Məhkəmə qərarları › İş №2(104)-1425/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1425/2025

07.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1425/2025 07.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Göygöl Rayon Məhkəməsinin 29 aprel 2025-ci il tаrixli, 2(066)-19/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinin 29 aprel 2025-ci il tаrixli, 2(066)-19/2025 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiasının qismən təmin olunması qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (maddə 361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1 və 363.1.2). İş materiallarından görünür ki, apellyasiya şikayətinə 196 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə iddiaçı cavabdehlərdən müştərək qaydada 102.000 manat pulun, həmçinin həmin pula görə fayda kimi əldən çıxan 30.000 manat ziyanı tələb edir. Dövlət rüsumunun hesablanması kalkulyatorunda aparılan hesablamaya əsasən müəyyən edilir ki, hazırki iddia tələbinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 422 manat olmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.6-cı maddəsinin tələblərinə görə isə apellyasiya şikayəti verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 211 manat məbləğində olmalıdır. Beləliklə də müəyyən olunur ki, apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Bu isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-nin 366-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 366-cı maddəsinin tələbini rəhbər tutaraq QƏRARA ALDİ: Göygöl Rayon Məhkəməsinin 29 aprel 2025-ci il tаrixli, 2(066)-19/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar