Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1406/2025 08.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X2” publik hüquqi şəxsin Cavabdeh qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X2” publik hüquqi şəxsin (bundan sonra- iddiaçı), Cavabdeh (bundan sonracavabdeh) qarşı “özünüməşğuluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin natura şəklində qaytarılması” tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və cavabdeh arasında 04 avqust 2022-ci il tarixdə “Özünüməşğuluğa kömək göstərilməsinə dair” müqavilə bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən iddiaçı təhvil-təslim aktında göstərilən əmlakı bu müqavilədə müəyyən edilmiş qaydada özünüməşğuluğa cəlb edilmiş şəxsə(hazırki iş üzrə cavabdehə) verməyi, həmin şəxs isə 1 (bir) il müddətində sözügedən əmlakdan özünüməşğuluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə özünüməşğuluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin natura şəklində iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində natura şəklində əmlaklar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı monitorinq keçirilmiş və 2024-ci il 14 mart tarixli yekun monitorinq aktına əsasən cavabdehə verilmiş “Un məmulatı istehsalı” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd 1 kameralı və 4 mərtəbəli konveksiya sobası,1 ədəd mikser, 1 ədəd fermentasiya kabinəsi, 6 mərtəbəli 1 ədəd xəmir topları üçün qablar, 1 ədəd soyuducu (virtin), 1 ədəd elektron tərəzi, 1 ədəd iş masası aşkar edilməmişdir. Bu barədə aktda müvafiq qeyd aparılmışdır. Agentlik tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024cü il tarixli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubları ilə əlaqədar cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Tərtər Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(061)- 594/2025 nömrəli iş üzrə 28 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim T.Qubadov) iddianın təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə müddəti ərzində monitorinq aparması halı müəyyən olunmamışdır. Monitorinqin müqavilə müddəti başa çatdıqdan 07 ay 10 gün sonra aparıldığı müəyyən edilmişdir. Müqavilə müddəti ərzində monitorinq aparılmadığından cavabdehin müqavilə şərtlərini pozmasını məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Buna rəğmən cavabdehin nümayəndəsi cavabdehin məhkəmə iclasında müqavilədə şərtləndirildiyi kimi 01 il ərzində müqavilə şərtlərinə tam əməl etdiyini israrla bildirmişdir. Tərəflər arasında yaranmış hüquq münasibəti və ondan doğan hüquq və vəzifələr qanunvericiliyin tələbinə zidd olmayan sadə yazılı müqavilədən irəli gəlməklə mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan irəli gəlmişdir. Ona görə də tərəflərin həmin müqavilədən irəli gələn hüquq və vəzifələri hüquqi tənzimləmənin təsiri altına düşməlidir. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, məhkəmə prosessual hüquq normasını pozaraq tam sübuta yetirilmiş iddia tələbini hər hansı bir əsas olmadan təmin etməmişdir. Birinci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə ki, iddia tələbinin əsaslı olması ilə bağlı kifayət qədər təsdiqedici sübutlar məhkəməyə təqdim edilmişdir. Cavabdeh isə iddia tələbinə dair etirazı ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir Odur ki, iş materiallarında yer almış və təqdim olunan sübutlar iddia tələbinin tam əsaslı olmasını təsdiq etdiyi halda birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək iddia tələbini təmin etməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 izahatında bildirmişdir ki, cavabdeh müqavilə şərtlərini pozmamışdır, bir il müddətinə verilən avadanlıqları istifadə etmiş və sonra satmışdır. Həmin avadanlıqlar cavabdehin mülkiyyəti hesab olunduğundan iddia tələbi əsassızdır. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsi” barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2025-ci il 18 aprel tarixli Qərardadı “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı Bənd 15.4. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPMin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 384.0.5. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2025-ci il 18 aprel tarixli, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsi” barədə qərardadında qeyd olunmuşdur ki, “inzibati müqavilələrin əsas səciyyəvi xüsusiyyətlərinə 1.müqavilə tərəflərindən ən azı birinin inzibati orqan olması; 2.müqavilənin predmetinin dövlətin idarəetmə funksiyalarının həyata keçirilməsi ilə bağlı olması; 3.müqavilənin məqsədinin ictimai və ya ümumdövlət maraqlarının təmin olunmasına, ictimai ehtiyacların ödənilməsinə və ya birbaşa ictimai xidmətlərin icra edilməsinə yönəldilməsi; 4.müqavilənin bir sıra şərtlərinin inzibati hüquq normaları ilə tənzimlənməsi; 5.müqavilə tərəflərinin qeyri-bərabərliyi və s. aid edilə bilər. Göründüyü kimi inzibati orqanlar özünüməşğulluğa cəlb olunmuş şəxs hakimiyyəttabeçilik münasibətlərində olmasalar da, müqavilənin bağlanması proseduru və müqavilənin bir sıra şərtləri məhz inzibati xarakterli normativ hüquqi aktlarla müəyyən edilmişdir. Həmin şərtlər isə tərəflər üçün məcburi xarakterə malikdir. “Məşğulluq haqqında” Qanunda həmin Qanunun pozulmasına görə məsuliyyət və mübahisələrin həlli ilə bağlı müddəalar da öz əksini tapmışdır. Belə ki, bu Qanunun 33.3-cü maddəsinə əsasən, məşğulluq sahəsində mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Qeyd edilən norma “Məşğulluq haqqında” Qanundan irəli gələn məşğulluq sahəsində yaranan mübahisələrin inzibati xarakterli mübahisələr olduğuna dəlalət edir”. Beləliklə, iş materiallarından göründüyü kimi, bağlanmış müqavilənin predmeti və məqsədi dövlətin məşğulluq siyasətini həyata keçirmək, ictimai faydaya yönəlmiş fəaliyyətin dəstəklənməsini təmin etməkdir. Mübahisənin predmeti isə həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilib-yetirilməməsinə dair inzibati akt xarakterli qərar və nəticələrlə bağlıdır. Bu baxımdan, mübahisənin predmeti inzibati hüquqi xarakter daşıyır və aidiyyəti inzibati məhkəmələrə aiddir. Qeyd edilənlərə əsasən müəyyən ediir ki, Rayon Məhkəməsi iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasını nəzərə almamış və bununla da prosessual hüquq normalarını pozmuşdur – səlahiyyətinə aid olmayan işə baxmışdır. MPM-nin 384.0.5-ci maddəsinin mənasına görə, apellyasiya icraatı zamanı iş üzrə icraata xitam verilməsi üçün əsaslar aşkar edildikdə apellyasiya instansiyası məhkəməsi iş üzrə icraata xitam verməklə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi barədə qərardad qəbul etməlidir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv olunmalı və mülki iş üzrə icraata, MPM-nin 261.0.1-ci maddəsinə əsasən – “işə mülki icraat qaydasında baxılmalı deyil” əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 384, 385, 387, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X2” publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Tərtər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 aprel 2025-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1406/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1406/2025
08.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver