Məhkəmə qərarları › İş №2(104)-1350/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1350/2024

20.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1350/2024 20.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə Açar sözlər: borcun silinməsi. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2(045)-385/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış Elster tipli, G-4 markalı, **********9 nömrəli qaz sayğacının istismar müddəti bitdiyi üçün yeni qaz sayğacı ilə əvəz edilmişdir. Qaz sayğacı çıxarılan zaman onda hər hansı qüsur aşkar edilməsi qeyd edilməmişdir;

2. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, MSK 29/1710-04876-1 nömrəli akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin ətrafında əzik-cızıq izləri vardır. Şüşənin çıxarılması mümkündür;

3. Abonent saldosuna əsasən müəyyən olunur ki, (2023-cü il) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1555.2 manat pul abonentin hesabına yazılmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən barəsində tətbiq edilmiş 1555.2 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı ərazidə Cavabdeh abonenti olduğu üçün təbii qaz istifadəçisidir. İstifadə etdiyi qazın pulunu vaxtı-vaxtında ödəyir. Heç vaxt Cavabdeh nümayəndələri ilə aralarında mübahisə və yaxud hər hansı bir narazılıq olmamışdır. O, qazda nasazlıq yarandığını görmüş və Cavabdehnə müraciət etmişdir. Cavabdeh əməkdaşları yaşadığı ünvanda qaz sayğacına baxış keçirtmişlər. Cavabdeh xx.xx.2023-cü il tarixdə tərtib etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT-da göstərilir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin ətrafında əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır. Bu səbəbdən də Azəriqaz İB-nin əməkdaşları tərəfindən guya ki, itirilmiş qazın bərpası məqsədilə ilə ona 1555.2 manat cərimə tətbiq edilmişdir. Onun barəsində tərtib edilmiş 1555.2 manat cəriməni qanunsuz hesab edir. Hesab edir ki, cərimə ləğv edilməlidir. Onlar tərəfindən ev üçün quraşdırılmış qaz sayğacına heç bir müdaxilə olmamışdır. Bu borcun haradan yaranmasını aydınlaşdırmaq üçün qaz istismar idarəsinə müraciət etmişdir. İdarədən ona akt təqdim edərək bildirmişlər ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin ətrafında əzik-cızıq izləri var.

6. Goranboy Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2(045)-385/2024 nömrəli qətnaməsi ilə (hakim Tural Ələkbərov) iddia təmin edilərək, Cavabdeh İB tərəfindən istehlakçı İddiaçı qaz sərfinə görə hesablanmış 1555.2 manat məbləğində borcun silinməsi (Goranboy rayonu, Dəliməmmədli şəhəri, Füzuli küçəsi ev 34, Abonent kodu: **********00000); 35.56 (otuz beş manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Qazdan istifadə Qaydaları” haqqında Qərarının 4.7, 4.8 və 4.9-cu bəndinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçıya 2023-cü ilin fevral ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının abonent hesabına işlənmişdir. İddiaçı tərəf iddia tələbinə dair heç bir sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının qaz hesabına 2023-cü ilin fevral ayında hər hansı əlavə hesabat yüklənməmişdir. Belə ki, iddiaçının iştirakı ilə sayğac şəbəkədən açılmış, Dövlət yoxlamasının xx.xx.2023-cü il tarixli, MSK29/1710-04876-1 saylı rəyinə əsasən sayğaca müdaxilə edildiyi təsdiqini tapmış, ünvan üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Qaz sayğacının iddiaçının nümayəndəsinin iştirakı ilə (akta imza olunmaqla) istismar müddətinin bitməsi səbəbindən xx.xx.2022-ci il tarixdə şəbəkədən açıldığını, AR Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin MSK-29/1710- 04876-1 saylı aktına əsasən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin ətrafında əzik-cızıq izlərinin olduğu, şüşənin çıxarılmasının mümkün olduğu təsdiqini tapmış, lakin məhkəmə buna qiymət verilməmişdir. İş materiallarına əlavə edilmiş İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin MSKMSK-29/1710-04876-1 saylı aktına əsasən istismardan çıxarılmış qaz sayğacına baxış keçirilərkən sayğaca qanunsuz müdaxilə olunduğu təsdiqini tapmışdır. Bundan sonra qaz sayğacına müdaxilə təsdiqini tapdığından ünvan üzrə itirilmiş 12960 m3 itirilmiş qazın bərpası üçün 1555.20 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Buna baxmayaraq, məhkəmə 2023-ci ilin fevral ayında sayğac üzrə müəyyən edilmiş məbləğin silinməsini qət etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 13 ildir qaz sayğacı quraşdırılmış Goranboy rayonu Dəliməmmədli şəhəri Füzuli küçəsində yerləşən 34 nömrəli evdə yaşamırlar. Orada bağları var və arabir həmin evə gedib ağacları suvarırlar. Daimi yaşayış yerləri Gəncə şəhəridir. Onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməmişdir. Buna baxmayaraq, abonent hesabına əsassız olaraq cərimə borcu yazılmışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etməmişdir.

Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

13. Maddə 1. Qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir.

14. Maddə 8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

15. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

16. Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır.

17. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

18. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. İşdən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə Cavabdeh İB tərəfindən qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən sayğacın istismar müddəti bitdiyindən sayğac yeni sayğacla əvəz edilməsi üçün çıxarılmışdır. Həmin vaxt sayğacın dəyişdirilməsi səbəbi kimi “sayğacın istismar müddəti bitməsi” qeyd edilmişdir. Çıxarılan qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin ətrafında əzik-cızıq izlərinin olması, habelə şüşənin çıxarılması barədə aktda qeydiyyat aparılmamışdır. Sonradan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin ətrafında əzik-cızıq izləri mövcuddur, habelə həmin şüşə çıxarılmışdır. Bununla da cavabdeh təşkilat 12960 kub/metr qaz itkisinə məruz qaldığını iddia etmişdir. Bu səbəbdən Cavabdeh İB-nin əməkdaşları tərəfindən ******* saylı akta əsasən istehlakçıya 1555,20 manat borc hesablanmışdır. Lakin, iş materiallarında olan abonentin saldosu adlı sənəddən görünür ki, qaz sayğacı çıxarılmamışdan əvvəlki aylar üzrə iddiaçı tərəfindən istifadə edilmiş qazın həcmi hər ay qeydə alınmış və müvafiq ödənişlər edilmişdir.

30. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, ehtiyatsızlıqdan və ya hər hansı məqsədə nail olmaq üçün qərəzli olaraq sayğaca müdaxilə edilməsi də istisna olunmayan haldır. Digər tərəfdən cavabdeh təşkilat sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin qırılmasının qaz itkisinə səbəb olmasını da əsaslandırmamışdır.

31. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayğacına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, əksinə iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməsi sübut olunmuşdur ki, bununla da iddiaçının cavabdeh qaz təchizatı müəssisəsinə ziyan vurması məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edilmişdir.

33. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2(045)-385/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar