Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1368/2024 22.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər X7 və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 və nümayəndəsi X2, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3 nümayəndəsi Nümayəndə iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-205/2024 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mehmandarov (hazırki M.C.Paşayev) küçəsində yerləşən 10 mərtəbəli yaşayış evinin 1-ci blok, 2-ci mərtəbəsində olan, sahəsi 82 kv.m, 2 otaqdan ibarət 4 nömrəli mənzilə dair xx.xx.2006-cı il tarixli müqavilənin əhəmiyyətsiz əqd kimi etibarsızlığının tanınması və həmin mənzilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz müdaxiləyə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-205/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Cavid Tağıyev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz müdaxiləyə son qoyulması və əhəmiyyətsiz əqd kimi etibarsızlığının tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-205/2024 saylı qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2006-cı ilin oktyabr ayında iddiaçı tərəf mənzil almaq üçün ofisdə Cavabdeh3 müraciət etmiş, Ələddin onlara bildirmişdir ki, yaxın dostu Ramiq adlı şəxsin qohumunun adına müqavilə yazılmış bir mənzil vardır, onlara mənzil lazım deyildir, müqavilə formal olaraq alınmış borc pulun əvəzi qismində yazılmışdır və həmin şəxslər yalnız pulun alınmasında marağlıdırlar. Eyni zamanda Ələddin onlara bildirmişdir ki, müqavilə barədə razılaşma onunla olsa da, sənədləşmə mənzilin digər şəriki olan və Bakıda oturan Rövşən Rüstəmovun adına rəsmiləşəcəkdir. Onlar qarşılıqlı razılaşma əldə edəndən sonra 5 dekabr 2009-cu ildə ofisdə 25420 ABŞ dolları pul ödəməklə adlarına həmin tarixli müqavilə tərtib olunmuşdur. Onlar pul ödədikləri mənzil 10 mərtəbəli yaşayış evinin 1-ci blok 2-ci mərtəbəsində yerləşən, sahəsi 82 kv.m olan 2 otaqdan ibarət 4 nömrəli mənzil olmuşdur. Onlar ofisdə pulu ödəyib müqavilə yazılan vaxtı orada Ələddindən başqa, digər tərəfdən Eldar və Ramiq adlı şəxslər də, orada olmuşlar. 2009-cu ildən mənzil iddiaçıya təhvil verilmiş, o mənzilin giriş qapısına qıfıl qoydurmaqla, 2020-ci ilə mənzil onun sahibliyində olmuş, həmin vaxta qədər mənzillə bağlı heç bir mübahisə olmamışdır. Son vaxtlar mənzilin qıfılı 2 dəfə Cavabdeh1 tərəfindən sındırılaraq dəyişdirilmişdir. Bununla bağlı iddiaçı tərəf Polisə rəsmi şikayətlər vermişdir. Məhkəmə ekspertiza rəyinə əsaslanaraq nəticəyə gəlmişdir ki, guya iddiaçı tərəfin mübahisəli mənzilə dair iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Hansı ki, ekspertiza rəyində qeyd edilmişdir ki, iddiaçı tərəfə aid olan xx.xx.2006-cı il tarixli müqavilənin çap mətni, üzərində olan əl yazı, imza və möhür əksi şırnaqlı printerdə çap edilmişdir. 2006-cı ildən tikintisi başlanan mübahisəli mənzilin yerləşdiyi 10 mərtəbəli bina fiziki şəxs və icraçı olan Rövşən Rüstəmovla, əvvəldən guya mənzillərə pul ödəyən payçılardan alınan vəsait hesabına, Rövşən Rüstəmovun qeyri-rəsmi və faktiki nümayəndəsi kimi Cavabdeh3 rəhbərliyi ilə aparılmışdır. Rövşən Rüstəmov Bakıda yaşadığı üçün Cavabdeh3 binanın tikinti ofisində səlahiyyətli şəxs olmuş, mənzil alıcıları ona müraciət etmiş, alqı-satqı razılaşmaları onunla aparılmış, Rövşən Rüstəmova aid möhür və imza nümunələri olan doldurulmamış hazır müqavilələr onda saxlanılmış və müqavilə rəsmiləşdirilərkən müqavilələr Cavabdeh3 əlyazısı ilə doldurulmuşdur. Məhkəmə nəzərə almamışdır ki, iddia tələbində iddiaçının adına rəsmiləşdirilmiş müqavilə MM-nin 324.1-ci maddəsinə uyğun olaraq, tərəflərin iradə ifadəsini əks etdirən müqavilə olmuşdur. Həmin müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərə uyğun tərtib edilibedilməməsində iddiaçı tərəfin təqsirinin olub-olmaması aydınlaşdırılmamışdır. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, iddiaçıya mənzilin satılması barədə müqavilə Cavabdeh3 tərəfindən tərtib olunmuş, mənzil İddiaçı satılmışdır. 2006-cı ildən tikintisi başlanan mübahisəli mənzilin yerləşdiyi 10 mərtəbəli binanın rəsmi icraçısı Rövşən Rüstəmov olsa da, həmin binanın mənzillərinə dair müqavilələr Rövşən Rüstəmovun qeyri-rəsmi və faktiki nümayəndəsi olan Cavabdeh3 tərəfindən bağlanılmışdır. Belə ki, Rövşən Rüstəmova aid möhür və imza nümunələri olan doldurulmamış hazır müqavilələr Ələddində saxlanılmışdır. Həmin mənzilə dair cavabdehin adına müqavilə olsa da, həmin mənziə görə pul verilməmiş, müqavilə formal olduğu üçün, həmin əqd əhəmiyyətsiz əqddir. Məhkəmənin bu iş üzrə qətnaməsini qanunsuz hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-205/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, mənzilin dəyəri olan 25420 ABŞ dolları pul anası tərəfindən Cavabdeh3 verilmiş və bundan sonra həmin mənzilə dair xx.xx.2006-cı il tarixli müqavilə imzalanmışdır. Cavabdeh3 həmin tikili üzrə işlərin yerinə yetirilməsinə səlahiyyətinin olmamasından məlumatları olmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-205/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, iddiaçıların mübahisələndirdiyi müqavilə MTK-nın sahibi Rövşən Rüstəmovun özü ilə Cavabdeh2 arasında bağlanmışdır. Rövşən Rütəmovun vasitəsilə sərmayə qoyulub, ev tikilmiş və mənzil alınmışdır. İlhama aid mənzilin qapısı olmamış, özü 400 manata qapı qoydurmuşdur. 2019-cu ilə qədər həmin mənzil Cavabdeh2 məxsus olmuş, o idarə etmişdir. İddiaçı qapıya müdaxilə etmişdir ki, “ev bizimdir.” Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-205/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, bütün müqavilələrdə Rüstəmov Rövşənin imzası olmamışdır. Həmin mənzillərin satmasının Ələddinin Əhmədova heç bir aidiyyəti olmamışdır. Həm də, iddiaçının təqdim etdiyi müqavilənin əsli olmamış və ekspertiza ilə müəyyən edilmişdir ki, həqiqi müqavilə deyildir. Cavabdeh3 nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, atası Ələddin MTK-nın təsisiçisi Rövşən Rüstəmov ilə yaxın münasibətəd olmuş, binanın inşaat işlərində ona köməklik edərək, atası qeyri-rəsmi işləmişdir. Rövşənin razılığı ilə müqaviləni atası tərtib etmişdir. Atası Ələddin iddiaçıdan aldığı 25420 ABŞ dollar pulu Cavabdeh1 vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri və vəkilləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-205/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.2006-cı il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, icraçı X5 ilə payçı İddiaçı arasında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan binadan pay barədə müqavilə imzalanmış, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin İ blok, İİ mərtəbəsində, ümumi sahəsi 82 kv.m olan 4 nömrəli mənzilin dəyəri 25420 manat müəyyən edilməklə ödəmə manatla ABŞ dollarına ekvivalent olaraq ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2006-cı il tarixli müqavilədən görünür ki, icraçı X5 ilə payçı Cavabdeh2 arasında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan binadan pay barədə müqavilə imzalanmış, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin İ blok, İİ mərtəbəsində, ümumi sahəsi 80,8 kv.m olan 4 nömrəli mənzil 23432 ABŞ dolları məbləğ müəyyən edilmişdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən X1 verilmiş xx.xx.2019-cu il tarixli, 05/3385/4-13 nömrəli məktubdan görünür ki, qeyrikommersiya qurumlarının dövlət reyestrinə əsasən “Gəncə-1” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsisçiləri arasında X3, İddiaçı və Cavabdeh1 da göstərilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş Cavabdeh1 əməlində Cinayət Məcəlləsinin 186- cı maddəsinin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, ünvan 1 ünvanında Zenner tipli, G4 markalı, **********2 nömrəli qaz sayğacı quraşdırılmış, sayğacın quraşdırılma səbəbi yeniquraşdırma olaraq qeyd edilmişdir. Aktın tərtib olunmasında istehlakçı Cavabdeh1 iştirakı göstərilmiş və istehlakçı aktı imzalamışdır. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən 7E-12113 reyestr nömrə ilə təsdiq edilmiş, xx.xx.2019-cu il tarixli, etibarlılıq müddəti xx.xx.2029-cu il tarixli etibarnamənin surətindən görünür ki, etibar edən Cavabdeh2 tərəfindən həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi Cavabdeh1 etibar etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-254/2022 nömrəli qətnaməsindən görünür ki, xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikası, Quqark rayonunda anadan olmuş Cavabdeh3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 4/1822-5/1589 nömrəli rəyindən görünür ki, X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin çap mətni, üzərində olan əl yazı, imza və möhür əksi şırnaqlı printerdə çap edilmişdir. Göründüyü kimi iddiaçı iddia tələbinin əsasını mübahisəli mənzilə dair bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə üzrə 25420 ABŞ dolları ödəmək yolu ilə əldə etməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1822-5/1589 nömrəli rəyindən məlum olmuşdur ki, həmin müqavilənin çap mətni, üzərində olan əl yazı, imza və möhür əksi şırnaqlı printerdə çap edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.(mad.324.2,324.4) MM-in 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-in 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında isə göstərilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, iddiaçının öz tələbinin hüquqi əsası kimi əsaslandığı xx.xx.2006-cı il tarixli müqavilə qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılmış etibarsız əqd olduğundan, iddiaçının mübahisə predmeti olan mənzilə dair iddia qaldırmaqda subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir. İddiaçının apellyasiya dəlilləri qətnamənin ləğv edilməsi üçün hüquqi əsaslar yaratmır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-205/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-205/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1368/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1368/2024
22.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver