Məhkəmə qərarları › İş №2(104)-1376/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1376/2024

19.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1376/2024 19.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: öhdəliklərin icra edilməməsi; ortaqlıq; maddi ziyan Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qardaşı) X4 və digər etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli 2(045)-87/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Goranboy Rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixli 1(045)10/2018 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Goranboy rayon prokuroruna geri qaytarılmışdır;

2. Goranboy Rayon Prokurorluğu tərəfindən verilmiş 26 mart 2020-ci il tarixli ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə başlanmış cinayət işinin icraatında Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilmədiyindən xitam verilmişdir; Həmin qərarla müəyyən edilmişdir ki, tərəflərin qurduğu heyvandarlıq təsərrüfatına çobanlıq edən X5 istintaq zamanı dindirilmiş və o, aşağıdakı məzmunda ifadə vermişdir: Goranboy rayon sakini Cavabdeh və onun qardaşı X2 uzun illərdir tanıyır. 2015-ci ilin yay aylarında Cavabdeh onun yaşadığı evə gərələk heyvandarlıq təsərrüfatı yaratmaq istədiyini və xırda buynuzlu heyvanlar alacağını bildirərək onun həyətində heyvanları saxlamaq üçün şərait olub-olmamasını soruşmuşdur. Cavabdeh bunun üçün həyətində şərait olduğunu bildirmiş və sonuncu ona təklif etmişdir heyvanların saxlanılması müqabilində ona hər ay 200 manat pul və ilin sonunda 20 baş xırda buynuzlu heyvan verəcəkdir. Bu şərtlə razılaşmışdır. Təxminən 10 gün ərzində oğlu Eşqin və Cavabdehla birlikdə müxtəlif şəxslədən, yəni Goranboy rayonu Veyisli kənd sakini Rais adlı şəxsdən 35 baş xırdabuynuzlu heyvanları 100-120 manat, rayonun Qazançı kənd sakini İlham adlı şəxsdən 52 baş xırdabuynuzlu heyvanları təxminən 100-120 manat, rayonun Abbasqulular kənd sakini adını bilmədiyi yaşlı qadından 14 baş xırdabuynuzlu heyvanları 105 manat pul müqabilində almışlar və alınan heyvanların dəyərini Cavabdeh ödəmişdir. Həmin heyvanları təxminən 10 gün ərzində toplayaraq öz evinin həyətinə gətirmişdir. Cavabdeh arabir gəlib heyvanlara baxıb çıxıb getmişdir. 2016-cı ilin qış aylarında heyvanlar arasında brozer xəstəliyi yayıldığı üçün təxminən 30 başdan çox heyvan tələf olmuşdur. Bu barədə Cavabdeh məlumat vermiş və sonuncu br neçə dəfə rayon Baytarlıq idarəsinin əməkdaşı Rasim həkimi və adını bilmədiyi baytarı göndərmişdir. Bununla bağlı müvafiq qeydiyyat da aparılmışdır. Heyvanlarda 40 baş artım olmuş, eyni zamanda 40 başı tələf olmuşdur. Adını sonradan bildiyi Gəncə şəhər sakini İddiaçı 2015-ci ilin yay aylarında heyvanları aldıqdan təxminən 3-4 gün sonra onun evinin həyətinə gələrək heyvanlara baxmış və fotoşəkillərini çəkib getmişdir. Bundan sonra İddiaçı bir daha gəlməmişdir. Son aylarda heyvanların sayı 121 baş olmuşdur. Onlardan 119 başı qoyun, 2 başı isə keçi olmuşdur. 2016-cı ilin may ayında Anar və qardaşı Vüqar sahəyə gedərək onun oğlunun otardığı 121 baş heyvanı aparmışlar və oğlu Eşqinə bildirmişlər ki, İddiaçı yalandan 260 baş heyvan olduğunu bildirmişlər, bu heyvanları aparıb Goranboy rayonu Veyisli kənd sakini Raisin heyvanlarına qatacaqklar ki 260 baş heyvan sayı düz gəlsin. Oğlu Eşqin də onlara heç bir söz deməmiş və Anarla Vüqar heyvanları qarşılarına qatıb aparmışlar. Həmin gün axşam saatlarında Anarın arxasınca getmiş və onlarla kənd ərazisində görüşmüşdür. Görmüşdür ki, Anar və qardaşı heyvanları qarşılarına qatıb aparırlar. Heyvanları saymış və cəmi 121 baş xırdabuynuzlu heyvanı Anara təhvil vermişdir. Onlardan 119 başı qoyun, 2 başı isə keçi olmuşdur. Hər iki keçi 3 illik olmaqla təxmini diri çəkisi 25 kq olmuşdur. 119 baş qoyundan 1 başı 2 illik erkək olmaqla təxmini diri çəkisi 50 kq olmuşdur. Qoyunlardan 5 başı 1 illik erkək olmaqla hər birinin diri çəkisi təxminən 45 kq olmuşdur. Qoyunlardan 19 başı 6 aylıq dişi quzu olmaqla hər birinin diri çəkisi təxminən 20 kq olmuşdur. Heyvanlardan 16 başı 1 illik dişi qoyun olmaqla hər birinin diri çəkisi təxminən 30 kq olmuşdur. Yerdə qalan 78 baş heyvan 3 illik olmaqla hər birinin diri çəkisi təxminən 40 kq ana qoyunlar olmuşdur. Həmin 121 baş heyvanı şəxsən özü sayaraq Anar və Vüqar Məmmədov qardaşlarına təhvil vermişdir;

3. X1 (VÖEN **********) tərəfindən verilmiş 31 oktyabr 2024-cü il tarixli 24/04 saylı sorğuya cavab məktubundan görünür ki, 2024-cü ildə diri çəkisi 50 kq 2 illik erkək qoyunun orta bazar qiyməti 380-400 manat; diri çəkisi 45 kq olan 1 illik erkək qoyunun orta bazar qiyməti 340-360 manat; diri çəkisi 20 kq olan 6 aylıq dişi quzunun orta bazar qiyməti 360-380 manat; diri çəkisi 30 kq olan 1 illik dişi qoyunun orta bazar qiyməti 200- 250 manat; diri çəkisi 40 kq olan 3 illik ana qoyunun orta bazar qiyməti 250-280 manat; diri çəkisi 25 kq olan 3 illik keçinin orta bazar qiyməti 170-180 manat təşkil edir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə işbirliyi qurmaq üçün hissələrlə nağd aldığı 30000 manatın və həmin məbləğin 6 (altı) illik faiz dərəcəsi olan 9000 manatın, eləcə də dövlət rüsumu kimi ödədiyi 210 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işbirliyi qurmaq məqsədilə etibar etdiyi Cavabdeh xırdabuynuzlu heyvanlar alıb, saxlayıb, qazanc əldə edib, yarı bölmək üçün birdəfəyə 17000 manat vermiş, özü də bu məbləğin 15000 manatını işlədiyi "xxxx" ASCdən kredit götürmüş, evindəki 2000 manat ehtiyatını da əlavə etmişdir. O, şəhərdə yaşadığı üçün mal-qara biznesindən başı çıxmır, həm də bankda məsul vəzifədə olduğu üçün başqa bir rayonda təsərrüfatla məşğul olmağı mümkün deyildir. Sözügedən hadisə 2014-2015-ci illərdə, onun cavabdehə hədsiz etimadına hörmət və səxavət göstərməyinə görə baş vermişdir. Onları 2011-ci ildə hər ikisi də dost olan bir şəxs tanış etmişdir. Ayrıayrı şəhərlərdə yaşasalar da, hər ikisi bank sistemində işlədiyi üçün 2011-ci ildə baş vermiş tanışlıqdan sonra vaxtaşırı təmasda olub, çörək kəsmiş, yaxın olmuşdur. Səxavətinə və sadəlövhlüyünə görə cavabdeh onu bağışlayan adam hesab edərək dəfələrlə və təkidlə şərikli xırdabuynuzlu heyvan saxlamağı təklif etmiş, bu işi bütövlüklə öz üzərinə götürmüş, ondan işbirliyinə yalnız sərmayə qoymağı xahiş etmiş, heyvan saxlamaq üçün Goranboy rayonunda yatağı və şəraiti olmasını deyib, şirin planlar cızmaqla onu ələ ala bilmiş, işə bütün nəzarəti, tanışı olan çobanın haqqını, yem pulunu, hətta heyvanları tapıb, almasını öz üzərinə götürmüş, bu işbirliyindən onun vəzifəsi yalnız lazımi miqdarda pul vermək olmasını bildirmişdir. Razılığa görə qazanc onun sərmayəsinin tədricən (hissələrlə) qaytarılmasından sonra yarı bölünməli idi. Bir müddətdən sonra o, yenə də cavabdehin təkidi ilə ailəsinə məxsus torpaq sahəsində arpa və buğda əkmək üçün sonuncuya daha 10000 manat vermişdir. Cavabdeh onu inandırmışdır ki, əkin olarsa, həm heyvanlar tez yetişər, həm də arpa-buğdanı satıb, onun qazancı ilə işə qoyduğu pulu daha tez qaytarar. Çarəsiz qalıb, bu məbləği o, Rusiyada ticarətlə məşğul olan dostu Elşəndən borc alıb, cavabdehə vermişdir. Lakin, ailəsinin torpağın hansı kənddə yerləşməsini bilməmiş, güman etmişdir ki, becərdiyi arpa və buğda boy atanda ona göstərəcək, lakin vaxtı olmadığından həmin sahəyə gedə bilməmişdir. Baxmayaraq ki, razılaşmaya görə, bütün işlərin xərci cavabdehin üzərində olmuşdur, cavabdehin maddi imkanının zəif olması barədə sözlərinə görə (işbirliyi qurmamışdan başqa sözlər deyirdi) çobanın əməkhaqqını ödəmək və yem almaq üçün bir neçə dəfə daha 3000 manat vermişdir. Cavabdeh heyvanları onsuz almış, ona görə də miqdarını və hansı qiymətə alınmasını, alqı zamanı onu hansı miqdarda aldatmasını bilmir və bu barədə cavabdehə irad etmir. O, cavabdehə tam inandığı üçün heyvan dalınca rayonlar gəzməyi, alıb, saxlanmasına nəzarət etməyi lazım bilməmişdir. Həmçinin, işbirliyinin necə cərəyan etməsini yoxlaya bilməmişdir. Alınmış heyvanlara baxmaq üçün ilk dəfə Goranboy şəhərinə gedəndə çobanının evinin həyətində bir neçə heyvan görmüşdür. Cavabdeh bildirmişdir ki, qalan heyvanlar sahədə otlayır. Cavabdeh ona elə münasibət göstərmiş, elə hərəkətlər etmişdir ki, qalan heyvanların harada otlamasını, hansı yataqda saxlanmasını yoxlamağı, yəni cavabdehi sınağa çəkməyi özünə ar bilmiş, daha da dərinə varsaq, susuz çölləri gəzib, yataq axtarmağa, heyvan saymağa həvəsi olmamışdır. Əməldə cinayət tərkibi olmaması motivi ilə cinayət işinin icraatına xitam verilməsinə dair qərarda göstərilmişdir ki, guya Cavabdeh 101 baş xırda buynuzlu heyvan alıb, onun sayını cəmi dəyəri 19790 manat təşkil edən 121 başa çatdırmış, onun dəyəri olan 9895 manatı ona çatır. Halbuki, o, işbirliyinə qoyduğu pulun mənimsənilməsi barədə şikayət etmişdir. Cavabdeh barəsində cinayət işi qanunsuz olaraq başlanılmamışdır. Cavabdeh bildirmişdir ki, guya ziyan çəkdiyi üçün onun pulunu qaytara bilməmişdir. Nədən ibarətdir ziyan, necə və nə vaxt ziyana düşmüşdür, istintaqçı yazmır. Taxıl əkini barədə də heç nə deyilmir. Qərarda həqiqət ört-basdır edilmiş, işbirliyinə 30000 manat pul qoymağı gizlədilmişdir. Cavabdeh ibtidai istintaqa verdiyi ifadələrə və şəxsən ona etdiyi etiraflara görə təsərrüfatında cəmi 260, ya da 245 baş heyvan olmuşdur. Guya heyvanın bir hissəsi (təxminən 1/5) tələf olmuşdur. İstintaq boyu müxtəlif ifadələr verən çoban Kamil Mirzəyev ifadələrinin birində göstərmişdir ki, Cavabdeh onu təsərrüfatda 245, yaxud 260 baş heyvan olmasına inandırmaq, yəni aldatmaq üçün mövcud heyvanları müvəqqəti olaraq başqa bir çobanın heyvanlarına qatmışdır ki, o, işin yüksəlişə doğru etməsini düşünsün. Əsl həqiqəti isə çoban Kamil, onun qoyunları otaran oğlu və cavabdeh yaxşı bilirlər. Cavabdeh onu aldatmasına hər bir halda şübhə qalmır. Bu "nailiyyətə" görə o işbirliyinə qoyduğu puldan az da olsa qaytarılmasını istəmiş, lakin cavabdeh telefonunu bağlayaraq, gizlənmişdir. Cavabdeh onunla təmasdan yayındığı üçün Goranboy şəhərinə səfər edib, sonuncunu evində taparaq hərəkətinə izah verməsini, işin həqiqətdə necə getməsini soruşmuşdur. Cavabdeh, əvvəlcə narahatlığa əsas olmamasını demiş, lakin qətiyyətli verdiyi suallardan sonra bildirmişdir ki, daha heyvanlar yoxdur, onun bir hissəsini çoban mənimsəmiş, satmış, qalan hissəsini isə cavabdeh özü satmış, ziyana düşdüyü üçün sərmayəni qaytara bilməmişdir. Cavabdehin bu hərəkətlərinə görə onda şübhə qalmamışdır ki, ona işbirliyi təklifi edən zamandan cavabdeh, əmlakını ələ keçirmək niyyətində olmuşdur. Cavabdeh onun əmlakını təkbaşına, yaxud çoban Kamil Mirzəyevlə cinayət əlaqəsində mənimsəməsi onun üçün önəmli deyil. Özgə sürüsünə baxan çobanların bir qayda olaraq müxtəlif üsullarla heyvan oğurlamaları (heyvanların itmələri, xəstəlikdən, bitdən-birədən tələf olmaları barədə və sair uydurmalarla) barədə çox eşitmişdir. Lakin, çoban Kamil Mirzəyev bütün sürünü və bütün arpa-buğdanı oğurlaya bilməzdi. Cavabdeh heyvanları satıb dağıdıb, əldə etdiyi həmin puldan ona 1 manat da verməmişdir. Başqa sözlə, cavabdehin yaratdığı və ya yaratmaq istədiyi illuziyası yaratdığı təsərrüfatdan o, heç nə almamış, çünki əvvəlcədən aldadılmışdır. Cavabdeh onun verdiyi pulların hamısını mənimsəmiş, qaytarmaq barədə planı olmamışdır. Odur ki, onun neçə heyvan alması, sayının necə artırması burada önəmli deyil. Fakt budur ki, Cavabdeh onun 30000 manatını etibarından sui-istifadə etməklə talamışdır. Ona görə də, taladığı pulların faizi ilə geri qaytarmalıdır. Cavabdehin məhz onu talamaq niyyətində olması hadisədən ötən uzun zamanla təsdiq olunur. O vaxtdan 6 ildən artıq vaxt ötmüşdür. Cavabdeh istintaq altında olmağını, nəhayətdə tutulmağını, yəni pula zəruri ehtiyacı olmasını, ailəsinin böhran keçirdiyini bildiyi halda, bu uzun müddətdə bir dəfə də olsa, borcundan hərdən bir olsa da, 100-200 manat ödəmək barədə düşünməmişdir. O, hələ cavabdehin 10000 manatını alıb, əkdiyi taxıl-buğdadan əldə etdiyi, yaxud əkmədən (quru yerdən) əldə etdiyi 10000 manatı demir (sonralar aldığı məlumata görə cavabdeh, heç nə əkməmişdir). Odur ki, cavabdehin onunla işbirliyi zamanı heyvan alınması üçün öz pulunu xərcləməsi istintaq materialları ilə təkzib edilir. Heyvanların ölüm-itim məsələsi isə təsdiq edilmir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan cinayət prosessual qaydada şikayət verib-verməməyi bu işin nəticəsindən, Cavabdeh mülki prosesdə davranışından, özünü məhkəmədə necə aparmasından, ödənişlər etməsindən asılıdır. Cavabdeh barəsində 3 ilə yaxın müddətdə istintaq getməsinin, həmin müddətdə həyəcanlı günlər yaşamasının özü də böyük bir cəzadır. Özü də istintaq altında olduğu üçün bunu yaxşı başa düşür, ona görə də Cavabdeh məhkum edilib-edilməməsi bugün onun üçün maraqlı deyil, lakin borc ödənilməlidir. Nəhayətdə qeyd etmək istəyir ki, mülki iş üzrə araşdırma zamanı məhkəmə cavabdehin əməlində cinayət tərkibi olmasını müəyyən etdiyi halda, cinayət işinin qaldırılması haqqında xüsusi qərar çıxarıb, onu prokurorluğa göndərə bilər. Çünki işlə adi tanışlıq ondan xəbər verir ki, Goranboy rayon prokuroru cinayət işinin prokurorluğun icraatında olduğu 2 il 1 ay müddətində sürtə-sürtə onu cılızlaşdırmış, cinayət- prosessual qanunla istintaq üçün nəzərdə tutulan müddətləri kobudcasına pozmuş cavabdehin arxasında durub, uzun müddət istintaqın normal gedişinə mane olan, nəyin bahasına olursa-olsun, cinayətkarı xilas etmək istəyən yaxınlarının təzyiq və şikayətlərindən yaxa qurtarmaq üçün aşkar cinayət işini süni surətdə mülki müstəviyə keçirib, xitam verdirmişdir. Bugün məqsədi, məsələni mülki qaydada həll etmək olduğu üçün iş üzrə çatmaq olduğu üçün cinayət işinin təfərrüatına, yəni cavabdehin birgə təsərrüfatında 245 baş (başqa bir ifadədə 260 baş) heyvan olmasına dair sözlərinin nə dərəcədə həqiqət olmasını müzakirə etmək istəmir. Əgər həqiqətən heyvanlar qeyd edilən miqdarlarda olmuşsa, deməli, Cavabdeh əldə etdiyi qazancı da mənimsəmişdir. Qazancı istəmir, əli ilə verdiyi pulu qaytarsın. Goranboy rayonuna səfər etməyinin xərcini, etdiyi sair hörmətləri, namərdliyi üzündən uzun illər keçirdiyi iztirablarını, xoşbəxtliyini onun pulunda axtarmasını cavabdehə bağışlayır. Cavabdeh ondan aldığı 30000 manat pulu mövcud mülki qanunvericiliyə görə faizi ilə geri qaytarmalıdır.

6. Məhkəmə iclasında iştirak edən İddiaçı tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehi uzun müddətdir, yəni 2011-ci ildən tanıyır. Daha sonra onlar ortaq iş qurmaq qərarına gəlmişlər. Belə ki, cavabdeh ona təsərrüfat işlərini yaxşı bildiyini, hazırda heyvandarlıq təsərrüfatında yaxşı gəlirin olduğunu və yetərli vəsaitə malik olsa, işi idarə edə biləcəyini bildirmişdir. O, da, cavabdehin sözlərinə inanaraq iş birliyi yaratmaq və qazanc əldə etmək üçün ona müxtəlif vaxtlarda hissə-hissə olmaqla 30000 manat məbləğində pul vermişdir. Həmin iş birliyi xırda və iribuynuzlu heyvanların saxlanılaraq artırılmasından ibarət olmuşdur. Lakin sonra məlum olmuşdur ki, cavabdeh heyvanların tələf olduğunu bəhanə gətirərək onu aldatmışdır. Bundan sonra cavabdeh tərəfindən mənimsənilmiş pulun qaytarılması üçün dəfələrlə müraciət etməsinə baxmayaraq nəticə olmamışdır. Cavabdeh borcun qaytarılmasından qərəzli şəkildə boyun qaçırır. Sözügedən hadisə ilə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına şikayət etmiş, lakin onun müraciətləri nəticəsiz qalmışdır. Cavabdehdən vermiş olduğu pulu ala bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur.

7. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, 2010-cu ildən Goranboy rayonu “Beynəlxalq bank” filialında əməliyyatçı vəzifəsində işləmiş və həmin vaxtlardan iddiaçı ilə tanışlığı olmuşdur. İddiaçı ilə münasibət yarandıqdan sonra onlar qazanc əldə etmək məqsədi ilə 2014-cü ilin yay aylarında heyvandarlıq təsərrüfatı qurmaq qərarına gəlmişlər. Nəticədə razılaşmaya əsasən hər ikisi ortaqlığa pul qoyaraq xırda və iribuynuzlu heyvanlar almışlar. İddiaçının bu iş üçün hissəhissə ümumilikdə 22000 manat, özü isə 15000 manata yaxın pul qoymuşdur. Raminin təsərrüfatdan anlayışı olmadığı üçün idarə etməni o, öz üzərinə götürmüş və heyvanlara baxmaq üçün Kamil adlı şəxsi də çoban kimi işə götürmüşdür. Daha sonra heyvanlar üçün yem xərcini azaltmaq məqsədilə Raminə taxıl əkməyi təklif etmiş və bildirmişdir ki, belə olan halda xeyli miqdarda pula qənaət edəcəklər. Ramin də bu təkliflə razılaşaraq 32 ha torpaq sahəsinə taxıl əkmək üçün 5000 manat, özü isə 7000 manat pul qoymuşdur. Bu işdə qardaşı Vüqar da onlara köməklik etmişdir. Lakin, 2016-cı ilin yanvar ayında yaxın qohumunun rəhmətə getməsi ilə əlaqədar olaraq nə özü, nə də ki, qardaşı Vüqar heyvanların saxlandığı yerə gedib heyvanlara baxa bilməmiş, yəni heyvanlara nəzarət edə bilməmişlər və bir müddət keçəndən sonra çoban onlara heyvanların əksəriyyətinin xəstəlikdən tələf olduğunu bildirmişdir. Lakin, sonradan çobanın yalan danışdığı və heyvanları mənimsədiyi məlum olmuş, bununla bağlı aidiyyəti orqana müraciət edilmiş və araşdırma nəticəsində Kamil (çoban) qoyunları mənimsədiyini etiraf etmişdir. Odur ki, dəymiş ziyanın qaytarılması üçün qardaşı Vüqarla çoban Kamil arasında 7000 manat məbləğində borc müqaviləsi bağlanmış, lakin bugünə kimi həmin pul qaytarılmamışdır. Yerdə qalan xəstə heyvanları bazara çıxarıb sataraq 3170 manat vəsait əldə etmiş, həmin pulu da təsərrüfatla əlaqədar yaranmış borclara sərf etmişdir. Əkdikləri taxıl sahəsini də ziyanvericilər məhv etdiyi üçün bu təsərrüfatları da batmışdır. Bu ziyanlıqla bağlı Raminə məlumat verdikdə o, bunun ona heç bir aiddiyyətinin olmadığını və verdiyi pulun geri qaytarılmasını tələb etmişdir. Belə olan halda onlar arasında mübahisələr başlamış və hazırda da davam etməkdədir. Hətta Ramin ona hədə-qorxu gələrək avtomobilini əlindən alaraq baş etibarnamə ilə dostuna vermişdir. Həmin vaxt o, qorxduğu üçün bu barədə polis orqanlarına müraciət etməmişdir. Raminin ondan pul tələb etməsi əsassızdır, çünki ona da bu işbirliyi nəticəsində təxmini 20000 manata yaxın ziyanlıq dəymiş və hər ikisinin pulu batmışdır.

8. Goranboy Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli 2(045)-87/2023 nömrəli qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddia təmin edilərək, 27000 (iyirmi yeddi min) manat məbləğində pulun və ödənilmiş 210 (iki yüz on) manat dövlət rüsumunun 171 (yüz yetmiş bir) manat hissəsinin Cavabdeh tutularaq, İddiaçı verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 21.1, 21.2, 21.3 və 456-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, doğurdan da iddiaçı ilə birlikdə işbirliyi quraraq heyvandarlıq və əkinçilklə məşğul olmuşdur. Bu zaman ilkin olaraq o, 15000 manat, iddiaçı isə 20000 manata yaxın hissə-hissə pul qoymuşdurlar. İlk vaxtlarda işləri yaxşı alınmış, lakin, əkdikləri taxıl-arpa sahəsi həmin il bütün ölkədə olduğu kimi, yaşadıqları Goranboy rayonunda da ziyanvericilər (siçan-sincab) tərəfindən məhv edilmişdir. Bu zaman əkdikləri taxıl-arpa sahələrini ziyanvericilərdən qorumaq üçün əlavə olaraq 3000-5000 manat əlavə xərc çəkmişdir. Lakin, əkdikləri 20 ha-dan heç bir ton da məhsul götürə bilməmişlər. Əlavə olaraq icarəyə götürdükləri torpaq sahiblərinə onun tərəfindən torpaqlarından istifadə etdiyi şəxslərə hər hektara görə 500 manat pul vermişdir. O ki, qaldı xırdabuynuzlu heyvanlara, onlarında bir hissəsini iddiaçı ilə birlikdə, qalanını iddiaçının razılığı ilə o almışdır. Çoban tutmuş, ona aylıq 300 manat əmək haqqı vermiş, heyvanların yeminə xeyli pul xərcləmişdir. Arada heyvanlar xəstələnib ölməyə başlayanda baytar gətirmişlər. Heyvanların ölümünün qarşısını almaq üçün dərmanlara xeyli pul xərcləmişdir. Sonda isə ona məlum olmuşdur ki, heyvanlara baxan çoban onların inamından istifadə edərək saxladığı heyvanları satmışdır. Bütün bunlardan iş ortağı olduğu üçün iddiaçının xəbəri olmuş, o, iddiaçını mütəmadi məlumatlandırmışdır. Bütün bu dediklərini istintaq zamanı həm torpaq sahəsini əkdiyi şəxslər, həm heyvanlara baxan baytar həkim, həm də heyvanlara baxan çoban özləri izahatlarında etiraf etmişlər. Hətta onlara ziyan vurduğu üçün o, çoban barədə şikayət də etmişdir, bu zaman çoban hər şeyi etiraf edərək boynuna almışdır. Əslində bu işbirliyindən iddiaçıdan çox ona maddi və mənəvi ziyan dəymişdir. Zərərin nəticəsidir ki, bu günə kimi o, maddi tərəfdən özünə gələ bilmir. İddiaçı isə əksinə, iş ortaqlığında onun çox ziyana düşdüyünü bilsə də bunu qəbul etmir, əvvəl üstünə aidiyyatı olmayan adamlar gətirmiş, sonra isə barəsində cinayət işi başlanması üçün istintaq orqanına ərizə ilə müraciət etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Apellyasiya instansiya məhkəməsində birinci icraat:

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2023-cü il tarixli 2(104)-1504/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi; Goranboy Rayon Məhkəməsinin 2(045)-87/2023 saylı mülki iş üzrə 07 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

e) Kassasiya instansiyası məhkəməsində icraat:

14. Cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2024cü il tarixli 2(102)-827/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)- 1504/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qardaşı) X4 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, qardaşı Anarla İddiaçı qarşılıqlı razılaşaraq iş qurublar ki, birlikdə təsərrüfatla məşğul olacaqlar. Lakin təsərrüfat işi baş tutmamışdır. İlk dəfə 107 baş heyvan alınıb, hamısı xırda buynuzlu heyvanlar olmuşdur. Heyvanların hər biri fərqli qiymətə olmuşdur, onların ümumi dəyəri isə təqribən 17000-18000 manat civarında olmuşdur. Həmin dövrdə hər iki tərəf təsərrüfatın qurulması üçün vəsait sərf etmişdir. İddiaçı 3 dəfə hissə-hissə pul vermişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, İddiaçı ilk dəfə 17000 manat, daha sonra isə 5000 manat pul vermişdir. Həmin dövrdə Anar da "xxxx" Bank ASC-dən 5000 dollar kredit götürmüşdür. Tərəflərin razılaşması belə olmuşdur ki, pul qoyub birlikdə iş görəcəklər, təsərrüfatı böyüdəcəklər, sonra qoyduqları pulu götürüb qalan qazancıda aralarında böləcəklər. Bir müddət sonra (2 doğumdan sonra) heyvanlar çoxalaraq 271 baş olmuşdur. Lakin, nə iddiaçı, nə də cavabdeh gedib təsərrüfata baş çəkib maraqlanmamışlar. Onlar gəlmədiklərinə görə özü işdən çıxıb təsərrüfata baş çəkmişdir. Təsərrüfata başlayandan sonra növbəti ilin may ayına kimi (6 ay ərzində) 103 baş heyvan 271 baş olmuşdur. Sonradan heyvanlar xəstəliyə tutulmuş, təxminən 30-40 ədədi tələf olmuşdur. Növbəti ayın aprel ayında 270 baş heyvan olmalı olduğu halda tələfatlar nəticəsində cəmi 155 baş heyvan qalmışdır. Bu barədə çobandan soruşanda isə sonuncu heyvanların satıldığını bildirmişdir. Lakin, çobanın heyvanları satıb pulunu nəyə verdiyini bilmir. Bundan sonra evdə məsləhətləşmişlər və heyvanları çobandan götürmək qərarına gəlmişlər. Heyvanları götürmək üçün çoban Kamilin evinə getsələr də, orada mübahisə olduğundan polis vasitəsilə heyvanları oradan çıxartmışlar. Bu zaman cəmi 121 baş heyvan çıxartmışlar və heyvanları dostunun həyət evinə aparmışlar. Bundan sonra çobanın barəsində şikayət etsələr də, polis şöbəsi onunla bağlı heç bir tədbir görülməyəcəyini bildirmiş və aralarındakı mübahisənin mülki xarakterli olduğu bildirilmişdir. Çobandan təhvil aldığı heyvanlardan 5 başı yolda ölmüş, qalan heyvanlar isə xəstə olduğundan onları cəmi 3300 manata satmışlar. Satışdan əldə olunan vəsaiti də təsərrüfat üçün götürülmüş borclara sərf etmişlər. Lakin, nə əkin sahəsinə çəkilmiş xərclər, nə də heyvanları satdığqları qiymət barədə heç bir sübutları yoxdur. Təsərrüfatdan 15000 manat ziyan da onlara dəymişdir.

17. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, uzun müddətdir ki, tanıdığı Cavabdeh ona 2014-2015-ci illərdə təklif etmişdir ki, xırdabuynuzlu heyvanlar alıb saxlasınlar və qazancı aralarında yarı bölsünlər. O da Anarın bu təklifi ilə razılaşaraq ona 17000 manat vermişdir. Cavabdeh ondan işbirliyinə yalnız sərmayə qoymağı xahiş etmiş, heyvan saxlamaq üçün Goranboy rayonunda yatağı və şəraiti olmasını demişdir. Razılaşmaya əsasən heyvanların alınması üçün sərmayəni o qarşılayır, cavabdeh isə heyvanlara baxılmasna nəzarəti, çobanın haqqını, yem pulunu, hətta heyvanları almasını öz üzərinə götürmüşdür. Razılığa görə ortalığa qoyulan pul götürüldükdən sonra qazanc yarı bölünməli idi. İşə başladıqdan bir müddət sonra cavabdehin təkidi ilə ailəsinə məxsus torpaq sahəsində arpa və buğda əkmək üçün sonuncuya daha 10000 manat vermişdir. Cavabdeh onu inandırmışdır ki, əkin olarsa, həm heyvanlar tez yetişər, həm də arpabuğdanı satıb, onun qazancı ilə işə qoyduğu pulu daha tez qaytarar. Çarəsiz qalıb, bu məbləğidə dostlarından borc alıb cavabdehə vermişdir. Bundan sonra cavabdehin təkidi ilə yenə də çobanın əməkhaqqını ödəmək və yem almaq üçün bir neçə dəfə daha 3000 manat vermişdir. O, alınmış heyvanlara baxmaq üçün ilk dəfə Goranboy şəhərinə gedəndə çobanının evinin həyətində bir neçə heyvan görmüşdür. Cavabdeh bildirmişdir ki, qalan heyvanlar sahədə otlayır. Oda cavabdehin sözlərinə inanaraq heyvanların hansı yataqda saxlanmasını maraqlanmamışdır. O, heyvanlar barədə Cavabdeh maraqlanan da, o bildirmişdir ki, hər şey yaxşıdı heyvanların sayı 245 baş olmuşdur. Lakin sonradan Anar ona bildirmişdir ki, heyvanlar yoxdur, onun bir hissəsini çoban mənimsəmiş, qalan hissəsini isə özü satmış, ziyana düşdüyü üçün sərmayəni qaytara bilməmişdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, heyvanlara çobanlıq Kamil Mirzəyevi cəmi 1 dəfə görmüşdür. Təsərrüfata çəkilmiş xərclərlə bağlı hesab dəftərləri olmamışdır. O, heyvanlara baş çəkmək üçün bir neçə dəfə Göronboy rayonuna getsə də, hər dəfəsində cavabdeh başqa-başqa bəhanələrlə buna imkan verməmişdir.

18. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini və əvvəlki kollegiyanın iclasında verdiyi izahatına əlavəsi olmadığını bildirərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, heyvanların xəstələnməsi, tələf olması, satılması, habelə əkinin məhv olması, bunların nəticəsində dəymiş ziyan barədə ona heç bir məlumat verilməmişdir. Cavabdeh 1-2 baş heyvanın xəstələnməsi barədə ona məlumat vermişdir. Bir dəfə heyvana baxmağa getmiş və görmüşdür ki, heyvanlar balalayıb, lakin saymamışdır. Bircə dəfə də əkinə baxmağa getsə də, cavabdeh sahəyə getməkdən onu yayındırmışdır. Əslində, onların razılaşması belə olmuşdur ki, o, təsərrüfatın qurulması üçün vəsait qoyacaq, cavabdeh isə təsərrrüfda idarə və nəzarət işlərini həyata keçirəcək. Çünki, onun heyvandarlıq təsərrüfatından anlayışı olmamışdır. Cavabdeh təsərrüfata nəzarət etmədiyinə görə işin sonu belə nəticələnmişdir.

19. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Sorğuya əsasən alınan aktakı qiymətlər 2024-cü il üçündür. Lakin, tərəflər arasındakı münasibətlər isə 2016-cı ildə yaranmışdır. Bundan başqa, rəydə sağlam heyvanın qiyməti yazılmışdır. Lakin, cavabdehin satdığı heyvanlar xəstə olmuşdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qardaşı) X4 apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki kollegiyanın iclasında verdiyi izahatına əlavəsi olmadığını bildirərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə X4 bildirmişdir ki, Ruslan adlı şəxs onların tanışıdır. Digər şəxslər isə Vasif və Zaurdur. Artıq 7 ildir ki, avtomobili özlərində saxlayırlar. Həmin avtomobil qardaşının adınadır, polisə müraciət etsələr də, avtomobilin axtarışda olduğu bildirilmişdir. Həmçinin bildirmişdir ki, onlar da təsərrüfatın qurulmasına xərc çəkmişlər. 2000-3000 manat deyil, daha çox məbləğ sərf etmişlər.

21. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini və əvvəlki kollegiyanın iclasında verdiyi izahatına əlavəsi olmadığını bildirərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, əkin və heyvandarlıq üçün ümumilikdə 30000 manat vəsait sərf etmişdir. Həmin vəsaitin 17000 manatı heyvanların alınması üçün sərf edilmiş, qalanı isə əkin və yemə sərf olunmuşdur. Cavabdeh isə əgər pul qoyubsa, bu məbləğ maksimum 3000-5000 manatdan yuxarı olmamışdır. Taxıla görə isə cavabdeh tərəf ümumiyyətlə vəsait sərf etməmişdir. Toxumun pulunu, habelə toxumun əkilməsi üçün pulu özü vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

23. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.

24. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir

25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

27. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

28. Maddə 64.1. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər.

29. Maddə 64.8. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin əmlakına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.

30. Maddə 65.3. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları nizamnamədə nəzərdə tutulan qaydada, miqdarda, üsullarla və müddətlərdə maya qoymalıdırlar.

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

35. Maddə 456. Borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

42. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

43. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 16655 manat vəsait tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

47. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər arasında ortaq iş (kənd təsərrüfatı) qurmaqdan irəli gələn münasibətlər yaranmış, bu məqsədlə iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda hissə-hissə olmaqla, ümumilikdə 27000 vəsait verilmiş cavabdeh təsərrüfatın idarəçiliyini öz üzərinə götürmüşdür. İddiaçı Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsini, təsərrüfata nəzarətsiz etməsini və nəticədə iddiaçıya 27000 manat məbləğində zərər dəydiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

48. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimi zamanı səhvə yol vermiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Həmçinin, iddia tələbi işbirliyi qurmaq üçün hissələrlə ödənilmiş 30000 manatın və həmin məbləğin 6 illik faiz dərəcəsi olan 9000 manatın tutulmasından ibarət olduğu halda, birinci instansiya məhkəməsi 6 illik faiz dərəcəsi ilə hesablanan 9000 manat vəsaitin tutulması hissədə ümumiyyətlə iddiaya hüquqi qiymət verməmiş, habelə qətnamənin nəticə hissəsində tələbin bu hissəsi ilə bağlı hansı nəticəyə gəldiyini qeyd etməmişdir. Halbuki, MPM-in 220ci maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. İddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalıdır.

49. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

50. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.

51. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.

52. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

53. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı 13 mart 2024-cü il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, tərəflər arasında ortaq iş (kənd təsərrüfatı) qurmaqdan irəli gələn münasibətlər yaranmış, təsərrüfatın idarəçiliyini cavabdeh öz üzərinə götürmüş, iddiaçı sözügedən iş ortaqlığına ayrı-ayrı vaxtlarda 27000 manat məbləğində vəsait qoymuş, cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi, yəni təsərrüfata nəzarətsizliyi nəticəsində iddiaçıya 27000 manat məbləğində zərər dəymişdir; Goranboy rayon prokurorluğunda istintaq edilmiş cinayət işi üzrə şahid qismində verdiyi ifadəsindən, məhkəmədə verdiyi izahatlarından və apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı ilə münasibət yarandıqdan sonra onlar qazanc əldə etmək məqsədi ilə 2014-cü ilin yay aylarında heyvandarlıq təsərrüfatı qurmaq qərarına gələrək, hər ikisi ortaqlığa pul qoyaraq xırda və iribuynuzlu heyvanlar almışlar. İddiaçı bu iş üçün hissə-hissə ümumilikdə 22000 manat, özü isə 15000 manata yaxın pul qoymuşdur. Raminin təsərrüfatdan anlayışı olmadığı üçün idarə etməni o, öz üzərinə götürmüş və heyvanlara baxmaq üçün Kamil adlı şəxsi də çoban kimi işə götürmüş, çobana aylıq 300 manat əməkhaqqı vermiş, heyvanların yeminə xeyli pul xərcləmişdir. Daha sonra heyvanlar üçün yem xərcini azaltmaq məqsədilə, 32 hektar torpaq sahəsinə taxıl əkmək üçün Ramin 5000 manat, özü isə 7.000 manat pul qoymuşdur. İlk vaxtlarda işləri yaxşı alınmış, lakin əkdikləri taxıl-arpa sahəsi həmin il bütün ölkədə olduğu kimi, yaşadıqları Goranboy rayonunda da ziyanvericilər (siçan-sincab) tərəfindən məhv edilmişdir. Bu zaman əkdikləri taxıl-arpa sahələrini ziyanvericilərdən qorumaq üçün əlavə olaraq 3-5 min manat əlavə xərc çəkmişdir. Lakin, əkdikləri 20 hadan heç bir ton da məhsul götürə bilməmişlər. Əlavə olaraq icarəyə götürdükləri torpaq sahiblərinə onun tərəfindən torpaqlarından istifadə etdiyi şəxslərə hər hektara görə 500 manat pul vermişdir. Xırda buynuzlu heyvanların bir hissəsini iddiaçı ilə birlikdə, qalanını iddiaçının razılığı ilə o, almışdır. Arada heyvanlar xəstələnib ölməyə başlayanda baytar gətirmişlər. Heyvanların ölümünün qarşısını almaq üçün dərmanlara xeyli pul xərcləmişdir. Bu işdə qardaşı Vüqar da onlara köməklik etmişdir. Lakin 2016-cı ilin yanvar ayında yaxın qohumunun rəhmətə getməsi ilə əlaqədar olaraq nə özü, nə də ki, qardaşı Vüqar heyvanlara nəzarət edə bilməmiş və bir müddət keçəndən sonra çoban onlara heyvanların əksəriyyətinin xəstəlikdən tələf olduğunu bildirmişdir. Lakin, sonradan çobanın yalan danışdığı və heyvanları mənimsədiyi məlum olmuş, bununla bağlı aidiyyəti orqana müraciət edilmiş və araşdırma nəticəsində Kamil (çoban) qoyunları mənimsədiyini etiraf etmişdir. Dəymiş ziyanın qaytarılması üçün qardaşı Vüqarla Kamil arasında 7000 manat məbləğində borc müqaviləsi bağlanmış, lakin bugünə kimi həmin pul qaytarılmamışdır. Yerdə qalan xəstə heyvanları bazara çıxarıb sataraq 3.170 manat vəsait əldə etmiş, həmin pulu da təsərrüfatla əlaqədar yaranmış borclara sərf etmişdir. Bütün bunlardan iş ortağı olduğu üçün iddiaçının xəbəri olmuş, o, iddiaçını mütəmadi məlumatlandırmışdır. Bütün bu dediklərini istintaq zamanı həm torpaq sahəsini əkdiyi şəxslər, həm heyvanlara baxan baytar həkim, həm də heyvanlara baxan çoban özləri izahatlarında etiraf etmişlər. Hətta onlara ziyan vurduğu üçün o, çoban barədə şikayət də etmişdir, bu zaman çoban hər şeyi etiraf edərək boynuna almışdır. Əslində bu işbirliyindən ona, təxmini 20000 manata yaxın maddi və mənəvi ziyan dəymiş və hər ikisinin pulu batmışdır. Ziyan etdiyinə görə Raminə pul verməməlidir. İddiaçı Goranboy rayon prokurorluğunda istintaq edilmiş cinayət işi üzrə zərərçəkmiş şəxs kimi ifadə verərkən ifadəsində, habelə birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, o, cavabdehlə iş birliyi yaratmaq və qazanc əldə etmək üçün ona müxtəlif vaxtlarda hissə-hissə olmaqla 30000 manat məbləğində pul vermişdir. Həmin iş birliyi xırda və iribuynuzlu heyvanların saxlanılaraq artırılmasından ibarət olmuşdur. Anar pulu verə biləcəyi təqdirdə yataqda bütün xərcləri, heyvanların saxlanması üçün lazım olan bütün xərcləri çəkəcəyini, heyvanların yem pulunu, çobanların xərclərini özünün çəkəcəyini bildirmişdir. Onların razılaşdıqları şərtə görə qoyulacaq pulu götürmək şərti ilə sonradan əldə olunacaq gəlir də iki yerə bölünməli olmuşdur; Göründüyü kimi, iş üzrə iddiaçı və cavabdeh onlar arasında olan münasibətlərin qazanc əldə etmək məqsədi ilə bağlı iş birliyi olduğunu, qoyulmuş pulu götürdükdən sonra əldə olunacaq gəlirin bərabər olaraq iki yerə bölünməli olmasını qəbul etsələr də, işə baxan məhkəmələr tərəflər arasında həqiqi münasibətin nədən yaranmasını, iddiaçı tərəfindən cavabdehə 27000 manat pulun verilməsinin səbəblərini, cavabdeh tərəfindən iş birliyi ilə bağlı hansı məbləğdə pulun xərclənməsini, iş birliyi ilə bağlı hər hansı ziyanın yaranıb-yaranmamasını Goranboy rayon prokurorluğunda istintaq edilmiş cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmamış, ümumiyyətlə tərəflərin qoyulmuş pulu götürdükdən sonra əldə olunacaq gəlirin bərabər olaraq iki yerə bölünməli olması barədə razılığa gəlmələri halında, yaranacaq ziyana görə də birgə məsuliyyət daşımalı olmalarını aydınlaşdırmamış, işin müəyyən edilmiş halları baxımından cavabdehin dəlillərini qiymətləndirməmişdir.

54. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisə şərik olaraq gördükləri iş üzrə uğranan maddi ziyan üzrə tərəflərin məsuliyyətindən doğan mübahisədir. Tərəflər hüquqi şəxs yaratmasa belə onların məqsədi mənfəət əldə etmək üçün təsərrüfat ortaqlığının yaradılmasından ibarət olmuşdur. Ona görə də Mülki Məcəllənin 11.1-ci maddəsinə uyğun olaraq qanunun analogiyasından istifadə edilməlidir. Həmin normada göstərilmişdir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

55. Mülki Məcəllənin 64.1-ci maddəsində göstərilmişdir ki, təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər.

56. Həmin Məcəllənin 64.8-ci maddəsində göstərilmişdir ki, təsərrüfat ortaqlığının və ya cəmiyyətinin əmlakına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər. 57 Mülki Məcəllənin 65.3.1-ci maddəsində göstərilmişdir ki, təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları nizamnamədə nəzərdə tutulan qaydada, miqdarda, üsullarla və müddətlərdə maya qoymalıdırlar.

58. Ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. Əgər tam ortaqlığın nizamnaməsində onun bütün iştirakçılarının işləri birlikdə aparması və ya işlərin aparılmasının ayrı-ayrı iştirakçılara tapşırılması müəyyənləşdirilməyibsə, tam ortaqlığın hər bir iştirakçısı ortaqlıq adından fəaliyyət göstərə bilər. (Mülki Məcəllənin 69.1 və 72.1-ci maddələri).

59. Mülki Məcəllənin 74.1-ci maddəsində göstərilmişdir ki, tam ortaqlığın mənfəəti və zərəri, əgər nizamnamədə və ya iştirakçıların digər razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, onun iştirakçıları arasında onların şərikli kapitaldakı paylarına mütənasib surətdə bölüşdürülür. Ortaqlıq iştirakçısının mənfəət və zərərdə iştirakdan kənar edilməsi barədə razılaşma əhəmiyyətsizdir.

60. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasında ortaq iş (kənd təsərrüfatı) qurmaqdan irəli gələn münasibətlər yaranmış, bu məqsədlə iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda hissə-hissə olmaqla, ümumilikdə 27000 vəsait verilmiş, Cavabdeh da təsərrüfatın idarəçiliyini öz üzərinə götürmüşdür. 2015-ci ildə İddiaçı tərəfindən Cavabdeh pul vəsaiti ödənildikdən sonra sonuncu muzd müqabilində heyvanlara baxmaq üçün Kamil Mirzəyevlə razılaşmışdır. Daha sonra isə İddiaçı verdiyi vəsait hesabına Cavabdeh təşkilatçılığı ilə müxtəlif şəxslərdən xırdabuynuzlu heyvanlar alınaraq tərəflərin heyvandarlıq təsərrüfatının həyata keçirilməsinə başlanılmışdır. İlk başdan tərəflərin razılaşdığı kimi heyvandarlıq təsərrüfatının idarə edilməsi və ona nəzarətlə Cavabdeh məşğul olmuşdur. Bir müddət keçdikdən sonra tərəflərin yaratdığı təsərrüfatda olan xırda buynuzlu heyvanların sayı 245 başa çatsa da, sonradan heyvanların tələf olması nəticəsində yekun olaraq 121 baş xırda buynuzlu heyvan çoban Kamil Mirzəyev tərəfindən Cavabdeh təhvil verilmişdir.

61. Göstərilən hallar Goranboy Rayon Prokurorluğu tərəfindən verilmiş 26 mart 2020-ci il tarixli ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarla öz təsdiqini tapır. Həmin qərarla müəyyən edilir ki, tərəflərin qurduğu heyvandarlıq təsərrüfatındakı xırdabuynuzlu heyvanlara baxan şəxs (çoban) X5 və Cavabdeh ististaq zamanı dindirilərək ifadəsi alınmışdır (bax bu qətnamənin 3-cü bəndi).

62. Tərəflərin qurduğu heyvandarlıq təsərrüfatındakı xırdabuynuzlu heyvanlara baxan şəxs (çoban) X3 ifadəsi nəticəsində müəyyən edilir ki, Cavabdeh və onun qardaşı Vüqar Məmmədov 2016-cı ilin may ayında xırdabuynuzlu heyvanların saxlanıldığı sahəyə gələrək 119 baş qoyunu və 2 baş keçini aparmışlar. Aparılan heyvanlardan hər iki keçi 3 illik olmaqla təxmini diri çəkisi 25 kq olmuşdur. 119 baş qoyundan 1 başı 2 illik erkək olmaqla təxmini diri çəkisi 50 kq olmuşdur. Qoyunlardan 5 başı 1 illik erkək olmaqla hər birinin diri çəkisi təxminən 45 kq olmuşdur. Qoyunlardan 19 başı 6 aylıq dişi quzu olmaqla hər birinin diri çəkisi təxminən 20 kq olmuşdur. Heyvanlardan 16 başı 1 illik dişi qoyun olmaqla hər birinin diri çəkisi təxminən 30 kq olmuşdur. Yerdə qalan 78 baş heyvan 3 illik olmaqla hər birinin diri çəkisi təxminən 40 kq ana qoyunlar olmuşdur. Həmin 121 baş heyvanı şəxsən özü sayaraq Anar və Vüqar Məmmədov qardaşlarına təhvil vermişdir. Bu hadisədən bir neçə gün sonra isə tərəflər arasında onların ortaqlıq münasibətlərindən doğan hazırkı mübahisələr yaranmışdır. Mübahisələrə səbəb bu olmuşdur ki, İddiaçı təsərrüfatda olan heyvanların sayının az olduğundan gileylənmiş, cavabdeh tərəf isə heyvanların bir qisminin xəstəlik ucbatından tələf olduğunu, bir qisminin çoban tərəfindən satıldığını və.s bildirmişdir.

63. Göründüyü kimi, iş materialları ilə tərəflər arasında şərikli xırda buynuzlu heyvanların təsərrüfatı yaradılması öz təsdiqini tapır. Həmçinin, işin faktiki halları ilə müəyyən olunur ki, tərəflərin qurduğu heyvandarlıq təsərrüfatının nəticəsi olaraq yekunda 121 baş xırdabuynuzlu heyvan, yəni 2 baş keçi və 119 baş qoyun olmuşdur. Cavabdeh tərəf ortaq təsərrüfatda olan 121 baş xırdabuynuzlu heyvanların xəstə olduğunu və bu səbəbdən də həmin heyvanları cəmi 3170 manata satması barədə dəlil irəli sürsə də, lakin xırdabuynuzlu heyvanların həqiqətən də xəstəliyə tutulması, habelə bu xəstəliyin nədən ibarət olması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, hər bir halda nəzərə almaq lazımdır ki, cavabdeh tərəf etiraf edir ki, təsərrüfatın nəticəsi olaraq yekunda 121 baş xırdabuynuzlu heyvanı satmış və satışdan əldə edilən vəsait hesabına təsərrüfatın idarəçiliyindən dolayı yaranmış borcları ödəmişdir. Lakin, iddiaçı tərəf bu sübut etmə öhdəliyin öhdəsindən gələ bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Ümumiyyətlə, cavabdeh tərəfin bu arqumentləri onun subyektiv mülahizələrinə əsaslanmışdır.

64. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, tərəflər təsərrüfat ortağı olduğundan və Mülki Məcəllənin 74.1-ci maddəsinə uyğun olaraq onların mənfəəti, habelə zərərləri bərabər hesablanmalıdır. Çünki, tərəflər arasında olan razılaşma üzrə iddiaçı maddi baxımdan təsərrüfatın fəaliyyətini təmin etməli, cavabdeh isə baxım, nəzarət həyata keçirməli idi. Odur ki, tərəflərin birgə təsərrüfatının nəticəsi olaraq yekunda mövcud olan 121 baş xırdabuynuzlu heyvanın aralarında bərabər bölünməsi qanunamüvafiqdir. Lakin, həmin heyvanlar naturada mövcud olmadığından, yəni cavabdeh tərəfindən satılması təsdiqini tapdığından onlarının ümümi dəyərinin yarısı Cavabdeh alınaraq İddiaçı verilməlidir.

65. Hazırkı apellyasiya baxışı zamanı tərəflərin qurduğu heyvandarlıq təsərrüfatında son zamanlar mövcud olmuş 121 baş xırdabuynuzlu heyvanın yaşı və cinsi nəzərə alınmaqla bazar dəyərinin müəyyənləşdirilməsi üçün Göygöl rayonunda yerləşən «Malqara» bazarına müvafiq sorğu verilmiş və sorğuya cavab olaraq X1 (VÖEN **********) tərəfindən verilmiş 31 oktyabr 2024-cü il tarixli 24/04 saylı məktubla müəyyən edilmişdir ki, 2024-cü ildə diri çəkisi 50 kq 2 illik erkək qoyunun orta bazar qiyməti 380-400 manat; diri çəkisi 45 kq olan 1 illik erkək qoyunun orta bazar qiyməti 340-360 manat; diri çəkisi 20 kq olan 6 aylıq dişi quzunun orta bazar qiyməti 360-380 manat; diri çəkisi 30 kq olan 1 illik dişi qoyunun orta bazar qiyməti 200-250 manat; diri çəkisi 40 kq olan 3 illik ana qoyunun orta bazar qiyməti 250-280 manat; diri çəkisi 25 kq olan 3 illik keçinin orta bazar qiyməti 170-180 manat təşkil edir.

66. Məhkəmə kollegiyası göstərilən qiymətlərin təqribi olmasını nəzərə alaraq hesab edir ki, 1 ədəd diri çəkisi 50 kq 2 illik erkək qoyunun orta bazar qiyməti 390 manat, 1 ədəd diri çəkisi 45 kq olan 1 illik erkək qoyunun orta bazar qiyməti 350 manat, 1 ədəd diri çəkisi 20 kq olan 6 aylıq dişi quzunun orta bazar qiyməti 370 manat, 1ədəd diri çəkisi 30 kq olan 1 illik dişi qoyunun orta bazar qiyməti 220 manat, 1 ədəd diri çəkisi 40 kq olan 3 illik ana qoyunun orta bazar qiyməti 260 manat; 1 ədəd diri çəkisi 25 kq olan 3 illik keçinin orta bazar qiyməti isə 170 manat məbləğində müəyyən edilməsi daha məqsədəmüvafiqdir.

67. «Heyvanlara baxan çoban X3 onların inamından istifadə edərək saxladığı 270 baş heyvanın yarıdan çoxunu satması» barədə cavabdeh tərəfin irəli sürüyü arqumentlər məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Kollegiya gəlmiş olduğu bu qənaətlə bağlı aşağıdakıları qeyd edir.

68. Goranboy rayon prokurorluğu tərəfindən verilmiş 26 mart 2020-ci il tarixli ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarla müəyyən olunur ki, tərəflərin qurduğu heyvandarlıq təsərrüfatındakı xırdabuynuzlu heyvanlara baxan şəxs (çoban) X5 verdiyi ifadəsində cavabdehin qardaşı Vüqar Məmmədov ona zəng edərək polis idarəsinə getmələrini bildirmişdir. Vüqar Məmmədov çoban Kamil Mirzəyevə əvvəlcədən demişdir ki, “heyvanların qalan hissəsini satıb xərcləməsi barədə polisə yalandan izahat versin, sonra onlar polislə məsələni həll edəcəklər”. Savadsız olduğuna görə razılaşmış və yalandan izahat verərək bildirmişdir ki, guya 81 baş xırdabuynuzlu heyvanı 10000 manata satmış, həmin vəsaitin 3000 manatı əmək haqqı əvəzi hesablanmış, qalan 7000 manatı mənimsəmişdir. Əslində isə, ona həvalə olunmuş heyvanların heç birini satmamış vıə pulları mənimsəməmişdir.Həmin qərardan həmçinin görünür ki, X9 Məmmədova məxsus hər hansı sayda xırda buynuzlu heyvanları sataraq pulunu mənimsəməsi təsdiqini tapmadığına görə cinayət işinin başlanması rədd edilmişdir.

69. Göründüyü kimi, cavabdeh tərəfin göstərdiyi həmin arqumentlər yuxarıda qeyd olunan cinayət işinin başlanılmasının rədd qərarı ilə təkzib olunur.

70. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 30000 manat vəsaitin 6 illik faiz dərəcəsi olan 9000 manatın cavabdehdən tutulması hissədə iddia tələbi əsassızdır. Belə ki, işin hallarından göründüyü kimi tərəflər arasında ortaq iş (kənd təsərrüfatı) qurmaqdan irəli gələn münasibətlər yaranmış, bu məqsədlə iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda vəsait verilmişdir. Kollegiya hesab edir ki, bu halda iddiaçı təsərrüfat şəriki olmuş cavabdehdən faiz dərəcəsi ilə pul tələb etməkdə haqlı deyildir. Ona görə də, iddia həmin hissədə təmin olunmamalıdır.

71. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməli, Cavabdeh 33.310:2=16655 manat məbləğdə pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 121, 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli 2(045)-87/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16655 (on altı min altı yüz əlli beş) manat məbləğdə alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar