Məhkəmə qərarları › İş №2(104)-1417/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1417/2024

20.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1417/2024 20.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-79/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh2 hüquqi varisi X3 qarşı fərdi yaşayış evinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi təxminən 61 kvadratmetr olan fərdi yaşayış evin paylı mülkiyyətdə olan tikinti “A”-nın və həmin tikinti “A”-nın zirzəmisinin onun mülkiyyətində olan 5/12 hissəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-79/2024 nömrəli qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh2 hüquqi varisi X3 qarşı fərdi yaşayış evinin naturada bölünməsi tələbinə dair iddiası üzrə mülki işin icraatı mərhum Cavabdeh1 hüquq varisi (vərəsəsi) müəyyən edilənədək dayandırılması qərara alınmışdır. Bundan sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işlə bağlı icraatın davam etdirilməsinə qərar verilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-79/2024 nömrəli qərardadı (hakim Zaman İmanov) ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7, Cavabdeh2 hüquqi varisi X3 qarşı fərdi yaşayış evinin naturada bölünməsi tələbinə dair mülki iş üzrə İddiaçı icraatın təzələnməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, məhkəmə 29 aprel 2024-cü il tarixli qərardadında Mülki Prosessual Məcəllənin 257-ci maddəsinin tətbiqində düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə qeyd olunan prosessual hüquq normasına əsaslansa da iş üzrə iddia ərizəsi əsasında icraatın yenilənməsindən imtina etməsi cavabdehlərdən Cavabdeh1 vəfat etməsi və onun hüquqi varisinin olmaması ilə əsaslandırmışdır. Lakin, hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, iş üzrə 8 nəfər cavabdeh olduğu təqdirdə 1 nəfər Cavabdeh1 münasibətdə ərizənin təmin edilməməsi digər cavabdehlərin hüquqlarının pozulması kimi dəyərləndirilməlidir. Həmçinin məhkəmə digər cavabdehlərə münasibətdə bölgünün aparılması ilə ona münasibətdə payın açıq saxlanması ilə birlikdə qətnamə çıxara bilər. Həmçinin bölgü aparılarkən Cavabdeh1 münasibətdə payın açıq saxlanması ilə bağlı icra hərəkətləri ilə həll edilə bilər. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-79/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-79/2024 nömrəli qərardadı və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, 2(125)-79/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Mülki mühakimə icraatında iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Qərardad müşavirə otağında müstəqil akt şəklində qəbul edilir. Məhkəmə mürəkkəb olmayan məsələləri məhkəmə iclasında həll etdikdə, müşavirə otağına getməyib, yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxara bilər. (Azərbaycan Respublikasının MPM-in 263.1-263.4-cü maddələri). Azərbaycan Respublikasının MPM-in 267.1-ci maddəsində deyilir ki, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh mərhum Cavabdeh1 hüquqi varisi (vərəsəsi) müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Bundan sonra İddiaçı ərizəsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21 dekabr 2023-cü il tarixli, 3-16-5/8-16-2692/2023 nömrəli X2 ailə üzvləri barəsində məlumatlar əks olunmuş məktubu əlavə etmişdir. Lakin, həmin məktubda mərhumun vərəsə dairəsi müəyyən edilməmişdir. Məhkəmənin bu prosessual aktının hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının MPM-in 170.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikasının MPM-in Məhkəmənin icraatı dayandırmaq hüququndan bəhs edən 254.1.1-ci maddəsinə əsasən, işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə, hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş məktubda yalnız mərhum Cavabdeh1 ailə üzvləri qeyd edilmiş, lakin mərhumun hüquqi varisi (vərəsəsi) olması barədə sübutlar əlavə edilmişdir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq mülki iş üzrə icraata təzələməmişdir. Məhkəmə kollegiyası, prosessual müddətlərə riayət olunmasının təmin olunması üçün iş üzrə icraatın dayandırılması barədə birinci instansiya məhkəməsinin mövqeyini məqsədəuyğun hesab edir və göstərir ki, baxılan iş üzrə məhkəmə qərardadının ləğv edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası sadalanan hallara əsasən hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalı, həmin qərardaddan verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxdıqda məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyəti vardır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 255, 263, 264, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-79/2024 nömrəli qərardadı və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, 2(125)-79/2024 nömrəli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar