Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1472/2023 30.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), X2 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 2-145/2005 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qarşı paya mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" firmasının təsis müqaviləsində Cavabdeh1 və Cavabdeh2 adına rəsmiləşdirimiş pay üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 07 iyul 2005-ci il tarixli, 2-145/2005 nömrəli qətnaməsi ilə (hakim Y.Abbasov) iddia tələbi təmin edilərək, İddiaçı2 "xxxx" firmasının Nizamnamə kapitalındakı Cavabdeh1 məxsus 75,56 faiz və Cavabdeh4 məxsus 0,94 faiz paya mülkiyyət hüququnun tanınması; Paya mülkiyət hüququnun İddiaçı2 keçməsi ilə bağlı "xxxx" firmasının təsis sənədlərində uyğun dəyişikliklərin aparılması; Cavabdeh1 İddiaçı2 qarşı əmlak, pul, möhür - ştamp, "xxxx" firmasının sənədlərinin qaytarılması tələblərinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli 2(104)-3592/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Tovuz Rayon Məhkəməsinin 07 iyul 2005-ci il tarixli, 2-145-2005 nömrəli qətnaməsi tamamilə ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi; İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qarşı "xxxx" firmasının təsis müqaviləsində Cavabdeh1 və Cavabdeh2 adına rəsmiləşdirimiş pay üzərində mülkiyyət hüququnun tanınması barədə iddiası təmin edilməməsi qət olunmuşdurş. Həmin qətnamədən narazı qalan İddiaçı2 kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli 2(102)-2759/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli 2(104)-3592/2021 nömrəli qətnaməsi ləğv edilməsi; İş apellyasiya şikayətinin mümkünlüyü məsələsinin həlli üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 01 avqust 2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti icraata MPM-in tələblərinə zidd olaraq qəbul olunduğundan həmin məhkəmənin 02 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş, apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və iş apellyasiya baxışından çıxarılaraq apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan Cavabdeh1 kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2022- ci il tarixli, 2(102)- 5970/2022 nömrəli qərarı ilə Cavabdeh1 kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2307/2022 nömrəli, 01 avqust 2022-ci il tarixli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2023-cü il tarixli 2(104)-951/2023 nömrəli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli 2(104)-3592/2021 nömrəli qərardadının ləğv edilməsi; Tovuz Rayon Məhkəməsinin 07 iyul 2005-ci il tarixli, 2-145/2005 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin apellyasiya baxışından çıxarılması və mülki işin apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması üçün Tovuz Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bundan sonra Tovuz Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 2-145/2005 nömrəli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin 07 iyul 2005-ci il tarixli, 2-145/2005 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin 07 iyul 2005-ci il tarixli, 2-145/2005 nömrəli qətnaməsinin surəti ona rəsmi qaydada verilməmişdir. Belə ki, 10 avqust 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etdikdən sonra qətnamənin surətini almış və bundan sonra dərhal qətnamədən apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürməmişdir. Tovuz Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli 2-145/2005 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin həmin Məcəllənin 128-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Nəzəzə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın mahiyyətinə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyrimüəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Eyni zamanda diqqətə alınmalıdır ki, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qeyri-müəyyən hədlərdə deyil, yalnız MPM-də nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qarşı paya mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmiş, Tovuz Rayon Məhkəməsinin 07 iyul 2005-ci il tarixli, 2-145/2005 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı2 "xxxx" firmasının Nizamnamə kapitalındakı Cavabdeh1 məxsus 75,56 faiz və Cavabdeh4 məxsus 0,94 faiz paya mülkiyyət hüququnun tanınması; Paya mülkiyət hüququnun İddiaçı2 keçməsi ilə bağlı "xxxx" firmasının təsis sənədlərində uyğun dəyişikliklərin aparılması; Cavabdeh1 İddiaçı2 qarşı əmlak, pul, möhür - ştamp, "xxxx" firmasının sənədlərinin qaytarılması tələblərinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. İş materialları araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayəti qətnamə çıxarıldığı gündən 15 il sonra verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada Cavabdeh1 təqdim edilməməsi işin aşkar halıdır. Lakin bu halın mövcudluğu verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olması demək deyildir. Belə ki, “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X3 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Hazırkı işdən isə müəyyən olunur ki, sözügedən qətnamə 15 il ərzində qanuni qüvvəsini almış və kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışına əsasən "xxxx" Firmasının nizamnamə kapitalının 96,24 faizi əvvəl İddiaçı2 adına, sonradan isə Nümayəndə1 Teymir oğlunun adına qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh ötən 15 il müddət ərzində işlədiyi müəssisənin nizamnamə kapitalındakı əhəmiyyətli payın (96,24) taleyi ilə maraqlanmaması inandırıcı və ağlabatan hal deyil. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133, 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 2-145/2005 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1472/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1472/2023
30.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver