Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1382/2024 27.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2525/2023 nömrəli qətnaməsindən Cavabdeh (nümayəndəsi) vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 100000 manat pulun və 370 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2525/2023 nömrəli qətnaməsi (hakim Fərid Əliyev) ilə, iddia tələbi təmin edilmiş, Cavabdeh 100000 (bir yüz min) manat məbləğdə pulun və alınaraq iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 370 manat pulun əvəzinin Cavabdeh alınaraq İddiaçı oğluna verilməsi qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2525/2023 nömrəli qərardadı ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2525 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsindən imtina edilməsi, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2525 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. Bundan sonra Cavabdeh (nümayəndəsi) vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Cavabdeh (nümayəndəsi) vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra Azərbaycan Respublikasının MPM-in 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Mülki Prosessual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələri) Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının MPM-in 227.4-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. Belə ki, iş materiallarından görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2525/2023 nömrəli qətnaməsi “AZEMİS” Elektorn Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh (nümayəndəsi) vəkili Vəkil “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikasının MPM-in 135.5 və 135.6-cı maddələrinin tələbinə müvafiq olaraq da məhkəmə qətnaməsi xx.xx.2023-cü il tarixində cavabdehin nümayəndəsinə (vəkilinə) rəsmi qaydada verilmiş hesab olunur. Lakin, sonuncu tərəfindən xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək məhkəmə qətnaməsinin ona təqdim edilmədiyi bildirilmişdir. Ancaq apellyasiya şikayəti cavabdehin nümayəndəsi (vəkili) tərəfindən elektron kabinet vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində xx.xx.2024-cü il tarixdə verilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Cavabdeh (nümayəndəsi) vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin 05 aya yaxın müddət keçdikdən sonra verilməsini, qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət vermə müddətinin buraxılıbburaxılmamasını araşdırmamış və apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bununla da birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğunluğu tam yoxlanılmamışdır. Apellyasiyanın mümkünlüyünün yoxlanılmasından bəhs edən Azərbaycan Azərbaycan Respublikasının MPM-in 366-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikasının MPM-in 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-in 364.1-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə Kollegiyası hesab edir ki, baxılan iş üzrə birinci instansiya məhkəməsi Cavabdeh (nümayəndəsi) vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin 05 aya yaxın müddət keçdikdən sonra verilməsini, apellyasiya şikayəti vermə müddətinin buraxılıb-buraxılmamasını araşdırmamış, apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bununla da birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğu tam yoxlanılmamışdır. Ona görə də Cavabdeh (nümayəndəsi) vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq üçün mülki iş Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10, 263, 264, 361, 363.1 və 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2525/2023 nömrəli qətnaməsindən Cavabdeh (nümayəndəsi) vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq üçün mülki iş Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1382/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1382/2024
27.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver