Məhkəmə qərarları › İş №2(104)-1326/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1326/2025

12.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1326/2025 12.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə və cavabdeh "xxxx" ASC-nin sədri X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı çıxarışın və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Tərtər Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 2(061)-329/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əldə etdiyi ********** saylı qeydiyyat nömrəli çıxarışın və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 2(061)-329/2025 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev) İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı cavabdeh "xxxx" ASC -in əldə etdiyi ********** saylı qeydiyyat nömrəli çıxarışın və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat vermişlər, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin sədri X2 apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi «İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı cavabdeh "xxxx" ASC -in əldə etdiyi ********** saylı qeydiyyat nömrəli çıxarışın doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi» hissədə ləğv edilməli və həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Məhkəməyə mürаciət еtmək hüququnun məhdudlаşdırılmаsınа yоl vеrilmir. MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddia ərizəsindən görünür ki, İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın doğurduğu hüquqi nəticələrin ləğv edilməsini xahiş etsə də, lakin çıxarışın hansı hüquqi nəticələr doğurduğu, habelə həmin nəticələrin hansı səbəbə etibarsız hesab edilməli olduğu barədə tələbini ərizədə əsaslandırmamışdır. Bununla da MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş tələblər pozulmuşdur. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını nəzərə almadan həmin hissədə işə mahiyyəti üzrə baxaraq iddianı təmin etməmişdir. Bu halda birinci instansiya məhkəməsi onun iddia tələbinin mümkünlüyünü araşdırmalı, iddia ərizəsinin forma tələblərinə əməl olunmadığına görə MPM-nin 259.0.12ci maddəsinə əsasən tələbin bu hissəsinin dəqiqləşdirilməsi üçün müəyyənləşdirilmiş müddət təyin etməli və həmin müddətdə iddia tələbi dəqiqləşdirilmədiyi halda iddia ərizəsi baxılmamış saxlamalı idi. Lakin, məhkəmə tərəfindən bu prosessual tələblərə əməl olunmamışdır. Halbuki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar (Konstitusiya Məhkəməsinin L.İ.Binnətovanın şikayəti üzrə xx.xx.2008-ci il tarixli qərarı). MPM-nin 259.0.12-ci maddəsində göstərilmişdir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 387.2.8-ci maddəsinə görə, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2011-ci il il tarixli 3 saylı qərarının 18-ci bəndində göstərilmişdir ki, ərizə baxılmamış saxlanıldıqda məhkəmə qəbul etdiyi qərardadda tərəflərin bu və ya digər maddi və yaxud prosessual hüquqlara malik olubolmaması barədə fikir bildirməyə haqlı deyildir. Qərardadda yalnız mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxmağın mümkün olmaması əsaslandırılmalıdır. Bu nöqteyi-nəzərdən ərizənin baxılmamış saxlanılması barədə məhkəmənin qərardadı istisnalıq mənasında deyil, təkzibedilməzlik mənasında hüquqi nəticələrə səbəb olur. MPM-nin iddia ərizəsinin baxılmamış saxlanması qaydası və nəticələrini tənzimləyən 260.2ci maddəsinin tələbinə görə qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Həmin Məcəllənin 260.4-cü maddəsində deyilir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ona görə də ərizə baxılmamış saxlanılmaqla yanaşı iddiaçıya izah olunmalıdır ki, iddia ərizəsinin tərtibində yol verilmiş nöqsanları aradan qaldırmaqla yenidən ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 259, 263-264, 372, 384 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tərtər Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 2(061)-329/2025 nömrəli qətnaməsi «İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı cavabdeh "xxxx" ASC -in əldə etdiyi ********** saylı qeydiyyat nömrəli çıxarışın doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi» hissədə ləğv edilsin. Həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin tərtibində yol verilmiş nöqsanları aradan qaldırmaqla yenidən ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar