin evdə qazdan istifadə edilmədiyini, elelktrik enerjisindən istifadəyə dair sənədə əsasən isə həmin ünvanda elektrik enerjisindən istifadəyə görə 2022-ci ilin aprel ayından hazırkı vaxtadək cəmi 31 manat ödənilməsi müəyyən edilməklə, cavadbehin iddiasına əsasən sayğacın üzərində hələ də 8 manatlıq istifadə haqqının mövcud olması nəzərə alındıqda, daimi yaşayış üçün təxminən 1 illk dövr üzrə 23 manatlıq elektrik enerjisinin istifadəsi də ağlabatan hesab olunmur. Beləliklə, məhkəmə kollegiyası son bir il ərzində cavabdheə məxsus evdə yaşayışın olmaması qənaətinə gəlmişdir ki, belə olduğu halda həmin evdə su və kanalizasiya xəttindən demək olar ki, istifadə olunmamış hesab olunur. Buna baxmayaraq, iddiaçıya məxsus evin divarının hazırkı vaxtadək nəmlənməsi baş verməkdədir. Belə olduğu təqdirdə isə məhkəmə kollegiyası iddiaçının evinin divarının nəmlənməsinin cavabdehin su və ya kanalizasiya xəttinin fəaliyyətindən irəli gəlmədiyi qənaətinə gəlmişdir. Buna görə də vurulmuş zərər məbləğinin daha yüksək olması ilə bağlı əlavə araşdırmaya da zərurət qalmamışdır. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan nəmlənmə cavadebhin hamam və tualetindəki su və ya kanalizasiya xəttində olan qüsurlardan əmələ gəldiyi halda isə qeyd olunan əsasa görə iddiaçının həmin tikilələrin sökülməsi tələbi də əsassız hesab olunacaqdı. Belə ki, bu halda iddiaçı Mülki Məcəllənin 154.4-cü maddəsinin tələbinə müvafiq olaraq cavabdehin su və kanalizasiya xətlərinin dəyişdirilməsi öhdəliyinin cavadbehin üzərinə qoyulmasını tələb etməkdə haqlı ola bilərdi. Məhkəmə kollegiyası cavabdehə məxsus tikililərin şəhərsalma norma və qaydalarına uyğun inşa edilməməsi əsasına görə sökülməli olması ilə bağlı tələbini də əsassız hesab etmişdir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4742 saylı rəyi, o cümlədən həmin rəyi vermiş ekspertin dindirilməsi ilə İddiaçı məxsus Gəncə şəhəri, A.M.Əhmədov küçəsi 102 saylı fərdi yaşayış evinə btişik olan və mətbəx kimi istifadə edilən otağın, hamam və tualetdən ibarət tikililərin ünvan 7 ünvana aid xx.xx.2013-cü il tarixli, 25492 inventar nömrəli texniki pasportun məlumatlarında öz əksini tapması nəzərə alınaraq, tikililərin dövlət şəhərsalma norma və qaydalarının tələblərinə uyğun inşa edilməsi hesab olunmuşdur ki, məhkəmə kollegiyasi ekspertin rəyi ilə razılaşaraq qeyd edir ki, həmin tikililər evin texniki pasportunda öz əksini tapmaqla, üzərində cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, iddiaçı isə həmin qeydin əsassız aparılması və ləğv edilməsi ilə bağlı mübahisə açmamışdıdr. Buna görə də qeyd olunan əsasla da mülkiyyətdə olan tikililərin sökülməsi tələbi əsassız hesab olunmuşdur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-180/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-180/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsi iddianın rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalı, ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

QƏTETDİ:

Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-180/2020 saylı, 25 noyabr 2020ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-180/2020 saylı, 25 noyabr 2020ci il tarixli qətnaməsi iddianın rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat İddiaçı alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar