Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1370/2025 30.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 2(015)-526/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı təqdim etdiyi əlyazma qəbzlərə istinad edərək göstərir ki, Cavabdeh 2020-ci ildə müxtəlif vaxtlarda və müxtəlif dəyərdə olmaqla, ümumilikdə İddiaçı 47750 manat dəyərində qızıl-zinət əşyalarını nisyə şəkildə almışdır. Daha sonra isə Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı 14300 manat dəyərində qızıl-zinət əşyasını nisyə şəkildə almışdır. Ağstafa rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı nisyə şəkildə aldığı 14300 manat dəyərində qızıl-zinət əşyasına görə öz maaş kartını İddiaçı təhvil vermiş, sonuncu da bankomat vasitəsilə həmin kartdan 800 manat vəsait çıxartmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 47.750 manat məbləğində pulun və 241 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Qazax rayon Mərkəzi bazarında qızıl satışı ilə məşğul olmuşdur. Cavabdeh 2020-ci ildən müxtəlif vaxtlarda iddiaçıdan qızıl-zinyət əşyaları almış və dəyərini ödəyəcəyi barədə yazılı və şifahi məlumatlar vermişdir. Cavabdehin ümumilikdə 47.750 manat borcu vardır. Dəfələrlə aldığı qızılların pulunu ödəməsi barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq müxtəlif bəhanələrlə borcunu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçını tanıyır, aldığı pulların hamısını qaytarmışdır və bu barədə sübutları mövcuddur. Ona görə də hesab etmişdir ki, iddiaçının tələbi əsassızdır. İddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.1963-cü ildə Gürcüstan Respublikasının Rustavi şəhərində anadan olmuşdur. Qeydiyyatı Qazax rayonu, Kəmərli kəndindədir, hal-hazırda Qazax rayonu, Ağköynək kəndində yaşayır, ailəli, orta ixtisaslı, zərgərlik fəaliyyəti ilə məşğuldur. Tərəflərə qarşı düşmənçiliyi və ədavəti yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, həqiqətən, cavabdeh iddiaçıdan sonuncu dəfə qızıl alış-verişi edərkən, həmin zaman cavabdehi tanımış qızılları aldığına şahid olmuşdur. İddiaçıda satış üçün ona məxsus qızıl-zinət əşyaları olmuşdur. Cavabdeh tərəfindən hər hansı məbləğdə pulun iddiaçıya verilməsini isə görməmişdir. İddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhəri, Ozan küçəsi, ev 81-də yaşayır, ailəli, ali təhsilli, işsizdir. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, həqiqətən iddiaçı və cavabdehi tanıyır. Cavabdeh anasının əmisi qızıdır. Gəncə şəhərində qızıl satışı ilə məşğul olarkən cavabdehin əmisi qızı Ramilə xanım vasitəsi ilə iddiaçını tanımışdır. Tərəflərə qarşı düşmənçiliyi və ədavəti yoxdur. Cavabdeh iddiaçıdan 3 il öncə həmin qızılları alarkən yanlarında olmuşdur. Borc vərəqinə cavabdehlə bərabər imza atmışdır. Cavabdeh tərəfindən hər hansı məbləğdə iddiaçıya pulun verilməsini isə görməmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-526/2024 nömrəli iş üzrə 24 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 47.750 manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim Zamiq Rəsulov). Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı izahatında bildirmişdir ki, o, cavabdehə 2020-ci ilin iyul ayında 47.750 manat məbləğində qızıl-zinət əşyaları vermişdir. İddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərdən görünmüşdür ki, o, cavabdehə 47.750 manat məbləğində qızıl-zinət əşyaları vermişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə 47.750 manat məbləğində qızıl-zinət əşyaları verilməsi sübut olunmuşdur. Cavabdeh isə borc alınmış qızılların dəyərinin qaytarılması barədə sübutlar təqdim etməmişdir. İddiaçı bildirmişdir ki, cavabdeh aldığı pulu qaytarcağı barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh məhkəmə iclasına gəlməmiş, pulun qaytarılma müddəti ilə bağlı etiraz bildirməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 739-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçıdan götürdüyü əşyaların dəyəri ümumilikdə 13.000 manat olmuşdur. Bu hal iddiaçıya yazdığı əlyazma qəbzlə öz təsdiqini tapmışdır. Məhkəməyə ifadə vermiş Şahid1 və Şahid2 adlı şəxsləri tanımadığı halda həmin şəxslər onun barəsində həqiqətə uyğun olmayan ifadə vermişlər. Hansı ki, həmin ifadələrdə 47.750 manat dəyərində qızılın nisyə şəkildə alınması sübut olunmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2177/2024 nömrəli mülki iş üzrə 17 dekabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Rüfət Məcidov). Kassasiya instansiya məhkəməsindəki icraat Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(102)-1351/2025 saylı qərarı ilə (məruzəçi – X3, hakimlər X5 və X1 ibarət tərkibdə) kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 2177/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdi və əlavə olaraq bildirdi ki, iddiaçı ilə aralarından əvvəllər də bir neçə dəfə alqı-satqı münasibətləri olmuş və hissə-hissə almış, aldığı qızılların qarşılığında ödənişləri həyata keçirmişdir. Sonuncu dəfə iddiaçıdan 14300 manat dəyərində olan qızıl aldığını qəbul edir, lakin həmin qızılın da pulunu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. addə 600.4 Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 385.1.1-ci maddəsinin tələbinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Belə ki, iddiaçı iddia tələbində göstərmişdir ki, cavabdeh müxtəlif vaxtlarda ondan qızıl-zinət əşyaları almış və qaytaracağı barədə yazılı qəbz vermişdir. Cavabdehin ona 47.750 manat məbləğində borcunun olmasına istinad edilərək həmin borc tələb olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmış və məhkəmə iddianın maddi hüquqi əsasını düzgün müəyyən etmişdir. Belə olan halda tərəflər arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqısı ilə bağlı münasibətlərin yaranması mübahisə edilməmiş olur. İddiaçı birinci instansiya məhkəməsinə borcun mövcud olmasını təsdiqi olaraq cavabdeh tərəfindən imzalanmasını iddia etdiyi qəbzlər təqdim etmişdir. Həmin qəbzləri nəzərdən keçirən kollegiya qeyd edir ki, kassasiya instansiya məhkəməsinin də mövqeyindən göründüyü kimi həmin qəbzlərin məzmunu tam aydın deyildir (qəbzlərin bir hissəsi deformasiya olunub, əvvəl yazılmış qeydlərin üzərində müxtəlif qaralanma hərəkətləri icra edilib, müxtəlif tarixlərə aid məbləğlər göstərilsə də bunların qəbul edilmiş və ya qaytarılan məbləğlər olmasını dəqiq müəyyən etmək mümkün deyil, bəzi qəbzlərin tərtib edilmə tarixləri göstərilməyib, qarşısında imza edilən məbləğlərin hansı tarixdə qəbul edilməsini müəyyən etmək mümkün deyil və s). Həmçinin həmin qəbzlərdə əks olunmuş məlumatlar digər sübutlarla da təsdiq olunmadığından məhkəmə kollegiyası həmin qəbzlərin özlərini ayrılıqda iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi nöqteyinəzərindən qeyri-mötəbər sübut hesab edir. Kassasiya instansiya məhkəməsinin mövqeyindən də aydın olduğu kimi iddiaçı tərəf qeyd olunan qəbzlərdəki çatışmazlığı təqdim etdiyi şahid ifadələri ilə aradan qaldırmağa çalışmış, lakin bu sübutlar da tərəflər arasında yaranmış mübahisənin düzgün həlli üçün kifayət etməmişdir. Belə ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə iddia tələbinin tam təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası sübutetmə vəzifəsinin bölgüsü baxımından qeyd edir ki, pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Hazırki apellyasiya icraatı zamanı isə Cavabdeh məhkəmə iclasında sonuncu dəfə 14.300 manat məbləğində qızıl zinət əşyasını iddiaçıdan aldığını qəbul etmiş, lakin həmin qızılın dəyəri olan pulu da birdəfəlik ona geri ödədiyini bildirmişdir. Buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sübut etmə yükünün tərəflər arasında bölüşdürülməsi baxımından cavabdeh Rövşanə Mustavayeva iddia tələbi üzrə qeyd olunan 14.300 manat dəyərində qızılı aldığını qəbul etdiyindən həmin hissədə onun qarşlığında ödənilməli olan 14.300 manat pulun ödənildiyi sübut etmə yükü də elə cavabdehin üzərinə düşür. Lakin cavabdeh həmin halı təsdiq edə biləcək dəlillər təqdim etməmişdir. İddia tələbinin geri qalan hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddia üzrə 14.300 manat dəyərində qızılı iddiaçıdan götürdüyünü qəbul etsə də, həmin qızılın dəyərini geri qaytardığını sübut edə bilməmiş və iddianın geri qalan hissəsində isə iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı həmin hissədə öz tələblərini sübuta yetirə bilmədiyi üçün birinci instansiya məhkəməsi iddianı tam təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Ağstafa Rayon Məhkəməsinin 2(015)-526/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, Nəticəvi hissə: Apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-526/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin, Cavabdeh 14.300 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1370/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1370/2025
30.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver