Məhkəmə qərarları › İş №2(104)-1410/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1410/2023

12.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1410/2023 12.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul, maddi və mənəvi ziyan tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh, onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qаrşı pul tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(066)-249/2023 nömrəli qətnaməsindən İddiaçı və onun nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 13.06.2022-ci il tarixli zəmanət talonunun surətindən görünür ki, “VESTEL” markalı paltaryuyan maşın üçün iki il müddətində zəmanət verilmişdir.

2. 13.06.2022-ci il tarixli zəmanət talonunun surətindən görünür ki, “LOTUS” markalı, LT 4466RFS modelli soyuducu üçün iki il müddətində zəmanət verilmişdir.

3. Samux rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı cənab Ramil Səfərəliyevə xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən yazılmış izahatın surətindən görünür ki, onun barəsində Samux rayon Polis şöbəsinə ərizə ilə müraciət edən Səməd Əliyevin arvadı Lalədən 2022-ci ilin yay aylarında elektrik avadanlığı almışdır. Lalənin Samux rayonu Qarayeri qəsəbəsində yerləşən satış mərkəzindən bir ədəd dəyəri 3200 manat olan soyuducu və bir ədəd 1400 manat dəyərində televizor və 320 manat dəyərində mətbəx əşyası, müxtəlif növdə geyim paltarlarını şifahi razılaşma yolu ilə götürmüşdür. Həmin mallara görə ilkin ödəniş kimi 500 manat vermişdir. Ümumilikdə onun Laləyə 4920 manat qalıq borcu qalmışdır. Qeyd olunanlara əsasən Səməd Əliyevin müraciətində 18200 manat pul borcu olmasının yalan və böhtan xarakterli olmasını bildirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qаrşı pul tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona satılmış qızıl-zinət əşyaları, geyim paltarları və ev məişət avadanlıqlarının dəyəri olan 18.601 manat və həmin məbləğə əldə çıxmış faydaya görə hesablanmış faiz borcu, maddi ziyana görə 1.000 manat və mənəvi ziyana görə 500 manat pul vəsaitinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehin səmimiliyinə inanaraq 13 iyul 2022-ci il tarixdə 18.601 (miqdar) manat məbləğində cavabdehə qızılzinət əşyaları və ev məişət avadanlıqları satmışdır. Cavabdeh söz vermişdir ki, 1-2 aya iddiaçıya olan pul borcunu ödəyəcəkdir. Lakin bu günə kimi heç bir ödəniş etməmişdir. Uzun müddət keçməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Müxtəlif bəhanələrlə cavabdeh bundan imtina etmişdir. Göstərilən səbəbdən iddiaçı ağır maddi vəziyyətə düşmüşdür. Bundan sonra iddiaçı Samux rayon Polis Şöbəsinə müraciət edərək cavabdeh barəsində şikayət etmişdir. Həmin polis şöbəsində araşdırma aparılmış və cavabdehin izahatı alınaraq işin polisə aid olmadığı iddiaçıya məlumat verilmişdir. Polis şöbəsindən iddiaçıya həmin məsələnin məhkəməyə aid olmasına görə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bu səbəbə görə də iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən cavabdehə satılan qeyd olunan əşyaların miqdarı və dəyəri olan soyuducu - 1 ədəd 3200 manat, televizor - 1 ədəd 1500 manat, qazan dəsti- 1 ǝdǝd 140 manat, cəmi 4840 manat, cavabdeh həmin borc məbləğindən 200 manat ödəniş etmiş və 4640 manat qalıq borc qalmışdır. Digər geyim paltarlarından və əşyalardan olan 1 ədəd idman dəsti 55 manat, 1 ədəd idman dəsti ağ 50 manat, 1 ədəd cins şalvar 35 manat, 1 ədəd yorğan lentli 90 manat, 1 ədəd kofta 12 manat, 1 ədəd idman dəsti qırmızı 50 manat, 2 ədəd mayka bəzəkli 24 manat, 1 ədəd skater dəri 90 manat, 1 ədəd köynək ağ 20 manat, 1 ədəd idman dəsti ağ qırmızı xətli 40 manat, qalıq 466 manat, köhnə borcu qalıq 245 olmuş, yəni borcu 466 cəmi 466+245=711 manat təşkil etmişdir. Qızıl-zinət əşyalarından olan kompelkt çirnel qaşlı 10qr.3mm 1200 manat, sep 15qr.93mm 1650 manat, sep 15qr.22mm 1630 manat, qolbağ 8qr.75mm 1000 manat, komplekt seplǝ 28qr.81mm 2900 manat, Tifanni qolbağ 9qr.5mm 1150 manat, qolbağ yaquar 12qr.84mm 1550 manat, komplekt yaquar 15qr.87mm 1950 manat, sep 18qr 1800 manat, komplekt 13qr.13mm 1600 manat, ayaq bağı 2qr.73mm 310 manat, 16740 manat satılmış qızıl-zinət əşyalarından, ancaq ümumi qızıldan 3490 manat ödəniş edilmiş, qalıq borc isə 13250 manat təşkil etmişdir. Cavabdeh məişət və paltar üçün ümumi qalıq borcundan 13250+4640+711 manat olmaqla cəmi 18601 manat qalmışdır.

6. Göygöl Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(066)-249/2023 nömrəli qətnaməsi ilə (hakim Əyyub Kərimov) iddianın qismən təmin edilməsi, Cavabdeh 5730 (beş min yeddi yüz otuz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 77.30 manat hissəsi alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi İddiaçı özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 386, 567, 600, və 601-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 76, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə sübütlara düzgün qiymət verməmişdir. Təqdim olunmuş CD disklərdə tam va aydın şəkildə qızıl-zinət əşyaların cavabdeh tərəfindən alınması sübuta yetirilmişdir. Digər tərəfdən məhkəmənin qətnaməsinin təsviri və asaslandırıcı hissəsində cavabdeh tərəfindən etiraf edilmiş 5000 manatın nədən borc yaranması ilə bağlı qiymət vermiyərək araşdırmamış və hüquqi qiymət verməmişdir. Halbuki, CD diskdən acıq şəkildə qeyd edilir ki, həmin məbləğ lotereya borcudur. Bununla bağlı da, iddiaçının məhkəmədə verdiyi izahatlar təhrif edilmişdir. Çünki, iddiaçı açıqlama vermişdir ki, aralarında olan borc ilə bağlı, iddiaçının qızıl-zinət əşyalarının aldığı insanlara borcu olduğundan va həmin borcu ödəməkdən ötrü cavabdehin razılığı ilə lotereya oynayaraq həmin üçüncü şəxsə olan borcu bağlamışdır. Göründüyü kimi, iddiaçı burdada cavabdeh tərəfindən aldanaraq onun əvəzinə lotereya pulu ödəmiş və həmin 5000 manatda ordan aralarında borc kimi qalmışdır. Bu da ümümi olaraq qızıl-zinət borcuna aid edilmişdir. Digər tərəfdən iddiaçı dəfələrlə izahatında həmin pulu borc yaranana qədər ödənilməsini bildirmişdir. Həqiqət ondan ibarətdir ki, aralarında olmuş nisyə alqı-satqı da sübut edir ki, cavabdeh hər dəfə nisyə mal götürüb sonralar ödəniş edib, yeni əşyalar götürüb. Beləliklə də, iddiaçının etibarını və etimadını qazanmışdır. Yəni, burda məhkəmə iddiaçının izahatını təhrif etmişdir, halbuki 4190 manat məbləğ ödənildikdən sonra 18601 manat borc qalmışdır. Həmin məbləği iddiaçıya ödənilməsini cavabdeh heç bir sübutla təsdiq edə bilməzdi, ancaq iddiaçının özünün etirafından sonra məhkəmə bu qənaətə gəlmişdir. Bu da bir daha sübut edir ki, iddiaçı bütün izahatlarında və ifadələrində səmimi olaraq ancaq olan hadisələri həqiqəti söyləmişdir. Həmçinin, məhkəmə zalında yazılı vasatət taqdim edilərak iş üçün əhəmiyyət kəsb edən şahidlərin dindirilməsi ilə bağlı müraciət edilmiş, lakin məhkəmə vəsatəti qəbul etməyərək hər bir halda şahidlərin dindirilməsi ilə bağlı şərait yaradılmasını bildirmişdir. Lakin, məhkəmə iclaslarında bu məsələ həllini tapmamışdır. CD disklərində yenidən dinlənməsinə zərurət yaranır. Sübutlar birinci instansiya məhkəməsində hazırlıq iclaslarında təqdim edilmiş, lakin aydınlaşdırılmamışdır. Cavabdeh disk yazılarında ümumiyyətlə iddianın tam məbləğini etiraf etmiş, lakin məhkəmə buna qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Cavabdeh apellyasiya şikayətinə dair məhkəmə kollegiyasına etiraz təqdim edərək, Göygöl Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(066)-249/2023 nömrəli qətnaməsindən İddiaçı və nümayəndəsi (vəkili) X3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

11. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Belə ki, apellyasiya şikayətində göstərilir ki, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Təqdim olunmuş CD disklərdə qızıl-zinət əşyalarının cavabdeh tərəfindən alınması sübuta yetirilmişdir. Məhkəmənin qətnaməsində göstərilən 5000 manat borc onun iddiaçıya olan lotereya borcudur. Yəni, güya lotereya oynamışıq, onun əvəzinə iddiaçı 5000 manat pul ödəmişdir və qətnamədə göstərilən 5000 manat da həmin puldur. Bununla bağlı bildirir ki, iddiaçı ona demişdir ki, uşağının qıçı, yaxud qolu sınıb, müalicəsinə 5000 manat pul lazımdır, hər ay 500 manat ödəmək şərti ilə o da qrupa daxil olsun və lotereya oynasınlar. O da iddiaçıya demişdir ki, “mənim pul ödəmək imkanım yoxdur, lotereya oynaya bilmərəm” və imtina etdim. İddiaçının loteraya oynayıboynamamasından xəbəri olmamışdır. Apellyasiya şikayətində göstərilir ki, iddiaçıdan aldığı mallara görə ödədiyi məbləğdən başqa ona 18601 manat borcu olmuşdur. Bununla bağlı bildirir ki, o iddiaçıdan 4920 manat dəyərində məişət, mətbəx avadanlıqları və pal-paltar almışdır və ona 690 manat borcu qalmışdır. İddiaçının deməsinə görə isə guya məişət avadanlıqlarına görə 4640 manat, pal-paltara görə isə 711 manat borcu qalmışdır. İddiaçının deməsinə görə ödədiyi pulun 3490 manatı guya qızıl-zinət əşyalarına görədir. Bir halda ki, iddiaçıdan qızıl-zinət əşyaları almamışsa, ona bu əşyalara görə 3490 manat necə ödəyə bilər. Bildirir ki, o cavabdehdən yalnız bir dəfə uşağı üçün 280 manat dəyərində qızıl ayaq bilərziyi almış və pulunu da nağd ödəmişdir. İddiaçının guya ondan qızıl-zinət əşyaları da almağını göstərməsinin səbəbini də məhkəmənin diqqətinə çatdırmaq istəyir. Belə ki, iddiaçı ona zəng edib demişdir ki, qızılları lombardda batır, bundan ərinin xəbəri yoxdur, ona 5000 AZN pul tapsın, qızıllarını lombarddan götürsün. O da demişdir ki, özündə o qədər pul yoxdur və heç kimdən də ala bilməz. Buna görə iddiaçı ondan çox narazı qalmışdır. Həm bu səbəbdən, həm də qızıllarını lombarda ərinin xəbəri olmadan qoyduğundan əri ilə arasında narazılıq olmasın-deyə göstərir ki, guya ondan qızıl-zinət əşyaları da almışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatlar

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək izahatında göstərmişdir ki,o, cavabdehin səmimiliyinə inanaraq ona qızıl-zinət əşyaları və paltar, ev məişət avadanlıqları satmışdır. Cavabdeh ona bir neçə dəfəyə cəmi 4190 manat ödəmişdir. Cavabdehin ona nisyə alqı-satqıdan 18.601 manat məbləğində borcu qalmışdır. Cavabdehlə olan səs yazısında, özü etiraf edir ki, bu qədər borcu vardır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin məzmununa və iddiaçının göstərdiyi xüsusatlara uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, diskdə olan səs yazılarının ona məxsus olduğunu, iddiaçıdan nisyə alqı-satqı ilə 4920 manatlıq mal aldığını, iddiaşıya 690 manat borcu olduğunu, qətnamədən narazı qalsa da apellyasiya şikayəti vermədiyini bildirərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

19. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

20. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

22. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarı

23. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı

24. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

25. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarı

26. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarı

27. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 76.1. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

33. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

35. Maddə 217.3 qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

37. Maddə 385.1 Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

38. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

39. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

42. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

44. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da mübahisələndirilən hissədə qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

45. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(066)- 249/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 18.601 (on səkkiz min altı yüz bir) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 145,8 (bir yüz qırx beş manat səksən qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

46. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında qızıl-zinət və geyim əşyalarının nisyə satılması barədə şifahi razılaşma olmuşdur. Belə ki, iddiaçı cavabdehdə 1 ədəd 3200 manat, televizor - 1 ədəd 1500 manat, qazan dəsti- 1 ǝdǝd 140 manat, cəmi 4840 manat olan əşyalar satmış, cavabdeh isə həmin borc məbləğindən 200 manat ödəniş etmiş və 4640 manat qalıq borc qalmışdır. Digər geyim paltarlarından və əşyalardan olan 1 ədəd idman dəsti 55 manat, 1 ədəd idman dəsti ağ 50 manat, 1 ədəd cins şalvar 35 manat, 1 ədəd yorğan lentli 90 manat, 1 ədəd kofta 12 manat, 1 ədəd idman dəsti qırmızı 50 manat, 2 ədəd mayka bəzəkli 24 manat, 1 ədəd skater dəri 90 manat, 1 ədəd köynək ağ 20 manat, 1 ədəd idman dəsti ağ qırmızı xətli 40 manat, qalıq 466 manat, köhnə borcu qalıq 245 olmuş, yəni borcu 466 cəmi 466+245=711 manat təşkil etmişdir. Qızıl-zinət əşyalarından olan kompelkt çirnel qaşlı 10qr.3mm 1200 manat, sep 15qr.93mm 1650 manat, sep 15qr.22mm 1630 manat, qolbağ 8qr.75mm 1000 manat, komplekt seplǝ 28qr.81mm 2900 manat, Tifanni qolbağ 9 qr.5mm 1150 manat, qolbağ yaquar 12qr.84mm 1550 manat, komplekt yaquar 15 qr.87mm 1950 manat, sep 18qr 1800 manat, komplekt 13qr.13mm 1600 manat, ayaq bağı 2qr.73mm 310 manat, 16740 manat satılmış qızıl-zinət əşyalarından, ancaq ümumi qızıldan 3490 manat ödəniş edilmiş, qalıq borc isə 13250 manat təşkil etmişdir. Həmçinin, iddiaçı cavabdehin razılığı ilə 5000 manat lotoreya pulunu nisyə satdığı qızılın puluna aid etmişdir. Cavabdehin iddaçıya nisyə alqı-satqıya görə ödənilməmiş 18.601 (on səkkiz min altı yüz bir) manat borcu qalmışdır.

47. İlk növbədə məhkəmə kollegiyası qətnamənin ləğvinin əsasını açıqlayaraq göstərir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən iş üzrə nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı maddi hüquq normalarını tətbiq etsədə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.

48. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi hüquq normalarını tətbiq etməməklə MPM-nin tələblərini pozmuşdur. Bu da birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Çünki, Azərbaycan Respublikasının MPM-in 385.1.2.-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, 385.1.4. maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, 386-cı maddəsində göstərilmişdir ki, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

49. İşin mahiyyəti üzrə həlli ilə əlaqədar məhkəmə kollegiyası bildirir ki, tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda qeyd olunan müddəaları əsasında həll olunmalıdır.

50. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin (Mülki Məcəllənin 406.1-ci maddəsi).

51. Belə ki, hazırkı mübahisədə sübutetmə vəzifəsinin bölgüsü baxımından nisyə satılan əşyaların verildiyini və verilən əşyalara görə borcun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.

52. İddiaçı tərəf nisyə alqı-satqı əsasında cavabdehə vermiş olduğu əşyalara dair sübutlarını, yəni cavabdehin həmin əmlaklara görə pul almasına dair səs yazısını məhkəmələrə təqdim etmişdir. Həmin sübutlarla müəyyən olunur ki, iddiaçı cavabdehə əmlakı nisyə vermiş, hazırda cavabdehin ödənilməmiş 18.601 manat borcu qalmışdır. Bununla belə cavabdeh sonradan həmin əşyaların pulunu iddiaçıya qaytarması ilə bağlı hər hansı sübutu kollegiyaya təqdim etməmişdir.

53. Azərbaycan Respublikasnın MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

54. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

55. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.

56. Məhkəmə kollegiyası eyni zamanda bildirir ki, iddiaçı tərəfindən cavabdehlə öhdəlik münasibətlərinin yarandığı iddia olunduğuna görə, hazırki vəziyyətdə onların mübahisə anına qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alına bilər.

57. Kollegiyanın 12 iyul 2023-cü il tarixdə keçirilmiş iclasında iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş Cavabdeh razılığı ilə onunla arasında olan “CD” diskdə olan audio səs yazıları tərəflərin iştirakı ilə tədqiq edilərək dinlənilmişdir. Həmçinin, tərəflər “səs yazısı”nı mübahisələndirməmiş və onlara məxsus olduğunu bildirmişlər. Həmin “səs yazısı”ndan müəyyən olunur ki, iddiaçı cavabdehə qızıl-zinət əşyalarının, geyim əşyalarının və elektron mallar satılması, həmçinin əlavə olaraq qızıla görə 5000 manat verildiyini, hazırda 18.601 manat borcunun qaldığını bildirmişdir. Cavabdeh isə həmin məbləğə səs yazısında sonradan etiraz etməmiş, işləmədiyi üçün maddi imkanının olmamasını və kredit götürərək borcunu tam ödəyəcəyini bildirmişdir. Həmçinin, iddiaçı və onun əri olan Səməd Əliyev cavabdehdən pul məbləğini dəqiqləşdirmək üçün cavabdehi dəvət etdikdə, cavabdeh israrla iddiaçıdan onların pulun verilməsi ilə bağlı sübutlarının olmasını bildirmişdir.

58. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən sübut kimi təqdim edilmiş “səs yazısı”nda cavabdeh tərəfindən nisyə alqı satqıdan qalan 18.601 manat borcun olması mübahisələndirilməmiş və həmin borcu ödəyəcəyini bildirərək, iddiaçıya borclu olduğunu qəbul etmişdir.

59. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə nisyə alqı satqıdan ödənilməmiş qalan ümumilikdə 18.601 manat pul verilməsi faktı iddiaçının sübut kimi istinad etdiyi və kollegiyaya təqdim etdiyi “səs yazısı” ilə təsdiq olunmuşdur.

60. Eyni zamanda həmin səs yazısı başqası tərəfindən gizli yazılmamış, iki şəxs arasında könüllü olaraq bir-birinə göndərilən yazıdır və onların etirazı olmadan həmin səs yazısı dinlənilmişdir. Bu qaydada tərtib edilmiş sübutlara güvən daha çoxdur. Ona görə ki, sərbəst səs yazısı göndərən şəxs şüuraltı olaraq ehtimal etməlidir ki, göndərmiş olduğu səs yazısı digər başqa situasiyada istifadə oluna bilər. Ona görə, analoji sübutlar digər sübutlarla birlikdə təsdiq olunduğu təqdirdə mötəbər sübut kimi dəyərləndirilə bilər.

61. Azərbaycan Respublikasının MPM-in 175.1-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.

62. Mülki Prosessual Məcəlləyə əsasən, şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Səs yazısı və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir. Səs yazıları və videoyazılar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq üçün mütəxəssis cəlb edilə bilər. Zəruri hallarda məhkəmə ekspertiza təyin edə bilər (10.10, 203.2 və 203.4).

63. Azərbaycan Respublikasının MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Əgər təqdim olunan sübut elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılara aiddirsə məhkəmə MPM-in 175-ci maddəsinə əsasən işə baxarkən həmin sübutu bilavasitə tədqiq etməyə borcludur və bu zaman, həmçinin MPM-in 95, 200 və 203-cü maddələrində müəyyən edilmiş qaydaları nəzərə almalıdır.

64. Bundan əlavə Cavabdeh birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, aralarında olan şifahi razılaşma əsasında iddiaçıdan 2022-ci ilin yay aylarında bir neçə dəfəyə nisyə olaraq cəmi 4920 manat dəyərində olan məişət və mətbəx avadanlıqları və pal-paltar götürmüşdür. Götürdüyü mallara görə iddiaçıya borcunu ödəmiş, hal-hazırda onun iddiaçıya cəmi 690 manat borcu qalmışdır.

65. Bununla bağlı məhkəmə kollegiyası göstərir ki, cavabdeh iddiaçıdan ümumilikdə 4920 manat dəyərində olan əşyaların götürdüyü və cəmi 690 manat məbləğində borcunun qaldığını bildirmişdir. Lakin, cavabdeh iddiaçıya 690 manat məbləğində borcunun qaldığını bildirdiyi halda, birinci instansiya məhkəməsinin qətnaməsindən (məhkəmə tərəfindən ondan iddiaçının xeyrinə 5730 manat məbləğində pulun tutulduğu halda) apellyasiya qaydasında mübahisələndirməmişdir. Belə olan halda isə kollegiya sonuncunun izahatını səmimi və inandırıcı hesab etmir.

66. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MM-in) 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

67. Mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı qeyd olunmalıdır ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarınının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.»

68. Göstərilən hüquq normalarını işin faktik halları ilə birlikdə təhlil edərək məhkəmə o qənaətə gəlmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

69. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır.

70. Həmçinin qeyd olunmalıdır ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarda qanunvericiliyin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər- insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

71. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə cavabdehin təqsiri və ya hər hansı qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi ziyanın dəyməsi, ümumiyyətlə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, habelə bunun cavabdehin təqsiri ucbatından baş verməsi iş materiallarından görünmür. İddiaçının bu dəlili yalnız subyektiv mülahizəyə söykənir. Ona görə də, iddiaçıya maddi və mənəvi ziyanın ödənilməsindən söhbət gedə bilməz.

72. Cavabdehin hərəkəti iddiaçının şüurunda müəyyən mənfi reaksiyaya səbəb olsa da, cavabdehin hərəkətləri nəticəsində iddiaçının sağlamlığının pozulması, yəni iztirab keçirməsi barədə məhkəməyə sübut təqdim olunmamış, eyni zamanda iddiaçı maddi xərc çəkdiyi barədə də sübutlar təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

73. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.

74. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

75. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.

77. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, "İnsan hüquqlarının və X5 haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

78. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

79. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

82. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

83. Kollegiya həmçinin göstərir ki, iddia tələbi təmin olunduğundan 145,8 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(066)-249/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 18.601 (on səkkiz min altı yüz bir) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 145,8 (bir yüz qırx beş manat səksən qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar