Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1418/2025 08.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə Açar sözlər: maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi; sübut yetərsizliyi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 06 may 2025-ci il tarixli 2(125)-197/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 avqust 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 1987-ci il təvəllüdlü İddiaçı adına “X4”-nın ortopediya və travmatologiya şöbəsində tərtib edilmiş ******* saylı xəstəlik tarixindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 12:56-da xəstəxanaya daxil olmuşdur. Şikayətləri sol dizdə ağrı, şişkinlik, hərəkət məhdudluğu, sol tərəfli axsama. Deməsinə görə bir neçə ildir şikayətləri var, son iki aydır ağrıları şiddətlənmişdir. Daxil olarkən xəstənin vəziyyəti kafidir. Dəri və görünən selikli qişaları fizioloji rəngdədir. Periferik limfa vəzləri böyüməmişdir. Tənəffüs vezikulyar xırıltı yoxdur. Bədən temperaturu 36.7, A/T-120/80 mm.c.st, Ps 76 ritmikdir. Sidik kisəsi palpasiya edilmir. Lokal status diz nahiyəsində şişkinlik, oynaq aralığında palapasiyada ağrı qeyd olunur. Hərəkət zamanı 0/0/110 ağrılıdır. xx.xx.2023-cü il tarixdə xəstənin vəziyyəti kafidir. Bədən temperaturu 36.6, A/T110/75 mm.c.st, Ps-77 ritmikdir. Klinik diaqnoz: “Meniskin zədələnməsi”. xx.xx.2023-cü il tarixdə xəstəyə dizin oraqvari qığırdağının kəsiklə çıxarılması. (Meniskektomiya-oynaq siçanının çıxarılması) əməliyyatının icrasına başlanıldı. Ön aşağı medial və lateral parapatelyar kəsiklərdən sol diz oynağının artroskopiyası icra edildi. Oynaq boşluğunun reviziyası zamanı patellada 2d, femur tibia medial kondildə 2-3d xondromalyasiya, medial meniskin arxa buynuz və cismində kompleks yırtıq, ön çarpaz bağın hissəvi zədələnməsi aşkarlandı. Yırtılmış menisk rezeksiya edildi. Oynaq boşluğu yuyuldu. Tikiş qoyuldu. Xəstənin sarğısı olundu. Əməliyyat fəsadsız keçdi. Məsləhət verildi: ortoped nəzarəti, sarğılar 10-12 gün sonra tikişlər alınsın, xondroprotektor, NSAİ ağrı zamanı, fizioterapiya, 1 ay istirahət. Son Klinik diaqnoz: “Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi. Sol diz oynağı medial meniskin köhnəlmiş yırtığı. ÖÇB hissəvi zədələnməsi. Ağrı sindromu”;
2. İddiaçı adına Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının reabilitasiya bölməsindən verilmiş 2396 saylı xəstəlik tarixindən görünür ki o, xx.xx.2024-cü il tarixdə hospitala daxil olmuşdur. Daxil olarkən şikayətləri: Xəstə bel-oma nahiyəsində olan ağrılardan şikayət edir. Ağrılar hər iki aşağı ətraflara yayılır, sol dizində olan ağrılardan, hər iki yuxarı ətraflarda olan ağrılardandır. Diaqnoz: “Sol diz oynağın medial meniskin yırtığı. İkincili hissəvi adentiya. Vertebrogen lumbalgiya. İki tərəfli karpal tunel sindromu, yüngül dərəcə. Hepatostearoz. Anamnezi: Deməsinə görə özünü 1 (bir) ildir ki, xəstə hesab edir. Xəstəliyinin səbəbini aldığı travma ilə əlaqələndirir. xx.xx.2023-cü il tarixində “X3”da “Meniskektomiya-oynaq siçanının çıxarılması” əməliyyatı olunub. Son zamanlar ağrıları artdığı üçün MN BKH-na müraciət etmiş və Tibbi Reabilitasiya bölməsində stasionar müalicəyə qəbul olunmuşdur. Müayinələr: Qanın ümumi analizi: (xx.xx.2024) normal. Sidiyin ümumi analizi: (xx.xx.2024) normal. Qanın biokimyəvi analizi (xx.xx.2024) normal. DQOF (xx.xx.2024) normal. Abdominal USM (xx.xx.2024) Qaraciyər-GRADE İ-İİ piylənmə izlənilir. EKQ (xx.xx.2024) normal. Qan qrupunun təyini (xx.xx.2024) A(İİ) RH (+) pozitiv. X10, HCV İgG, QİÇS-HİV, Siflis Screen (xx.xx.2024) neqativ. Aparılmış müalicələr: Rejim, Pəhriz, Elektrofarez, Elektrostimulyasiya, medikamentoz müalicə təyin olunmuşdur. Xəstə xx.xx.2024-cü il tarixdə kafi vəziyyətdə evə yazıldı. Tövsiyyələr: Özünü soyuqdan və ağır fiziki işdən qorumalı. Həkim travmatoloq məsləhəti ilə xx.xx.2024-cü il tarixdə İcbari Tibbi sığortanın dəstəyi ilə KTM-də əməliyyat olunması üçün göndərilsin. HHK-na göndərişi ilə birgə. İcbari Tibbi sığortanın dəstəyi ilə “Lumbal MRT” nəticələri ilə həkim-neyrocərrahın baxışına göndərilsin;
3. Cavabdeh MMC-nin nəzdində fəaliyyət göstərən “X1” həkimi Cahandar İsmayılov tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli 39243/477899 nömrəli epikrizdən görünür ki, iddiaçı keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi. Sol diz oynağı medial meniskin köhnəlmiş yırtığı. ÖÇB hissəvi zədələnməsi. Ağrı sindromu diaqnozu ilə xx.xx.2023-cü il tarixdə dizin oraqvari qığırdağının kəsiklə çıxarılması (meniskektomiyaoynaq siçanının çıxarılması) əməliyyatı olunmuşdur;
4. Cavabdeh MMC-nin nəzdində fəaliyyət göstərən “X4” tərəfindən verilmiş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı “sol diz oynağın iç meniskin köhnəlmiş yırtığı, ön çarpaz bağın hissəvi zədələnməsi, ağrı sindromu” diaqnozu ilə stasionar/ambulator rejimdə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdən azad edilmişdir;
5. Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi PHŞ “X8” X9 tərəfindən verilmiş İddiaçı məxsus xx.xx.2024-cü il tarixli ******* nömrəli ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı sol diz oynağın medial menisk arxa buynuzunda horizontal İİİ dərəcəli yırtıq diaqnozu qoyulmuşdur;
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 tərəfindən keçirilmiş, məhkəmə-tibbi ekspertizasının 150/KEŞ nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1987-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin nəzdində fəaliyyət göstərən “X4”na sol dizdə ağrı, şişkinlik, hərəkət məhdudluğu, sol tərəfli axsama şikayətləri ilə müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona “Meniskin zədələnməsi” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və sol diz oynağının artroskopiyası “Dizin oraqvari qığırdağının kəsiklə çıxarılması (Meniskektomiya-oynaq siçanının çıxarılması)” əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Əməliyyatdan sonra xəstəyə müvafiq məsləhətlər verilmiş və kontrol müayinə təyin edilmişdir. İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin nəzdində fəaliyyət göstərən “X4”nda icra edilmiş cərrahiyyə əməliyyatından sonra o, xx.xx.2024-cü il tarixdə Tibbi Ərazi Bölmələrinin idarəetmə Birlliyinin “X8” X9nə müraciət etmişdir. Müayinə zamanı “Sol diz oynağı medial meniskdə horizontal İİİ dərəcəli yırtığı” diaqnozu müəyyənləşdirilmiş və spinal anesteziya altında yenidən “sol diz oynağının artroskopik meniskentomiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Təkrar əməliyyatın (6 ay sonra) aparılması menisk yırtığının təkrarlanması, əzələ zəifliyi, residiv və ya travma hesabına əmələ gələ bilərdi. Bunu nəzərə alaraq, əməliyyatlar arasında səbəbli əlaqənin olması istisna edilir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh "xxxx" MMC-yə (X2) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş maddi və mənəvi ziyana görə 10000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, X1 həkimlərinin səhvi nəticəsində o, özünün müalicəsinə 5000 manat xərc çəkmişdir, o həmin xəstəxanadan müalicəsinə çəkdiyi 5000 manat pulun və mənəvi ziyan olaraq da 5000 manat pulun əvəzini tələb edir, ona görə də maddi və mənəvi ziyana görə 10000 manat pulun cavabdehdən alınıb ona verilməsi verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı ərizəsində göstərmişdir ki, cavabdeh xəstəxananın cərrahiyyə şöbəsində onu diz nahiyəsindən əməliyyat etmişlər, təxminən 2500 manat xərci çıxmışdır. 3 ay sonra isə həmin hissədə 3-cü dərəcəli dəlik əmələ gəlmişdir. O isə bu barədə təkrar həmin xəstəxanaya müraciət edəndə onu əməliyyat edən həkimlər özləri etiraf etmişlər ki, “əməliyyat düzgün aparılmayıb, təkrar əməliyyat edək”. Artıq iddiaçının onlara etibarı olmadığı üçün o, Bakı şəhərində başqa xəstəxanada yenidən əməliyyat olunmuşdur. O cavabdehdən əməliyyat üçün ödədiyi pulu tələb edəndə, ona həmin məbləği ödəməkdən imtina etmişlər.
10. Gəncə Şəhər Məhkəməsinin 06 may 2025-ci il tarixli 2(125)-197/2025 nömrəli qətnaməsi ilə (hakim Fuad Fərhadov) İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1099.1, 1099.2 və 1112-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qətnamə qəbul edilən zaman şahidlər dindirilməmişdir. X1 həkimi Cahandar həkim tərəfindən iddiaçı əməliyyat olunduqdan sonra, iddiaçının ayağında olan ağrılar keçməmiş, hətta ağrılar daha da kəskinləşmişdir. İddiaçı Laçınbek Cahandar həkimə müraciət etmiş, mövcud vəziyyətini ona izah etmiş, Cahandar həkim əməliyyatı səhv icra etdiyini, onu yenidən pulsuz əməliyyat edə biləcəyini təklif etmişdir. Cahandar həkim həmin təklifi etdikdə iddiaçının qaynanası X5 da onların yanında olmuşdur. Lakin, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qaynanası Şəhanə Mövləmovanı şahid kimi dindirməmişdir. Eyni zamanda Cahandar həkimin etdiyi uğursuz əməliyyata görə o, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edilməmişdir. Məhkəmə tətbiq olunmalı hüquq normaları baxımından düzgün qiymət verməyərək hesab etmiş ki, iddia tələbinə dair maddi və mənəvi zərər dəydiyi öz təsdiqini tapmamış və iddianın əsassız olduğu qənaətinə gələrək iddia tələbi rədd etmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmırıq və bildirir ki, məhkəmə işin hallarını tam araşdırmamışdır. Belə ki, iddiaçı Cavabdeh MMC-nin həkimi Cahandar İsmayılovun uğursuz əməliyyatı nəticəsində yenidən əməliyyat olunduğuna dair sübütları iddia ərizəsinə əlavə etmişdir (xəstəxanadan müalicəsi haqqında epikrizləri, həkim reseptlərini və s). Lakin birinci instansiya məhkəməsi həmin sənədləri sübut hesab etməmişdir. Bundan başqa məhkəmə tərəfindən iddiaçıya dəymiş ziyanla bağlı aidiyyatı ekzpertiza keçirilməsinə dair qərardad qəbul edilmiş, lakin ekspert rəyi ilə iddiaçı razı deyil odur ki, təkrar ekspertizanın keçirilməsini və həmin ekspertizanın başqa ekspertlərə həvalə edilməsini xahiş edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Prosessual məsələlər
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
19. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
21. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
22. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
23. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 24 Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin nəzdində fəaliyyət göstərən “X4”na sol dizdə ağrı, şişkinlik, hərəkət məhdudluğu, sol tərəfli axsama şikayətləri ilə müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona “Meniskin zədələnməsi” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və sol diz oynağının artroskopiyası “Dizin oraqvari qığırdağının kəsiklə çıxarılması (Meniskektomiya-oynaq siçanının çıxarılması)” əməliyyatı icra edilmişdir. İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin nəzdində fəaliyyət göstərən “X4”nda icra edilmiş cərrahiyyə əməliyyatından sonra o, xx.xx.2024-cü il tarixdə Tibbi Ərazi Bölmələrinin idarəetmə Birlliyinin “X8” X9nə müraciət etmişdir. Müayinə zamanı “Sol diz oynağı medial meniskdə horizontal İİİ dərəcəli yırtığı” diaqnozu müəyyənləşdirilmiş və spinal anesteziya altında yenidən “sol diz oynağının artroskopik meniskentomiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı cavabdeh təşkilatın həkimləri tərəfindən cərrahiyyə əməliyyatının qüsurlu icra edildiyini, beləliklə maddi və mənəvi ziyana məruz qaldığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
35. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, hüquqi şəxs olan tibb müəssisəsində cərrahiyyə əməliyyatı zamanı iddiaçıya zərərin vurulduğu sübut edildiyi halda həmin zərərə görə məsuliyyəti müəssisənin özü daşımalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlir ki, iddiaçıya cavabdehin hərəkətləri nəticəsində maddi və mənəvi ziyan vurulması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə ekspert rəyi ilə razılaşmaqla onu hazırkı iş üzrə sübut qismində qəbul edərək hesab edir ki, iddiaçı üzərində cavabdehin işçisi tərəfindən xx.xx.2023-cü il tarixdə aparılmış cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir, həmin əməliyyat zamanı iddiaçının sağlamlığına ziyan vurulmamışdır. İddiaçının üzərində təkrar cərrahi əməliyyatın səbəbi cavabdeh tibb müəssisəsində icra edilmiş ilkin cərrahi əməliyyatın taktiki cəhətdən düzgün yerinə yetirilməməsi olmamışdır. Belə ki, iş üzrə ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçının üzərində təkrar əməliyyatın (6 ay sonra) aparılması menisk yırtığının təkrarlanması, əzələ zəifliyi, residiv və ya travma hesabına əmələ gələ bilərdi. Bu baxımdan əməliyyatlar arasında səbəbli əlaqənin olması istisna edilir.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
37. Qanunvericiliyin tələbinə görə, əvvəlcə məhkəmə baxılan iş üzrə hansı halların sübuta yetirilməli olduğunu təsbit etməli, daha sonra isə həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda, iddia edilən halın mövcud olduğunu iddia edənin (iddiaçının) üzərinə düşür. Lakin, baxılan növ mübahisələr üzrə ümumi sübutetmə qaydalarına əsasən şəxsin sağlamlığına vurulan zərərin tibb müəssisəsinin müalicə tədbirləri səbəbindən baş vermədiyini sübut etmək yükü həmin müəssisənin üzərinə düşür. Belə ki, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir (Mülki Məcəllə maddə 1112).
38. Qeyd olunan maddi hüquq normalarına görə iddianın əsaslı hesab edilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: iddiaçıya tibbi xidmətlərin göstərilməsi nəticəsində zərərin dəyməsi, zərərin cavabdeh tibb müəssisəsinin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran tibb müəssisəsinin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
39. Baxılan işdə İddiaçı cavabdeh təşkilatın həkimləri tərəfindən cərrahiyyə əməliyyatının qüsurlu icra edilməsi nəticəsində maddi və mənəvi ziyana məruz qaldığını iddia etmişdir. Nəzərə almaq lazımdır ki, ki, cərrahiyyə əməliyyatının düzgün aparılıbaparılmaması barədə məsələnin həlli tibb sahəsində xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb etməklə həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur (MPM maddə 97).
40. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.
41. Ümumiyyətlə, mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər.
42. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsində icraat zamanı tibbi ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 tərəfindən keçirilmiş, məhkəmə-tibbi ekspertizasının 150/KEŞ nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təkrar əməliyyatın (6 ay sonra) aparılması menisk yırtığının təkrarlanması, əzələ zəifliyi, residiv və ya travma hesabına əmələ gələ bilərdi. Bunu nəzərə alaraq, əməliyyatlar arasında səbəbli əlaqənin olması istisna edilir.
43. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur; Məcəllənin 101.3-cü maddəsinə görə isə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
44. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, ekspertiza tədqiqatı iddiaçının adına tərtib edilmiş tibbi sənədlərə və iş materiallarına əlavə edilmiş məlumatlara, onun özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanmaqla aparılmışdır. Ona görə də rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır. Bundan əlavə, iddiaçı tərəf rəyin qeyri-obyektivliyi barədə formal arqumentlər irəli sürsə də, lakin bunu əsaslandıra bilməmişdir.
45. Beləliklə, ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının üzərində təkrar əməliyyat aparılması zərurəti cavabdeh təşkilatın həkimləri tərəfindən aparılmış əməliyyat nəticəsində yaranmamışdır. Bir sözlə, əməliyyatlar arasında səbəbli əlaqə mövcud deyildir. Bu halda, cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
46. «Qətnamə qəbul edilən zaman şahidlər dindirilməmişdir» barədə apellyatorun dəlili də kollegiya tərəfindən əsassız sayılmışdır. Ona görə ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM maddə 81). Bu mənada qeyd edilməlidir ki, cərrahiyyə əməliyyatının düzgün aparılıb-aparılmaması tibb sahəsində xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb etməklə ekspert rəyi üzrə hüquqi dəyərləndirmə aparılan məsələdir. Odur ki, şahid ifadəsi iddianın həlli baxımından hər hansı əhəmiyyət daşımamaqdadır.
47. Göründüyü kimi, iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 06 may 2025-ci il tarixli 2(125)-197/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.