Məhkəmə qərarları › İş №2(104)-1399/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1399/2023

16.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1399/2023 16.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin e-2(021)-3230/2022 saylı mülki iş üzrə 19 sentyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 21000 AZN qalıq borc, 2537 AZN faiz borcu olmaqla cəmi 23537 manat məbləğində borcun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin e-2(021)-3230/2022 saylı mülki iş üzrə 19 sentyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmış, iddiaçıya icra qeydinin aparılması üçün kredit müqaviləsinin bağlanaraq təsdiq edildiyi notariat ofisinə müraciət etməli olması izah edilmişdir. İddiaçı qeyd olunan qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı əsassızdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən də göründüyü kimi borcalan cavabdeh müqavilə şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixədək borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borcun ödənilməsindən uzun müddət yayınmış, ona göndərilmiş rəsmi xəbərdarlıqdan sonra da borcun qaytarılması ilə bağlı onunla heç bir razılığa gəlməmişdir. Aralarında bağlanmış kredit müqaviləsinin 10-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Hesab edir ki, məhkəmənin hazırki qərardadı onun məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmaqla pozulmuş və mübahisə mənafeyinin real bərpasına əngəl yaradır. Bu səbəbdən həmin qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin e-2(021)-3230/2022 saylı mülki iş üzrə 27 mart 2023cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, eləcə də şikayətin dəlillərini müzakirə edərək, hesab edir ki, şikayət qismən təmin edilməli və Bərdə Rayon Məhkəməsinin e-2(021)-3230/2022 saylı mülki iş üzrə 27 mart 2023-cü il tarixli qərardadı ləğv edilməli, məhkəmənin iş üzrə 19 sentyabr 2022-ci il tarixli qərardadından verilmiş şikayətə yenidən baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən qeyd etmişdir ki, tərəflər arasında olan mübahisə notariat orqanının icra qeydi əsasında həll olunmalı olduğundan iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddia ərizəsi ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya icra qeydinin aparılması üçün kredit müqaviləsinin tərtib edilərək təsdiq edildiyi notariat ofisinə müraciət etməli olması izah edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Birinci instansiya məhkəməsi öz qərardadında iddia ərizəsinə əlavə edilmiş 14 fevral 2020-ci il tarixli kredit müqaviləsinin 8-ci bəndinə əsasən ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən 20 gün sonra borcun notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada tutululması barədə qeydin olduğunu göstərməsinə baxmayaraq, məhkəmə kollegiyası tərəfindən iş materialları tədqiq edilərkən xx.xx.2020-ci il tarixli və 17.03. 2020-ci il tarixli müqavilələr iş materiallarında aşkar edilməmişdir. Belə vəziyyətdə, yəni iddiaçının, həmçinin məhkəmənin istinad etdiyi xx.xx.2020-ci il tarixli və 17.03. 2020-ci il tarixli müqavilələrin iş materiallarında aşkar edilmədiyi bir halda qərardadın əsaslı olub-olmamasını yoxlamaq mümkün hesab edilmir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan hallara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Bərdə Rayon Məhkəməsinin e-2(021)-3230/2022 saylı mülki iş üzrə 27 mart 2023-cü il tarixli qərardadı ləğv edilməli, məhkəmənin iş üzrə 19 sentyabr 2022-ci il tarixli qərardadından verilmiş şikayətə yenidən baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin e-2(021)-3230/2022 saylı mülki iş üzrə 27 mart 2023cü il tarixli qərardadı ləğv edilsin. Bərdə Rayon Məhkəməsinin e-2(021)-3230/2022 saylı mülki iş üzrə 19 sentyabr 2022-ci il tarixli qərardadından verilmiş şikayətə yenidən baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar