Məhkəmə qərarları › İş №2(104)-1356/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1356/2025

08.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1356/2025 08.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 2(076)-2642/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş pay torpaq sahələrinin bölünməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 2(076)-2642/2025 saylı qərardadı ilə (hakim Zaur Allahyarov) İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş pay torpaq sahələrinin bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılması; qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı şikayət verərək, şikayətinin təmin olunması, Şəmkir Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 2(076)-2642/2025 saylı qərardadının ləğv edilməsini, iddianın icraata qəbul edilib mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə birgə nikahda olanda özlərinə 3 alqı-satqı müqaviləsi əsasında 2 hektara yaxın pay torpaq sahəsi almışlar. Belə ki, həmin torpaq sahəsinin pulunu o, versədə alqı-satqı müqavilələri cavabdehin adına bağlanmışdır. 2024-cü ildə cavabdehlə məhkəmə qaydasında ayrılmış, 3 azyaşlı uşaqları onun himayəsinə verilmişdir. Torpaq sahəsinə çıxarış olmasa da alqı-satqı müqavilələri əsasında cavabdehə qarşı “Torpaq sahəsinin bölünməsi” barədə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-2642/2025 saylı qərardadı ilə ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardad onunla əsalanmışdır ki, cavabdehin və ya onun adına çıxarış yoxdur. Həmin qərardad düzgün əsaslanmamışdır. Belə ki, o, pulunu versədə cavabdehin özü DƏDRX-ə müraciət edərək çıxarış almaq istəməmişdir. O, hesab edir ki, alqı-satqı müqaviləsi gözlənilən mülkiyyət hüququdur. Alqı-satqı müqavilələri qanuni əsaslarla bağlanmışdır. Aqlı-satqı müqavilələrinə əsasən torpaq sahəsindən ona düşən payı müəyyən edilməli və naturada bölünməli idi. Şəmkir Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli 2(076)-2642/2025 saylı qərardadı ilə İddiaçı Şəmkir Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2(076)- 2642/2025 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayət təmin edilməmişdir və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş pay torpaq sahələrinin bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarılması barədə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən tərtib edilmiş, iddia tələbinin əsaslandırıldığı sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda iddianın icraata qəbul edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Hazırkı işin materiallarına nəzər saldıqda müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixli xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələri üzrə Şəmkir rayonu Çaparlı kəndində yerləşən torpaq sahələri üzərində payının müəyyən edilib naturada bölünməsini xahiş etdiyi halda, həmin torpaq sahələri ilə bağlı mülkiyyət hüququnu təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Bir sözlə, iddiaçının məhkəməyə təqdim etdiyi ərizə MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun olmamışdır. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyil. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Yuxarıda şərh olunanlara əsasən və MPM-nin 149, 152, 263-264, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli tarixli 2(076)-2642/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar