Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1470/2023 05.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, Süleymanov Loğman Srac oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin 2(066)-538/2021 saylı mülki iş üzrə 03 aprel 2023cü il tarixli qərardadından iddiaçı X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmədə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi mülkiyyət hüququna xitam verilməsi və payların naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək Göygöl rayonunun Topalhəsənli kəndində yerləşən 0.20 sot (faktiki 0.34 ha) torpaq sahəsində yerləşən mülkün “A” literli yaşayış binasının, həmin binaya aid hamamın (liter “C”) və tövlənin (liter “V”), eləcə də 0.15 ha torpaq sahəsinin ümumi mülkiyyətdən ayrılmasına və aranın hasarla kəsilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-538/2021 saylı mülki iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-538/2021 saylı mülki iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-538/2021 saylı mülki iş üzrə 03 aprel 2023cü il tarixli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin 2(066)-538/2021 saylı mülki iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmiş, şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə apellyasiya şikayətini geri qaytarılmasına hüquqi əsas kimi şikayəti qətnamənin surətini aldıqdan 1 ay müddətində deyil, gecikdirməklə verdiyini göstərmişdir. Əslində isə o, apellyasiya şikayətini gecikdirməmiş, iş üzrə qətnamənin çıxarılmasından xx.xx.2022-ci il tarixdə məlumatı olmuş, həmin gün qətnamənin surətini almış və 1 həftə ərzində apellyasiya şikayəti vermişdir. Qeyd etmişdir ki, məhkəmə qətnamənin surətini onun ünvanına göndərmiş ola bilər. Lakin, onun ailəsi ilə problemləri olduğundan həmin evdə yaşamır, gah bir, gah da başqa bir qohumunun evində yaşayır, daimi yaşayış yeri yoxdur, bu səbəbdən qətnamənin surətini almamışdır. Göygöl Rayon Məhkəməsinin 2(066)-538/2021 saylı mülki iş üzrə 01 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 30 may 2023-cü il tarixli qərardı ilə iddiaçının ərizəsinə əsasən işə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətdə göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iş materiallarında olan qətnamənin surətinin alınmasına dair poçt göndərişi barədə xəbərnamə onun tərəfindən imzalanmamışdır. Ona görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını tədqiq edib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(066)-538/2021 saylı qərardadı tam və onunla bağlı 01 may 2023cü il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə Göygöl Rayon Məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətinin digər mümkünlük məsələlərinə yenidən baxılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi öz qərardadında göstərmişdir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-538/2021 saylı 16 aprel 2021-ci il tarixli qətnaməsinin surəti poçt vasitəsilə iddiaçıya göndərilmiş, iddiaçı həmin qətnamənin surətini 17 may 2021-ci il tarixdə poçt xəbərnaməsinə şəxsən imza etməklə götürmüş, apellyasiya şikayəti isə 26 dekabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Lakin, apellyasiya şikayətinə şikayət vermə müddətinin üzürlü səbəbdən buraxılmasını təsdiq edən rəsmi sənədlər və müddətin bərpası barədə ərizə əlavə edilməmişdir. Ona görə də məhkəmə şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının MPM-in 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər апелйасийа şikayəti verə bilər. Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən bir ay müddətinə verilə bilər. Qeyd olunan hüquq normasının məzmununa görə 1 aylıq apellyasiya şikayəti vermə müddətinin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi gündən başlayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Q.Hüseynovun şikayəti üzrə 29 iyun 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir. Belə ki, şikayətçi şikayətində göstərmişdir ki, qətnamənin surətinin alınmasına dair poçt göndərişi barədə xəbərnamə onun tərəfindən imzalanmamışdır. Məhkəmə kollegiyası bununla bağlı iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-4/1182 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 64-cü vərəqində olan İddiaçı adına olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədə “şəxsən verildi” qrafasında “Hüseynova” yazısı və həmin yazının önündəki imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Məhkəmə kollegiyası işə əlavə edilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul edir və hesab edir ki, qeyd edilən qətnamənin 17 may 2021-ci il tarixdə iddiaçıya çatdırılması sübuta yetirilmir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(066)-538/2021 saylı qərardadı tam və onunla bağlı 01 may 2023-cü il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə Göygöl Rayon Məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətinin digər mümkünlük məsələlərinə yenidən baxılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 264, 396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-538/2021 saylı mülki iş üzrə 03 aprel 2023cü il tarixli qərardadı tam və onunla bağlı 01 may 2023-cü il tarixli qərardadı qismənşikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-538/2021 saylı mülki iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinin digər mümkünlük məsələlərinə yenidən baxılması üçün mülki iş Göygöl Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı gündən qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1470/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1470/2023
05.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver