Məhkəmə qərarları › İş №2(104)-1411/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1411/2023

11.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1411/2023 11.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), X1 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin 2(066)-26/2023 saylı iş üzrə 27 mart 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə 11 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan 23 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh1 və sonuncunun oğlu Cavabdeh2 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanmasının rədd edilməsi və İddiaçı Cavabdeh1 və Cavabdeh2 ilə aralarında olan alğı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır.

2. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 2(066)-809/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1, X9, Cavabdeh2, X3, X5 və X10 İddiaçı məxsus olan ünvan 1ində 0,05 ha torpaq sahəsində yerləşən 198 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir.

3. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-994/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh1, X9, Cavabdeh2, X6, X3, X10, X2 iddiaçıya məxsus olan ünvan 1i ünvanından yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Göygöl rayon Polis şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.

4. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən xüsusi mülkiyyət növlü ümumi sahəsi 198 kvadratmetr, 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır.

5. İş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli, 09 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X6, Cavabdeh2, X7, Cavabdeh1 satıcılar kimi, İddiaçı isə alıcı kimi göstərilməsi və satıcı Cavabdeh1 (tam hissə, ümumi sahəsi 198 kv/m olan fərdi yaşayış evini) alıcı İddiaçı satması qeyd edilmişdir.

6. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6518 nömrəli, 30 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 1ində mülkiyyətində olan 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən eni 10 metr uzunluğu 21 metr olan dəmir konstruksiyalı çardağ tikilisinin yenidən bərpa olunması üçün yerinə yetirilməli yenidənqurma və tikinti-təmir işlərinin dəyəri bazar qiymətinə uyğun olaraq təqribən 5986,0 manat məbləğində təşkil etdiyini nəzərə alaraq, İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsinin daxilində quraşdırılmış dəmir konstruksiyalı çardağ tikilisinin sökülməsi nəticəsində 5986,0 manat ziyanın dəydiyi müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı “pul” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən sökülüb aparılmış dəmir çardağın və ya dəyəri olan 6000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, çardağın dəyəri olan 6000 (altı min) manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Republikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən qəbul edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2021-ci ilin mart ayının 9-da Göygöl rayonu, Səmədli qəsəbəsində yerləşən Cavabdeh1 məxsus evi rəsmi sənədləşdirmə işləri aparmaqla 26.000 (iyirmi altı min) manata almışdır. İddiaçı cavabdeh Qənirǝ Hüseynovaya ailə üzvləri ilə birlikdə evdən çıxmaları üçün 1 ay vaxt vermişdir. Təxminən 10 gün sonra Cavabdeh1 Elşən adlı oğlu iddiaçının iş yerinə gələrək aldığı evin ata yurdları olduğunu deyib evi geri qaytarmaq istədiyini, ancaq evə verilmiş pulu 2021-ci ilin avqust ayında verəcəyini bildirmişdir. İddiaçı isə evi ancaq onlara satmaq yolu ilə qaytara biləcəyini bildirmişdir. İddiaçı Cavabdeh1 oğlu Elşəndən evi onlara satmaq üçün ilkin olaraq 5000 manat məbləğində beh istəmişdir. Cavabdehin oğlu Elşən iddiaçı ilə razılaşsa da sonradan 5000 manat məbləğində pulu verməmişdir. Lakin, iddiaçının evində qalacağı müddətdə aylıq olaraq iddiaçıya pul ödəyəcəyini bildirmişdir. Cavabdehin oğlu Elşən 2021-ci ilin mart, aprel və may ayları üçün aylıq 120 manat məbləğində iddiaçıya pul ödəmişdir. Lakin sonradan Qənirə və onun oğlu aylıq kirayə pulunu ödəməyi dayandırmışlar. Bundan sonra İddiaçı Cavabdeh1 və onun ailə üzvlərinin qeydiyyatdan çıxarılmaları üçün Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı dəfələrlə Cavabdeh1 və onun ailə üzvlərinə evi boşaldıb təhvil vermələrini tələb etsə də bundan imtina etmişlər. Buna görə də iddiaçı məcbur olub Cavabdeh1 və ailə üzvlərinin ona məxsus evdən çıxarılmaları ilə bağlı Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli müvafiq qətnaməsi ilə həmin şəxslərin qeyd olunan evdən çıxarılmaları müəyyən olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün icra şöbəsinə göndərilmişdir. Cavabdehlərin evdən çıxmaları ilə bağlı icra məmuru tərəfindən dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olsa da heç bir məhəl qoymayaraq məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmışlar. Daha sonra hiylə işlədərək məhkəmə qətnaməsini almadıqlarını əsas gətirərək apellyasiya məhkəməsinə şikayət vermişlər. Təəsüflər olsun ki, məhkəmə tərəfindən üzürsüz səbəbdən buraxılmış müddət bərpa olunaraq iş baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bundan istifadə edən Cavabdeh1 və onun ailə üzvləri planlaşdırılmış qaydada qətnamədən apellyasiya şikayəti verməklə vaxt qazanaraq Cavabdeh1 alınmış iddiaçıya məxsus Göygöl rayonu Səmədli qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində dəmir materialdan quraşdırılmış ferma dam örtüyünü tamamilə sökərək aparmışlar. Bundan sonra iddiaçı ona məxsus evin həyətindəki dəmir çardağın oğurlanması ilə bağlı şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsi Cavabdeh1 və onun oğlanlarını dəvət edib izahatlarını alarkən çardağın ona məxsus evin həyətində nisyə qurulduğunu, təxminən 2022-ci ilin yanvar ayında həmin çardağı quran ustaların gəlib Cavabdeh1 pulunu istədikdə Cavabdeh1 isə pulu verə bilməyəcəyini bildirdikdən sonra çardağı söküb apardıqlarını və bundan sonra həmin ustaları ümumiyyətlə görmədiyini bildirmişdir. Bundan sonra Göygöl RPŞnin TB-nin təhqiqatçısı tərəfindən cinayət işinin başlanmasının rədd olunması ilə bağlı xx.xx.2022-ci il tarixli qərar qəbul olunmuşdur. İddiaçı Cavabdeh1 evi alarkən sözü gedən dəmir çardaqla birlikdə almışdır. Həmin çardağın nisyə qurulması və yaxud sonradan sökülüb satılacağı barədə heç bir qarşılıqlı söhbət və razılaşma olmamışdır. Cavabdeh1 və oğlanlarının polisdə verdiyi bütün ifadələr yalandır. Onlar iddiaçıya məxsus dəmir çardağı qazanc əldə etmək məqsədilə əvvəlcədən planlaşdırılmış şəkildə söküb satmışlar. Bu səbəbə görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvafiq qaydada məlumat verilmişdir. Buna baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

12. Göygöl Rayon Məhkəməsinin 2(066)-26/2023 saylı iş üzrə 27 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5986 (beş min doqquz yüz səksən altı) manat məbləğində pul və ödənilmiş 80 (səksən) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulаrаq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birlikdə apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-26/2023 saylı iş üzrə 27 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 mülkiyyətində olan Göygöl rayonu Səmədli qəsəbəsində yerləşən fərdi yaşayış evini 2021-ci ilin mart ayında İddiaçı 32000 (otuz iki min) manata satmışdır. Onlar evin satılması barədə razılaşarkən o, iddiaçıya bildirmişdir ki, evin həyətindəki dəmir çardağı 6000 (altı min) manata quraşdırmış, lakin pulunu verməmişdir. 32000 manatdan 6000 manatı dəmir çardağın puludur. Belə olan halda İddiaçı ona bildirmişdir ki, 26000 (iyirmi altı min) manatı əvvəlcədən versin, yerdə qalan 6000 (altı min) manat isə danışdığı müddətə verər, o da çardağı düzəldən şəxslərə verər. O da bununla razılaşmışdır. Onlar evi alqı-satqı etdikdən bir müddət sonra o, iddiaçıya çardağı düzəldən şəxslərin pulu istədiklərini bildirmiş, həmin pulu versin və onlar da evdən çıxsın. Lakin iddiaçı cavabında onlara heç bir məbləğdə pul verməyəcəyini bildirmiş və onların evdən çıxmalarını bildirmişdir. Onlar evdən çıxmadıqlarına görə iddiaçı məhkəməyə müraciət edərək onların evdən və həmin evdə qeydiyyatdan çıxamalarını xahiş etmiş və iddiası məhkəmə tərəfindən təmin olunmuşdur. Bundan sonra o, çardağı düzəldən şəxslərə pulu ödəyə bilməyəcəyini, istəyirlərsə gəlib çardağı söküb apara biləcəklərini bildirmişdir. Ustalar gəlib çardağı söküb aparmış, bundan sonra isə onlar evdən çıxmışlar. Hazırda İddiaçı verdiyi vədə əmək etməməsi azmış kimi onları məhkəməyə verərək pul tələb edir. Məhkəmə isə işin hallarını araşdırmamış, qanunsuz və əsassız olaraq iddianı təmin etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Cavabdehlərə məhkəmənin 13 iyun 2023-cü il tarixə təyin edilmiş iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmyaraq onlar məhkəməyə gəlməmişlər. Cavabdeh1 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq səhhəti ilə bağlı işin məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 məhkəmə kollegiyasına ünvanladığı teleqramı nəzərə almış və işin məhkəmə baxışını 11 iyul 2023-cü il tarixə təxirə salmışdır. Cavabdeh1 yenə də məhkəmə kollegiyasına teleqram ünvanlayaraq səhhəti ilə bağlı işin məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Həmin tarixdə məhkəmədə iştirak edən iddiaçı işin məhkəmə baxışının təxirə salınmasına etiraz etmışdır. Məhkəmə kollegiyası iş materiallarında olan sübutlar əsasında işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

18. Maddə 1096.1.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.

28. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına görə, İddiaçı 2021-ci ilin mart ayının 9-da Göygöl rayonu, Səmədli qəsəbəsində yerləşən Cavabdeh1 məxsus evi rəsmi sənədləşdirmə işləri aparmaqla 26.000 (iyirmi altı min) manata almış, İddiaçı cavabdeh Qənirǝ Hüseynovaya ailə üzvləri ilə birlikdə evdən çıxmaları üçün 1 ay vaxt vermişdir. Bundan sonra İddiaçı Cavabdeh1 və onun ailə üzvlərinin qeydiyyatdan çıxarılmaları üçün Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı dəfələrlə Cavabdeh1 və onun ailə üzvlərinə evi boşaldıb təhvil vermələrini tələb etsə də bundan imtina etmişlər. Buna görə də iddiaçı məcbur olub Cavabdeh1 və ailə üzvlərinin ona məxsus evdən çıxarılmaları ilə bağlı Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli müvafiq qətnaməsi ilə həmin şəxslərin qeyd olunan evdən çıxarılmaları müəyyən olunmuşdur. Bundan sonra Cavabdeh1 və onun ailə üzvləri həmin qətmnamədən apellyasiya şikayəti vermiş, bu müddətdə Cavabdeh1 alınmış iddiaçıya məxsus Göygöl rayonu Səmədli qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində dəmir materialdan quraşdırılmış ferma dam örtüyünü tamamilə sökərək aparmışlar. Bundan sonra iddiaçı ona məxsus evin həyətindəki dəmir çardağın oğurlanması ilə bağlı şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsi Cavabdeh1 və onun oğlanlarını dəvət edib izahatlarını alarkən çardağın ona məxsus evin həyətində nisyə qurulduğunu, təxminən 2022-ci ilin yanvar ayında həmin çardağı quran ustaların gəlib Cavabdeh1 pulunu istədikdə Cavabdeh1 isə pulu verə bilməyəcəyini bildirdikdən sonra çardağı söküb apardıqlarını və bundan sonra həmin ustaları ümumiyyətlə görmədiyini bildirmişdir. Bundan sonra Göygöl RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən cinayət işinin başlanmasının rədd olunması ilə bağlı xx.xx.2022-ci il tarixli qərar qəbul olunmuşdur. İddiaçı Cavabdeh1 evi alarkən sözü gedən dəmir çardaqla birlikdə almışdır. Həmin çardağın nisyə qurulması və yaxud sonradan sökülüb satılacağı barədə heç bir qarşılıqlı söhbət və razılaşma olmamışdır. Bu səbəbə görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, məhkəmə tərəfindən iddiası təmin edilmişdir.

31. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, 23 fevral 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, iş üzrə cavabdehlər doğrudan da dəmir çardağın mövcud olduğunu, lakin ustaların dəmir çardağın söküb apardıqlarını bildirsələr də, bununla bağlı nə polis şöbəsində araşdırma aparan zaman nə də ki məhkəmə baxış iclasında sübut təqdim etməmişlər. Belə olan halda məhkəmə hesab etmişdir ki, həmin hallar sübuta yetirilmədiyindən fərziyyə xarakteri daşıyır. Cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinin daxilində quraşdırılmış dəmir konstruksiyalı çardağ tikilisinin sökülməsi nəticəsində ona 5986,0 manat zərər dəymişdir. Belə olan halda da, iddia 5986,0 manat zərərlə bağlı hissədə təmin edilməlidir.

32. Apellyatorun şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının mübahisələndirdiyi dəmir çardaq mövcud olmuş, lakin iddiaçı ilə razılaşmalarına əsasən iddiaçı həmin çardağı düzəldən ustalara onun pulunu verməli idi. O, çardağın pulunu vermədiyindən çardağı düzəldən ustalar həmin çardağı söküb aparmışlar.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, evin alqı-satqısı zamanı həmin çardağın mövcud olması cavabdehlərin özlərinin həm polis şöbəsində, həm birinci instansiya məhkəməsində verdikləri izahatlarda, eləcə də qətnamədən verilmiş apellyasiya şikayətində qeyd etdikəri ilə öz təsdiqini tapır. Cardağın dəyəri isə işə baxılarkən alınmış ekspert rəyinə əsasən müəyyən edilmidir. Apellyatorlar həmin çardağın nisyə düzəldildiyi, onun pulunun iddiaçı tərəfindən ödəniləcəyi barədə sonuncu ilə razılığa gəldiklərini bildirsələr də, həmin dəlili təsdiq edən mötəbər sübut növünü məhkəməyə təqdim etməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

34. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-26/2023 saylı iş üzrə 27 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Sədrlik edən: Ədil Məmmədov

Hakimlər: Rəhman Muradov

Fikrət Mehtiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar