Məhkəmə qərarları › İş №2(104)-1423/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1423/2025

28.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1423/2025 28.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: təbii qazdan istifadəyə görə yaranmış debitor borcun ödənilməsi Hakimlər Həsənov İslam Telman oğlunun sədrliyi və məruzəsi ilə, Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli 2(066)-518/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 iyul 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2022-ci il tarixli XS-25-00529/22 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci maddəsindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir;

2. İddiaçı İB tərəfindən borclu Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, HŞxx/xx-0148 saylı xəbərdarlıq məktubundan görünür ki, borcluya 3691.78 manat debitor borcun məbləği barədə məlumat verilmiş, borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir;

3. xx.xx.2024-cü il tarixli abonent saldosundan görünür ki, abonent Cavabdeh 2024cü ilin sentyabr ayının sonuna olan borcu 3691.78 manat təşkil edir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borcunu könüllü ödəmədiyinə görə ondan 3691.78 manat məbləğində pulun və ödənilmiş 56.91 manat dövlət rüsumunun alınaraq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN ********** M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə İddiaçı Gəncə X2 İdarəsi ilə Cavabdeh (kod: **********00000) arasında xx.xx.2022-ci il tarixli, № XS-25-00529/22 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün İstehlakçı ilə Paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, Paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətinə tam ödənilməlidir. Qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri tam ödənilməlidir. Bağlanılmış müqaviləyə əsasən Cavabdeh İddiaçı Gəncə X2 idarəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. Lakin Cavabdeh müqavilənin öhdəliklərinə əməl etməmiş və istifadə edilən təbii qazın dəyərini ödəməmişdir. Bunun da nəticəsində istifadə etdiyi təbii qazın dəyərinə görə cavabdehin İddiaçı Gəncə X2 İdarəsinə 3691.78 manat məbləğində debitor borcu yaranmışdır. Məhkəməyə qədər müddət ərzində cavabdehə tərəflərindən göstərilən borcun ödənilməsi barədə xx.xx.2024cü il tarixli, HŞ-xx/xx-0148 saylı xəbərdarlıq məktubunun rəsmi verilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əməl etməmiş və "Azəriqaz” X1 X2 İdarəsinə 3691.78 manat məbləğində debitor borcu yaranmışdır. Borc əsaslıdır, istehlakçı tərəfindən ödənilməlidir. Lakin cavabdeh borcu könüllü ödəməkdən imtina etmişdir.

6. Göygöl Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli 2(066)-518/2025 nömrəli qətnaməsi ilə (hakim Rəşad Mustafayev) iddia təmin edilərək, Cavabdeh istifadə edilmiş təbii qazın dəyəri 3691.78 (üç min altı yüz doxsan bir manat, yetmiş səkkiz qəpik) manat məbləğində pul və məhkəmə xərci olaraq 56.91 (əlli altı manat, doxsan bir qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı hesabına (Kod 805573, VÖEN ********** M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ********************) ödənilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1 və 448.1-ci maddələrinə, Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə, “Qaz təchizatı haqqında” Qanunun 13.6-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 3.2.1-ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin «Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında» 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanının 9-cu bəndinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2022ci il tarixli müqavilədən məlumatı olmayıb və həmin müqaviləyə imza etməmişdir. 1995-ci ildən pasport qeydiyyatında olduğu evdə yaşayır və həmin vaxtdan indiyə kimi təbii qazdan və sudan istifadəyə görə ondan ödəniş istənilməyib. Əksinə, birinci dərəcə əlil olmağı, müharibə iştrakçısı olmağı nəzərə alınaraq dövlət orqanları həmin ödənişləri öz üzərlərinə götürmüşlər. Lakin, məhkəmə bu halları nəzərə almayaraq iddianı təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərin əmələ gəlməsinin ümumi əsaslarını müəyyən edən 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Apellyasiya şikayətinə əalvə etdiyi iddiaçı orqanın xx.xx.2010-cu il tarixli ona göndərdiyi məktubunda qeyd edilmişdir ki, X3 sahəsi və Azqazservis Göygöl İdarəsi istifadə edəcəyi təbii qazın dəyərinin ödənilməsini öz üzərinə götürür. Belə olan təqdirdə iddiaçı tərəfin məlumatı və imzası olmayan xx.xx.2022-ci il tarixli müqaviləyə istinad edərək ondan təbii qazdan istifadəyə görə pulun tələb edilməsi əsassızdır, birinci dərəcə gözdən əlil olan şəxsə qarşı iddia tələbi müraciət edilməsi nə dərəcə düzgündür.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Əvvəlki məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla, birinci qrup gözdən əlildir. Hər iki gözü görmür. Bu səbəbdən iddiaçı təşkilat onu və ailəsini himayəyə götürmüşdür. Təbii qazdan istifadəyə görə pul ödəməmişdir. Ümumiyyətlə, döyüşlərdə könüllü iştirak etdiyi üçün dövlət onu işıq, qaz və su pulu ödəməkdən azad etmişdir. Hətta Göygöl rayonu Yeni Zod kəndində onun adına küçə də vardır. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, təbii qazdan istifadə üçün pulun ödənilməsindən azad edildiyini bildiyi üçün təbii qazdan istifadəyə görə pul ödəməmişdir. Əgər ödəməli idisə vaxtında xəbərdarlıq edərdilər. Çünki, hazırda yığılmış məbləğ həddindən artıq çoxdur, həmin məbləğdə pulu ödəmək iqtdarında deyildir. 2010-cu ildə dövlət onu himayəyə götürmüşdür. Çünki, həmin vaxt təqaüd almamış, dolanışığı olmamışdır.

12. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 1998-ci ildə ona pensiya təyin edilmişdir. Hazırda prezident təqaüdü alır. Məhkəmə mübahisəsi başlayanadək heç kim ondan təbii qazdan istifadəyə görə borcun ödənilməsini tələb etməmişdir. İddiaçı təşkilat borcunu ödəməli olduğunu vaxtında bildirsəydi, o da borcunu ödəyərdi, borc məbləği də bu qədər yığılmazdı. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

14. Maddə 1. Qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir.

15. Maddə 8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

16. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17. Maddə 13.6 Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

18. 3.2.1-ci bənd. Qazdan istifadə edən istehlakçılar istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı Gəncə X2 İdarəsi ilə Cavabdeh (kod: **********00000) arasında xx.xx.2022-ci il tarixli XS-25-00529/22 saylı qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Cavabdeh "Azəriqaz” X1 X2 İdarəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. Lakin, o, müqavilənin öhdəliklərinə əməl etməmiş və istifadə edilən təbii qazın dəyərini ödəməmişdir. Bunun da nəticəsində istifadə etdiyi təbii qazın dəyərinə görə cavabdehin iddiaçı təşkilata 3691.78 manat debitor borcu yaranmışdır.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır.

31. Belə ki, mülki qanunvericiliyin tələbləri və tərəflər arasında bağlanmış müqavilə şərtləri baxımından onlar arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir və kollegiyanın qənaətinə görə tələb etdiyi məbləğ baxımından iddiaçı bunu sübuta yetirmişdir.

32. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli 2(066)-518/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar