Məhkəmə qərarları › İş №2(104)-1402/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1402/2025

08.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1402/2025 08.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Cavabdeh qarşı özünüməşğulluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin natura şəklində qaytarılması tələbinə dair iş üzrə Tərtər Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli 2(061)-484/2025 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Cavabdeh qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, özünüməşğuluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin - 1 ədəd təkər çəkmə cihazı, təkər dəyişdirici (güc: 1,2 KW, gərginlik 220V380V, surət 400RPM, səs-küy: 710bB, çap: 13-24, külək gücü: 12bra, iş təzyiqi: 0,8-1,2 map, maksimum een: 3-15, maksimal diametr: 1040 mm. DALİDL-620, 1 ədəd balans avadanlığı, təkər balanslaşdırıcı maşın (səs 70db, balans dəqiqliyi + -1g, qalın diametri 13-24, maksimum diametr 140 mm, maksimim eni 40-305 mm, surət 190r, maksimum təkər şəkişi 65 kq, gərginlik 220V/50Hz, DALİ CB 988, 1 ədəd qaldırııcı qurgu (3 lon, JİNSONG 3T), 1 ədəd tapança tipli zərbə açarı (hava ilə işləyən), (maksimum fırlanma anı (Nm) 1212, maksimum hava sərfi (1/daq) 119, maks. iş təzyiqi (BAR) 6,3, çəki (kq) 8, Cort XAW02-850, 1 ədəd hava kompressoru 100 L, (gərginlik 220-240v 50HZ güc 735W (1HP), D/daq 2850, həcmi 100 L, OUKAİ VO, 17/100), 1 ədəd təkər açarı (17,19,21,23 mm HUAKİARG 30) və 1 ədəd təkərin hava göstəricisinin (rəqəmsal) (Xcort x-201) natura şəklində Agentliyə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış özünüməşğuluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən özünüməşğulluğun təmin edilməsi məqsədi ilə iddia ərizəsində göstərilən aktivlər - 1 ədəd təkər çəkmə cihazı, təkər dəyişdirici (güc: 1,2 KW, gərginlik 220V380V, surət 400RPM, səsküy: 710bB, çap: 13-24, külək gücü: 12bra, iş təzyiqi: 0,8-1,2 map, maksimum een: 3- 15, maksimal diametr: 1040 mm. DALİDL-620, 1 ədəd balans avadanlığı, təkər balanslaşdırıcı maşın (səs 70db, balans dəqiqliyi + -1g, qalın diametri 13-24, maksimum diametr 140 mm, maksimim eni 40-305 mm, surət 190r, maksimum təkər şəkişi 65 kq, gərginlik 220V/50Hz, DALİ CB 988, 1 ədəd qaldırııcı qurgu (3 lon, JİNSONG 3T), 1 ədəd tapança tipli zərbə açarı (hava ilə işləyən), (maksimum fırlanma anı (Nm) 1212, maksimum hava sərfi (1/daq) 119, maks. iş təzyiqi (BAR) 6,3, çəki (kq) 8, Cort XAW02-850, 1 ədəd hava kompressoru 100 L, (gərginlik 220-240v 50HZ güc 735W (1HP), D/daq 2850, həcmi 100 L, OUKAİ VO, 17/100), 1 ədəd təkər açarı (17,19,21,23 mm HUAKİARG 30) və 1 ədəd təkərin hava göstəricisi (rəqəmsal) (Xcort x-201) cavabdehin istifadəsinə verilmişdir. Müqavilənin şərtinə görə cavabdeh sözügedən aktivləri 1 il müddətdə təyinatı üzrə istifadə etdikdən sonra həmin aktivlər cavabdehin mülkiyyətinə keçir. xx.xx.2024-cü ildə Agentliyin əməkdaşları tərəfindən monitorinq keçirilərkən qaldırıcı qurğu və təkər açanın yerində olduğu, digər aktivlərin yerində olmadığı müəyyən edilmişdir. Cavabdeh müqavilənin şərtlərinə əməl etmədiyi üçün ona xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilərək müqavilənin şərtlərinə əməl etmədiyi üçün müqaviləyə əsasən ona verilən aktivlərin naturada geri qaytarılması tələb edilmişdir. Lakin cavabdeh aktivləri geri qaytarmamışdır. Tərtər Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli 2(061)-484/2025 nömrəli qətnaməsi ilə (hakim Tahir Qubadov) iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Cavabdeh qarşı “özünüməşğuluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin natura şəklində qaytarılması tələbi”nə dair iddiasının təmin edilməməsi; İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan dövlət rüsumunun dövlət hesabına aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, MMTF ilə Cavabdeh arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli 2022/ÖM/15551 nömrəli müqavilə əsasında Agentlik tərəfindən Cavabdeh “Avtomobil şinlərinin bərpası və təmir xidmətləri” zərfinə daxil olan avadanlıqlar 1 il müddətində təyinatı üzrə istifadə edildikdən sonra şəxsi mülkiyyətinə keçməsi şərti ilə təhvil verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış xx.xx.2022-ci il tarixli aktla vətəndaş Cavabdeh “Avtomobil şinlərinin bərpası və təmir xidmətləri” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilibedilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı monitorinqlər keçirilmiş və xx.xx.2024-cü il tarixli yekun monitorinq aktına əsasən Cavabdeh verilmiş “Avtomobil şinlərinin bərpası və təmir xidmətləri” zərfinə daxil olan avadanlıqların satıldığı müəyyən edilmişdir. Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-2/2-T- 54898/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan avadanlıqların natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Məhkəmənin “Agentlik tərəfindən müqavilə müddəti ərzində monitorinq aparılmadığından müqavilə müddəti ərzində özünüməşğulluğa cəlb olunmuş Cavabdeh müqavilə şərtlərini pozmasının müəyyən edilmədiyi və bu səbəbdən də Agentliyin cavabdehə təhvil verilən avadanlıqların geri qaytarılmasını tələb etməkdə haqlı olmamasına dair” mövqeyi ilə bağlı bildirir ki, iş materiallarından da məlum olduğu kimi cavabdeh tərəfindən də qanunvericiliyin və tərəflər arasında imzalanmış müqavilənin şərtləri kobud şəkildə pozulmuş, təhvil-təslim aktı əsasında onun mülkiyyətinə verilməmiş əmlaklar satılmışdır. Belə ki, yuxarıda göstərilənlərdən və qeyd olunan qanunvericilik normalarının əlaqəli təhlilindən də məlum olur ki, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak yalnız təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Lakin müəyyən edilmişdir ki, qeyd olunan əmlaklar təhvil-təslim aktı əsasında vətəndaş Cavabdeh mülkiyyətinə verilməmiş, həmçinin də cavabdeh özü də həmin əmlakların onun mülkiyyətinə verilməsi ilə bağlı hər hansı bir hərəkət (Agentliyə və ya məhkəməyə müraciət) etməmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, oxşar iddia tələbi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-469/2024 saylı xx.xx.2024-cü il nömrəli qətnaməsində qeyd edilmişdir ki, iş üzrə cavabdeh həmin əmlakın nəzərdə tutulmuş bir illik müddətin başa çatması ilə bağlı satıldığını bildirsə də, bunu təsdiq edən tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin bu əsasla rədd edilməsi qanunsuz olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, özünüməşğulluq proqramı çərçivəsində ona verilən avadanlıqları satmamışdır. Müqavilədə əmlakın istifadə müddəti 1 il müəyyən edilmişdir, həmin müddət bitdikdən sonra avadanlıqları yeniləmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialı ilə Cavabdeh arasında bağlanmış “özünüməşğuluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin 2.2-ci bəndinə əsasən Filial təhvil-təslim aktında göstərilən əmlakı bu müqavilədə müəyyən edilmiş qaydada özünüməşğuluğa cəlb edilmiş şəxsə verməyi, həmin şəxs isə 1 (bir) il müddətində sözügedən əmlakdan özünüməşğuluğun təşkili üçün biznesplanda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən Filial özünüməşğuluğa cəlb edilmiş şəxsin fəaliyyətinin bu müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonunda həmin səxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, əmlak təhvil-təslim aktı əsasında özünüməşğuluğa cəlb edilmiş şəxsin mülkiyyətinə verilir. Həmin müqavilənin Filialın vəzifələrinə dair 3.1.2-ci bəndinə əsasən özünüməşğuluğa cəlb edilmiş şəxs tərəfindən bu Müqavilənin şərtlərinə 1 (bir) il müddətində əməl olunduğu halda əmlak Filial tərəfindən özünüməşğuluğa cəlb edilmiş şəxsin mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə aidiyyətinin pozulmasına qadağa qoyur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 15-ci maddəsində deyilir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında 16 dekabr 2022-ci il tarixdə “Özünüməşğuluğa kömək göstərilməsinə dair” müqavilə bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən iddiaçı təhvil-təslim aktında göstərilən əmlakı bu müqavilədə müəyyən edilmiş qaydada özünüməşğuluğa cəlb edilmiş şəxsə (hazırki iş üzrə cavabdehə) verməyi, həmin şəxs isə 1 (bir) il müddətində sözügedən əmlakdan özünüməşğuluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2025-ci il 18 aprel tarixli, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsi” barədə qərardadında qeyd olunmuşdur ki, “inzibati müqavilələrin əsas səciyyəvi xüsusiyyətlərinə 1. müqavilə tərəflərindən ən azı birinin inzibati orqan olması; 2. müqavilənin predmetinin dövlətin idarəetmə funksiyalarının həyata keçirilməsi ilə bağlı olması; 3. müqavilənin məqsədinin ictimai və ya ümumdövlət maraqlarının təmin olunmasına, ictimai ehtiyacların ödənilməsinə və ya birbaşa ictimai xidmətlərin icra edilməsinə yönəldilməsi; 4. müqavilənin bir sıra şərtlərinin inzibati hüquq normaları ilə tənzimlənməsi; 5. müqavilə tərəflərinin qeyri-bərabərliyi və s. aid edilə bilər. Göründüyü kimi, inzibati orqanlar özünüməşğulluğa cəlb olunmuş şəxslərlə hakimiyyət tabeçilik münasibətlərində olmasalar da, lakin müqavilənin bağlanması proseduru və müqavilənin bir sıra şərtləri məhz inzibati xarakterli normativ hüquqi aktlarla müəyyən edilmişdir. Həmin şərtlər isə tərəflər üçün məcburi xarakterə malikdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda həmin Qanunun pozulmasına görə məsuliyyət və mübahisələrin həlli ilə bağlı müddəalar da öz əksini tapmışdır. Belə ki, bu Qanunun 33.3-cü maddəsinə əsasən, məşğulluq sahəsində mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Qeyd edilən norma “Məşğulluq haqqında” Qanundan irəli gələn məşğulluq sahəsində yaranan mübahisələrin inzibati xarakterli mübahisələr olduğuna dəlalət edir. Şərh edilənlərlə bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, bağlanmış müqavilənin predmeti və məqsədi dövlətin məşğulluq siyasətini həyata keçirmək, ictimai faydaya yönəlmiş fəaliyyətin dəstəklənməsini təmin etməkdir. Mübahisənin predmeti isə həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilib-yetirilməməsinə dair inzibati akt xarakterli qərar və nəticələrlə bağlıdır. Bu baxımdan, mübahisənin predmeti inzibati hüquqi xarakter daşıyır və aidiyyəti inzibati məhkəmələrə aiddir. Beləliklə, iddiaçı tərəfindən məhkəməyə müraciət düzgün edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən isə işin bu halları nəzərə alınmamış, məhkəmə mübahisəyə mülki mühakimə icraatı qaydasında baxaraq, iş üzrə qətnamə çıxarmaqla prosessual pozuntuya yol vermişdir. Qeyd olunanlara əsasən iddia tələbi üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. MPM-nin 260.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 15.4-cü bəndində də göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası bu normaya əsasən hesab edir ki, iddiaçıya hazırkı mübahisə ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət etməli olması izah edilməlidir. MPM-nin 384.0.5-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-nin 26, 44, 261, 263- 264, 384.0.5, 402 və 405-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli 2(061)-484/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunur ki, hazırkı mübahisə ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqü vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar