Məhkəmə qərarları › İş №2(104)-1430/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1430/2023

08.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1430/2023 08.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı Bəhbut oğlunun iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-447/2023 nömrəli qətnaməsindən cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qаrşı “qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına məxsus küçədə quraşdırılmış qaz sayğacına kənar müdaxilə nəticəsində yaranmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində qaz borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-447/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Ə.Kərimov) iddia təmin edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı adına hesablanmış 1036,80 (min otuz altı manat səksən qəpik) manat borcun onun hesabından silinməsi qət edilmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-447/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəyinə əsasən, istismardan çıxarılmış qaz sayğacına baxış keçirilmiş və sayğacın qoruyucu plastmas qapağının və zavod qurğuşun plombunun sayğacın üzərində olmadığı aşkar edilmişdir. Bundan sonra, iddiaçıya xx.xx.2022-ci il tarixli akt əsasında 1036.80 manat məbləğində itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. İddiaçı məhkəmə kollegiyasına etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini və Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-447/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh «Azəriqaz» İB-nə işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, 2022-ci ilin sentyabr ayında iddiaçı həyat yoldaşı ilə birlikdə Çaykənd kəndinə qayıtmış və küçədə quraşdırılan qaz sayğacına ona məlum olmayan şəxs tərəfindən müdaxilə edilməsini müəyyən etmişdir. Buna görə də iddiaçı "Azəriqaz" X1 X3 İdarəsinə müraciət etmiş, qaz borcu kimi yazılan 8640 m³ həcmində qaz sərfiyyatına görə 1036.80 manat məbləğində qaz borcunun yaranma səbəbinin araşdırılmasını xahiş etmişdir. İddiaçının müraciətinə cavab olaraq araşdırma zamanı sözü gedən ünvanın AGİS bazasında KOD:**********00565 olmaqla qeydiyyata alınması, iddiaçının ünvanında quraşdırılmış G-4 markalı sonradan ödənişli Elster tipli 11477378 zavod nömrəli qaz sayğacının çıxarılması və dövlət yoxlamasına göndərilməsi, qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli, MSK-29/1710-02242-1 saylı rəyinə əsasən sayğacın hesablama mexanizminin, qoruyucu plastmas qapağının və zavod qurğuşun plombunun sayğacın üzərində aşkar olunmaması və bu səbəbdən iddiaçıya 8640 m³ həcmində 1036.80 manat qaz sərfi olaraq dəymiş ziyan hesablanmışdır.Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır.Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-447/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-447/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə edilmiş: Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Çaykənd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 415 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Göygöl rayonu, Çaykənd kəndi ərazisində özünə məxsus yaşayış evində bütün illər mövsümi olaraq yaşayır. Vətəndaş həqiqətən 2021-ci ilin payız mövsümündə Bakı şəhərinə gedib 2022-ci ilin yaz mövsümündə gəlməsi qeyd edilmişdir. 25 fevral 2022-ci il tarixli, ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, İddiaçı məxsus evdə yaşayış olmamışdır. Naməlum şəraitdə hesablama mexanizminin qopardılması qeyd edilmişdir. “Azəriqaz” İB Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 24 iyun 2022ci il tarixli, ******* nömrəli Aktın surətindən görünür ki, baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyd kimi ARDNŞ-nin Azəriqaz İB qaz sayğacının yoxlanılması barədə MSK29/1710-02242-1 rəyinə əsasən sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının və zavod qurğuşun plombunun sayğacın üzərində aşkar edilməməsi müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli Abonentin saldosundan görünür ki, abonent İddiaçı 2022-ci ilin iyun ayının sonuna olan borcu 1036,80 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı yaşadığı evə quraşdırılmış qaz sayğacı istismar müddətinin başa çatması ilə əlaqədar dəyişdirilərək, dövlət yoxlamasına göndərilmiş, sayğacın qoruyucu plastmas qapağının və zavod qurğuşun plombunun sayğacın üzərində olmadığı aşkar edilmişdir.Buna görə cavabdeh tərəfindən iddiaçıya itirilımiş qazın bərpası məqsədilə 1036.80 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6-cı maddəsinin 2-ci hissəsinə görə, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 13-cü maddəsinin 8-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 3.1.2-ci bəndinə görə, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçını qazın alğı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməlidir. 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.3-cü bəndinə görə, qaz sayğacları SMPDK tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.1-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qanunvericiliyin tələblərinə görə, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini qaz paylayıcı daşıdığından, həmçinin qaz sayğacının sıradan çıxmasının bilavasitə istehlakçının təsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tətbiq edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus qaz sayğacının qoruyucu plastmas qapağının və zavod qurğuşun plombunun sayğacın üzərində olmadığı aşkar edilsə də, həmin halın baş verməsində iddiaçının təqsiri müəyyən edilməmişdir. Yəni, iddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılmış sayğacın qoruyucu plastmas qapağının və zavod qurğuşun plombunun sayğacın üzərində olmaması, mexanizminin qüsurlu olması məhz sonuncu tərəfindən həyata keçirilməsi və ya qüsurda onun hər hansı bir təqsirinin olması iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericliyin qeyd edilən tələblərindən göründüyü kimi, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində və ya mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusu - delikt isə, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Göründüyü kimi, məhz cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edilməsi öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddianı hissədə təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-447/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPMnin 372, 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-447/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar